AZE ENG

Danimarka səfiri ilə eksklüziv müsahibə - VİDEO

Kitabıstan üçün
article about 'Danimarka səfiri ilə eksklüziv müsahibə - VİDEO' and 'Kitabıstan üçün'

Danimarkanın əsas xüsusiyyəti etibarlılıqdır. Əslində, etibarlılığa Danimarka cəmiyyətinin görünməz bir resursu olaraq da baxmaq olar. Çünki məhz bu etibarlılıq sayəsində sosial münaqişələr və cinayətlər yox dərəcəsindədir. Bu isə xoşbəxtlik və təhlükəsizliyi artıran harmoniya hissinin təminatıdır. Danimarka öz coğrafiyasında böyük müharibələr keçirmiş olsa da, öz yolu kimi sülhü seçib. Sülh sayəsində həm özü, həm qonşuları böyük rifah dövlətinə çevrilməyə nail olub. Sülh bir avantajdır, fərddən dövlətə və yaşadığın coğrafiyadan bütün qonşularına qədər hər kəs üçün. Danimarka sülhü, rifahı, inkişafı seçib və bütün resurslarını öz cəmiyyətinin bütün sahələr üzrə inkişafına həsr edib. Bu səbəbdəndir ki, bu gün Danimarka beynəlxalq indekslərdə bütün inkişaf parametrləri üzrə ilk onluqda yer almaqdadır.


Danimarkanı tədqiq edərkən suallarımız çox idi və qərara gəldik ki, Danimarkanın inkişaf modelinə dair suallarımıza cavab tapmaq üçün Danimarka Krallığının Türkiyə və Azərbaycandakı səfiri cənab Danni Annana müraciət edək. O, müsahibə təklifimizi nəzakətlə qəbul etdi və suallarımızı əhatəli şəkildə cavablandırdı.


Danimarka Krallığının Türkiyə və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Danni Annanın müsahibəsini sizə təqdim edirik.



Interview view Ambassador of Kingdom of Denmark to Azerbaijan



- Cənab səfir, əvvəlcə müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm və sizi Bakıda görməkdən məmnun olduğumuzu bildirmək istəyirəm. Kitabıstan dünyanın inkişaf etmiş ölkələrinin modellərini tədqiq edir və bu çərçivədə həmin ölkələrə dair kitablar çap etməklə, sənədli filmlər hazırlamaqla yanaşı, “talk”lar da təşkil edir.


Söhbət elmdən, inkişafdan və sosial rifahdan gedirsə, Danimarkanı qeyd etməmək olmaz.  Həm tədqiqatlarımız, həm də oxucularımızın Danimarkanı daha yaxından tanıması üçün Danirmarka Krallığının Azərbaycan və Türkiyədəki səfiri kimi sizin fikirləriniz çox əhəmiyyətlidir.


Danimarka deyiləndə ağlımıza açıqlıq, şəffaflıq və etibarlılıq gəlir. Dünya Bankı sorğusuna əsasən, Danimarka biznes qurmağın asanlığına görə Avropada 1-ci, dünyada isə 4-cü, investisiya cəlb etmək baxımından dünyada 7-ci, Beynəlxalq İdarəetmə İnkişaf İnstitutunun rəqabətlilik indeksinə görə, rəqabətədavamlı iqtisadiyyat baxımından 1-ci yerdədir. Danimarka cəmiyyətinin və ölkənin quruculuğu nədən başlayıb ki, ölkə bugünkü göstəricilərə nail olub?


- Əvvəlcə məni bu çox maraqlı söhbətə dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Düşünürəm ki, ölkələrin bir-birindən öyrənməsi əhəmiyyətlidir. Biz, səfirliklərimiz, şirkətlərimiz, siyasətçilərimiz xaricdə olanda Danimarka çox şey öyrənir. Amma biz həm də digər ölkələrə ilham verəndə çox xoşbəxt oluruq.


İcazə verin, bununla başlayım ki, əslində, siz üç açar sözü artıq qeyd etdiniz: açıqlıq, etibarlılıq və şəffaflıq. Düşünürəm ki, bu sözlər Danimarka cəmiyyətini müəyyən edən keyfiyyətlərdir və onların tarixi yüz illərlə əvvələ gedib çıxır. Etibarlılıq, açıqlıq və şəffaflıq üzərində qurulmuş bir cəmiyyətimiz var. Misal üçün qeyd edim ki, Danimarka kənd təsərrüfatı ölkəsi, aqrar cəmiyyət olub. Ancaq kiçik fermerlər başa düşdülər ki, müstəqil şəkildə işləmək, məhsullarını bazara çıxarmaq çox baha başa gəlir və çətindir. Beləliklə, uzun illər əvvəl onlar kooperativlər yaratdılar. Bununla da birlikdə işləməyə başladılar. Etibarlılığa əsaslanan əməkdaşlıq...


Bu gün biz Danimarkada çox böyük fermer kooperativindən ibarət effektiv kənd təsərrüfatı sektoru görürük. Bu, keçmiş Sovet İttifaqına və Sovet İttifaqındakı kooperativlərə bənzəmir. Onlar müstəqil fermerlərdir, amma hər kəs üçün daha yaxşısı olsun deyə, birlikdə işləməyə qərar veriblər. Düşünürəm ki, Danimarkada gördüyümüz etibarlılığa əsaslanan birgə fəaliyyət əməkdaşlığın yaxşı bir nümunəsidir.


Danimarka cəmiyyətində etibarlılığın daha bir vacib aspekti budur ki, dövlət maaşlara müdaxilə etmir. Bu, işə götürənlər ittifaqları ilə işçi ittifaqları arasındakı danışıqlarda müəyyən edilir. Onlar oturub danışıq aparırlar. Onlar otura və çox sərt danışıqlar apara bilərlər. Amma əldə olunan razılaşma illərlə davam edir və heç bir tətil baş vermir - düşünürəm ki, bu, Danimarkanın unikal bir xüsusiyyətidir. Əgər tətil baş verirsə, deməli, qaydalara uyğun olmayan nəsə var. Bu isə nadir hallarda olur.


Bu, etibara əsaslanan bir cəmiyyətdir. Şəffaflıq da çox əhəmiyyətlidir. Siz başlanğıcda qeyd etdiniz ki, Skandinaviya ölkələri müxtəlif indekslərdə yüksək yer tutur. Beynəlxalq Şəffaflıq Təşkilatının da indeksi var və bu indeksdə Danimarka həmişə ilk üçlükdə olur. Bunun səbəbi isə korrupsiya məsələsində çox sərt olmağımızdır. O qədər sərtik ki, əslində, deyərdim, bizdə korrupsiya heç yoxdur. Bəzən mediada nələrsə haqqında oxuya bilərsiniz. Lakin bu, geniş yayılmayıb, tək-tük hallarda olur və onlara ağır zərbə endirilir.


Dövlət işçisinin necə davranmalı olduğu ilə bağlı aydın qaydaların olması baxımından da cəmiyyətin dövlət idarəetməsinə etibar etməsi bizim üçün çox əhəmiyyətlidir.

Siz həm də indeksləri və Danimarkanın beynəlxalq biznes üçün cəlbediciliyini qeyd etdiniz. Bəli, biz çox sayda xarici şirkəti cəlb edə bilirik. Hətta daha yaxşısını deyərdim: çox sayda ixtisaslaşmış işçi qüvvəsini də cəlb edə bilirik. Çünki çox uğurlu situasiyadayıq. Belə ki, Danimarka iqtisadiyyatı güclüdür və böyüməyi davam etdirmək üçün ixtisaslaşmış işçi qüvvəsi cəlb etməyə ehtiyacımız var.


- Kitabıstan dünyanın müsbət təcrübələrini tədqiq edir. Danimarkanı tədqiq edərkən bizim diqqətimizi xüsusi olaraq “Janteloven” (Yanteloven) cəlb etdi. Danimarkalı məşhur yazıçı Aksel Sandemosenin “A Fugitive Crosses His Tracks” əsərində formalaşdırdığı 10 müddəadan ibarət bu davranış qaydaları bu gün demək olar ki, Skandinaviya ölkələrində sosial normaya çevrilib. Skandinaviya insanı, bir danimarkalı üçün “Janteloven” nə ifadə edir?


- Mən ilk dəfə “Janteloven” haqqında eşidəndə hələ gənc bir oğlan idim və düşündüm ki, bu bir az qəribə səslənir. Əsas prinsip budur ki, digərlərindən daha yaxşı olduğunu düşünmə, sən heç də xüsusi deyilsən, qalan hamı kimisən. Bu çox da mülayim olmayan bir prinsip kimi səslənə bilər, amma əlbəttə ki, Danimarkada bu şəkildə tətbiq olunmur. Çünki bu, qayda deyil, ən yaxşı halda sosial normadır. Ancaq deyərdim ki, Danimarka cəmiyyətinə təsiri olmuş bu kitab daha çox 100 il əvvəlki Danimarka cəmiyyətinin müəyyən elementlərinin təsviridir. Lakin “Janteloven”in xüsusiyyəti budur ki, o, müəyyən şəkildə bərabərliyi və milli birliyi təşviq edir. Biz daha böyük qrupun bir hissəsiyik. Biz hamımız bir yerə aidik. Əlbəttə ki, başınızı çox yuxarı qaldırmamalısınız, amma “Janteloven”in bu hissəsi bu gün daha zəifdir. Ancaq yenə də aydındır ki, insanlar öz zənginliklərini başqa cəmiyyətlərdəki qədər göstəriş üçün istifadə etmirlər. Əlbəttə ki, bəzi insanlar üçün zənginlik böyük avtomobilə sahib olmaqdır. Lakin əksər insanlar üçün böyük avtomobilə yox, yaxşı həyata malik olmaqdır. Daha sonra “Hygge” (Hügge) haqqında danışanda bu mövzuya qayıdacağıq. Düşünürəm ki, bu, (“Janteloven” - red.) bir xüsusiyyətdir və birlik hissini də təşviq edir. “Janteloven”in təhlükəsi isə bundan ibarətdir ki, əgər o, çox sərt şəkildə tətbiq olunsa, innovasiyanı və proqressiv yenilikləri dayandıracaq. Biz isə həm bunu istəmirik, həm də bizdə bu şəkildə tətbiq olunmur. Yaxşı prinsiplərdir, amma əlbəttə ki, müəyyən mənada ifrata varmamaq düşüncəsi də olmalıdır.


- Diqqətimizi çəkən digər bir məqam isə Danimarka təhsil sistemidir. Danimarka təhsili dünyadakı ən uğurlu təhsil modellərindən biridir və ölkənin yeddi universiteti dünyada akademik sıralamalarda yer almaqdadır. Danimarka təhsilinin bu qədər uğurlu olmasının səbəbi nədir?


- Hər şeydən əvvəl bizim təhsilə xərclədiyimiz pulun miqdarı. Sol və ya sağ yönümlü olmasından asılı olmayaraq, bir-birini izləyən hökumətlər üçün təhsilə yatırım yüksək prioritetdir. Niyə? Çünki Danimarka təbii sərvəti çox olmayan bir ölkədir. Bizim təbii sərvətimiz biliyimizdir. Buna görə də uğurlu cəmiyyətə sahib olmağa davam etmək üçün ona yatırım etməliyik.

Bunun tarixi yüz illərlə əvvələ gedib çıxır. Faktiki olaraq 1739-cu ildən bəri bizdə uşaqları məktəbə göndərmək məcburidir. Uşaqlar üçün demək olar ki, 300 illik icbari pulsuz təhsil... Əlbəttə ki, bu çox vacibdir. Həddindən artıq vacib olduğunu düşündüyüm başqa bir aspekt isə ibtidai məktəbdən tutmuş universitetə qədər - əgər siz bu təhsili istəyirsinizsə - pulsuz təhsilə sahib olmağımızdır. Hər şey ödənişsizdir (təhsildə - red.). Heç bir şey ödəmirsiniz. Üstəlik, universitetə gedəndə təhsil aldığınıza görə maaş alırsınız. Görürəm ki, gülümsəyirsiniz və Danimarkanın öz universitet tələbələrini maliyyələşdirə bilməsi də məni çox qürurlandırır. Bunun həm də sosial aspekti var. Çünki zəngin və ya nisbətən aşağı gəlirli ailədən olmağınıza baxmayaraq, ödənişsiz olduğu üçün uşaqlarınız yenə də təhsil ala bilir. Həm universitetə getmək ödənişsizdir, həm də universitetdə təhsil aldığınıza görə bir növ ödəniş alırsınız.

Əlbəttə ki, bu bir çox insanların universitetə getməsinə imkan yaradıb. Böyük ehtimalla təhsil sistemi üçün belə bir dəstək verilmədiyi təqdirdə olacağından daha çox insanın.

Amma bu, (yatırım - red.) yalnız təhsildə deyil. Biz həmçinin tədqiqat və inkişafa da - yenə bilik - böyük yatırımlar edirik. Tədqiqat və inkişafa etdiyimiz yatırım faktiki olaraq ÜDM-in 3 faizini təşkil edir. Bu isə proqressiv inkişaf və innovasiyanı Danimarka cəmiyyətində həmişə ön planda saxlayır.

Başqa iki şeyi də qeyd etmək istəyərdim. Təhsil sadəcə ibtidai məktəbdən universitetə qədər deyil, ömür boyu davam edir.

Bizim bir sosial modelimiz - “Flexicurity” adlanan Daminarka əmək bazarı modelimiz var. Əgər siz bir işlə məşğulsunuzsa və bu iş robotlar, avtomatlaşma, rəqəmsallaşma tərəfindən əlinizdən alınırsa, yaxud artıq sahib olduğunuz kimi bir bacarığa ehtiyac yoxdursa, dövlət təhsiliniz üçün ödəniş edir ki, yeni bir bacarıq əldə edib, yeni iş tapa biləsiniz. Beləliklə, bu, elastik əmək bazarıdır. İşə götürmək də, işdən çıxarmaq da asandır. Bunda eyni zamanda təhlükəsizlik elementi də var. Belə ki, əgər işdən çıxarılsanız, sizi yenidən əmək bazarı üçün yararlı hala gətirəcək təhsilə yiyələnməkdə yardım alacaqsınız.

Təhsillə bağlı son bir şey demək istəyirəm. Düşünürəm ki, digər bir çox ölkələr qaydaları, mətni əzbərləməyə çox fokuslanır. Danimarkada bu çox da əhəmiyyətli deyil. Problemləri həll etməyi və məsələlərə tənqidi baxmağı öyrənmək önəmlidir. Hesab edirəm ki, bilik üçün önəmli olan hər şeyi əzbərləmək yox, bu bilikdən istifadə edə və baş verənlərə bəlkə də tənqidi baxa bilməkdir.


- 1915-ci ildə, Azərbaycandan 3 il əvvəl danimarkalı qadınlara səsvermə və parlamentə seçilmə hüququ verildi. Hətta dünyada ilk qadın nazir 1924-cü ildə Danimarkanın təhsil naziri Nina Banq olub. Danimarka gender bərabərliyinin təmin olunması istiqamətində 100 ildən də çox təcrübəyə malikdir. Sizcə, gender bərabərliyi istiqamətində Danimarka təcrübəsinin spesifikliyi nədir?


- İcazə verin, bununla başlayım ki, Danimarkada dövlət başçısı kraliçadır. Bizim baş nazirimiz də qadındır. Parlamentdə isə parlamentarilərin 43 faizi qadındır. Danimarka cəmiyyətində gender bərabərliyi böyük məsələdir. Biz xeyli yol qət etmişik və deyərdim ki, olduqca uğurlu olmuşuq. Əlbəttə, siz heç vaxt sona çatmırsınız. Dünyada 100 faiz gender bərabərliyinə sahib olan heç bir cəmiyyət yoxdur. Hətta Danimarka üçün belə hələ də üzərində işlənəcək nələrsə var.
Ancaq Danimarka ilə bağlı olduqca vacib hesab etdiyim bir cəhət odur ki, qanun hazırlayarkən, qərarlar qəbul edərkən, başqa ölkələrlə korporativ proqramlar həyata keçirərkən gender bərabərliyinə əsas prinsip kimi baxılmadan bunların heç birini etmək mümkün olmayacaq. Beləliklə, yeni qanun qəbul edərkən cəmiyyətimizdə gender bərabərliyinə hansı təsiri göstərəcəyi nəzərə alınır. Əgər Keniya ilə təhsil sahəsində əməkdaşlıq proqramımız varsa, o da (gender bərabərliyi - red.) proqramımızın bir hissəsi olur. Bu proqram gender bərabərliyinə necə təsir edir?

Önəmli hesab etdiyim daha bir aspekt budur ki, biz ana olduqdan sonra belə qadınlara işləməyə davam etməyə imkan yaradan uşaq bağçası sisteminə sahibik. Misal üçün deyə bilərəm ki, Danimarkada 3 yaşına çatan uşaqların 98 faizi uşaq bağçasına gedir. Beləliklə, bütün qadınlar yenidən əmək bazarına qayıdır.

Danimarka ilə bağlı qürur duyduğum daha bir fakt budur ki, bir çox cəmiyyətlərdə analıq məzuniyyəti olduğu kimi, bizdə həm analıq, həm də atalıq məzuniyyəti var. Yəni əgər bir cütlüyün uşağı olursa, onların bir illik atalıq və analıq məzuniyyətinə çıxmaq haqqı var. Bu isə bölünməlidir. Qadın qədər kişinin də evdə uşaqları ilə birlikdə qalmaq öhdəliyi var.

Əlbəttə, işə götürənlər düşünürlər ki, qadın, yaxud kişi işçinin, əslində, fərqi yoxdur. Çünki onların hər ikisi məzuniyyətə çıxacaq. Kişi ilə müqayisədə qadını işə götürməklə bağlı heç bir risk yoxdur.

Bu da Danimarka cəmiyyətində gender bərabərliyini təşviq edir. Düşünürəm ki, biz uzun bir yol qət etmişik, ancaq hələ də gediləcək yol var.


- Gəlin bir az yaşıl enerjiyə keçiddən danışaq. Danimarka hökuməti bu yaxınlarda 2050-ci ildə Danimarkanın özünü bərpa olunan enerji ilə təmin edə biləcək hala gətirmək istiqamətində uzunmüddətli hədəf müəyyən etdiyini elan etdi. Bu o deməkdir ki, 2050-ci ilə qədər enerji tələbatı tamamilə bərpa olunan enerji sayəsində qarşılanacaq. Son rəqəmlər göstərir ki, bərpa olunan enerji Danimarkanın ümumi elektrik istehlakının 72 faizini qarşılayır. Yaşıl enerjiyə keçid stategiyası ilə bağlı Danimarkanın hansı nailiyyət və məqsədləri var?


- Bunun Danimarkada sahib olduğumuz ən önəmli məqsədlərdən biri olduğunu düşünürəm. Hər kəsə aydındır ki, biz iqlim dəyişikliyi ilə bağlı çətinliklərlə üz-üzəyik. Hər yay daha yüksək temperatur, daha ekstremal hava şəraitinin olduğunu görürük. Məsələn, Türkiyədə meşə yanğınları və daşqınlar.

Danimarkada, mənim mənsub olduğum ölkədə may-iyun aylarında quraqlıq oldu. Daha sonra isə Danimarka tarixində iyul ayında heç vaxt görülməmiş dərəcədə çox yağış yağdı. Hava şəraiti olduqca ekstremaldır. Buna görə də biz nəsə etməliyik.

Danimarka, əslində, bərpa olunan enerji məsələsində uzun illər əvvəl addım atıb. 1991-ci ildə Danimarka dənizdə külək elektrik stansiyası quran ilk ölkə oldu.

Mən qeyd etməliyəm ki, biz elektrik istehlakının bərpa olunan enerji ilə təmin edilməsində faktiki olaraq 72 faizə çatmışıq - külək enerjisi, günəş enerjisi, biokütlə. Su enerjisi çox deyil. Türkiyə kimi bir ölkə böyük su enerjisinə sahibdir. Bu isə çox yaxşıdır.

İstəyimiz budur ki, 2030-cu ilə qədər Danimarkada elektrik istehlakının 100 faizini bərpa olunan enerji resurslarından təmin edək. Bəzi günlərdə biz, əslində, buna çatırıq. Əgər nə vaxtsa Danimarkada olmusunuzsa, bilərsiniz ki, Danimarka olduqca küləkli ölkədir. Buna görə də çox küləkli bir gündə enerji istehlakımızın 100 faizdən çoxu bərpa olunan enerji vasitəsilə təmin olunur. Qalanını isə qonşu ölkələrə satırıq.

Deyə bilərəm ki, elektrik istehlakı gündən-günə artır. Çünki yanacaqla işləyən avtomobillərdən elektrikli avtomobillərə keçid edirik. Amma elektrik külək enerjisindən əldə edilir. Buna görə də çirkli deyil. Məncə, bu bəhs etmək üçün maraqlı bir faktdır. Danimarka çox şey edir, amma əgər qlobal emissiyalara baxsanız, görərsiniz ki, Danimarka bu emissiyaların yalnız 0,1 faizinə görə məsuliyyət daşıyır. Buna görə də hətta əgər Danimarkanın qapısını bağlayıb ölkədəki bütün fəaliyyətləri dayandırsaq belə, bu, qlobal CO2 emissiyasının yalnız 0,1 faizi edəcək. Bu isə kömək etmir.

Biz öz biliyimizi tərəfdaş ölkələrlə bölüşmək istəyirik və qlobal səviyyədə çox sayda tərəfdaş ölkələrimiz var.

İndi Ankarada, yaşadığım yerdə qəsəbə isitmə və soyutması sahəsində Türkiyə ilə çox yaxşı əməkdaşlıq proqramımız var. Həmçinin enerji modelləmə layihəmiz də var. Hər iki əməkdaşlıq proqramı enerjiyə qənaət və bərpa olunan enerjidən ən səmərəli şəkildə istifadə etməklə bağlıdır. 


- Demokratiyanın fərqli ölkələrdə fərqli şərhləri və formaları var. Demokratiyanın Danimarka modeli nədir?


- Düşünürəm ki, Danimarkada demokratiyanın necə işlədiyini müəyyən edəcək 3 söz var. Biz güclü vətəndaş iştirakçılığı, məsuliyyət və dialoqa sahibik. Bu 3 prinsip bütün səviyyələrdə gördüyümüz Danimarka demokratiyasını izah edir. Demokratiya sadəcə hər dörd ildən bir seçki qutusuna gedib bülleten atmaq deyil. Demokratiya gündəlik əsasdadır və sadəcə siyasətlə deyil, getdiyiniz yerli idman klubu, yaşadığınız bina ilə də bağlıdır. Siz bu binanı idarə etməklə bağlı digərləri ilə dialoqa sahibsiniz. O, (demokratiya - red.) bir valideyn kimi sizin uşaq bağçası, yaxud məktəbdə iştirakçılığınızla bağlıdır. Daha da önəmlisi isə o, məktəb rəhbərliyi ilə danışıqlar aparmaq üçün şagirdlərin öz nümayəndəsini seçməsi ilə əlaqəlidir. Bu isə çox kiçik yaşdan insanları demokratiyaya təşviq edir. Biz dörd ildən bir seçki keçirəndə iştirakçılıq səviyyəsinin çox yüksək olduğunu görürük.

Danimarka ilə bağlı çox bəyəndiyim başqa bir şey budur ki, ildə bir dəfə Baltik dənizindəki gözəl bir Danimarka adasında bütün siyasətçilər, bütün maraq təşkilatları və çox sayda sadə vətəndaş dörd günlük bir yerə toplaşır və Danimarka cəmiyyəti üçün aktual olan siyasi məsələləri müzakirə edir. Biz bunu artıq bir neçə ildir keçiririk. Burada başdan-ayağa hər kəs siyasi məsələləri müzakirə edir.

Düşünürəm ki, Danimarkada demokratiyanın ən böyük təntənələrindən biri bu illik görüşdür. Amma yenidən qeyd edirəm ki, biz demokratiyaya gündəlik əsasda sahibik. Bizim dialoqumuz tamamilə siyasətlə bağlıdır. Vacib deyil ki, bu, ciddi siyasət olsun. Məktəblərin necə idarə edilməli olduğu, yaxud idman klublarının öz pulunu necə istifadə etməli olduğu və bu kimi şeylərlə də bağlı ola bilər. Amma bu demokratiyadır.


- Cənab səfir, düşünürəm ki, Danimarka ruhunu daha yaxından anlamaqdan ötrü sizdən “Hygge”ni də soruşmalıyam. Sizin üçün “Hygge” nəyi ifadə edir?


- “Hygge” insandan insana dəyişir. “Hygge” sizi nəyin xoşbəxt etdiyini, nəyin rahatlaşdırdığını necə xarakterizə etdiyinizdir. Bəzi insanlar üçün “Hygge” meşədə gəzintiyə çıxmaq, digərləri üçün dostla bir qədəh yaxşı şərab içmək, başqaları üçün yaxşı bir kitab oxumaq ola bilər. O, nəyin sizi həqiqətən rahatlaşdırdığı ilə bağlıdır. “Janteloven”lə bağlı əvvəlki söhbətimizə qayıtsaq, düşünürəm ki, danlar sahib olduqları şeylə xoşbəxt olan insanlardır. Biz böyük, bahalı avtomobilə sahib olmağa ehtiyac duymuruq. İşə velosipedlə gedərək eyni dərəcədə, bəlkə də daha çox xoşbəxt ola bilərsiniz. Əgər sizi xoşbəxt edən şey budursa, onda bunun “Hygge”yə də təsiri var. Ola bilsin ki, insanlar velosiped sürməyi “Hygge” ilə assosiasiya etmirlər. Amma deyərdim ki, “Hygge” tamamilə sizi xoşbəxt edən, rahatlaşdıran şeylə bağlıdır. Beləliklə, bu, çox individualdır. Mənim üçün bu, həqiqətən dəyər verdiyim dostla gəzmək və xoş söhbət etmək, yaxud yaxşı bir şam yeməyində oturub gözəl mövzularda danışmaqdır. Yəni bu çox individualdır. Xoşbəxtəm ki, bu sizin müəyyən şəkildə Danimarkaya aid etdiyiniz brend halına gəlib. Çünki danların “Hygge”ni çox yaxşı bacardığını düşünürəm.


- Son olaraq ənənəvi sualımızı sizə də ünvanlamaq istəyirəm. Oxucularımıza hansı kitabı oxumağı məsləhət görərsiniz?


- Siz bu sualı mənə verəndə ağlımda qətiyyən şübhə yaranmadı. Çoxlu gözəl kitablar oxumuşam, amma sizə və izləyicilərinizə tövsiyə edəcəyim bir kitab var. Bu, britaniyalı tarixçi Piter Frankopan tərəfindən yazılmış “The Silk Roads” (“İpək yolları”) adlı kitabdır. Kitab təməl olaraq tarixlə bağlıdır, amma hər fəsil bir təbii sərvətə fokuslanır. Bu, gümüşün, qızılın, qulların, taxılın, neftin tarixə necə təsir etdiyinə fokuslanan kitabdır. Mən siyasəti sevirəm, tarixi sevirəm. Mənə görə, bu kitab sizin izləyicilərinizə şiddətlə tövsiyə edə biləcəyim kitabdır.


- Müsahibə və cavablarınız üçün çox təşəkkür edirik.


- Dəvət etdiyiniz üçün təşəkkür edirəm. Mənim üçün xoş oldu. Çox təşəkkür edirəm.





Mələk Hacıyeva


11.09.2023