AZE ENG

İsveçrədə necə təhsil almaq olar?

Kitabıstana xüsusi müsahibə
article about 'İsveçrədə necə təhsil almaq olar?' and 'Kitabıstana xüsusi müsahibə'

“Kitabıstan Talks” layihəsi çərçivəsində bu dəfəki qonaqlarımız isveçrəli professorlar,  İsveçrə Milli Elmlər Fondunun və İsveçrə Elmlər Şurasının üzvü, siyasi elmlər üzrə professor Vulf Linder və Bern və Lozanna universitetlərinin professoru, Lozanna Universitetinin “Eccellenza” layihəsinin rəhbəri Şon Müller idi.


 

Professorların elmi konfransı yanvarın 28-də baş tutdu. Konfransdan sonra Kitabıstana xüsusi müsahibə verən professorlar birgə qələmə aldıqları “İsveçrə demokratiyası” kitabı, birgə fəaliyyətləri, İsveçrədə təhsil imkanları haqqında danışıb, Azərbaycan gəncləri haqqında fikirlərini bildirib, sonda isə kitab tövsiyə ediblər. Sözügedən müsahibəni təqdim edirik.


 

 

 

 


"İSVEÇRƏ DEMOKRATİYASI"


 

 

 

Mələk Hacıyeva: - Hər ikinizi salamlayıram. Sizi Bakıda görməkdən və sizinlə görüşməkdən çox şadıq. Yanvarın 28-də “Kitabistan Talks” layihəsi çərçivəsində konfransınız oldu. Siz bu konfransda İsveçrə təhsili və İsveçrənin neytrallığından bəhs etdiniz. Həmçinin bu tədbirdə “İsveçrə demokratiyası” kitabınız da Azərbaycan ictimaiyyətinə təqdim olundu. Siz bu kitabı birlikdə qələmə almısınız. Əvvəlcə kitabdan başlamaq istərdim. Bu kitabın həmmüəllifi olmağa necə qərar verdiniz və “İsveçrə demokratiyası” kitabının əhəmiyyəti nədir?


 

 

 

Şon Müller: - Fikrimcə, bunu bilmək vacibdir ki, orijinal, almandilli versiya dərslik idi. İsveçrə demokratiyası haqqında əsas məlumatların olduğu bu dərslikdən politologiya, tarix, hətta sosiologiya sahəsində tədris zamanı tələbələr və İsveçrə universitetləri istifadə edirlər. İngilisdilli versiya isə ilk tərcümə idi. 


 

(Vulf Linderə müraciətlə) Amma bu barədə sən danışmalısan. Bu sənin hekayəndir.


 

 

 

 

Vulf Linder: Bu maraqlı hekayədir. Professor Consla London İqtisadiyyat Məktəbində tanış olmuşam. O mənə dedi ki, hal-hazırda İsveçrə demokratiyası ilə bağlı modern və uyğunlaşdırıla biləcək heç bir ingilisdilli nəşr yoxdur. Onun təklifi ilə mən ingilis dilində ilk mətni yazdım. Bu mətn cəmi 200 səhifədir. Alman dilindəki dərslik isə 400 səhifədir. Anlayacağınız kimi, İsveçrədən kənarda insanlar 400 səhifəni oxumağa maraq göstərmirlər. Buna görə də bu kitab cəmi 200 səhifə idi. Lakin uğurlu oldu.


 

 

 

M.H.: Siz necə tanış oldunuz? Bu kitabın həmmüəllifləri olduğunuz üçün həm oxucular, həm də mənim üçün maraqlıdır.


 

 

 

V.L.: Burada danışılacaq iki hekayə var.


 

 

 

Ş.M.: Mən həmkarımdan bir az gənc olduğum üçün - onun yaşının təxminən yarısı, tam yox, amma xeyli gənc olduğum üçün - hekayəm belədir (gülür): Mən tələbə olanda onun dərsliyini oxumuşam. Belə ki, onun kitabı alıb oxumalı olduğumuz dərsliklərdən biri idi. Müxtəlif rəngli qələmlərlə üzərində qeydlər apardığım və əlfəcinlər qoyduğum almanca versiya məndə hələ də qalır. Məsələn yazmışam ki, bu, imtahan üçün vacib məqamdır və s. İsveçrədə siyasi elmlərlə məşğul olanlar azdır. Buna görə də ilk dəfə nə vaxt tanış olduğumuzu xatırlamıram. Düşünürəm ki, bu, sən (Vulf Linderə müraciət edir) İngiltərəyə gələndə baş vermişdi. Çünki mən univeristedə səndən heç vaxt dərs almamışam. Çünki o, Bern Universitetində idi, mən isə Friburda oxuyurdum. Sonra Romaya getdim, sonra isə İngiltərəyə. O zaman İngiltərədə tədbir təşkil edirdik və İsveçrədən mütəxəssislər axtarırdıq. Bu isə Vulf Linderə təklif edildi və o, İsveçrə demokratiyası haqqında danışmaq üçün İngiltərədəki bir isveçrəlini ziyarət etməyə gəldi. O zaman təsadüfən eyni şəhərdə yaşadığımız üçün əlaqədə qaldıq.


 

Mən institutda onun xələfi olan professorla işləyirdim. Professor Linder təqaüdə çıxanda başqası onun yerinə professor oldu və o da post-doktorluq asistantı kimi məni işə götürdü. Daha sonra sən (Vulf Linderə müraciətlə) həmmüəllif axtarırdın və müdirimdən bunda maraqlı olub-olmadığını soruşdun. Müdirim həmmüəlif olmaqda maraqlı idi, lakin onunla (Vulf Linderə işarə edir) işləyə bilmədi, çünki müdirimin İsveçrə demokratiyası haqqında öz kitabı var idi. Buna görə o mənə və daha iki nəfərə həmmüəlliflik təklifi etdi. Digər iki nəfərin kim olduğunu hələ də bilmirəm. Odur ki, bəlkə siz ondan soruşa bilərsiniz ki, təklif olunan digər iki nəfər kim idi (gülür). Çünki o bunu mənə heç vaxt deməyib.


 

 

Əvvəlcə Vulf bir qədər şübhə ilə yanaşırdı, çünki biz almandilli versiya ilə başladıq. Üçüncü nəşri götürüb bəzi dəyişikliklər etdim və ona təklif etdim ki, bax mən belə dəyişikliklər edərdim. Yadımdadır, ilk görüşümüzdə o, demişdi ki, mətnə çox dəyişiklik təklif etmisən (gülür). Həm stil, həm də uzun cümlələr qurmaq cəhətdən. O, qısa cümlələri xoşlayır. Beləliklə, biz orta uzunluqlu cümlələrdə uzlaşma əldə etdik və gender kimi yeni elementlər əlavə etdik. Daha sonra mütəmadi olaraq görüşməyə və müzakirə etməyə başladıq. 1 ildən sonra alman dilindəki kitabın yeni versiyası ərsəyə gəldi. 3 il sonra ingilisdilli versiyanı nəşr edən “Palgrave” ilə əlaqələrim var idi. Mən “Yeni ingilis dilli versiya ilə maraqlanırsanmı”, deyə soruşdum və qərara gəldik ki, alman dilində çox uğurlu olduğuna görə ingilis dili versiyası üçün də eyni şeyi edək. Beləliklə, 3 ildən sonra eyni prinsip üzrə bir-birimizə elektron poçtla fəsilləri göndərir və görüşüb səhifə-səhifə müzakirə edirdik.


 

 

 

 

V.L.: Əgər hekayənin mənim baxış bucağımdan olan versiyasını bilmək istəyirsinizsə ki, niyə onu seçdim... Bilirsiniz, 10 il əvvəl, daha doğrusu, 15 il əvvəl doktorluq tezisini İsveçrədə deyil Birləşmiş Krallıqda hazırlayan bir gəncin olduğundan xəbər tutdum. Bir isveçrəli kimi o, Kanterberidə idi və onun tezisi federalizm mövzusunda idi. Bilirsiniz ki, Böyük Britaniyada federalizm mövzusu mənfi qarşılanır. O isə bunu İsveçrədə deyil, İngiltərənin Kanterberi şəhərində edirdi.


 

 

 

Ş.M.: O, dəli olmalıdır (gülür).


 

 

 

V.L.: Bəli, o cəsarətlidir (gülür)... Biz Kanterberidəki konfransda görüşdük və bir-birimizi şəxsən tanıdıq. Sonralar mən kitabın alman dili versiyasının növbəti nəşri üçün tərəfdaş və həmmüəllif axtardım. Çünki 5-ci və 6-cı versiyalar üçün mən daha burada olmayacağam, bilirsiniz... Ona görə də bu kitabı davam etdirməkdə maraqlı olacaq birini axtardım. Beləliklə, bu gün müəlliflər Linder və Müllerdir. Növbəti dəfə isə Müller olacaq.


 

 

 

Ş.M.: ...və Linder.


 

 

 

V.L.: Ya da bir sonrakında Müller tək olacaq, hə?


 

 

 

Ş.M.: Baxarıq.


 

 

 

V.L.: Yaxşı, baxarıq (gülür). Hekayə belədir və bu çox yaxşı nəticə verdi. Mən bir çox həmmüəlliflə işləmişəm, lakin Şonla əməkdaşlıq həyatımda gördüyüm ən yaxşı əməkdaşlıq olub. Çünki biz bir-birimizi başa düşürdük, bir-birimizin təkliflərini qəbul edirdik. Biz həmişə hər ikimizi qane edən bir həll tapırdıq. Üstəlik, yaxşı vaxt keçiririk. Çox gülürük. Çoxlu zarafatlar və bir neçə qədəh şərab (gülür).


 

 

 

Ş.M.: Köhnə hekayələr, yeni hekayələr.


 

 

 

V.L.: Bəli. Hekayəmiz budur.


 

 

 

AZƏRBAYCANLI GƏNCLƏR HAQQINDA


 

 

 

M.H.: Siz İsveçrənin neytrallığı və təhsil sistemi haqqında çıxış etdiniz. Bəzi azərbaycanlı tələbələrlə, gənclərlə görüşdünüz. Bilirəm ki, dünyanın bir çox yerində çoxsaylı konfranslarınız olub. Bir çox akademik dairələrdə, universitetlərdə olmusunuz. Azərbaycan gəncləri haqqında təəssüratınız necədir? Onlar sizə çoxlu suallar verdilər. Onların maraqları ilə də bir qədər tanış oldunuz. Onlarla bağlı təəssüratınız bizim üçün maraqlıdır.


 

 

 

V.L.: 4 il əvvəl mən Bakıda 3 universitetdə təxminən 4-5 konfrans və ya “talk” formatlı tədbirdə çıxış etdim. Onlar fərqli yerlərdə idi. Biri çox köhnə, digəri isə yeni, müasir, texniki cəhətdən mükəmməl təchiz olunmuş universitet idi. Amma bütün bu yerlərdə böyük maraq olduğunu gördüm. Onlar çox maraqlı suallar verirdilər. Ona görə də məncə, sizin gəncləriniz, mənim gördüyüm gənclər maraq dolu, açıq fikirli və yeni fikirlər əldə etməyə həvəslidirlər. Yəni mənim təəssüratım belədir.


 

 

 

Ş.M.: Bəli, razıyam. Bir tərəfdən mən düşünmürəm ki, Azərbaycandan, Gürcüstandan, Türkiyədən, İrandan olan gənclərlə bağlı xüsusi bir şey var. Gənc gəncdir. Milli kateqoriyalar üzrə düşünmək bəzən məntiqlidir, bəzən isə yox. Ancaq burada mütləq şəkildə müşahidə olunan şey, bəlkə də, bir təcililik hissidir. Çünki burada münaqişə var, müharibə var, iqtisadi böhran və ya regionda qeyri-stabillik var. Bu mürəkkəbdir. Beləliklə, yeni şeyləri daha sürətli öyrənmək üçün daha böyük bir təcililik hissi var. Yeni şeyləri və onları daha tez tətbiq etməyi öyrənmək üçün... Başqa yerlərdə də insanlar öyrənməyə maraqlıdırlar. Onlarda da maraq var, lakin onlar gələn həftə yaxud ondan sonrakı həftə də öyrənə bilərlər. Amma burada indi, hətta dünəndən bilmək istəyirlər ki, sabah tətbiq edə bilsinlər. Mən hiss etdim ki, hadisələri müəyyən bir istiqamətə yönəltmək üçün daha böyük bir istək var.


 

 

 

İSVEÇRƏ TƏHSİLİNİN TARİXİ


 

 

 

M.H.: Konfransda İsveçrənin təhsil sistemindən bəhs etməyinizdən danışarkən mən bir məqama da toxunmaq və İsveçrə təhsil sistemi ilə bağlı başqa suallar vermək istərdim. İlk olaraq bilmək istərdim ki, İsveçrə təhsili son 200 ildə İsveçrənin inkişaf prosesinə necə təsir edib və onun isveçrəlilər üçün rolu nədən ibarətdir?


 

 

 

V.L.: Bu çox geniş sualdır. Ancaq mən tarixi bir məqamla başlayacağam. 1848-ci ildə İsveçrə Konfederasiyası qurularkən konstitusiyanın qurucu ataları federasiyanın hamıya yaxşı ibtidai təhsil vermək məsuliyyəti daşıması ilə bağlı bir maddə hazırladılar. Bu, təhsil sisteminin eyni səviyyədə olmadığı kantonlara bir növ əmr, İsveçrədə yüksək keyfiyyətli təhsilə doğru atılan addımların başlanğıcı idi. İbtidai təhsil üçün edilənlər sonralar universitetlər üçün də edildi. Bununla yanaşı, professional təşkilatlar tərəfindən yaradılmış peşə məktəblərimiz də var. Onlar peşəkar işçilərə sahib olmaqda maraqlıdırlar. Beləliklə, peşə məktəblərinə sahib olmaq məsələsində dövlətlə və bu halda isə kantonlarla peşəkar təşkilatlar arasında əməkdaşlıq mövcuddur. Bu gün İsveçrə təhsilinin beynəlxalq müqayisədə mükəmməl olduğunu deyiriksə, biz həm də inanırıq ki, bu, güclü iqtisadi inkişafın əsası olub. Hər sahədə olmasa da İsveçrədə edilməsi mümkün olan müəyyən sahələrdə. Hər növ sənayelərdə - saatsaz, maşın mühəndisliyindən tutmuş İsveçrə şokoladı istehsalına qədər - çalışan isveçrəlilərin peşəkar keyfiyyətlərə malik olduğu sahələrdə.


 

 

 

İSVEÇRƏ TƏHSİL SİSTEMİNİN FƏRQİ


 

 

 

Ş.M.: Mən bugünkü nöqteyi-nəzərdən əlavə edərdim ki, İsveçrənin təhsil sistemini bu qədər möhtəşəm edən onun çox lokal olmasıdır. Hər bir bələdiyyə, yerli hökumət, kənd, şəhər öz məktəblərini özü təşkil etməlidir. Pul tapmaq və məktəbləri idarə etmək onların vəzifəsidir. Beləliklə, uşaqları olan valideynlər vergi ödəyirlər və bunun faydasını görmək istəyirlər. Məktəb binası necədir, müasirdirmi, münasib tualetləri varmı, rəqəmsallaşma varmı, otaqlar kifayət qədər böyükdürmü, havanın keyfiyyəti yaxşıdırmı? Hər şey çox kiçik və bir-birinə çox yaxın olduğundan yerli hökumətin pulu götürüb başqa bir şey tikməsi çox çətindir. Yerli səviyyədə korrupsiyalaşma isə daha çətindir, çünki hər şeyi görmək olur - məktəb binasını tikirlər, ya yox. Lazımı formada təmir olunub, yoxsa yox. Kim pul ödəyirsə - bu halda onlar valideynlərdir - onlar da həm də həmin xidmətdən faydalanırlar. Həmçinin qərar verənlər də onlardır. Beləliklə, məktəb binasının təmirə ehtiyacı olanda referendum, səsvermə keçirilir. Hamı “Bəli, binanı təmir etməliyik, çünki köhnəlib, yaxud da binanı təmir etməyə ehtiyacımız yoxdur”, deyə bilir. Qərar verən də, ödəyən də, bundan faydalanan da onlardır. Təhsil məsələsində bu, çox demokratik bir məktəb sisteminə töhfə verir. Bu, bəzən həddini bir az aşır. Çünki valideynlər çox şey tələb edirlər və uşaqlarının daha yüksək səviyyəyə çıxarmaları üçün müəllimlərə təzyiq göstərirlər. Uşaq o qədər ağıllı olmasa belə valideynlər təzyiq göstərirlər. Bu normaldır, demokratiya həm də təzyiqlə yaşayır. Amma bu sistemin məktəbin özündə, siniflərdə də baş verdiyini düşünürəm. Çünki bu, yuxarıdan-aşağıya münasibət deyil ki, burada müəllim və şagirdlər olsun, şagirdlər də sadəcə olaraq müəllimin dediklərini əzbərləsinlər.


 

Mənim anam müəllimə idi və 30 il ərzində nahar süfrəsində məktəbdə nə etdikləri ilə bağlı onun danışdığı hekayələri dinləmişəm. O, həmişə yorğun oldurdu, çünki onun işi uşaqlarla müzakirə etmək və onlara konstitusiyanı, yaxud mücərrəd dəyərləri öyrətməklə yox, sadəcə onların iştirakına icazə verməklə, onları ciddi qəbul etmək və onlar üçün uyğun mühit yaratmaqla vətəndaş kimi yetişdirmək idi.


 

 

Hər şənbə səhəri onlar dairə qurub oturur və hər biri bir gündəm məsələsi qaldırır, bu məsələni müdafiə edir, lehinə yaxud əleyhinə olur, sonra səs verə bilirlər.


 

 

Bu, kiçik demokratiya kimidir. Beləliklə, mühit demokratikdir və ayrı-ayrılıqda hər bir məktəb də çox demokratikdir. Üstəlik, hamısı dövlət məktəbləridir. Yəni aralarında seçim edə bilməzsiniz. Uşağınızı özəl məktəbə göndərməyi seçə bilərsiniz. Buna icazə verilir. Ancaq sonra bunun üçün pul ödəməlisiniz. Dövlət məktəbləri olduqca yaxşıdır. Bəs niyə övladınızı ən yaxşı halda bərabər keyfiyyətə malik, lakin sizə ildə 20000 dollara başa gələn məktəbə göndərmək istəyəsiniz? Eyni keyfiyyətə heç bir xərc çəkmədən sahib ola biləcəyiniz halda... Yaxşı, siz vergilər vasitəsilə pul ödəyirsiniz, lakin vergilər aşağıdır və faydasını görürsünüz.


 

 

 

 

M.H.: Dövlət məktəbləri pulsuzdur, doğrudur?


 

 

 

Ş.M.: Əlbəttə, dövlət məktəbləri pulsuzdur. O mənada pulsuz ki, onlar vergilər hesabına maliyyələşdirilir və İsveçrədə yaşayırsınızsa, vergi ödəməlisiniz.


 

 

 

M.H.: İsveçrə təhsilinin üstünlükləri nələrdir və İsveçrə təhsil sistemindən nələr eksport edilməlidir?


 

 

 

V.L.: Məncə, müqayisəli nöqteyi-nəzərdən başqa ölkələrin öyrənə biləcəyi bir şey var. Məsələn, Fransada bir çox insan maturadan (bir çox Avropa ölkələrindəki orta məktəbin sonunda verilən buraxılış imtahanının latın dilindəki adı - red.) keçir və sonra universitetə gedir. Sonda hamı universitet oxuyur. İsveçrədə isə biz digər yolu seçmişik. Belə ki, universitetlər gənclərin sadəcə azlıq hissəsi üçündür. Böyük kütlə isə ilk növbədə peşə təhsili yolunu tutur və işi işdə öyrənirlər. 19 və ya 20 yaşlarında bir növ peşə universitetlərinə gedə bilərlər. Beləliklə, bu insanlar iş həyatının başlanğıcından etibarən praktiki təhsillə yanaşı, nəzəri təhsilə də sahib olurlar. Bəzən bu yolu seçən insanların əmək bazarında şansları universitet yolunu seçənlərdən daha yüksək olur. Hər sahədə yox, bəzi sahələrdə. Amma praktikada, sənayedə, banklarda, dünya bazarına bəzən çox xüsusi məhsullar çıxaran kiçik müəssisələrdə öz bəhrəsini verən təhsil sisteminin mükəmməlliyini də bura əlavə etmək olar. Bunun səbəbi təhsildir. Belə demək olarsa, seçiləcək iki yol var. Bu ideyadan bir çox ölkələr fayda qazana bilər.


 

 

 

Ş.M.: Sizə konkret bir misal çəkim. Mən 2-3 bundan həftə əvvəl ibtidai məktəbdə birgə oxuduğum sinif yoldaşlarımla görüşdüm. İlk 6 il - 6 yaşımdan 12 yaşıma kimi bu insanlarla birlikdə oxumuşam. Görüşdük və şam yeməyi - fondyu yedik. Sonra bir-birimizlə yenilikləri bölüşdük. Öz kantonumdan köçdüyümə görə 20 il idi ki, o insanları görmürdüm. Sıra ilə hər kəs öz məşğul olduğu iş haqqında danışdı. Biri zərgər, ikisi saç ustası, biri elektrik mühəndisi, biri radio jurnalisti, digəri kantonun meşəsinə cavabdeh olan meşəbəyi, müəllim idi, o biri sığorta şirkətində çalışırdı. Universiteti bitirən iki nəfər var idi - mən və həmkarım. Təsadüfən ikimiz də siyasi elmlər üzrə təhsil almışıq. Amma bu təsadüfdür (gülür). Hamı gəlməmişdi, amma sinifdən iyirmi nəfərdən cəmi ikisi universitet oxumuşdu, digər 18-i isə başqa yolu seçmişdi. Hər kəs xoşbəxt idi. Hamı bir-birinə qarşılıqlı təqdirlə yanaşırdı: “Ah, sən zərgərsən? Mağazan haradadır?” “Sürixdə”. “Çox gözəl”. “Ah, sən müəllimsən”. “Nə tədris edirsən?” “Federalizm”. “Oh, maraqlıdır”. Çox müxtəlif idik, amma hamımız birlikdə məktəbə getmişdik. Geriyə baxanda görürük ki, hər birimizin özü üçün praktik cəhətdən olanı seçmək azadlığı olub. Siz oxumayıb zərgər ola bilərsiniz. Miqrasiya keçmişi olanlar isə dili o qədər də yaxşı bilmirdilər. Onlar sonda saç ustası oldular. Amma onlardan birinin öz salonu və işçiləri var. Yəni o iş qadınıdır. Digərləri isə oxumağı seçdilər.


 

 

 

V.L.: Bəzi ölkələrdə akademik sahədə çalışanlarla bu sahədə çalışmayanlar arasında gəlir fərqi çox böyükdür. İsveçrədə isə bu fərq daha kiçikdir. Yəni bu o mənaya gəlir ki, universitet yolunu seçməyən insanlar iqtisadi baxımdan daha az şansa malik deyillər.


 

 

 

M.H.: Onda demək olar ki, bütün məktəb məzunları universitetə daxil ola bilmir? Yoxsa onlar universitetə getməməyi seçirlər?


 

 

 

Ş.M.: Onlar getməməyi seçirlər. Çünki kitab oxumaq, təhsil almaq, hazırlaşmaq onlara uyğun deyil. Həm də daha cəlbedici olan alternativlər var. Çünki universitetə daxil olmaq istəyirsənsə, 12 illik təhsil almalısan. Sonra 4-5 il universitet, sonra isə iş tapmaq lazımdır. Halbuki alternativ yol seçsən, 9 il məktəb oxuyursan, 3 il iş yerində təlim keçirsən və birbaşa olaraq çox yaxşı maaşla çox yaxşı bir işin olur. Digərləri isə oxumağa yeni başlayırlar. Sən artıq özünə maşın ala, kirayə mənzil götürə, ailə qura, səyahət edə bilərsən. Biz isə oxumağa yeni başlayırıq və mənzil kirayəsini ödəmək üçün valideynlərimizdən yardım istəyirik.


 

 

 

İSVEÇRƏDƏ TƏHSİL


 

 

 

M.H.: Xarici tələbələrin İsveçrədə təhsil alması üçün hansı imkanlar var? Siz Bern Universitetində və Lozanna Universitetində işləyirsiniz. Bilirəm ki, bu sual Azərbaycan gənclərinə də təhsillərini İsveçrədə davam etdirmək üçün kifayət qədər maraqlıdır. 


 

 

 

Ş.M.: Təcrübədə gördüyüm ən asan seçim semestr mübadiləsidir. Onlar öz ölkələrində normal proqramlarını keçirlər. Sonra da İsveçrədə bir semestr oxumağa qərar verirlər. Bunun üçün universitetlər arasında müqavilə olmalıdır ki, kreditlər sonradan tanınsın və ölkəyə daxil olmaq üçün viza əldə edəsən. Amma bu hər zaman olur. Lozannadakı tələbələrimin təxminən 10 faizi Fransa, Almaniya və İtaliyadan mübadilə proqramı ilə gələn tələbələrdir. Onlar İsveçrəyə sadəcə 6 aylıq gəlirlər. Bir neçə dərs alır, sonra evlərinə qayıdırlar.


 

Əlbəttə ki, siz İsveçrədə bakalavr və ya magistr təhsili almağa qərar verə bilərsiniz, lakin sonra dövlət dillərindən birini bilməlisiniz. İsveçrənin fransızdilli bölgəsinə gedirsənsə fransız dili, almandilli bölgəsinə gedirsənsə, alman dilini bilməlisən. Dilin səviyyəsi, yaxud bunun dəqiq olaraq necə ölçülməsi isə universitetdən və proqramdan asılıdır. Belə ki, mənim fakültəmdə - sosial elmlər - magistr proqramına qəbul olmaq üçün fransız dilindən C1 səviyyəsinə sahib olmalısınız. Çünki mənim dərs dediyim universitetdə tədris proqramımda, Lozannada sosial elmlər fakültəsində dərslərin çoxu fransızcadır. İngilis dilində keçilən dərslər var, lakin bura fransızdilli kantondur, bölgədir. Beləliklə, bu, fransızdilli universitetdir. Dərslərdə iştirak edə bilmək üçün üçün fransız dilini bilməlisiniz. Daha da irəli getdikdə, məsələn, İsveçrə hökumətindən təqaüd də ala bilərsininz. Bunun üçün siz səfirlik vasitəsilə müraciət etməlisiniz. Əgər artıq fəlsəfə doktorluğu dərəcəniz varsa, bu təqaüd bir illik post-doktorantura tədqiqatı üçün ola bilər. Yaxud da siz müəyyən bir sahəni dərindən tədqiq etmək istəyən müstəqil bir şəxssinizsə, bu halda da müraciət edə bilərsiniz. Burada rəqabət var və ideal versiyada siz İsveçrəyə bir illik gəlib burada tədqiqat aparmaq üçün viza alırsınız. Nəyi tədqiq etməyinizdən asılı olmayaraq, bir il müddətində professorla birgə çalışmalısınız. Bundan sonra isə öz ölkənizə qayıtmalısınız. Beləliklə, ideya bundan ibarətdir ki, bir il müddətinə buraya gəlirsiniz, nəsə öyrənib onu geri aparırsınız. Bu qəti şərt deyil, həqiqətən geri qayıdacağınıza qanınızla imza atmalı deyilsiniz. Ancaq gözlənilən budur ki, siz gəlib öyrənəsiniz, sonra da geri qayıdasınız.


 

 

Eyni şey fəlsəfə doktorluğu təqaüdü üçün müraciət edərkən də keçərlidir. Bu təqaüd fəlsəfə doktorluğu oxumaq üçün 3 il müddətində verilir. Deməli, magistratura təhsilinə sahib olmalı, dövlət dillərindən birini bilməlisiniz. Amma bu da ingilis dili ola bilər, doktorantura üçün ən azı ingilis dilini bilmək kifayətdir.


 

 

Prosedurlar eyni şəkildə səfirlik vasitəsilə həyata keçirilir. Daha sonra 3 il müddətinə fəlsəfə doktorluğu proqramına qəbul edilirsiniz. Məsələn, indi Myanmadan bir tələbəm var. O, müraciət edib və 3 il müddətinə İsveçrəyə gəlmək üçün təqaüd alıb. Həmin şəxs mən və bir həmkarımla birlikdə “Myanmada federalizm” mövzusunu tədqiq edir. Normalda 3 ildən sonra geri qayıtmalı idi. Amma xuntaya qarşı aktivist olduğu üçün mühakimə olunduğundan geri qayıda bilmir. Bəlkə 3 ildən sonra bu, fərqli olacaq, amma yəqin ki, olmayacaq.


 

 

 

 

M.H.: Son sual ənənəvi sualımızdır. Oxucularımıza hansı kitabı tövsiyə edirsiniz?


 

 

 

V.L.: İlk tövsiyəm yazıçı Fridrix Dürrenmattdır. O, 1950-60-cı illərdə bütün dünyada tamaşaya qoyulan bir çox pyeslər yazıb. O həmçinin bir çox kitablar da yazıb. Onun ən məşhur pyeslərindən biri “Ziyarət”dir. Qısaca desək, bu, demokratiyaya pulla necə zərbə vurula biləcəyini və ya onun pulla necə alına biləcəyini göstərən əsərdir. Beləliklə, bu kitab eyni zamanda demokratiyanın necə işlədiyini və böyük pullarla demokratiyanın necə korlana, yaxud həqiqətən, aradan qaldırıla bildiyini göstərir. Bu, bu gün dünyanın bütün demokratiyalarında olan bir şeydir. Bu öz kəndində istismar edilən gənc qızın heyrətamiz hekayəsi ilə təsvir edilir. O, kəndini tərk edib dünyanın başqa yerinə gedir və çox-çox zəngin bir qadın kimi geri qayıdır. İnsanlar onun yaşlı, lakin zəngin bir şəxs kimi qayıtmasına çox sevinirlər. Kəndlilər ondan hədiyyə gözləyirlər və hamı hədiyyə alır. Amma sonda o, icmanın rəhbəri olan, cavanlığında ona zorakılıq edən oğlanın ölməsini tələb edir. Bu, yaşlı xanımın qisasıdır. Bu, heyrətamiz bir hekayədir və onun hekayədən ötəyə gedən bir mesajı da var. Necə olur ki, hətta demokratik cəmiyyətdə belə insanlara pulun cazibəsi olmasa, heç vaxt etməyəcəkləri şeylər təklif olunur və ya onlar onu edə bilirlər. 


 

 

 

Ş.M.: Tövsiyəm sadədir. Çünki mən Fridrix Şillerin “Vilhelm Tell” əsərini tövsiyə edəcəyəm (gülür). Lakin bu, Vilhelm Tellin İsveçrənin milli qəhrəmanı olmasına görə deyil. Baxmayaraq ki, o, heç vaxt mövcud olmayıb və mifoloji personajdır. Onun maraqlı olmasının və bu əsəri tövsiyə etməyimin səbəbi daha çox onun tarixçəsidir. Bu pyesin ən məşhur versiyası bir alman tərəfindən yazılıb. Fridrix Şiller alman yazıçı idi. Beləliklə, İsveçrənin milli dastanı və ya hekayəsi isveçrəli olmayan şəxs tərəfindən dövlət dillərinin birində - ali alman dilində yazılıb. Ali alman dili, əslində, bizim dilimiz deyil, biz İsveçrə almancası olan dialektdə danışırıq. Hekayə güclüdür, çünki onu iki tamamilə fərqli şəkildə oxumaq olar. Birincisi, oğlunu qoruyan fermerin hekayəsidir. O, azadlıq hərəkatının lideri olur. Deməli, bu azadlıq hərəkatı, İsveçrəni və onun xalqını Avstriyanın işğalından azad etməkdir.


 

Lakin hekayə həm də aşağı siniflərin yuxarı siniflərə qarşı müqaviməti kimi də oxuna bilər. Bu versiyada fermerlər və kəndlilər ayağa qalxıb elitaya, burjuaziyaya, yaxud bugünkü ifadə ilə desək, oliqarxlara üsyan edirlər. Beləliklə, bu, zaman keçdikcə çox güclü bir hekayəyə çevrildi, çünki bir zamanlar bütün isveçrəliləri bir arada saxlayıb. Söhbət dil və ya dindən getmir, müxtəlif kantonlar və icmalar kimi institutlar vasitəsilə azadlığı qorumaqdan gedir. Onlar müqavilə bağlamaq məcburiyyətində qalmışdılar. 


 

 

Tamaşa, əslində, müxtəlif icmaların liderlərinin bir-biri qarşısında içdiyi andla başlayır başlayır. Biz azadlığımızı qorumaq istəyirik, ona görə də gücümüzü birləşdirib birlikdə işləyirik, bir-birimizə kömək edirik.


 

 

Eyni zamanda, bu həm də ölkə daxilində sosial inqilab, beləliklə, sərvəti yenidən bölüşdürülməsidir. Bu, müəyyən mənada sosializmdir, həm də millətçilikdir. Bilirəm ki, bu, təhlükəli birləşmədir (gülür). Sonralar müəyyən vaxtlarda ölkə rəhbərliyi bu pyesə qadağa qoyub, çünki bu, anti-istəblişment, anti-elita, anti-struktur, anarxizm idi. Hər kəs silah götürüb qubernatoru və ya prezidenti öldürə bilər. Bu ola bilməz, elə deyil? Lakin onlar bunu tamamilə qadağan edə bilməzdilər, çünki hekayə isveçrəlilərin yadları öldürməsi ilə bağlı idi. Beləliklə, oxuyaraq buradan çıxarıla biləcək çoxsaylı mövzular var. Mən düşünürəm ki, oxuyarkən bu onu maraqlı edir. Bu, sənin qeyd etdiyin müasir perspektivi tamamlayır (Vulf Linderə müraciətlə). Beləliklə, görürsünüz ki, biz hətta bu gün belə bir-birimizi tamamlayırıq.


 

 

 

 

M.H.: Müsahibə üçün çox sağ olun.


 

 

 

Ş.M.: Təşəkkür edirəm


 

 

 

V.L.: Təşəkkür edirəm.