AZE ENG

Fransa səfiri ilə eksklüziv müsahibə - VİDEO

Kitabıstan üçün
article about 'Fransa səfiri ilə eksklüziv müsahibə - VİDEO' and 'Kitabıstan üçün'

Kitabıstan dünyanın inkişaf etmiş ölkələrinin təcrübələrini tədqiq etməyə və inkişaf modellərini təqdim etməyə davam edir.


Tədqiq etdiyimiz ölkələrdən biri də Fransadır. Fransada universitet təhsili XII əsrdən başlayır. Bu ölkə dünyaya böyük fikir adamları bəxş etməklə yanaşı, həm də dünyada  yeni fikirlərin yaranmasına töhfə verib. Təsadüfi deyil ki, bu gün dünyada ədəbiyyat üzrə ən çox Nobel mükafatı alan ölkə Fransadır. 


İstər Birinci Dünya müharibəsi, istərsə də İkinci Dünya müharibəsindən sonra Fransa yeni dünya nizamının qurulmasında fəal iştirak etməyi bacardı. Eyni zamanda isə Avropa İttifaqının qurulmasında fəal rol aldı və Aİ-nin qurucu ölkələrindən birinə çevrildi. 


Necə bacardı? Fransanı tədqiq etməyə davam edərkən qərar verdik ki, suallarımızın müəyyən bir qisminə cavab tapmaq üçün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayona müraciət edək. Müsahibə təklifimizə müsbət cavab aldıq. Xanım səfir bizi mehribanlıqla qarşıladı, suallarımızı əhatəli şəkildə cavablandırdı.


Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun müsahibəsini sizə təqdim edirik:





- Hörmətli xanım səfir, söhbətimizə başlamazdan əvvəl müsahibə təklifimizi qəbul etdiyiniz üçün öz minnətdarlığımı bildirmək istərdim. Bu müsahibə həm də ona görə önəmlidir ki, Kitabıstan Fransanın milli şüarını öz konsepsiyasına daxil edib. Fransa Kitabıstanın tədqiq etdiyi ölkələr arasında mühüm yer tutur və onun inkişaf modeli bizim tədqiqatımızın əsas nöqtəsi olaraq qalır.


Yəqin bir çoxları bilmir ki, Fransa bayrağındakı mavi rəng soyuq bir qış günündə qılıncı ilə öz mantiyasını kəsib, səfil geyimli adamla paylaşan Müqəddəs Martinlə əlaqələndirilir. Fransa paylaşmağı sevir. 2022-ci ildə Fransa ümumi milli gəlirinin 0,56 faizini, yəni təxminən 15,1 milyard dollarını yardım, inkişaf və yoxsulluğun azaldılması üçün inkişaf etməkdə olan ölkələrə ayıraraq İnkişafa Yardım Komitəsinin dördüncü ən böyük donor ölkəsi olub. Paylaşmaq Fransa üçün niyə bu qədər önəmlidir?


- İlk olaraq sizə minnətdarlığımı bildirirəm. Marağınız üçün sizə və mənə bu müsahibə fürsətini verdiyi üçün bütün Kitabıstan komandasına təşəkkür edirəm. Əlbəttə, Fransa Respublikası sekulyarlıq üzərində qurulduğu üçün dini simalar haqqında çox da danışmayacağam. Amma düşünürəm ki, bir sıra dəyərlər universaldır və önəmli olan həmrəylikdir. Çünki söhbət qlobal problemlərdən gedəndə, əgər qlobal diplomatiyaya təsir göstərmək istəyirsinizsə, həmrəylik komponentinə ehtiyac olur. Qlobal diplomatiya deyəndə mən səhiyyə, iqlim dəyişikliyi, qeyri-bərabərlik kimi qlobal problemləri həll etməyi hədəfləyən diplomatiya nəzərdə tuturam. Çünki diplomatiyanızda həmrəylik elementi olmadan ən az inkişaf etmiş ölkələrdən bu qlobal problemlərin həllinə yönəlməyi tələb etmək olmaz. Bu səbəbdən də, bəli, siz haqlısınız. Biz normalda milli gəlirin 0,7 faizi olan İƏİT hədəfinə yaxınlaşmaq məqsədilə öz xarici inkişaf yardımlarımızı son illərdə əhəmiyyətli dərəcədə artırmağa çalışırıq. Biz qlobal institutların, BMT institutunun vacibliyinə həqiqətən güvənirik. Məsələn, pandemiya dövründə Fransa ən həssas və ən az inkişaf etmiş ölkələrin vaksinlə təmin olunması məsələsində ön sırada oldu. Biz “COVAX” təşəbbüsünə töhfə verdik. İqlim dəyişikliyi məsələsində inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrin öz hədəflərinə çatması, həmçinin iqlim dəyişikliyinin aradan qaldırılması və ona uyğunlaşmaq üçün yolların tapılması məsələsində bütün qlobal maliyyə təşəbbüslərini dəstəkləyirik. Çünki bu ölkələr olduqca həssasdır.


Mən Azərbaycana gəlməzdən əvvəl Avstraliyaya təyin edilmişdim. Hər kəsə məlumdur ki, Sakit okeandakı bütün adalar dəniz səviyyəsinin qalxmasına qarşı çox həssasdır. Belə ki, bu, hətta onların mövcudiyyətinə böyük təhlükə yaradır. Bilmirəm, siz o fotonu xatırlayırsınız, ya yox. Hansı ada olduğunu bilmirəm, fotoda oranın baş naziri əks olunmuşdu. O, suyun içində dayanmışdı və ölkəsinin üzləşdiyi problemlər haqqında danışırdı. Beləliklə, mən bu məsələdə düşünürəm ki, biz məsuliyyət götürməli və özümüzü bu ölkələrə yardım etməyə daha çox həsr etməliyik.


- Bu gün gender bərabərliyinin təmin olunması Fransa hökumətinin əsas prioritetlərindən biridir və buna görə də Fransa İnkişaf Agentliyi (FDA) tərəfindən maliyələşdirilən layihələrin 75 faizi gender bərabərliyinin təmin olunmasına yönəlib. Fransa gender bərabərliyinin təmin olunmasına nədən başlayıb və bu gün bu sahədə nələrə nail olub?


- Düşünürəm ki, bizim həmrəylik siyasətindən danışmağımız əhəmiyyətlidir. Qeyd etdiyiniz kimi, Fransanın xarici inkişaf yardımları ilə maliyyələşən bütün layihələrimizdə 2018-ci ildən bəri gender bərabərliyinə daha çox vurğu qoymağa başlamışıq. Hədəf layihələrin 75 faizində gender bərabərliyi elementinin olması və bu layihələrin ən azı 20 faizinin gender bərabərliyinə yönəlməsidir. Bu, çox önəmlidir, çünki bəzən bu element çatışmır. Məsələn, hamının bildiyi bir nümunə var. Siz bəzi ölkələrdə məktəblərin tikilməsinə pul xərcləyə və bunun qızların təhsil imkanını təminat altına almağa kifayət edəcəyini düşünə bilərsiniz. Amma siz həm də qızlar üçün ayaqyolu tikməyi düşünməsəniz, bəzi ailələr baryerlər, vərdişlər, bəzən isə dini, yaxud sosial məhdudiyyətlər səbəbindən yalnız qızlar üçün nəzərdə tutulmuş ayaqyolları və bu kimi şeylər olmaması əsası ilə qızlarını məktəbə göndərməyəcək. Beləliklə, həmişə gender bərabərliyini nəzərə almalısınız. Bəzən isə həm də qadınlar üçün bərabər imkanlar qarşısında baryer olan və baryer olaraq qalan mədəni maneələri də. Xülasələşdirsək, inkişaf haqqında danışanda bəşəriyyətin yarısını unutmamaq hər zaman önəmlidir. Çünki bütün siyasi və iqtisadi həyatda qadınların da iştirakçılığını təmin etmək daha səmərəlidir. Onlar ilk sırada gəldikləri üçün biz həm də gələcək nəsillərə təhsil vermiş oluruq. Onların uşaqlara ötürdüyü dəyərlər və prinsiplər gələcək üçün böyük əhəmiyyətə sahibdir.


- Fransada universitet təhsili ənənəsi XII əsrdə, Denis Diderot, Volter kimi fikir adamlarının da təhsil aldığı Paris Universitetinin yaradılmasından başlayır. Bəşəriyyətin durğunluq dövründə Fransanın böyük mütəfəkkirləri sayəsində proqressiv ideyalar bütün dünyaya yayıla bilib. Bu il qlobal təhsil indeksində Fransa 5-ci sırada yer alıb. Sizcə, fransız təhsilinin əsas fərqli cəhəti və üstünlükləri nələrdir?


- Düşünürəm ki, burada müxtəlif fikirlər ola bilər. Təhsil Fransada böyük müzakirə mövzusudur. Çünki bu, ictimai həyatın çox önəmli bir elementidir. Xarici tələbələrə gəldikdə isə Fransa ilk olaraq Avropa ölkəsidir. Yəni siz ali təhsil, yaxud ali təhsilinizin bir hissəsi üçün Fransanı seçəndə və burada təhsil alanda LMD adlandırdığımız bakalavr, magistratura və doktorantura səviyyəsində Avropa miqyaslı sistemdən faydalanırsınız. Belə ki, təhsilinizə Fransada başlayıb Almaniyada, daha sonra İtaliya, İspaniya, İslandiya, yaxud Polşada davam edə bilərsiniz. Bu, olduqca yaxşı inteqrasiya edilmiş bir sistemdir. Düşünürəm ki, Fransada olduqca beynəlxalq bir mühit var. Hər il Fransada fəlsəfə doktorluğu proqramını tamamlayanların arasında - onların sayı on mindən çoxdur - xarici tələbələr də olur. 40 faiz. Fransada çox sayda xarici araşdırmaçı var. Fransada yayımlanan bir tədqiqat həmişə Avropa, Şimali Amerika, Cənubi Amerika, hətta Asiyadan olan araşdırmaçıların birgə işi ilə ərsəyə gəlir. Bu, həm də beynəlxalq əməkdaşlığa çıxışdır. Əlavə edim ki, Fransada təhsil çox baha deyil, çünki keyfiyyət eynidir. Amma sistem hətta xarici tələbələr üçün belə Fransa hökuməti tərəfindən ciddi şəkildə subsidiyalaşdırılır. Məsələn, bakalavr səviyyəsinin bir ili üç min avrodan ucuzdur. Bəzi ekvivalent ölkələrdə rastlaşacağınızdan qat-qat ucuz. Sonda isə heç də az əhəmiyyətə sahib olmayan məşğulluq məsələsinə toxunmaq istərdim. Bildiyiniz kimi, Fransa bir çox transmilli şirkətlərin baş ofislərinə ev sahibliyi edir. “L’Oreal”, “TOTAL”, “Airbus” və s. Düşünürəm ki, Fransada təhsil almaq bütün dünyada məşğulluğu artırır. Çünki bütün bu fransız şirkətlərinin xarici ölkələrdə, Asiya və Avropanı, Şimali və Cənubi Amerikanı, həmçinin Avstraliyanı əhatə edən geniş şəbəkələri var. Buna görə də düşünürəm ki, Fransada təhsil almaq tələbələrin məşğulluğunu artırır. Yəni bu yaxşı bir seçimdir.


- Fransadan danışırıqsa, bərabər rəqabətlilik imkanı və korrupsiya ilə mübarizədən danışmaq da əhəmiyyətli olar. 2016-cı ildə rüşvətxorluğun, dövlət məmurlarının vəzifəsindən sui-istifadə etməsinin, dövlət vəsaitinin mənimsənilməsinin qarşısının alınması üçün Fransada Antikorrupsiya Agentliyi yaradıldı. Bununla yanaşı, Fransa hökuməti “2021-2030-cu illər üçün əməkdaşlıqda antikorrupsiya strategiyası” qəbul etməklə təkcə daxildə deyil, həm də xaricdə şəffaflığın təmin olunmasının onun üçün prinsipial olduğunu göstərdi. Hökumətin korrupsiya ilə mübarizədə atdığı bu addımlar ədalətli rəqabətliliyə nə kimi töhfə verir? 


- Yaxşı sualdır. Əvvəlcə onu deyim ki, sadəcə Fransanın üzləşmədiyi korrupsiya ilə mübarizə xoşbəxtlikdən 2016-cı ildən başlamayıb. Bu, uzun müddət əvvəl başlayıb. Bu, siyasi partiyaların maliyyələşdirilməsinə daha böyük nəzarət, dövlət qurumlarının açıq tender, açıq satınalma prosesindən keçmə məcburiyyəti və bu kimi şeylərlə bağlı bir prosesdir. Amma doğrudur ki, bu yaxınlarda korrupsiya ilə daha çox mübarizə aparılmalı olduğunun başa düşülməsinə iki element səbəb olub. Birincisi, gələcək və demokratiyanın inkişaf qabiliyyəti məsələsidir. Çünki korrupsiya varsa, siz ictimaiyyətin siyasi sistemə, həmçinin elitaya etimadını itirirsiniz. Bu etimadı itirsəniz, sürətlə demokratiyadan populizmə keçid edirsiniz. Bundan yayınmaq isə daha yaxşıdır. Korrupsiya ilə mübarizədə daha yaxşı reytinqə sahib olmaq, əlbəttə, bizneslər üçün də önəmlidir. Çünki siz daha çox xarici investisiya cəlb etmək, rəqabətə davamlı qalmaq istəyirsinizsə, bu biznesin proqnozlaşdırıla bilən və şəffaf mühitdə fəaliyyət göstərə biləcəyini göstərə bilməlisiniz. Doğrudur, bu yaxınlarda, xüsusilə, seçkili məmurlar və dövlət işçiləri üçün yeni öhdəliklər istiqamətində bir çox addımlar atılıb. İndi müstəqil qurumlar var. Məsələn, siz seçiləndə, nazir təyin olunanda, hətta hansısa dövlət məmuru vəzifəsinə təyin olunanda vəzifəyə gəldiyiniz gündən getdiyiniz günə qədər öz mülkləriniz barədə şəffaf olmalısınız. Yəni daşınmaz əmlakınız, avtomobilləriniz, gəliriniz haqqında. Bu, müstəqil qurumların nəzarəti altındadır və məqsəd sadəcə zəngin olmaq üçün öz vəzifənizdən, yaxud icazəsiz yollardan istifadə etmədiyinizdən əmin olmaqdır. Bu, nəzarət və şəffaflıq istiqamətində atılmış ciddi bir addımdır. Dövlət məmurları üçün olduqca qatı bəzi qaydalar da var. Məsələn, əgər dövlət məmurusunuzsa və özəl sektora keçmək istəyirsinizsə, müstəqil komitədən bəzi təsdiqlər almalısınız ki, sizi işə götürən şirkət sizin vasitənizlə keçmiş qurumunuza təsir edə bilməz. Bu, maraqlar toqquşması adlandırdığımız şeydir. Bunun səbəbi maraq toqquşmasının qarşısını almaqdır. Beləliklə, doğrudur ki, bütün sistem daha sərt qaydalarla və korrupsiya riskinə nəzarət etmək, onun qarşısını almaq üçün müstəqil qurumların sayının artması ilə daha mürəkkəb hala gəlib.


- Milli aşağı karbon strategiyasına əsasən, Fransa 2050-ci ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir və buna görə də hökumətin 2021-ci ildən 2025-ci ilə qədər iqlim maliyyəsini 6 milyard avroya çatdıracağı bildirilir. Ən böyük qlobal problem olan iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında Fransa daha hansı tədbirlər görməyi hədəfləyir?


- Əvvəlcə onu deyim ki, söhbətimizin əvvəlində də dediyim kimi, bu bizim tək edə biləcəyimiz bir şey deyil. Bu, qlobal problemdir və qlobal öhdəlik tələb edir. Ümid edirəm ki, məncə, hamımız ümid edirik ki, tezliklə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “COP28” müəyyən yeni impuls yaradacaq. Söhbətin əvvəlində qeyd etdiyim kimi, hesab edirəm ki, iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə yönəlik qlobal maliyyəyə töhfə vermək öhdəliyi həqiqətən güclüdür. Əlbəttə, Fransanın da maliyyə öhdəliyi, həmçinin digər aktorlarla bir yerə gəlmək üçün göstərdiyimiz səylər də var. Məsələn, iyun ayında Parisdə maliyyə institutlarını bəzi layihələri necə maliyyələşdirmələri ilə bağlı bir az fərqli düşünməyə təşviq etmək üçün Yeni Qlobal Maliyyə Paktı Sammiti keçirildi, yoxsulluqla və iqlim dəyişikliyi ilə mübarizə arasında seçim edilməməli olduğuna, hər ikisi ilə mübarizənin paralel aparılmalı olduğuna dair bəyanət verildi. Deyərdim ki, bu da həmrəylik aspektidir. Milli öhdəliyə gəldikdə isə bu, bütün ölkələr üçün çətindir. Amma biz ilk olaraq daha az enerji istismar etməyə çalışmaqla bağlı strategiya formalaşdırırıq. Çünki bu təmkinlilikdir. Enerji istismarı emissiyaların əsas mənbəyi olaraq qaldığı üçün bu, daha az enerji istismar etməyə çalışmaq, sonra isə enerji qarışığımızı karbonsuzlaşdırmaqdır və enerji qarışığımız artıq kifayət qədər karbonsuzlaşdırılıb. Çünki Fransada istifadə olunan enerji qarışığının böyük hissəsi nüvə enerjisidir və biz nüvə enerjisinin güclü tərəfdarı olaraq qalırıq. Təbii ki, bərpa olunan enerji mənbələri çox vacibdir və biz Fransada bərpa olunan enerji mənbələri inkişaf etdiririk. Amma bildiyiniz kimi, bərpa olunan enerji mənbələri stabil deyil, buna görə də elektrik enerjisi baxımından bir növ bazaya ehtiyac var. 100 faiz bərpa olunan enerjiyə əsaslanan modeliniz ola bilməz. Çünki bərpa olunan enerjidə, yəni günəş, külək və hidroenerjidə stabillik yoxdur. Sizin enerji istehsal etmək üçün başqa yolunuz olur. Pik tələbatı qarşılamaq olmur. Buna görə də təlabatı stabilləşdirmək üçün əlinizdə nəsə olmalıdır. Bizim üçün nüvə enerjisi təşviq etməyə çalışdığımız aşağı karbon emissiyalı enerji olaraq qalır. Əlbəttə, bu, Avropa İttifaqı daxilində də müzakirə mövzusudur, lakin hesab edirəm ki, indi nüvə enerjisinə yeni maraq var.


- Təəssüf ki, bu gün dünyada bir çox münaqişələr alovlanmaqdadır. Bunun fonunda düşünürəm ki, Fransanın Avropada sülhün yaranması rolundan da danışmaq yerinə düşər. 1950-ci ildə Fransanın xarici işlər naziri Robert Şumanın “Şuman deklarasiyası” ilə başlayan əməkdaşlıq təklifi Avropa tarixində müharibə səhifəsini çevirdi və sülh quruculuğunu, inteqrasiyanı başlatmış oldu. Fransa təcrübəsindən sülhə qədərki dialoq və inteqrasiya prosesinə dair nələri öyrənə bilərik?


- Məncə, bu, asan deyil. Əlbəttə ki, bu, həm də səbirli olmaqla bağlıdır. Siz bunu düzgün qeyd etdiniz. Müharibədən sonra qalib və məğlub olur, çünki müharibələr belə sonlanır. Demək istədiyim odur ki, qalib dövlət olur, məğlub dövlət olur. Əksər hallarda hər iki ölkənin xalqı məğlub tərəf olur, çünki hər iki tərəfdə itirilən həyatlar olur. Ancaq bu qalib-məğlub tənliyindən, cəmi sıfıra bərabər olan bu oyundan çıxmaq və hər iki ölkə üçün, yaxud daha çox sayda ölkə üçün faydalı olan, qalib-qalib tənliyi yaradan əməkdaşlıq yollarını tapmağa çalışmalısınız. Çünki yalnız qalib-qalib tənliyi yaradan layihə olarsa, ölkələr və xalqlar qalib-məğlub və cəmi sıfıra bərabər olan oyun zehniyyətindən çıxmağı qəbul edəcək. Əlbəttə, bu, Avropa üçün bu məqsədlə yaradılmış Avropa layihəsi idi. Düşünürəm ki, bu, əməkdaşlıq və qarşılıqlı faydalar üçün çıxış yolu təklif etdi. Ancaq vaxt apardı. Bu il biz Fransa ilə Almaniya arasında dostluq müqaviləsinin 60-cı ildönümünü qeyd edirik. Bu, yalnız 1963-cü ildə baş verib, yəni İkinci Dünya müharibəsinin bitməsindən təxminən 18 il sonra. Deməli, buna vaxt lazımdır. Amma təbii ki, yeni layihələr, incikliyi saxlayan qalib-məğlub tənliyindən xilas olmaq üçün qalib-qalib layihəsi irəli sürməyə qadir uzaqgörən kişi və qadınların olması da yaxşıdır. İnciklik həmişə təhlükəlidir.


- Son olaraq sizə Kitabıstanın ənənəvi sualını ünvanlamaq istəyirəm. Oxucularımıza və izləyicilərimizə hansı kitabı oxumağı tövsiyə edərdiniz?


- Bu, olduqca irihəcmli kitabdır, amma məncə, çox fundamentaldır. Bu, fransız filosof Jan-Jak Russonun “Emil və ya təlim haqqında traktat” kitabıdır. Düşünürəm ki, o dövrdə bu kitab olduqca inqilabi idi, çünki bir insanı yetişdirməklə və liberal təhsillə bağlıdır. Bəlkə də XVIII əsrin sonunda liberal təhsillə bağlı ilk kitablardan biridir. Yaxud bir insanı necə böyütmək lazımdır ki, o həm də insan təbiətini və insani faydanı reallaşdıra bilsin. Beləliklə, o, həmin dövrdə çox inqilabi idi, hətta həddən artıq inqilabi olduğu üçün ictimai yerlərdə yandırılırdı. Amma mənim üçün çox-çox maraqlı kitabdır. Çünki bu, təlim haqqında traktatdır, lakin eyni zamanda fəlsəfə kitabıdır. Belə ki, bu kitab insan təbiəti və insan təbiətinin nə olduğunu düşünməklə, insanlara azadlıq, individuallıq və özlərini ifadə etmək qabiliyyəti verməklə bağlıdır. Olduqca moderndir. Kitabda Jan-Jak Russonun çox bəyəndiyim ifadəsi var: “Mən qərəzlərin adamı olmaqdansa, paradoksların adamı olmağı üstün tuturam”. Beləliklə, söhbət açıq düşüncədən gedir.


- Vaxt ayırdığınız və cavablarınız üçün təşəkkür edirəm, xanım səfir.


- Söhbət üçün təşəkkür edirəm. Çox maraqlı idi.





Mələk Hacıyeva


30.11.2023