AZE ENG

Professor Diana Pirslə eksklüziv müsahibə - VİDEO

Gender Kitabıstan üçün
article about 'Professor Diana Pirslə eksklüziv müsahibə - VİDEO' and 'Gender Kitabıstan üçün'

2008-ci ildə BMT "Qadınlara qarşı zorakılığa son qoymaq üçün birləşin" kampaniyası başlatdı. Hər il bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində gender əsaslı zorakılığa qarşı 16 günlük aksiya keçirilməyə davam edir. Kitabıstan olaraq biz də BMT-nin başlatmış olduğu kampaniyaya qoşularaq “Gender Kitabıstan” layihəsinə start veririk. Bu layihə çərçivəsində gender əsaslı zorakılıq, həmçinin ayrıseçkiliyə qarşı məlumatlılığın artırılması məqsədilə müsahibələr alacaq və bu istiqamətdə araşdırmalar aparacağıq. “Gender Kitabıstan” layihəsinin ilk qonağı Vaşinqton Universitetinin nəzdində Qadınların Rifah Mərkəzinin qurucusu və direktoru olmuş, Stenford və Amerikan universitetlərinin tədqiqatçısı kimi çalışmış Diana Pirsdir. 


Xanım Pirs ömrünün 30 ilini qadınların rifahı, yoxsulluğun və iqtisadi bərabərsizliyin qadınların həyatına təsiri kimi mövzularla bağlı müxtəlif araşdırmalara həsr etmiş elm adamı olmaqla yanaşı, həm də yoxsulluğun feminizasiyası konsepsiyasının müəllifidir.


Xanım Diana Pirsin eksklüziv müsahibəsini oxucularımıza təqdim edirik.


- İlk olaraq müsahibə təklifimizi qəbul etdiyinizə görə sizə təşəkkür edirəm. Siz həyatınızı və karyeranızı qadınların rifahı, yoxsulluğun, iqtisadi bərabərsizliyin qadınlara təsiri, rifah islahatı və sair mövzulara həsr etmisiniz. 

Söhbətimizə müəllifi olduğunuz yoxsulluğun feminizasiyası ideyası ilə başlamaq istəyirəm. Yoxsulluğun feminizasiyası nədir?


- Bu, əslində üç şeyi ifadə  edir. İlk olaraq o, yoxsul ev təsərrüfatları arasında maddi cəhətdən qadının təmin etdiyi ailələrin qeyri-mütənasib sayını bildirir. İkinci mənası budur: 1970-ci illərdə baş vermiş bir tendensiya var idi ki, qadının təmin etdiyi ailələr bütün yoxsul ev təsərrüfatlarının təxminən dörddə birindən təqribən yarısına qədər artmışdı və o vaxtdan bəri də bu göstəriciyə kifayət qədər yaxın qalıb. Beləliklə, bu, bir tendensiyadır. Yoxsulluğun feminizasiyasının üçüncü mənası ondan ibarətdir ki, o, valideyn olaraq tək qalan və ya ailələrini tək başına təmin edən qadınların yaşadığı təcrübələri ifadə edir. Yoxsulluğun feminizasiyasının mənası da budur. Tendensiya, demoqrafik qeyri-mütənasiblik və təcrübə. Mən hər dəfə çıxış edəndə qadınlar mənə yaxınlaşıb deyirlər ki, siz mənim həyatımı təsvir etdiniz, siz mənim təcrübəmi təsvir etdiniz.


- Sizin çalışmalarınızdan aydın olur ki, yoxsulluğun feminizasiyasının 3 səbəbi var: demoqrafik tərkib, iqtisadi şərait və hökumət siyasəti. Şərqlə Qərbi müqayisə etsək, bu amillərdən hansı Qərb, hansı Şərq ölkələri üçün səciyyəvidir?


- Birincisi, istərdim ki, iqtisadi şərait əvəzinə daha çox əmək bazarına diqqət yetirim. Yəni söhbət təkcə iqtisadiyyatdan, onun böhranda olmasından, yaxud buna bənzər bir şeydən getmir. Əslində, söhbət əmək bazarının qadınlara qarşı ayrıseçkilik edən bir strukturunun olmasından gedir. Buna görə də mən bunu iqtisadi şəraitdən daha çox əmək bazarı adlandırardım. Çünki bu, iqtisadi böhran və ya tənəzzül kimi hamının təsirləndiyi ümumi bir şey deyil. Əmək bazarı ona (qadınlara qarşı ayrıseçkilik nəzərədə tutulur - red.) təsir edəcək şəkildə qurulub. Məsələyə demoqrafik cəhətdən baxsaq, tək valideynlərin sayının artmasını qeyd edərdim. Məncə, Qərblə Şərq arasındakı fərqlərdən biri ümumən Qərb ölkələrində, xüsusilə, ABŞ-də bunu demoqrafiyanın tətikləməsidir, yəni təkvalideynli ailələrin sayının artması. Bu isə həm subay anaların - evlənmədən ana olan qadınların - həm də boşanmaların artması deməkdir. Beləliklə, boşanmalar stabilləşsə də, uşaq sahibi olan, lakin uşağın atası ilə evli olmayan qadınların sayı artmağa davam edir. 


Şərq ölkələrində bunu daha az görmək olur. Yoxsulluq daha çox ailələrin dolanışıq formasının mahiyyətindədir. Beləliklə, ola bilər ki, ailədə ata olsun, lakin o, işə görə miqrasiya etdiyindən evdə olmaya bilər. Hələ də evli olduqlarından qadın tək valideyn sayılmaz, ancaq faktiki olaraq tək valideyn olar. Ya da ola bilər ki, mentalitet səbəbindən məktəb ödənişləri, yaxud ailəni dolandırmaqdan qadın məsul olsun. Bununla da tək valideynliyin bütün iqtisadi yükünü daşısa da, texniki olaraq tək valideyn sayılmaz. Beləliklə, məsələnin demoqrafik tərəfi fərqli görünür. Eləcə də əmək bazarı. Çünki ABŞ-də demək olar ki, hər kəsin maaşlı bir işi var və kommersiya bazarında iştirak edir. Halbuki az inkişaf etmiş ölkələrdə bir çox insan ya təsərrüfatlarda yaşayaraq özünü təmin edir, ya da ən yaxşı halda qeyri-rəsmi iqtisadiyyatda, boz iqtisadiyyatda iştirak edir. Yəni vəziyyət bir az fərqlidir. Səbəb gender ayrıseçkiliyi edən əmək bazarı strukturu olmasa da demək olar ki, nəticə eynidir. Üçüncüsü, hökumət siyasəti. Zəngin ölkələrdə rifah proqramları daha əsaslıdır. Belə ki, aşağı gəlirli ölkələrin fəlakətlərdən zərər görmüş ailələri, yaxud adi iqtisadi dəyişiklikləri və ya körpə ilə qalan tək valideyni dəstəkləmək üçün resursu olmur. Gəlir, uşaq baxımı, səhiyyə və bu kimi şeyləri universal və əsaslı şəkildə təmin etmək üçün resurslar olmur. Mən deyərdim, fərqlər budur.


- Hazırda qlobal aclıq və qida çatışmazlığı böhranının miqyası çox böyükdür. Ümumdünya Ərzaq Proqramı hesab edir ki, 2023-cü ildə 345 milyondan çox insan yüksək səviyyədə ərzaq çatışmazlığı təhlükəsi ilə üz-üzədir. Bu, 2020-ci ildəki rəqəmdən iki dəfə çoxdur. Dünyada aclıqdan əziyyət çəkən insanların 70 faizi müharibə və zorakılıqdan əziyyət çəkən bölgələrdə yaşayır, onların da əksəriyyəti qadınlar və uşaqlardır. Dünyada bu problemin həlli sahəsində çalışan çoxsaylı beynəlxalq təşkilat olmasına baxmayaraq, hələ də bu problem qalmaqdadır. Sizcə, hökumətlər və beynəlxalq təşkilatlar bu problemin həlli üçün hansı effektiv addımları atmalıdır?


- Bu suala tam cavab verə bilsəydim, Qəzza, Fələstin və İsraildəki problemi həll edərdim (gülür - red.). Aydındır ki, müxtəlif müharibə və aclıq dövrlərində ən həssas qrup qadınlar və uşaqlardır. Bəzən isə Efiopiyada olduğu kimi bunların hər ikisi eyni vaxtda olur. Onlar ən həssas insanlardır, buna görə ən çox təsirlənənlər də onlardır. 


Ötən əsrdə baş verən müharibələrdə getdikcə daha çox mülki insan qurban oldu. Halbuki 100 il əvvəl müharibədə ölən və yaralananlar, əsasən, əsgərlər olurdu. Aydındır ki, mülki əhali də təsirlənirdi, xüsusilə, ərzaq çatışmazlığı kimi şeylərdən. Lakin getdikcə müharibə mülki əhaliyə əsgərlərdən daha çox təsir etməkdədir. Buna bir çox səbəblər var. Aydındır ki, müharibə burada əsas problemdir. Resurslar insanları bu resurslardan asılı vəziyyətə salmayacaq, əksinə, onların müstəqil olmasına kömək edəcək şəkildə bölüşdürülməlidir. Beləliklə, aclıq olanda yalnız insanlara dərhal yardım göndərmək yox, həm də onların dolanışığını daha davamlı hala gətirmək üçün çalışmaq lazımdır. Düşünürəm ki, indi müharibədən başqa daha böyük problemlərdən biri aclıq və miqrasiya ilə nəticələnən iqlim dəyişikliyidir. Bu, böyük miqyasda yoxsulluq və bərabərsizlik yaradır. Bu insanlar resurslara möhtac qaldıqlarına görə köç edirlər, torpaqdan dolana bilmirlər. Çünki kifayət qədər su yoxdur və ya həddən artıq su var, ərazini su basıb. Beləliklə, bir çox insanlar şəhərlərə gedir və şəhərlər dolub-daşır. Qadınlara və uşaqlara qeyri-mütənasib şəkildə təsir edən bir çox nəticələr meydana çıxır. Məncə, bir müsbət məqam budur ki, miqrasiya edən qadınlar iqtisadi cəhətdən daha müstəqil ola bilirlər. İstər könüllü miqrasiya etsinlər, istərsə də qaçqın olsunlar. Kişilər üçün yeni qaydaların olduğu yeni cəmiyyətə keçid etmək daha çətindir, qadınlar üçün isə iş tapmaq daha asan. Hətta sadəcə şəhərə köçmək belə çox vaxt qadınları gücləndirir. Qat-qat az şeyə sahib olduqları ənənəvi bir cəmiyyətdən köçmək.


- Bir çox Asiya və Afrika ölkələrində ucuz işçi qüvvəsinə olan ehtiyac daha çox qadın əməyi hesabına ödənilir. Hazırda qadın hüquq müdafiəçilərinin tamamilə aradan qaldırılmasına çalışdığı problemlərdən biri də gender maaş fərqidir. Ancaq “Gender Pay Gap Index 2023”ə görə, bu problem 2212-ci ilə qədər davam edə bilər. Doğrudanmı problemin həlli üçün səfərbər olunan hökumətlər, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlar, siyasətçilər, ayrı-ayrı aktorlar və s. elementar gender maaş fərqi problemini həll etmək iqtidarında deyillər? Vəziyyət həqiqətən ümidsizdir? Nə etməliyik?


- (Gülür - red.) Ümidsiz deyil, lakin bu, kapitalizmin apardığı inkişaf prosesinin mahiyyətindədir. Konkret misal çəkək: qərbli biri fabrik tikir, müştəri ilə birbaşa əlaqədə olan işçi olaraq, əsasən, qadınları işə götürür. Bununla Qərbdə mövcud olan gender bərabərsizliyi təkrarlanır. Yəni qadınlar aşağı maaşlı işlərə götürülür və bu işlər “qadın işi” kimi etiketlənir. Onlara daha yaxşı maaşlı “kişi işlərinə” girməyə icazə verilmir və ya işə qəbul edilmirlər. Beləliklə, həmin sənayeni, inkişaf prosesini gəlirli edən şey qadınların, bəzən də uşaqların həmin işlərdə istismar edilməsidir. Bu, qismən də ona görədir ki, hökumət sərmayə və inkişafı təşviq edən mövqedədir. Lakin o, eyni zamanda cinsiyyətə görə ayrıseçkilik edən iş strukturunun inkişafını da təşviq edir. Maaş fərqi məsələsinin böyük hissəsini təşkil edən şey qadınların kişilərlə eyni işi görmək üçün daha az maaş alması deyil. Bu, müəyyən dərəcədə doğru olsa da, əslində, qadınlar daha az maaşlı işlərdə işləyir. Əksər hallarda bu işlər “qadın işi”, digər işlər isə “kişi işi” kimi etiketlənir. Daha yüksək maaşlı, daha çox yüksəliş imkanı, daha böyük fürsətləri olan işlər kişilər üçün müəyyənləşdirilir və bu proses təkrarlanmağa davam edir. Mən illər əvvəl bir fokus qrupu təşkil etmişdim və orada iştirak edənlərdən biri təyyarələrin rənglənməsi biznesinə başladığından danışmışdı. Yəni təyyarələrin üzərinə rəqəmlər yazmaq və loqolar çəkmək. Qəlib kəsənlər, yəni istənilən formanı düzəldənlər, yapışqanlı lentlə yapışdıranlar qadınlar idi. Kişilər isə sprey boya ilə rəngləyirdilər. Kişilərə daha çox maaş verilirdi (gülür - red.). Bu eyni işdir. Təməl olaraq eynidir. Heç biri daha çox, yaxud daha az bacarıq tələb etmirdi. Aydındır ki, yaxşı bir iş görmək, yəni işi korlamamaq üçün müəyyən dərəcədə bacarıq tələb olunur. Amma qadınların kişilərdən az maaş alması üçün heç bir səbəb yox idi. Yəni hətta yeni işlərdə belə - təyyarələr yenidir - yeni iş yerləri yaradanda belə... Elektronika fabriklərində də eyni şey olur. Müəyyən işlər “qadın işi” kimi etiketlənir və daha az maaş verilir, müəyyən işlər isə “kişi işi” kimi. Bunun üçün heç bir əsaslı səbəb yoxdur. Beləliklə, fikrimcə, bu cür peşə seqreqasiyasının həlli işlərin kişi və ya qadın işi kimi etiketlənməsinin qarşısını almağa çalışmaqdır. Qadınları həmkarlar ittifaqlarında, işçi qüvvəsi kimi təşkilatlandırmaq da daha çətindir. Kişi və qadınlar birgə işləyəndə maaşların bərabər olması ehtimalı da daha çox olur. Əlbəttə ki, “uşaqların var və evə tez getməlisən, buna görə də sizə eyni miqdarda pul ödəməyəcəyik” tərzində ayrıseçkiliklə qarşılaşa bilərsiniz. Bu isə başqa məsələdir.


Üçüncüsü isə mən hesab edirəm ki, uşaqlı qadınlara əmək fəaliyyətində daha bərabər şəraitdə iştirak edə bilmələri üçün dəstək verməkdir. Uşaq baxımı və səhiyyə xidmətinin, amma xüsusən, azyaşlı uşaqlara baxımın təmin edilməsi qadınların işləməsinə imkan yaradır və bütün uşaqlara qayğı göstərilir. Bu da qadınların işlərini seçməsinə şərait yaradır. Keçmiş Sovet İttifaqında müəllimlik, yaxud başqa peşələr var idi ki, qadınlar evə gedib ikinci işlə, yəni ev işləri ilə məşğul ola bilsinlər deyə, onların iş saatı erkən bitirdi (gülür - red.). Bilirsiniz, işlər belə etiketlənmişdi. Belə fərz edilirdi ki, ənənəvi gender rolları hər şeyə şamil olunur. Beləliklə, işləri strukturlaşdırmamaq və onları etiketləməmək vacibdir.


- İstənilən ölkə üçün yoxsul qadın zəif vətəndaş iştirakçılığı, aşağı savadlılıq, nəticədə demokratiyanın müdafiəsiz qalması, demokratik təsisatların yarımiflic halda olması, hətta gələcək müharibələr deməkdir. Təcrübələrinizə əsasən deyə bilərsinizmi, qadınların yoxsullaşması, əmək bazarında istismara məruz qalması, gəlir bərabərsizliyi problemlərinin həmin cəmiyyətlərin demokratiyasına nə kimi təsirləri var?


- Çox şey qərarların qəbulunda kimin iştirak etməsi və necə iştirak etməsi ilə bağlıdır. Əgər yoxsulsunuzsa, daha az təhsil almış ola bilərsiniz, buna görə də savadlılığa daha az çıxışınız ola bilər. Hətta savadlı olsanız belə səs verə bilməli və bu şəkildə iştirak edə bilməlisiniz. Həmçinin təşkilatlana, qadınlar üçün vacib olan dəyişikliklərdən ötrü hərəkatların bir hissəsi ola bilməlisiniz. Qadınların seçilməsi vacibdir. Amma kiminsə arvadı, yaxud dul arvadı olduğu və ya sadəcə cəmiyyətdə kişilərin istəklərini yerinə yetirmək üçün deyil, həqiqətən də qadınların problemi ilə maraqlanan, qadınlar üçün vacib olan məsələləri qaldıran qadınlar seçilməlidir. Ancaq yoxsulluğun bir çox aspektləri var: utanc, cəmiyyətin müxtəlif qurumlarından təcrid olunma, nəqliyyat problemi faktı ilə təcrid olunma. Yəni nəticədə siz yoxsulluq gettosuna düşmüş olursunuz və ya evdə qapalı qalırsınız. Çünki ictimai sferada iştirak etməkdən ötrü evdən kənarda olmaq üçün heç bir resursunuz və imkanınız yoxdur. Bunların bir qismi ənənədir. Mənim başa düşdüyüm budur ki, islam ənənəsində çox vaxt ictimai sahələr kişi və şəxsi sahələr qadınlar üçün nəzərdə tutulur. Qadınların ictimai sahədə və ictimai müzakirələrdə bərabər şəkildə iştirak edə bilmələri üçün bu ənənələri aradan qaldırmaq lazımdır.


- Kitabıstanın konsepsiyasına əsasən, bizim fəaliyyət istiqamətlərimizdən biri də gender bərabərliyinin təşviqi və qadınların gücləndirilməsi məsələsidir. Bu dəfə sizə Kitabıstanın ənənəvi sualını bir az fərqli vermək istərdim. Oxucularımıza gender bərabərliyi və qadınların gücləndirilməsi ilə bağlı hansı kitabı tövsiyə edərdiniz?


- Mimi Abramovitsin “Qadınların həyatını tənzimləmək: müstəmləkə dövründən bu günə qədər sosial rifah siyasəti” kitabını tövsiyə edərdim. O, sosial rifah siyasətindən, onun necə genderləşdirildiyindən, qadınlara həm onları dəstəkləmək, həm də tənzimləmək baxımından kişilərdən fərqli şəkildə necə nəzər yetirdiyindən bəhs edir.


- Cavablarınız üçün təşəkkür edirik. Çox öyrədici müsahibə oldu.


- Xoşdur.





Mələk Hacıyeva


13.12.2023