Bunu paylaş

Linki kopyalayaraq paylaş

Haqqımızda

Kitabıstan 2016-cı ildə Şəhriyar Məcidzadə və Mələk Hacıyeva tərəfindən təsis edilib və Azərbaycanda fəaliyyət göstərən tədqiqat mərkəzidir. Kitabıstan qanunun aliliyi, gender bərabərliyi, sülh, innovasiya kimi mövzularda kitabları Azərbaycan dilinə tərcümə və nəşr edir. Həmçinin dünyanın inkişaf modellərinə dair sorğular keçirir və tədqiqatlar aparır. Kitabıstan olaraq dünyanın inkişaf etmiş ölkələrinin modellərini təqdim etmək üçün Qərb ölkələrinin Azərbaycandakı səfirlərindən, dünyanın nüfuzlu fond, institutlarının rəhbərlərindən, həmçinin xarici universitetlərin professorlarından müsahibələr alırıq. Eləcə də “KITABISTAN TALKS” layihəsi çərçivəsində xarici mütəxəsisləri Azərbaycana dəvət edərək onların konfranslarını təşkil edirik.
 

Məqsədimiz bəşəri dəyərləri Azərbaycan ictimaiyyətinə tədqiqatlar, müsahibələr, konfranslar və kitablar vasitəsilə təqdim etmək, uğurlu inkişaf modellərini və təcrübələri təqdim etməklə cəmiyyətdəki bir sıra problemlərə həll yolları göstərmək, qadınların cəmiyyətin inkişafında rolunu vurğulamaq və onları daha yaxşı bir cəmiyyət qurulması işinə cəlb etmək, gənclərin maarifləndirilməsi, cəmiyyətdə pozitiv inkişafa stimul yaratmaqdır.

 

Kitabıstan öz fəaliyyətini BMT-nin 4, 5, 13, 16 və 17-ci Dayanıqlı İnkişaf Məqsədinə uyğun tənzimləyir.

Konsepsiyamız

Kitabıstan xəyali ölkədir, bu xəyali ölkənin hər bir oxucu sakini isə vətəndaşımız. Biz insana, bəşəriyyətə fayda verməyən, insanlar arasında dini, milli, irqi, dil, gender ayrıseçkiliyi salan, zorakılığı, aqressiyanı təbliğ edən kitabları ölkəmizin qanunlarından kənar hesab edirik. Bizim ölkəmizin əsas hədəfi insanlar arasında sülh, barışıq, dialoq, konsensus yaradıb mədəniyyətlərarası körpü salmaq, fərqli ölkələrin iqtisadi, sosial, təhsil, siyasi və s. təcrübələrini yaşadığımız ölkədə təqdim etməkdir.

Bizim ölkəmizdə əsas şüar Fransadan öyrəndiyimiz azadlıq, bərabərlik, qardaşlıqdır (Liberté, égalité, fraternité) və biz xəyali ölkəmizi İsveçrədən öyrəndiyimiz birbaşa demokratiya prinsipləri ilə idarə edirik. Avraam Linkoln kimi hər cür quldarlığa, insanın insan üzərində qurduğu və qura biləcəyi informativ, gender, irqi, sinfi, dini - bütün növ quldarlıqlara qarşıyıq. Əsla zorakılığa zorakılıqla cavab verməkdən tərəf deyilik - Mahatma Qandi kimi.

M.Ə. Rəsuzalzadə kimi hətta əleyhdarlarımıza belə söz haqqı tanımaqdan tərəfik. Mandela kimi cəmiyyətimizdə konsensus görmək istəyirik və bütün bu fikirləri Snelman kimi bütün ölkəmiz boyu yaymağa hazırıq. Biz sizə alternativ fikirləri oxumaq və dünyanın bütün müsbət təcrübələrini təqdim etməklə xidmət edirik.

Bunu paylaş

Linki kopyalayaraq paylaş