AZE ENG

Oruell Fondunun direktoru ilə müsahibə

Xüsusi olaraq Kitabıstan üçün
article about 'Oruell Fondunun direktoru ilə müsahibə' and 'Xüsusi olaraq Kitabıstan üçün'

Kitabıstan maarifçilik işini sadəcə kitab tərcümə etməklə, çap etməklə bitmiş hesab etmir. Maarifçilik üçün dünyanın inkişaf etmiş ölkələrinin nümunələrini öyrənir və kitablar, tədqiqatlar, tərcümələr, seminarlar vasitəsilə Azərbaycan oxucusuna təqdim edirik. Amma bununla da kifayətlənmədik. Bütün izləyicilərimizin oxuya bilməsi üçün müxtəlif araşdırmaçı, tədqiqatçı, dünyanın aparıcı universitetlərinin professorlarından müsahibə alırıq.


Növbəti müsahibimiz Oruell Fondunun direktoru, BBC-nin rəsmi tarixçisi və Vestminster Universitetinin media tarixi üzrə professoru xanım Cin Sitondur. Onunla Corc Oruellin "1984", "Heyvanıstan" əsərlərindən, həmçinin Oruellin senzuraya və mediaya baxışından danışdıq. 


Müsahibəni oxucularımıza təqdim edirik.





- Corc Oruell Azərbaycan oxucuları arasında ən məşhur inglis yazıçılardan biridir. Onun xüsusilə, “Heyvanıstan”, “1984” əsərləri Azərbaycanda ən çox oxunulan ədəbiyyatlardandır. Düşünürəm ki, bir çox azərbaycanlı oxucular sevdikləri bu yazıçının adına olan fondun fəaliyyəti ilə geniş məlumata sahib deyil.


Müsahibəyə Oruell Fondu ilə başlayaq. Siz 2007-ci ildən bu fondun rəhbərisiniz. Oruell Fondunun məqsədi və əsas fəaliyyəti nədən ibarətdir?


- Fond Corc Oruellin bioqrafı, həm də böyük parlament islahatçılarından olan Ser Bernard Krik tərəfindən yaradılıb. Doğrudur, o zaman bu, sadəcə mükafat idi. Mən rəhbərliyi təhvil alanda sadəcə Oruell mükafatı mövcud idi. Bizim işimiz insanların Oruellin əsərləri üzərində ciddi şəkildə düşünməsinə çalışmaqdır. Biz insanları keçmişə aparmağa çalışırıq. Bu isə tənqidsiz olmur. Tənqidlər bizim marağımızdadır, çünki bu Oruelldir, kult deyil. Bu, təbiət etibarilə sorğulayıcılıqdır. Beləliklə, biz müxtəlif yollarla - canlı oxu seanslarında onun əsərlərini oxumaqla, gənclərlə işləməklə insanları Oruellin əsərlərinə qaytarmağa çalışırıq. Eyni zamanda onun kifayət qədər qeyri-ənənəvi və unikal dəyərlərini də mənimsəməyə çalışırıq.


Məsələn, o, pasifist deyildi, böyük dürüstlüyə sahib idi. Nə qədər narahatedici və qəribə olursa olsun, reallığa, həqiqətə inanırdı. O, yoxsullara, yoxsulların həyatının həqiqiliyinə inanırdı. Amma hər şeydən əvvəl iki şeyə inanırdı. Birincisi, o, az qala dilin müqəddəs olduğuna inanırdı - dilə müdaxilə edilsə, onda insanların tənqidi düşünmək üçün sözləri olmaz. Buna görə də o, dili qorumaqda çox maraqlı idi. Digəri isə insanların yaradıcı və intellektual olaraq daha böyük bir şeylə - siyasətlə yaxından maraqlanmasına çalışmaq idi. Beləliklə, biz bu dəyərləri mənimsəməyə çalışırıq. Sonra baxırıq ki, Oruell bunun belə olmasını istəyərdimi? Bilmirəm. Bilirsiniz ki, o, artıq həyatda deyil. Amma biz bu dəyərləri və onun əsərlərini mənimsəməyə çalışırıq. Biz siyasi yazı, siyasi fantastika, jurnalistika, sosial bəlaların işıqlandırılması ilə bağlı bir sıra ədəbi mükafatlar veririk və bizim gənclər mükafatımız var. Bu mükafatları verməyimizin səbəbi odur ki, Oruell də siyasi esselər yazır, fantastika ədəbiyyatı ilə məşğul olurdu. Əslində, məncə, sonda hər şey bura gəlib çıxır. O, İngiltərədəki sosial vəziyyət və dünyadakı hadisələr haqqında çoxlu yazılar yazırdı. Beləliklə, müstəqil münsif heyətimizin fikrincə - möhtəşəm münsiflərimiz var - bu kriteriyalara ən yaxşı cavab verən jurnalistləri və yazıçıları tapmağa çalışır və tapırıq. Biz indi Amerikaya açılmaq üzrəyik. Bu isə tamamilə başqa bir dünyadır. Bu qədər...


Yalan və yalanların çox uğurlu olduğu rəqabətli bir bazarda yaxşı olanı ayırmağa çalışırıq. Biz çalışırıq ki, insanlar doğru və yaxşı olana diqqət yetirsinlər.

 

 

- Söhbət Oruelldən gedirsə, senzuradan danışmamaq olmaz. Oruelldən yola çıxsaq, iki tip senzura var. Birincisi, “1984”də də təsvir etdiyi kimi rəsmi senzura, ikinicisi, insanların özünün özünə tətbiq etdiyi senzura. Sizcə, bunlardan hansı daha təhlükəlidir?


- Fikrimcə, onlar, əslində, bir-biri ilə sıx bağlıdır. Düşünürəm ki, özünüsenzura təhlükəsiz yerlərdə də baş verir və bu, qəribə bir şeydir. Çünki özünüsenzura həm də sizin qərəzliliyinizlə və adi hal kimi qəbul etdiyiniz, amma etməməli olduğunuz şeylərlə əlaqədardır. Oruell bunu çox yaxşı bacarırdı. O, əslində, özünü çox unikal şəkildə istifadə edir. “Mən zavallıyam” - demir. Deyir ki, mən vaxtilə çox pis olmuşam. Bu mənada insanların “mən qurbanam və bu dəhşətlidir” demək istədiyi müasir dövrdə o, olduqca ruhlandırıcıdır. O, heç vaxt belə deməyib. Həmişə deyib ki, mənim irqçiliklə bağlı belə qorxunc fikirlərim və ya belə bir qərəzim olub. O özündən qamçılayıcı, öz cəzalandırıcısı kimi istifadə edir. Ona görə də onları (rəsmi senzura və özünüsenzura - red.) ayırd edə biləcəyinizi düşünmürəm. 


Qorxunun hər hansı dərəcəsinin mövcud olduğu istənilən sistemdə insanların özünüsenzurası demək olar ki, mütləq şəkildə oyanır. Beləliklə, fikrimcə, Oruell deyir ki, özünüsenzura bunların ən pisidir. Çünki onun üçün həqiqətən, önəmli olan şey fərdin necə düşündüyüdür. Amma aydındır ki, nəticələr, cəzalar, təhlükələr varsa, o da mövcud olacaq. 


Bilirsiniz, bütün dünyada həbsdə olan jurnalistlər var. Evan Gersoviç sırf xəbər hazırladığı üçün həbsdədir. İndi o bunu edərdimi? Sizcə, jurnalistlər Rusiyaya gedib xəbər hazırlayacaqlar? Xeyr, bunu etməyəcəklər. Çox getdiyim Hindistana baxsanız, dövlətin həqiqətən də söz azadlığı, tənqidçilər, müxalifət üzərindəki uğurlu ideoloji gedişi arasındakı əlaqə insanların düşüncələrini dəyişmək və formalaşdırmaq kimi nəticələrə gətirib çıxarır. Ona görə də hesab edirəm ki, senzura ilə mübarizə aparmaq üçün hər ikisi ilə mübarizə aparmaq lazımdır.


- Müşahidələrimə əsasən, bir də 3-cü tip senzuraya rast gəlirik. Biz onu öz aramızda “informasiyanı pambıqla kəsmək” adlandırırıq. Yəni görməzdən gəlmək və informasiyanı bloklamaq. İcazə verin, sizə bir nümunə çəkim. Məsələn, Teodor Hertslin çox müzakirə olunan “Yəhudi dövləti” kitabını tamamilə anti-semitik xətt tutmuş bir ölkə ilə sərhəddə çap edirik və təqdimatını keçiririk. Yaxud da demokratiya, qanunun aliliyi, gender bərabərliyi və sair mövzularında kitabların çapını və təqdimatını həyata keçiririk. Amma Qərbin Azərbaycanda fəaliyyət göstərən bir sıra böyük media quruluşları öz nizamnamələrinə zidd olaraq bu xəbərləri yayımlamırlar. Mən bilirəm ki, siz həm Vestminster Universitetində media tarixi üzrə professorsunuz. Mənə maraqlıdır, bu pambıqla informasiyanı kəsmək presedentlərini tədqiq olunurmu?


- Maraqlıdır. Bu haqda məlumatım yoxdur və mən gedib bu barədə məlumat almalıyam. Hər bir xəbər kimi Azərbaycan da (Qərb mediasında - red.) diqqəti cəlb edən xəbər olmalıdır. Dünyada həqiqi jurnalistlərin sayı faktiki olaraq azalıb və jurnalistika üçün resurs da azalıb. Jurnalistikanın öz çətinlikləri var.


Bu, hər yerdə getdikcə daha çox baş verir. Səsləri və insanları qara dəliyə salmaq imkanları yüksəlişdədir. Bilirsiniz, bu nəyə bənzəyir... “1984”də dəyişdirilən məlumatların yeni formasının atıldığı dəliyə... Məncə, burada iki məsələ var. Xəbər dəyərləri və onların necə dəyişdiyi ilə bağlı problem və eyni zamanda xəbərlərə birbaşa nəzarətin olması - bu da başqa bir şeydir.


Yəqin ki, nəzərdə tutduğunuz media qurumlarından biri olan BBC Dünya Xidmətinə zəng etmədən nə baş verdiyini bilə bilmərəm. Məsələlərlə bağlı həqiqətləri öyrənməkdə də problemlər var. Məsələn, iranlı qadınların etirazları bir müddət çox böyük oldu və indi baş verənlərlə bağlı bir sıra sənədli filmlər var, lakin bu filmlər xəbərlərdə göstərilmir. Ancaq güman ki, İranda indi də nələrsə baş verir. Xəbərçiliyin qəribə bir baxışı var.


- Oruell “1984” romanında yenidil yaratmaq, yəni dili korlamaq, məhdudlaşdırmaq üsulları haqqında danışır. Əslində, bu həm də beyinə, fikir azadlığına qarşı bir hücumdur. Bizə məlumdur ki, Sovet dövründə bu metoddan psixoloji silah kimi istifadə edilib. Medianın işləkliyi necə daha effektiv hala gətirilə bilər ki, bu metodlardan yayınmaq mümkün olsun?


- Bu, həqiqəti müəyyən etmək və onu təsvir etmək üçün sadə sözlərdən istifadə etməklə bağlıdır. Bunların hər ikisi, əslində, çətin işdir. Reallığı müəyyən etmək bəzən asan olur. 


Rusiya Ukraynanı işğal edib. Bu, xüsusi əməliyyat deyil, işğaldır. Yəni bu, çox sadə bir reallıqdır. Oruelli düşündürən reallıqda nə baş verdiyini müəyyən etməyin çətin olmadığı bir dildən istifadə etmək idi. Bəzi reallıqlar var ki, onları ayırd etmək həqiqətən də çox asandır. Rusiya bunu demək istəmir, halbuki bunu demək olduqca asandır. Rusiyanı dəstəkləyən çinlilərə isə Rusiyanın Ukraynanı işğal etdiyi aydındır. Düzdür, bunu deməyə bilərlər, amma bilirlər. Rusların isə bunu bildiyini bilmirik. Cənubi Afrikaya aydındır ki, Rusiya Ukraynanı işğal edib. Onlar bunu sadəcə olaraq təqdir edirlər. Yəni kifayət qədər sadə reallıqları təsvir edən bir dil var.


İqlim dəyişikliyini misal götürək. Böyük təşkilatlar deyirlər ki, iqlim dəyişikliyi birmənalı olaraq baş verir və bu, insan tərəfindən edilir, düzdür? Bu, təxminən on il əvvəl verilmiş, belə demək mümkünsə, qərar idi. Bununla bağlı bir şey etsək də, etməsək də, bu, tamamilə qəbul edilmiş bir reallıqdır. Demək istədiyim budur ki, insanlar bunu inkar etmək istəyə bilərlər, amma başda BBC olmaqla böyük xəbər quruluşları yox. İqlim dəyişikliyi fəalları ilə danışsanız, görərsiniz ki, bu qərarın (iqlim dəyişikliyinin baş verdiyi ilə bağlı qərar nəzərdə tutulur - red.) verildiyi an onlar üçün çox mühüm an idi. 


Bu o deməkdir ki, nəsə baş verir və bunun üçün elmi dəlillər də var. Bu barədəki düşüncələrinizi dilə gətirib mübahisə edə bilərsiniz, bunun baş verdiyinə inanmayan insanları da dinləyə bilərsiniz. Onu anlamaq lazımdır ki, niyə onlar bunun baş verdiyini düşünmürlər və onların siyasi baxışları nədir. Amma iqlim dəyişkliyi baş verir. Mənə elə gəlir ki, müqavimətlə qarşılaşan müəyyən reallıqlar var, amma onlar mövcuddur.


Mənim daha yaxşı bələd olduğum Böyük Britaniyada başqa nümunələr də var. “Covid” peyvəndi olmayanların nisbəti bizdə (Böyük Britaniyada - red.) olduqca aşağı idi. Yəni insanların çoxu vaksin olunmuşdu. Bu mənim kimi biri üçün anlaşılması, həqiqətən, çətin olan məsələ idi. Sizi öldürəcək bir xəstəliyə tutulmağınızın qarşısını almaq üçün niyə elmi möcüzəni qəbul etməyəsiniz? Bu bir növ dəlilik olardı. Ancaq bunun necə isbat olunacağı və insanların necə inandırılacağı ilə bağlı çox maraqlı proses gedirdi.


Mübahisə doğuran bəzi reallıqlar da var. İnsanların bu reallıqlara inanması və qəbul etməsi çətin olur. 


Hesab edirəm ki, nə baş verdiyini müəyyənləşdirən gətirilən dəlillər və bu dəlillərin təbiətidir. Məsələn, bəzi cəhətlərdən internet heyrətamizdir və internet sayəsində data jurnalistikası çox yaxşı inkişaf edib. Ukraynadakı müharibədə yanğınların harada olduğunu görə bilərsiniz. Bunun sizə kiminsə deməyinə ehtiyac yoxdur, çünki onsuz da peyk göstərir. Beləliklə, bir tərəfdən, reallıq baxımından yaxşı vəziyyətdəyik, digər tərəfdən isə insanlar düşünürlər ki, hər şey siyasiləşib. Bunu da ruslar yaradıb. Əgər bütün biliyi siyasiləşdirsəniz - təəssüf ki, bu getdikcə yayılır - o zaman mən deyəndə ki, “Covid” realdır, anidən bu, elmi deyil, siyasi fakt halına gəlir. Əsl problem də budur. Maarifçiliyin siyasiləşməsi anti-maarifçilikdir.


- Cəmi 10 il əvvələ qədər mütərəqqi Qərb mediası insan hüquq və azadlıqlarını məhdudlaşdırdığını bildiyi halda hazırda Ukraynaya qarşı işğal siyasəti yürüdən şəxsi xarizmatik, güclü, əzmkar və sair epitetlərlə öz cəmiyyətlərinə təqdim edirdi. Halbuki onlar bir tiran haqqında danışırdılar və tiranlar heç vaxt kifayətlənmirlər. Qərb bunu 1-ci və 2-ci dünya müharibələrində görmüşdü. Mənə bir media tarixçisi kimi sizin fikriniz maraqlıdır. Sizcə, onlar nəyi gözardı etmişdilər?


- İkinci Dünya müharibəsi ərəfəsində bir çox təşkilatlar Almaniyada baş verənlərə məhəl qoymadı və ya vəziyyətin ciddiyyətini gözardı etdi. Məncə, bir fərziyyə, olduqca kobud bir fərziyyə var idi, amma görünür, bu işləyirdi. Fərziyyə də bu idi ki, əgər kapitalizmə sahib olsanız, qanunun aliliyinə və insanlara resurslar, hüquqlar verəcək bir şeyə də sahib olarsınız, həmçinin belə görünürdü ki, tərəqqi bir-biri ilə əlaqəli şeylər toplusu olduğundan, sən bunu edə bilərsən.


Məsələn, Çində hiper-kapitalizmin olduğu aydındır. Dövlət tərəfindən tənzimlənməsi istisna olmaqla, tənzimlənməyən kapitalizmdir. Bu, orta statistik Çin vətəndaşının həyatında böyük irəliləyişlər yaradıb. Demək istəyirəm ki, çox heyrətamiz fərqlər var. Əslində, bu, Hindistanın öz xalqına verə bildiklərindən qat-qat artıqdır. İnsanlar adi həyat şəraitində, belə demək mümkünsə, bum yaşadılar. Bir çox cəhətlərdən Rusiyanın da bu kateqoriyaya düşdüyünü düşünürəm. Amma təbii ki, öz oğlum da daxil olmaqla, bir çox media mənsubları Suriyanın işğalı ətrafında, əslində, Rusiyanın tamamilə nəzarətdən çıxdığı və Türkiyənin son dərəcə xoşagəlməz əməkdaşlığı barədə danışmağa başladılar. 


Məsələn, Barak Obama “kimyəvi müharibə qırmızı xətdir” demişdi. Əsas məqam da elə bu idi. Çünki sonra məlum oldu ki, qırmızı xətt deyilmiş. Beləliklə, həqiqətən, bunlar yanlışlardır.


2008-ci ildə ruslar Gürcüstana girəndə mən də Gürcüstanda idim. Düşünürəm ki, bir növ “onlar səhv ediblər, biz bunu necə yaxşılaşdıra bilərik?” əvəzinə “onlar səhv ediblər, həmişə də səhv edirlər" demək təhlükəlidir. Demək istəyirəm ki, hazırda çox geniş yayılan, qloballaşmanın qəribə təsiri olan voteboteri (whataboutery - whataboutism) var. Əgər kiməsə Hindistanda hər şeyin çox pis olduğunu söyləsəniz, deyər ki, bəs İsraildə də hər şey çox pisdir axı. Ancaq bu verilən suallara cavab deyil. Bu, Pakistanla, Hindistanla bağlı suallara cavab deyil. Düşünürəm ki, biz çox çətin bir nöqtədəyik. Bilirsiniz, olduqca qaranlıqdır.


- Biz Sovet nümunəsindən bilirik ki, totalitar sistemlər istedadlı və mütərəqqi insanları hər zaman dəmir pərdə arxasında saxlayıb. Bu prosesdə rəsmi və ya qeyri-rəsmi formada media senzurası da böyük rol oynayıb və ya hələ də oynamaqdadır. Amma Oruell “BBC”də çalışanda Hindistanın məşhur yazıçılarını geniş ictimaiyyətə çatdıracaq bir sıra verilişlər hazırlayırdı. Dəmir pərdə arxasında saxlanılan həmin mütərəqqi şəxsləri üzə çıxarmaqdan ötrü bugünkü media qurumları hansı işləri görür?


- Bu, çox maraqlı sualdır və mənim sahəmi bir qədər aşır... “BBC” Dünya Xidməti, əlbəttə ki, dəmir pərdənin yıxılmasında, həmçinin Polşada inqilab ərəfəsində açar rollardan birini oynadı, “Amerikanın Səsi”ndən tamamilə fərqli, çox fərqli bir rol. Çünki Rusiya məsələsində onun, belə demək mümkünsə, bir sıra prinsipləri var. Əsas prinsip budur ki, insanlara qarşı əzici davranmayasan və onları günahlandırmayasan. Mən də həmişə bunu təqdir etmişəm. Etməli olduğunuz şey onlara dəqiq informasiya verməyə, eyni zamanda onları yetişdirməyə çalışmaqdır. Bilirsiniz, onlar (rusları nəzərdə tutur - red.) böyük mədəniyyətdir. Hazırda rus musiqisinə qulaq asmaq istəməyən, Puşkini oxumaq istəməyən bir hərakat var. Məncə, bu, tamamilə dəlilikdir. Elə bil onlar döyüşə çağırış ədası ilə deyirlər ki, rus bəstəkarlar, onları dinləyən ruslar, gəlin üstümüzə! Bizim istədiyimiz dəyərlər uğrunda! (Gülür)


Ancaq İkinci Dünya müharibəsi ərzində “BBC” heç vaxt alman musiqisini səsləndirməyi dayandırmadı. Bu, ilk qərar idi və belə səslənirdi "da-da-da-daa..." Bu, “BBC” Dünya Xidmətinin bir işarəsi idi. Bethovendən bir parçadır.


Media quruluşlarının gördüyü işlər yəqin ki, kifayət deyil. Bu yaxınlarda mən Londonda Puşkin Evində rus mədəniyyətinə həsr olunmuş və açıq şəkildə Ukraynadakı müharibənin əleyhinə olan tədbirə ev sahibliyi etdim. Gənc rus rəssamın etiraz edən qadınlar haqqında çox gözəl rəsmləri var idi. Həqiqətən də fantastik rəsmlər idi.


Hesab edirəm ki, nəsə edilir və əlbəttə ki, Ukraynanın rus olmasına dair əvvəllər mövcud olan ümumi anlayışla bağlı böyük irəliləyiş var.


Olduqca mürəkkəb bir şey olan mədəniyyəti himayə etməyin əsas vəzifə olduğunu düşünürəm. Çünki bu, insanlara öz dillərində xəyali bir dünya verir. Mən təxəyyül kapitalı adlandırıla biləcək şeyə can atıram. Təxəyyül kapitalı - insanların özlərini və digər insanların baxış bucaqlarını görmək və öz düşüncələrini fərqli bir gələcəyə proyeksiya etmək üçün sahib olduqları resursdur. Buna görə də təxəyyül kapitalı yaratmaq Oruell Fondunda reallaşdırmağa ümid etdiyimiz işlərdən biridir. Oruell də bunu edirdi. “1984” və “Heyvanıstan” əsərləri bir növ identifikatordur. Çünki onlar - əgər siz təhlükəsiz bir demokratiyadasınızsa, sizə göstərir ki, nələr yanlış gedə bilər; əgər tiraniyada yaşayırsınızsa, bu kitablar qadağan olunurlar. Məsələn, mən kitabları Afrikaya çatdırmaq üçün kitab yardımı təşkil etdim. Mən öz direktorluq dövrümdə dünyanın müxtəlif yerlərinə kitablar aparıram. Düşünürəm ki, bu, həqiqətən də maraqlı sualdır və cavabım budur: edilən şeylər yetərli deyil.


- Biz həm də bilirik ki, Oruell “Amnesty” və “Pen” kimi təşkilatların qurucularından biridir. Bu təşkilatların əsas fəaliyyət istiqaməti yazıçıları, söz azadlığını müdafiə etməkdir. Oruell Fondu bu istiqamətdə hansı addımları atır?


- Biz çox-çox kiçik bir xeyriyyə təşkilatıyıq. Yazıçıları və söz azadlığını müdafiə etmək məqsədlərimiz arasında deyil. Çünki bizim bunu edə biləcək imkanlarımız yoxdur. Ancaq yazıçıları mükafatlandırmaq imkanımız var. Biz əsasən Britaniyada fəaliyyət göstərən təşkilatıq, çünki Oruell özü də britaniyalı idi. Beynəlxalq mükafatımız yoxdur. Əslində, beynəlxalq mükafat təsis etmək haqqında tez-tez düşünürük. Bunu təşkil etmək üçün müəyyən qədər pul əldə etməyi planlaşdırırıq. Hər şey pul tələb edir. Əlbəttə, biz əmin olmağa çalışır və əmin oluruq ki, mükafat verdiyimiz jurnalistlər çox zaman işləri böyük təhdid altında olan jurnalistlər olsun. Məsələn, Meri Kolvin kimi biri. Suriya müharibəsində o, məqsədli şəkildə hədəf alınmış və az qala öldürülmüşdü. Biz konkret məqsədlər üzrə fəaliyyət göstəririk. Biz “English Pen”lə çalışırıq. Fikrimcə, o, “International Pen”dən daha dinamik bir təşkilatdır. Ona görə də belə bir ehtimalın olduğunu düşünürəm. Biz nə ediriksə, hazırda onu edirik, nə vaxtsa edə biləcəklərimizi indi etmirik.


- Son olaraq, ənənəvi sualımızı vermək istəyirəm. Oxucularımıza hansı kitabları oxumağı məsləhət görərdiniz?


- Oh, nə gözəl sualdır! İtaliya kinemotoqrafiyasında böyük hərəkatın arxasında dayanan italyan yazıçı və azadlıq mübarizi, eyni zamanda italyan deputat Nataliya Qinzburq... Onun əsərlərini çox oxumuşam. İkinci Dünya müharibəsi illərində İtaliyadan bəhs edən “The Dry Heart” (“Quru ürək”) adlı bir kitab var. O, birbaşa sözlərdən istifadə etməklə çox aydın yazır, amma kifayət qədər köhnə səsdir. Onun uşaqlara öyrədilməli olan dəyərlər haqqında yazdığı “The Little Virtues” ("Kiçik fəzilətlər") adlı gözəl bir kitabı da var.


Artur Kostlerin “Darkness at Noon” (“Gündüz qaranlığı”) əsəri çox təsirlidir. Əgər mən müasir yazıçı adı çəkməliyəmsə, əslində, cəsur və sürreal bir kitab olan “Death and Penguin”i (“Ölüm və pinqvin”) deyərdim.


- Bu kitab haqqında heç eşitməmişəm


- İnanılmaz dərəcədə gülməlidir... və çox kədərlidir. Tamamilə sürrealdır. Kitab pinqvin saxlayan yazıçıdan bəhs edir və Rusiya haqqındadır. Bu əsər fərasətli rus kinizminin gözəl nümunəsidir. O, təxminən 7-8 il öncə Andrey Kurkov tərəfindən yazılıb. Bu kitab yumor və zəka möcüzəsidir. Bu ədəbiyyat nümunəsinin etdiyi şey Rusiyada baş verənləri tənqid edən bu cür qəribə bir dünya yaratmaqdır.


Sadaladığım kitabların hamısı möhtəşəmdir. Con Stüart Millin bir essesi var, “Freedom of Speech” (“Nitq azadlığı”). Bu, ən möhtəşəm kitabdır. O, müzakirələrin gözəl olduğunu, onlara sahib olmalı olduğumuzu, arqumentimiz nə qədər güclü olursa olsun, müzakirələrin özlüyündə gözəl olduğunu deyir. Bu, əslində, Middltonun mövqeyinə çox ziddir. Arqumentləriniz nə qədər güclü olursa olsun, bir müzakirə ilə sınanmaq onu daha da gücləndirəcək. Müzakirələr gözəl şeylərdir. Mənə elə gəlir ki, tiraniyalar müzakirənin gözəlliyindən məhrumdurlar.


- Cavablarınız üçün çox sağ olun, sizinlə söhbət mənim üçün çox xoş oldu.


- Müsahibə və suallara görə çox sağ olun.





Mələk Hacıyeva


21.07.2023