AZE ENG

Kitabıstanın həmtəsisçisi Brüsseldə çıxış edib

Kitabıstan Brüsseldə
article about 'Kitabıstanın həmtəsisçisi Brüsseldə çıxış edib' and 'Kitabıstan Brüsseldə'

Kitabıstanın həmtəsisçisi Mələk Hacıyeva Avropa İttifaqının EU4Dialogue layihəsi çərçivəsində təşkil edilən Gündəmin Müəyyənləşdirilməsi üzrə Qadın Platformasının İkinci Beynəlxalq Konfransında çıxış edib.

15-19 aprel tarixləri arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən konfransda Cənubi Qafqaz ölkələri və Moldovadan olan 50-dən çox qadın bir araya gəlib. Vətəndaş cəmiyyəti fəalları, akademiklər, ekologiya ekspertləri kimi müxtəlif sahələrdən olan qadınlar kiçik qruplarda nəsillərarası əməkdaşlıq, gender fəaliyyət planları, qadınlar, sülh və təhlükəsizlik məsələləri, həmçinin ekoloji təhlükəsizlik kimi məsələləri müzakirə ediblər.

Mələk Hacıyeva konfransda Moldova və Cənubi Qafqaz ölkələrindən olan qadınların rəqəmsal təhlükəsizliyi mövzusunda tədqiqatını təqdim edib və bu mövzuda təqdimatla çıxış edib. Bundan başqa, o, BMT-nin Brüssel ofisində, həmçinin Avropa İttifaqının nümayəndələri ilə görüşlər keçirib.

M.Hacıyeva konfransla bağlı açıqlamasında apardığı tədqiqat haqqında danışıb: “Qadınlar virtual aləmdə bir çox problemlərlə qarşılaşırlar. Mənim tədqiqatım da bu problemlər və onların öhdəsindən gəlməklə bağlıdır. Hesab edirəm ki, qadınların virtual aləmlə bağlı məlumatlılığının artırılması çox vacibdir və bu həm də mənim tədqiqatımın bir parçasıdır. Ümidvaram ki, bu proses davamlı olacaq”.

EU4Dialogue layihəsi Cənubi Qafqaz ölkələri və Moldovadan olan qadınları dialoq qurmaq və əməkdaşlıq etmək üçün bir araya gətirmək məqsədi daşıyır.