AZE ENG

Kitabıstan “EU Read”in üzvü oldu

"Kitab oxumağın təşviqi üçün sərhədlər olmamalıdır"
article about 'Kitabıstan “EU Read”in üzvü oldu' and '"Kitab oxumağın təşviqi üçün sərhədlər olmamalıdır"'

Kitabıstan sentyabr ayının 9-dan Avropada mütaliəni təşviq edən “EU Read” beynəlxalq birliyinin üzvüdür.


Qeyd edək ki, “EU Read” savadsızlıqla mübarizə aparan, mütaliəni təşviq edən, proqram və layihələrlə öz ölkəsinin cəmiyyətini savadlandırmaq istiqamətində fəaliyyət göstərən 23 Avropa ölkəsindən üzvü olan birlikdir. Bu birliyin əsas məqsədi bilik, təcrübə, fikir mübadiləsi aparmaq və oxumağın təşviqi üçün yeni strategiyaların birgə işlənib hazırlanmasıdır. Bu istiqamətdə “EU Read” üzvləri mütəmadi olaraq bilik, təcrübə və fikir mübadiləsi, eləcə də yerli və Avropa səviyyəsində mütaliənin təşviqi üçün birgə çalışmaqdadır. Elmi tədqiqat mütaliənin təşviqinin önəmli bir aspekti olduğu üçün “EU Read” üzvləri öz elmi tədqiqat nəticələrini və hesabatlarını bir-biri ilə paylaşırlar.


Kitabıstanın həmtəsisçisi Şəhriyar Məcidzadə “EU Read” üzvlüyü haqqında bunları deyib:


“Məlum olduğu kimi, Kitabıstan maarifçilik sahəsində fəaliyyət göstərir. Biz bəşəri dəyərlərə əsaslanan kitablar nəşr edir, həm də mütaliəni təşviq edirik. Hesab edirəm ki, elm, tədqiqat və kitab oxumağın təşviqi üçün sərhədlər olmamalıdır. Buna görə də Avropada mütaliəni təşviq edən “EU Read”in üzvlüyünə qəbul edilməyimiz bizim üçün əhəmiyyətlidir. Kitabıstanın konsepsiyasında da qeyd edildiyi kimi, mədəniyyətlərarası dialoq bizim əsas hədəflərimizdəndir. Düşünürəm ki, Kitabıstanın “EU Read” üzvləri ilə əməkdaşlıq perspektivi fəaliyyətimizdə səmərəliliyi daha da artıracaq. Elm, mədəniyyət, tədqiqat və təcrübə mübadiləsi istiqamətində əməkdaşlığa hər zaman açığıq”.


Kitabıstanın həmtəsisçisi Mələk Hacıyeva isə aşağıdakıları deyib:


“EU Read” savadlılığın artırılması və mütaliənin təşviqi üçün elmi tədqiqatlar və layihələr həyata keçirir. Bu, Kitabıstanın fəaliyyəti ilə üst-üstə düşür. İndi bizim Avropanın 22 ölkəsindən tərəfdaşlarla işləmək üçün imkanlarımız var. Düşünürəm ki, bu, ölkələrin hər birinin təcrübələrini öyrənmək və öz təcrübələrimizi onlarla bölüşmək üçün də yaxşı bir fürsətdir. Kitabıstan “EU Read”ə üzv olmaqla maarifçilik işinə təkcə Azərbaycanda deyil, kitaba və biliyə gərək olan digər ölkələrdə də töhfə vermək niyyətindədir. Eyni məqsədlər üçün çalışan tərəfdaşlarla birlikdə savadlılığın artırılması və mütaliənin təşviqinə töhfə verməyi önəmli hesab edirik”.


Qeyd edək ki, Kitabıstan kitab tərcüməsi və nəşri ilə yanaşı “KITABISTAN TALKS” layihəsi çərçivəsində elmi konfranslar təşkil edir, araşdırma filmləri hazırlayır, fərqli ölkələrin inkişaf modellərini təqdim etmək üçün müsahibələr alır, sosial sorğular keçirir.



09.10.2023