Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

YƏHUDİ DÖVLƏTİ

Teodor Hertsl
article about 'YƏHUDİ DÖVLƏTİ' and 'Teodor Hertsl'

Teodor Hertsl 1860-cı ildə Budapeştdə dünyaya gəlib. 1878-ci ildə ailəsi ilə birlikdə Vyanaya köçüb və 1884-cü ildə doktorluq dərəcəsi alaraq Vyana Universitetinin Hüquq fakültəsini bitirib. Bundan sonra bir müddət Vyana və Salzburq məhkəmələrində çalışıb. O, vəkil kimi tanınsa da, yazıçılıqla da məşğul olub və bir neçə pyes qələmə alıb. O vaxtlar Hertsl bütün yəhudilərin bir dövlətinin qurulmasını vacib sayırdı. Onun bu istiqamətdə xeyli çalışmaları olub. Hertsl "Yəhudi dövləti" kitabını 1896-cı ildə qələmə aldı. O, 1897-ci ildə Dünya Sionist Təşkilatının qurucularından və təşkilatın İsveçrənin Bazel şəhərində keçirilən təsis konqresinin təşkilatçılarından biri idi. Konqresdəki nitqində o, "mən bu gün burada yəhudi dövlətini qurdum, ancaq bunu yüksək səslə söyləsəm, bütün dünya mənə gülər. Lakin beş, ya da əlli il sonra bunu hər kəs biləcək" demişdi. Konqresdən 52 il sonra isə İsrail öz müstəqilliyini elan etdi.
 

ÖN SÖZ

 

Bəşər tarixində bütün xalqlar fədakar fərdləri ilə yüksəliblər. Bu fədakar fərdlər zamanın mövcud reallıqları qarşısında əzm və iradə göstərib öz xalqlarını düşmüş olduğu ağır vəziyyətdən xilas etmək üçün qətiyyətli addımlar atıblar.

Onlar öz zamanlarında xilas etmək istədikləri xalqlarının ayrı-ayrı fərdləri tərəfindən anlaşılmasalar da, qınaqlara tuş gəlsələr də böyük bir rəssam kimi yaradacaqları əsərə səbrlə yanaşıblar. Böyük bir ustad kimi toplumun laqeydliyinə görə həvəsdən düşməyiblər. Böyük bir bənna kimi inşa edəcəkləri dəmir sütunlara sahib olan tarix abidəsini yaratmaq üçün bəzən tək başına, bəzənsə dostları ilə daşı daş üstünə qoyublar.

Həqiqət budur ki, öz dövrlərində qəbul edilməyən bu insanlar tarixə möhtəşəm abidələr, əsərlər və dövlətlər bəxş ediblər. Onlar heç bir zaman inanclarını itirmədiyi üçün bütün bəşəriyyət bu gün də onları hörmət və ehtiramla yad edir. Bu yaradıcı istedada sahib olan fərdlər öz xalqlarının bütün şıltaqlıqlarına rəğmən mübarizələrinə və aydınlanma hərəkatına məhəbbətlə bağlı qalmaqla, hətta onları qınayanları belə öz bağrına basıblar.

Mahatma Qandi deyirdi: “Öncə sizi görməzdən gələcəklər, sonra sizə güləcəklər, daha sonra sizə qarşı mübarizə aparacaqlar, nəhayət  siz qalib gələcəksiniz”. Bu sözlər bütün yaradıcıların devizi olmalıdır.

Biz bu kitabı tərcümə etməyə başlayarkən niyyətimiz yalnız yeni nəsil gəncliyimizə dünyanın möhtəşəm mübarizələrindən birini təqdim etmək idi. 

Tarixdə heç bir xalq yəhudilər qədər təqib və təzyiqə, məhrumiyyətlərə məruz qalmayıb. Tarixdə heç bir xalq 2000 il əvvəl sürgün edildiyi torpağa 2000 il sonra qayıdıb ideallarında olan dövləti qurmaq əzm və iradəsinə sahib olmayıb. Məbədləri yıxılan, ölkələri yağmalanan, dini inanclarına görə gettolara məhkum edilən, ayrıseçkilik üçün nişanlı libaslar geyinməyə məcbur edilən bu xalq öz inancı və mədəniyyəti sayəsində xəyallarını gerçəyə çevirə bildi.

Bu, dünyanın bütün mübariz nəsilləri üçün ən yaxşı nümunələrdən biridir ki, indi xəyal kimi görünən hər şey bir gün gerçək ola bilər.

Tələbəlik illərində Roma işğalına qarşı yəhudilərin Masada qalasında apardığı mübarizə haqqında oxumuşdum. Günlərlə, həftələrlə, aylarla qadınlı, kişili və uşaqlı, hər kəsin Romanın daimi ordusuna qarşı dirəniş göstərdiyi bu qalada insanların əzmi məni heyran etmişdi. Son 10 əsgər qalana qədər savaşdıqdan sonra qalan əsgərlər qadınların və uşaqların əsir düşməməsi üçün onları öldürdükdən sonra özlərini öldürürlər. Roma qalanı dolu cəsədlərlə ələ keçirə bilir. Onlar torpaqlarına bu qədər bağlı idilər.

Bilirəm, indi cəhalətin qaranlığına məhkum olan insanlar bizim bu nəşrimizi qaralamaq üçün əllərindən gələni edəcəklər. Bilirəm ki, pərdəarxası nəzəriyyələrdən tutmuş, yalan və şər maşınına qədər hər şeylə üstümüzə gələ də bilərlər. Ancaq mən onların bu addımlarını belə anlayışla qarşılamağa hazıram. Biz xalqımızın gələcəyi üçün dünyanın bütün möhtəşəm əsərlərini oxumalı, bütün möhtəşəm mübarizələri ilə tanış olmalıyıq.

Unutmamalıyıq ki, bizim xalqımızın da yəhudilərin taleyinə bənzər tale yaşadığı çox məqam var. Ən başlıcası isə işğallar, təqiblər, ikili standartlar və soyqırımıdır.

Teodor Hertslin İsrail qurulmamışdan 52 il əvvəl xəyalında canlandırdığı yəhudi dövləti onun ölümündən sonra gerçək oldu. Bu kitabı diqqətlə və tərəfsiz oxumağa çalışın. Çünki o zaman siz böyük ideallardan, böyük xəyallardan qorxmayacaqsınız.

Biz sizinlə “lux et veritas” şüarı ilə görüşə gəlirik. 

Birlikdə aydınlanaq! Çünki biz hamımız bir olanda Azərbaycan oluruq!

 

Şəhriyar Məcidzadə

Etatist.com və Kitabıstanın təsisçisi

Milli Fikir Mərkəzinin sədri (2012-2018)