AZE ENG

Belçika səfiri ilə eksklüziv müsahibə

Kitabıstan üçün
article about 'Belçika səfiri ilə eksklüziv müsahibə' and 'Kitabıstan üçün'

Kitabıstan inkişaf etmiş ölkələrin təcrübələrini tədqiq edir və cəmiyyətə təqdim edir, bununla yanaşı həmin ölkələrin səfirlərindən müsahibələr almağa davam edir. 

Növbəti müsahibimiz isə Belçika Krallığının Azərbaycandakı səfiri cənab Mişel Pitermansdır. Cənab səfirə Belçikanın tarixi, ölkənin necə Avropa İttifaqı, BMT və NATO-nun qurucu üzvlərindən biri olması, yaşıl keçidlə bağlı strategiyaları, ədliyyə sistemi haqqında suallarımızı ünvanladıq. Sonda isə o, Kitabıstanın oxucuları üçün kitab tövsiyələrini paylaşdı.

Sizə Belçika Krallığının Azərbaycandakı səfiri cənab Mişel Pitermansın Kitabıstana eksklüziv müsahibəsini təqdim edirik.

 



 

- Belçika mühüm siyasi rola sahibdir. Ərazisi nisbətən kiçik olsa da, siyasi əhəmiyyəti böyükdür. Ölkə əsas beynəlxalq təşkilatların, o cümlədən, Aİ, NATO, BMT-nin qurucu üzvüdür və bu gün Brüssel dünyanın taleyinin həll olunduğu mərkəzlərdən biri hesab olunur. Brüsselin dünyanın əsas diplomatik mərkəzlərindən birinə çevrilməsini necə izah edirsiniz?

- Bu, tarixi səbəblərlə izah olunur. 1830-cu ildə müstəqil olandan sonra Belçika böyük Avropa dövlətləri, başlıca olaraq Birləşmiş Krallıq, Fransa və Prussiya arasında bir tarazlıq amili rolunu oynayırdı. Belçikanın ilk kralı Kral I Leopoldun Britaniya xanədanı ilə qohumluq əlaqəsi var idi. Onun həyat yoldaşı isə Lui-Filippin qızı idi.

Coğrafi olaraq, Belçika Avropanın mərkəzində yerləşir. XIX əsr boyunca o, azad ticarət siyasətini müdafiə edib. Bu onun maraqlarına uyğun idi. Daha sonra Belçika daş kömür mədənlərinin istismarı, metallurgiya, kimyaya (əsasən Ernest Solveyin kəşfləri sayəsində) əsaslanan güclü iqtisadi böyümə yaşadı.

Xarici siyasət neytrallığa əsaslanmışdı. Bu da Belçikaya 1914-cü ilə qədər davam edən bir sülh dövrü qazandırdı. Lakin Birinci və daha çox İkinci Dünya müharibəsi vəziyyəti dəyişdi. Artıq neytrallıq deyə bir seçim yox idi. Əlbəttə, Belçikanın coğrafi olaraq mərkəzdəki mövqeyi, mühacir hökumət tərəfindən Londonda qurulmuş münasibətlər, həmçinin Belçikanın xarici siyasətinin etibarlılığı Brüsselin NATO-nun, daha sonra isə Avropa institutlarının qərargahlarına ev sahibi seçilməsinə töhfə verdi. Avropaya inteqrasiyadakı uğur da öz növbəsində Brüsselin beynəlxalq diplomatiyanın qərar qəbuletmə mərkəzi kimi rolunu gücləndirib.

- Belçika üç dil icması və üç regionu olan federal dövlətdir. Əhalinin mühüm bir hissəsini həm də miqrasiya mənşəli şəxslər təşkil edir. Belçikada federal sistem necədir və cəmiyyətin müxtəlifliyinə baxmayaraq, onun birliyini təmin etmək üçün hansı işlər görülür?

- Şimalda rəsmi dilin holland dili olduğu Flandriya, Cənubda rəsmi dilin fransız dili olduğu Valloniya, mərkəzdə isə iki rəsmi dili olan Brüssel-paytaxt regionu üç regionu təşkil edir. Birinci Dünya müharibəsindən sonra bəzi fransızdilli, həmçinin almandilli bələdiyyələr Belçikaya birləşdirildi. Almaniya sərhədinin yaxınlığında yaşayan almandilli icmanın böyük mədəni muxtariyyətdən faydalanmasının səbəbi də budur. Mədəniyyət və təhsil məsələlərindən əsasən icmalar, iqtisadi və sosial məsələlərdən isə regionlar məsuldur. Sistem hüquqi baxımdan olduqca mürəkkəbdir, lakin kifayət qədər yaxşı işləyir. Bütün münaqişələr və fərqlər danışıqlar və uzlaşma yolu ilə həll edilməlidir. Bu da beynəlxalq aləmdə bizim siyasi liderlərimizə üstünlük qazandırır.

İmmiqrasiya mənşəli bir çox belçikalılar bütün siyasi səviyyələrdə mühüm vəzifələr tutur. Belçika vətəndaşlığının əldə edilməsi meyarları xeyli yumşaldılıb. Əsas yaşayış yeri ən az 5 il fasiləsiz olaraq Belçikada olan və qanuni olaraq Belçikada yaşayan əcnəbilər bələdiyyə seçkilərində səs verə bilirlər.

Yeni gələnlərin inteqrasiyasının təşviqi üçün hakimiyyət orqanları tərəfindən müxtəlif təşəbbüslər həyata keçirilir.

- Demokratiyanın ən mühüm xüsusiyyətlərindən biri məhkəmə sisteminin müstəqilliyidir. Maraqlıdır ki, dünyanın ən böyük məhkəmə binalarından biri də Belçikada yerləşir. Belçika necə ədalətli məhkəmə sistemi qura bilib və onun muxtariyyətini necə təmin edə bilib?

- Həqiqətən də məhkəmə sisteminin müstəqilliyi demokratiyanın sütunudur. Məhkəmə orqanlarının qərəzsizliyinə etibar vətəndaşların yalnız siyasi hüquqlarını deyil, həm də mülki, iqtisadi və sosial hüquqlarını təmin etmək  üçün vacibdir. Yalnız müstəqil bir məhkəmə sistemi həyatın bütün aspektlərində vətəndaşlar üçün hüquqi müəyyənliyə təminat verə bilər.

Maarifçilik filosofları, xüsusən də Monteskyö hakimiyyət bölgüsü prinsipinə nəzəri bir təməl qazandırdı. Hətta baxmayaraq ki, “Ancien Régime”də belə ədliyyə orqanları, az, ya da çox, kralın özbaşınalığından qorunurdu.

Hakimlərin müstəqilliyini təmin etmək üçün Belçikada istifadə olunan mexanizmlər qonşu ölkələrdəkindən köklü şəkildə fərqlənmir. Detallara girmədən, konstitusiyanın verdiyi bəzi təminatları qeyd edəcəyəm. Hakimlər ömürlük təyin olunurlar. Heç bir hakim hökm olmadan öz vəzifəsindən məhrum edilə və ya müvəqqəti olaraq uzaqlaşdırıla bilməz. Hakimin yerdəyişməsi yalnız yeni təyinatla və onun razılığı ilə baş tuta bilər. 1999-cu ildə Ali Ədliyyə Şurası yaradılıb. Bu şuranın vəzifələrindən biri hakimlərin təyinatı prosesini mümkün olan ən obyektiv səviyyəyə gətirməkdir.

Əlbəttə ki, heç bir sistem mükəmməl deyil. Ancaq ümumi şəkildə Belçika vətəndaşları hakimlərin qərəzsizliyinə və Belçika məhkəmələri tərəfindən verilən qərarlara etibar edir. Bunun dəyərini nə qədər vurğulasaq da, azdır.

- Belçika çoxlu siyasi partiyalar və koalisiya hökumətləri olan stabil demokratiyaya sahibdir. Təəssüf ki, dünyanın bir çox ölkələrində dezinformasiya və misinformasiya geniş vüsət alıb. Belçika hökuməti seçkiqabağı dövrdə mediada və sosial mediada dezinformasiya və informasiya manipulyasiyası kampaniyalarına qarşı mübarizə üçün nə kimi qabaqlayıcı tədbirlər görür?

- Seçkilər demokratiyamızın təməlidir, lakin onlar həm də risk daşıyır. Kəşfiyyat və təhlükəsizlik xidmətlərinin təhlilləri göstərir ki, seçkilərə qədərki dövrdə dezinformasiya real təhdid yaradır.

Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin nəzarəti altında kəşfiyyat və təhlükəsizlik xidmətləri seçkilər kontekstində dezinformasiya monitorinqi keçiriblər. Məsələn, onlar səsvermə prosesini və seçkilərin düzgün təşkilini şübhə altına alan “oğurlanmış seçkilər” mövzusunu müəyyən ediblər. Bu ssenari, xüsusilə, Avropa seçkiləri kontekstində özünü büruzə verib.

Dezinformasiya kampaniyaları çox vaxt faktlarla rəyləri, eləcə də düzgün və yanlış məlumatı fərqləndirməyi çətinləşdirməklə əhali arasında şübhə toxumu səpmək məqsədi daşıyır. Bunun altında yatan əsas məqsəd cəmiyyətimizin stabilliyini pozaraq demokratiyanı zəiflətməkdir.

Milli Böhran Mərkəzinin (The National Crisis Center) veb saytında misinformasiyanı ayırd etmək və faktları yoxlamaq üçün faydalı tövsiyələr yer alır. Özümüzü aldadıcı məlumatlardan qorumağın ən yaxşı yolu onlayn platformalardakı məlumatlara sorğulayıcı yanaşmaqdır.

- Belçikanın enerji keçidinə töhfəsi nədir?

- Belçika Şimal dənizində dəniz küləyi enerjisinə investisiya qoymaqla enerji keçidində öncüldür. Belçika 2030-cu ilə qədər dəniz külək enerjisini üç dəfə artırmaq üçün konkret layihələrə başlayıb və bu da bizim 5 milyon evimizin elektrik istehlakına bərabər istehsal mənasına gəlir.

Belçika 2023-cü ilin aprelində Ostendə II Şimal Dənizi Sammitini təşkil etdi və Şimal dənizini Avropanın ən böyük bərpaolunan enerji mənbəyinə çevirməklə bağlı məqsədini, həmçinin bunun üçün atdığı konkret addımları vurğuladı. Ostenddə iştirak edən 9 Şimal dənizi ölkəsi Şimal dənizindəki birgə dəniz külək enerjisini 2030-cu ilə qədər 120 GVt-a və 2050-ci ilə qədər 300 GVt-a çatdırmağı öhdəsinə götürdü. 300 GVt dəniz küləyi enerjisi 300 nüvə elektrik stansiyasının gücünə bərabərdir.

Dəniz küləyinin öncülləri olaraq, Esbyerq Bəyannaməsini imzalayan 4 ölkə - Belçika, Danimarka, Almaniya və Hollandiya Aİ-nin iqlim neytrallığına nail olmaq üçün lazım olan dəniz küləyi enerjisinin yarıdan çoxunu təmin etmək, bununla belə Şimal dənizi dənizi ekosistemini qorumaq öhdəliyini götürüb. Bu, Şimal dənizini innovativ yaşıl enerji mərkəzinə və ümid edirəm ki, bütün dünyada təkrarlanması mümkün bir modelə çevirəcək.

Belçika əsas hidrogen idxalı və tranziti mərkəzinə çevrilmək üçün geniş miqyasda invesitisiyalar edir. Belçika limanları və gəmi sahibləri BDT-nin (Beynəlxalq Dəniz Təşkilatı) son istixana qazı strategiyasını əsas götürərək, bu mövzuda önəmli rol oynayır. Biz bu təsəvvürü reallığa çevirmək üçün Namibiya, Oman, Misir və Çili kimi ölkələrlə tərəfdaşlıq etdik.

- Nəhayət, sizə Kitabistanın ənənəvi sualını ünvanlamaq istərdim. Oxucularımıza hansı kitabı oxumağı tövsiyə edərdiniz?

- Ədəbi zövqlər çox şəxsi və subyektivdir. Əsas odur ki, oxumaq zehni açır və zənginləşdirir. Mən özüm, adətən, kitab mağazalarına və kitabxanalara hansı kitabı seçəcəyimi, hətta onun fiksiya, yoxsa başqa bir janrda olacağını öncədən bilmədən gedirəm. Mən həm kəşf etməyi, həm də ətraf aləmdən uzaqlaşmağı sevirəm. Ən məşhur Belçika yazıçılarından biri, "Komissar Meqre" seriyası ilə tanınan, lakin detektiv janrından başqa da bir çox digər əsərləri olan Jorj Simenondur. Simenonun əsərlərində hər zaman psixoloji ölçü hakim olur.

Həmçinin fransızdilli dünyada əhəmiyyətli uğur qazanmış müasir belçikalı yazıçı Ameli Notombun da adını çəkə bilərəm. Qeyd üçün bunu da deyim, şərait elə gətirib ki, bir neçə ay onun atası səfir Patrik Notomb ilə birlikdə işləmək imkanım olub.

Bakıda fransızdilli ədəbiyyat haqqında danışıb, ən böyük müasir fransız yazıçılardan biri olan Jan Kristof Rufeni qeyd etməyə bilmərik. Onun həm əyləncəli, həm də maraqlı romanlarından biri "Le Flambeur de la Caspienne"də hadisələr məhz Bakıda cərəyan edir.

Nisbətən şəxsi bir yanaşma ilə bitirsəm, hazırda bir qədər unudulmuş XX əsr yazıçısı Pier Benuaya simpatiyam var. Mən xüsusilə onun "The Leper King" (“Cüzamlı kral”) romanını bəyənirəm. Sualınızı düşünərkən, bu iki müəllif arasında bir növ ədəbi yaxınlıq olduğunun fərqinə vardım. Biz onların əsərlərində bənzər kəskin müşahidəni, siyasətə, diplomatiyaya, ekzotizmə eyni marağı və insan cəmiyyətlərinin fəaliyyətinə həm ironik, həm də əyləncəli baxışı görürük.

- Cənab səfir, maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.

- Maraqlı suallar və müsahibə üçün mən sizə təşəkkür edirəm.

Mələk Hacıyeva

 

03.07.2024