Höte İnstitutunun prezidentinin müsahibəsi

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Höte İnstitutunun prezidentinin müsahibəsi

Höte İnstitutunun prezidentinin müsahibəsi

Kitabıstan bizim xəyali ölkəmizdir. Biz dünyanın inkişaf etmiş ölkələrinin nümunələrini öyrənir və kitablar, tədqiqatlar şəklində Azərbaycan oxucusuna təqdim edirik. Almaniyanı  İmmanuel Kantdan, Martin Lüterdən, Yohann Volfqanq Hötedən, Fridrix Şillerdən öyrənməyə başladıq. Amma işimizi bunla bitmiş hesab etmirik. Daha dərindən öyrənmək, daha əhatəli öyrənmək üçün mədəniyyətini, ədəbiyyatını, fəlsəfəsini, institusional quruluşunu, elmi araşdırmalarını, beyin mərkəzlərini, linqvistik əsaslarını da öyrənməliyik. Bundan sonra mədəniyyətlərarası dialoq, mədəni mübadiləyə daha effektiv, əhatəli töhfə verə bilərik. Almaniyaya məxsus bir xüsusiyyətdən başlayaq. Alman təfəkkürü tədqiq etdiyi sahəni yalnız bütövlükdə tədqiq edib elmi metodla mənimsədikdən sonra həmin sahəyə dair qərarlar verər və sonrakı addımlarını müəyyən edər. Bu müsbət xüsusiyyət alman xalqının fundamental inkişafının səbəblərindəndir.
May ayının sonlarında mən Höte İnstitutunun prezidenti xanım Karola Lentzin Azərbaycana gələcəyi ilə bağlı xəbər eşidəndə çox məmnun olmuşdum. Əslində, xanım Lentzi Azərbaycana "Kitabistan Talks"da çıxış etməsi üçün dəvət etmək niyyətim var idi. Çünki xanım Lentzin əhatəli elmi əsərləri ilə tanış idim və istəyimiz də bu idi ki, izləyicilərimizlə görüşünü təşkil edərək bu möhtəşəm bilgiləri canlı olaraq dinləyək. Dərhal müsahibə almaq  üçün görüş istədik və xanım Lentzdən müsahibə üçün nəzakətli müsbət cavab aldıq.
 

Müsahibimiz sosial antropologiya üzrə alim, Yohann Qutenberq Universitetinin Antropologiya və Afrika Tədqiqatları Departamentinin baş elmi professoru, Höte İnstitutunun prezidenti xanım Karola Lentzdir. Onunla çox maraqlı müsahibəmizi sizə təqdim edirik.
 

- Sıx qrafikiniz olmasına baxmayaraq, müsahibə üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirik. Biz sizin fəaliyyətinizlə tanışıq. Tədqiqat sahənizi, kitablarınızda toxunduğunuz mövzuları Cənubi Qafqaz regionu üçün əhəmiyyətli hesab edirik. Çünki mədəniyyətlərin inteqrasiyası və dialoq mühitinin yaranması üçün elmi yanaşmanın olmalı olduğu qənaətindəyik. İlk sualım bununla bağlı olacaq.

 

Cənubi Qafqaz xalqlarının mədəni inteqrasiyası və bütövlükdə Cənubi Qafqazın Avropaya inteqrasiyası üçün sizcə, nədən başlamalıyıq? Sosial antropologiya üzrə mütəxəssis kimi sizin fikriniz maraqlıdır.
 

- Mən ilk dəfədir ki, Cənubi Qafqazdayam və sualınıza cavab vermək üçün kifayət qədər məlumatım yoxdur. Antropoloq kimi mənim ilk vəzifəm yerli və regional dinamikanı daha yaxşı başa düşmək üçün burada daha uzun müddət qalmaq və sonra bəlkə də bəzi müşahidələrimi bölüşmək olardı. Ancaq hazırda məsləhət verə biləcək nöqtədə deyiləm. Daha ümumi desəm, sosial antropoloqlar özlərini məsləhətçi deyil, öyrənən tərəf kimi görürlər. Amma ola bilsin, Qana və Qərbi Afrikadakı araşdırmalarımdan, daha yaxşı bildiyim nümunələr üzərindən danışa bilərik. Sonra isə həmin təcrübənin onlar üçün uyğun olub-olmadığını demək Azərbaycan xalqının, ya da gürcülərin öz işidir.
Bəlkə də ən böyük fərqlərdən biri Afrika ölkələrinin əksəriyyətinin çoxdilli və çoxmillətli olmasıdır. Məsələn, Qanada 200 dil var. Bu dillərdən bəlkə də 12 və ya 14-ü çoxluq tərəfindən istifadə edilməkdədir. İnsanlar bir-birini ona görə başa düşürlər ki, hamı 2-3 dil ilə böyüyür. Hətta oxuyub-yazmağı bilməyənlər də... Bundan əlavə, dövlət Qanada etnik mənsubiyyəti depolitikləşdirməyə yönəlmiş aktiv bir mədəni siyasəti təşviq edir. Dövlət mədəni identifikasiyaların separatizm, sesessiya və ya ümumiyyətlə siyasi hərəkatlar üçün əsas kimi istifadə olunmasının qarşısını almağa çalışır. Əlbəttə ki, bu, həmişə mümkün deyil, çünki bəzən insanlar mədəni kimlikdən, məsələn, torpaq hüququ və ya digər resurslar uğrunda mübarizə aparmaq üçün istifadə edirlər. Belə ki, Qərbi Afrikada resurs münaqişələrinə əsaslanan etnik münaqişələr var. Məsələn, çobanlarla fermerlərin münaqişələri və ya Nigeriyada Delta ərazisini çirkləndirən neft hasil edən beynəlxalq şirkətlər var və insanlar buna kəskin etiraz edirlər. Bu addımlarda mədəni identifikasiyalar da rol oynayır.

 

Ümumiyyətlə, bir antropoloq kimi həmişə ilk növbədə fərqlərə deyil, ümumi cəhətlərə və ortaq baxış bucaqlarına baxmağa çalışıram. Əslində, heç vaxt bütün xüsusiyyətləriniz bütöv bir qrupla tam eyni olmur. Bəzi insanlarla dininiz, başqaları ilə diliniz, bəziləri ilə yemək vərdişləriniz ortaq ola bilər. Bu cür mədəni fərqlər kəsişə və üst-üstə düşə bilər, lakin insanların, belə demək mümkünsə, mədəni olaraq çərçivəsi dəqiq şəkildə müəyyənləşmiş qutularda yaşadıqlarını və bu qutuların bir-birindən açıq şəkildə ayrı olduğunu demək çox çətindir. Beləliklə, məncə, əsas məsələlərdən biri tarixdə və ya indiki dövrdə ortaq təcrübələr, ortaq köklər axtarmaqdır. Eyni zamanda, fərqliliklərə hörmət etmək də vacib sayıla bilər, çünki onlar bizi müxtəlif baxış bucaqları ilə zənginləşdirə bilərlər. Bununla belə, mən sadəlövh deyiləm və təbii ki, mədəni fərqliliklər siyasiləşəndə, resurslarla əlaqələndiriləndə insanlar bu əsasda mübarizə aparmaq istəyə bilər və birgəyaşayış çox çətinləşə bilər. Və zorakılıq bir dəfə baş verəndən sonra onu aşaraq geri qayıtmaq çox çətin olur.

 

- Siz 2020-ci ildən Höte İnstitutunun prezidentisiniz. Xülasələşdirsək, Höte İnstitutunun fəaliyyəti nədən ibarətdir?

 

- Bu, böyük mədəni institutdur. Əslində, Almaniyanın xaricdəki ən böyük mədəni mübadilə qurumudur. Təxminən 158 institutla 98 ölkədə işləyirik və dünya üzrə 4000-dən çox əməkdaşımız var. Onların əksəriyyəti yerlilər, yəni işlədiyimiz qonaq ölkələrin vətəndaşlarıdır. Bizim fəaliyyətimizin üç əsas sütunu var. Bunlardan biri alman dilinin tədrisi və alman dili müəllimləri üçün təlimlərin keçirilməsidir. İkincisi, ən geniş mənada mədəni mübadilədir. Üçüncüsü isə alman cəmiyyəti və Almaniyadakı mədəni həyat haqqında məlumat verməkdir. Bəzən fəaliyyətimizin bu üç aspekti birlikdə hərəkət edir, bəzən bir az ayrı olurlar. Belə ki, məsələn, dil tədrisi, əlbəttə, yalnız dillə bağlı deyil. Tədris üçün siz Almaniya haqqında məlumat daşıyan materiallardan, məsələn, kitablardan istifadə edirsiniz. Tələbələr almanların gündəlik həyatını, həyat tərzini və ya siyasətlə necə məşğul olduqlarını öyrənirlər. Bu da böyük ehtimalla onların öz ölkələrindəkindən fərqli olur. Mədəni mübadilələrə gəlincə, biz alman mədəniyyətini olduğu kimi ixrac etməyə yox, şəbəkələr qurmağa və mübadiləni təkcə ikitərəfli deyil, həm də daha geniş şəkildə təşviq etməyə çalışırıq. Düşünürəm ki, bu axşam açacağımız “Ac sənətçi” sərgisi yaxşı nümunədir: burada üçü Azərbaycandan, biri Qazaxıstandan, biri Gürcüstandan, ikisi Almaniyadan, biri Braziliyadan olmaqda bir neçə rəssam var. Onların çoxu bura gələnə qədər bir-birini tanımırdı. Belə ki, Bakı onlara görüş üçün məkan verir və əsərlərini ictimaiyyətə təqdim etməkdən əlavə, onlar öz aralarında ünsiyyət qururlar. Artıq yeni birgə layihələr haqqında düşünürlər. Məsələn, gürcü rəssam azərbaycanlı rəssamlar ilə işləməyə davam etmək istəyə bilər və ya onlar daha sonra alman rəssamlar ilə qarşılıqlı əlaqədə ola bilərlər. Beləliklə, Höte İnstitutu bu cür platformaları və mübadilə imkanlarını təşviq etmək istəyir.
 

“Mədəniyyət bəlkə də xalça kimidir, burada müxtəlif naxışlar toxuyursan, müxtəlif rənglər gətirirsən və yeni texnikalar inkişaf etdirirsən”

 

 

- Qloballaşan dünyada mədəni toqquşmaların, bəzi mədəniyyətlərin yoxa çıxmasının, yenilərinin meydana gəlməsinin şahidi oluruq. Sizcə, qloballaşan dünyada alman mədəniyyətinin rolu nədir?
 

- Mən mədəniyyətlərin yoxa çıxdığını düşünmürəm. Mən düşünmürəm ki, insanlar kimi mədəniyyətlərin də ayağı var və onlar harasa çıxıb gedə bilərlər. Beləliklə, onların yox olduğuna inanmıram. Düşünürəm ki, cəmiyyətləri və mədəni təcrübələri insanlar formalaşdırırlar. Təbii ki, insanlar dəyişə bilər, təkamül edə bilər, transformasiya oluna bilər, qarşılaşdıqları digər insanların təsiri altına düşə bilər və s. Mən mədəniyyəti bir qutu kimi görmürəm və buna görə də, bir mədəniyyət, başqa bir mədəniyyət, üçüncü bir mədəniyyət deyə bir şey yoxdur. Amma əgər “alman mədəniyyəti”ndən danışmaq istəyirsinizsə, mən inanıram ki, dil var olduqca, o yox olmayacaq. Amma daha çox caz musiqiçilərini dəvət etsək, bəlkə bir az azərbaycanlılaşa bilər (gülür). Azərbaycandan olan caz musiqiçiləri ilə bir çox dəfə qarşılaşdığım olub. Məsələn, Əzizə Mustafazadə Almaniyada mənim doğulduğum Mayns şəhərində yaşayır. Onun övladları Almaniyada məktəbə gedirlər. Düşünürəm ki, onlar mütləq alman uşaqlar ilə ünsiyyətdə olacaq və onlardan öyrənəcəklər. Ola bilsin ki, bu alman dostlar daha sonra Əzizə Mustafazadənin evinə dəvət edilsinlər və o zaman onlar yeni mədəni aspektlərlə tanış olub, yeni ideyalar inkişaf etdirəcəklər... Yaxud Azərbaycanda olan gözəl xalçaları götürək. Mədəniyyət bəlkə də xalça kimidir, burada müxtəlif naxışlar toxuyursan, müxtəlif rənglər gətirirsən və yeni texnikalar inkişaf etdirirsən. Bu gün Heydər Əliyev Mərkəzində, dünən isə Xalça Muzeyində olmuşam. Mən köhnə ənənələri özündə cəmləşdirən, lakin tamamilə yeni üsullarla inkişaf etdirilən bir neçə yeni gözəl xalça gördüm. Beləliklə, mən mədəniyyətlərin yox olduğunu düşünmürəm, əksinə, transformasiya olunurlar. Onlar inkişaf edir.
Bəzən təbii ki, belə transformasiyalarla bağlı fikir ayrılıqları olur. Məsələn, Almaniyada “biz bu qədər ingilis terminlərini işlətməməliyik, ancaq orijinal dilimizə sadiq qalmalıyıq” deyən insanlar var. Yaxud söz sonluqları ilə bağlı cins formalarına dair mübahisələr gedir və bəziləri bu formaların alman dilinin saflığını pozduğundan şikayətlənirlər. Biz açıq olmalıyıq, lakin bu, o demək deyil ki, fikir ayrılıqları olmayacaq. Ancaq bir-birimizlə ünsiyyət qurmağı bacardığımız müddətcə…
 

- Alman mədəniyyəti deyiləndə mənim ağlıma Lüter, Humboldt, Maks Plank, Yohann Qutenberq və təbii ki, Höte gəlir. Fərqli istiqamətlərdə olsalar da onların hər birinin xitab və ya tədqiqatının mərkəzi insan olub. Buradan yola çıxsaq, əslində, bu qənaətə gələ bilərik ki, ədalətli rəqabət imkanının yaradılması alman mədəniyyəti üçün mühüm olduğu kimi, həm də səciyyəvidir. Mənim üçün maraqlıdır, Höte İnstitutu əməkdaşlıq etdiyi şəxsləri və ya tərəfdaşları hansı kriteriyalar əsasında seçir?
 

- Düşünürəm ki, bu, yəqin ki, tematik maraqların və şəxsi şəbəkələrin qarışığıdır. Etibarlı münasibətlər qurmaq vacibdir. Belə ki, bəzən konkret layihə və ya proqram üçün açıq müraciət elan etmək və sonra bu və ya digər şəxslə işləmək barədə obyektiv meyarlara əsasən qərar vermək çətindir. Əgər başqa bir referansınız yoxdursa, o adamın sizi məyus etməyəcəyini və ya pulunuzu mənimsəməyəcəyini bilmək çətin ola bilər. Təqaüdlər, rezidenturalar və s. kimi açıq müsabiqə və ərizə qəbulu ilə həyata keçirilən bəzi proqramlarımız var. Və bəzən bu açıq müraciətlər vasitəsilə Höte İnstitutunun direktorları əvvəllər tanımadıqları çox istedadlı, yaxşı təşkilatlanmış insanlarla tanış olurlar. Yekunda bəzən onlarla daha uzun müddət işləyirlər. Məsələn, Bakıda Alfons Huq bu ilin sonunda təqaüdə çıxır və yerinə başqa bir şəxs gələcək. Əminəm ki, yeni rəhbər ondan məsləhət alacaq, onun kimlə əməkdaşlıq etdiyini, kimin kömək etdiyini, kimin ruhlandırıcı olduğunu soruşacaq. Lakin yeni şəxs həm də yeni şəbəkələr yaratmağa başlayacaq və layihələr üçün açıq müraciətlər elan edəcək. Beləliklə, məncə, ehtiyac duyulan şey maraq, yeni ideyalara və insanlara açıq olmaq və etibarlı şəxsi şəbəkələrin qarışığıdır. Prinsipcə, biz həmişə şəbəkələrimizi genişləndirməyə, daha çox insan cəlb etməyə, axtarmağa çalışırıq. Amma təbii ki, bu həm də bizim resurslarımızdan asılıdır və hazırda Almaniyada xaricdə mədəni işlərlə bağlı büdcə ciddi şəkildə azaldılıb. Bu bizim işimizə təsir edir. Yenə də az pulla mümkün qədər çox iş görməyə çalışırıq.
 

- Sonda sizə Kitabıstanın ənənəvi sualını vermək istəyirəm. Azərbaycanlı oxuculara hansı kitabı oxumağı məsləhət görərsiniz?
 

- Bu yaxınlarda oxuduğum və çox bəyəndiyim bir roman alman dilində yazılmış gürcü ədəbiyyatıdır. Yazıçı Nino Haratişvili Berlində yaşayır və alman dilində yazır. Kitabın adı “Das mangelnde Licht”dir. O, gürcü dilinə yenicə tərcümə olunub və tezliklə ingilis dilində nəşr olunacaq. Kitab bir il əvvəl Almaniyada nəşr olunub və 1987-ci ildən təxminən 2017-ci ilə qədər, əvvəlcə Gürcüstanda, sonra isə Gürcüstandan kənarda yaşayan dörd qız haqqında gözəl bir romandır. Bu roman hərbi diktatorların, korrupsioner rejimlərin, yeni fürsətlərin, müharibələrin, müxtəlif inqilabların və s. qarışıqlığında bu dörd qadının hansı yolu keçdiyindən bəhs edir. Onlar öz yollarını tapmaq məcburiyyətində qalırlar. Kitab 800 səhifədir, alman dilində yazılıb, ancaq həm də gürcü ədəbiyyatının bir hissəsidir. Beləliklə, görürsünüz ki, mən şəxsən dünya ədəbiyyatını oxumağı çox sevirəm.
 

- Müsahibəyə və sualları cavablandırdığınıza görə çox sağ olun.

 

- Suallarınız üçün təşəkkürlər.

 

Bunu paylaş

Linki kopyalayaraq paylaş