Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

"Dahi diktator"

ÖN SÖZ
article about '"Dahi diktator"' and 'ÖN SÖZ'

Kitabıstan tərəfindən 2019-cu ildə nəşr edilən və nəşr edildiyi vaxt ayın ən çox satılan kitabı olan "Dahi diktator" (Cəlal Şəngör) kitabının ön sözündən bir hissəni təqdim edirik. Kitabı Kitabıstan mağazasından və ya onlayn sifariş edərək əldə edə bilərsiniz.

                                              

Bu kiçik kitab Əmrah Akkurtun ona Atatürkə baxışım haqqında danışmağımı istəməsinin məhsuludur və bir neçə axşamlıq söhbətin yazıya köçürülməsindən ibarətdir. Mən tarixçi deyiləm. Atatürk haqqında apardığım yeganə araşdırma da onun metodunun diqqətimi çəkməsi nəticəsində ortaya qoyduğum kiçik bir tədqiqatdır. Bu yazı 26-cı Hava Qüvvələri Komandanımız, Hava Qüvvələri Ordu Generalı cənab Faruk Cömərtin əmri ilə Hərbi Hava Qüvvələri Akademiyasında keçdiyim bir açılış dərsinin genişləndirilmiş mətni olaraq həm Hərbi Hava Qüvvələri Akademiyası tərəfindən kiçik bir kitabça kimi çap edilib, həm də daha sonra Hava Qüvvələri Jurnalının əlavəsi olaraq yayımlanıb. Bununla yanaşı, bu mətn “İş Bankası Kültür Yayınları” tərəfindən nəşr edilən “Bilgiyle Sohbet” (“Elmlə söhbət”) adlı kitabıma da əlavə edilib, eyni zamanda bu kitabın da ilk hissəsini təşkil edib.

Mən bütün dünyanın ağıllı və savadlı insanlarının bölüşdüyü bu fikrə qoşulanlardanam: Atatürk bir dahi idi və bu dahinin etdiklərinin ümumi xülasəsi həm öz milləti, həm də insanlıq baxımından çox müsbətdir. Onsuz da ağlı başında olan heç kimin bu mövzuda bir şübhəsi yoxdur. Müzakirə edilən mövzu Atatürkün diktator olub-olmadığıdır. Məncə, Atatürkün ilk və zənnimcə, ən uğurlu bioqraflarından Harold Kourtney Armstronqun (1892-1943) 1932-ci ildə yayımladığı “Grey Wolf Mustafa Kemal - An Inimate Study of a Dictator” (“Bozqurd Mustafa Kamal - Bir diktatorun səmimi şəkildə araşdırılması”) (Arthur Barker Ltd., London, 352 s.) kitabının girişində də bildirdiyi kimi o, əsl diktator idi. Amma iki anlayış tez-tez bir-birilə qarışdırılır. Bununla yanaşı, onu tarixdəki rəsmi olaraq ilk ömürlük diktator Qay Yuli Sezardan (E.ə. 100-44) bəri tarixdəki əksər diktatorlardan ayıran mühüm bir xüsusiyyəti var idi: bütün düşüncələrini millətini təmsil edən məclisə bu və ya digər şəkildə qəbul etdirdikdən sonra həyata keçirməsi. Atatürkün Məclisi sadəcə iki dəfə təhdid etdiyi deyilir. Birincisi, Böyük Hücumdan (Büyük Taaruz) əvvəl Baş Komandanlıq müzakirələri davam edərkən. Həmin təhdidi bu sözlərdən ibarətdir: “Ordunu başsız buraxmadım, buraxmıram, buraxmayacağam”. Həmin vaxt ölkənin içində olduğu həssas vəziyyət və Məclisin davranışı nəzərə alınsa, bu ifadəni üzrlü saymaq asan olar. Digəri də xilafətin səltənətdən ayrılması müzakirələri davam edərkən dediyi “Bu iş olacaq. Amma həmin vaxt bəzi başlar da vurula bilər” sözləridir. Burada, əslində, ölkənin kritik günlərində dini baxımdan doqmatik (yəni dinin qaydalarına uyğun) və tarixi kökləri olmayan bir bərabərlik haqqında aparılan sonu gəlməyən, savadsız və məntiqsiz müzakirələr qarşısında üsyanını dilə gətirir. Samsuna getdiyi 1919-cu il 19 may gününü Türkiyənin taleyini əlinə aldığı tarix olaraq qəbul etsək, ölkə idarəetməsinin cansız barmaqlarından sürüşüb getdiyi 10 noyabr 1938-ci ilə qədər keçən 19 ildə Atatürk heç bir qərarını altında millətin təmsilçilərinin imzalarının olmadığı bir bildirişlə nə millətinə, nə dünyaya açıqlamış, nə də həyata keçirmişdi.

Cəlal Şəngör

"Dahi diktator" (Atatürkdən danışmaq)


[1] 2005-ci il, “Bilim Adamı Olarak Atatürk” (“Elm adamı olaraq Atatürk”): Hərbi Hava Qüvvələri Akademiyası (İstanbul), səh. 26; 2006-cı il “Bilim Adamı Olarak Atatürk”: “Hərbi Hava Qüvvələri” jurnalına əlavə, fevral buraxılışı, səh. 16; 2014-cü il “Bilgiyle Sohbet” - “Popüler Bilim Yazıları”: “İş Bankası Kültür Yayılnları”, 772 pp.

[2] Sözügedən kitab 2017-ci ildə Kitabıstan tərəfindən Azərbaycan dilində senzurasız nəşr edilib.

[3] Atatürkün bu kitabın Türkiyədə ətrafındakı şəxslər tərəfindən qadağan edilməsinə göstərdiyi reaksiya tez-tez danışılan bir hekayədir. “Niyə qadağan edirsiniz? Hətta əskik yazıb. Kaş ki yenidən gələrdi, mən də bəzi əlavələr edə bilərdim”, - deyib.  Armstronqun kitabında qeyd etdiyi xüsusi məsələlərdən biri Atatürkün uğurlarını ətrafındakı şəxslər sayəsində olmaqdan daha çox, onlara rəğmən qazanmasıdır. Bu vəziyyət kitabın Atatürkün prezidentliyi dövründəki hökumətlər tərəfindən nə üçün qadağan edildiyini göstərir: Armstronqun tez-tez çox amansız şəkildə (amma məncə, haqlı olaraq) tənqid etdiyi çox insan o hökumətin baş nazirləri, nazirləri idi. Atatürk ölkəni idarə etmək üçün ehtiyacı olan insanların xətrinə dəyməmək üçün razılaş-madığı bu qadağaya göz yummuşdu.

Diktator Roma Senatının fövqəladə vəziyyətlərdə seçilmiş bir üzvünə (magistratus extraordinarius) verdiyi mütləq idarəetmə haqqını göstərən vəzifənin adı idi. Bu sözün xoşagəlməz təəssürat yaratmasının səbəbi də XX əsrdən gəlir. Bunun əksi olan XIX əsrə aid bir nümunə verək: İtalyan birliyini yaradanlardan Cüzeppe Qaribaldi (1807-1882) Siciliya və Neapolu fransız hegemoniyasından xilas etmək üçün başlatdığı Spedizione dei Mille (Min nəfərin ekspedisiyası) əsnasında xalqının da coşqun dəstəyi ilə 14 may tarixində özünü Siciliyanın diktatoru elan etmişdi. Atatürkün də diktatorluğu mahiyyəti etibarilə Qaribaldinin diktatorluğuna oxşayır (düzdür, Atatürk heç vaxt belə bir söz işlətməyib). Qaribaldinin 11 may 1860-cı ildə Marsalaya getməsi ilə Atatürkün 19 may 1919-cu ildə Samsuna getməsi arasında da maraqlı bənzərlik qurmaq olar.