Harvard Universitetinin professorunun müsahibəsi

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Harvard Universitetinin professorunun müsahibəsi

Harvard Universitetinin professorunun müsahibəsi

Kitabıstan bizim xəyali ölkəmizdir. Bizim ölkəmizdə əsas şüar Fransadan öyrəndiyimiz azadlıq, bərabərlik, qardaşlıqdır (Liberté, égalité, fraternité). 

 

Maarifçilik üçün dünyanın inkişaf etmiş ölkələrinin nümunələrini öyrənir və kitablar, tədqiqatlar şəklində Azərbaycan oxucusuna təqdim edirik. Amma bununla kifayətlənmədik. Kitab tərcümələri, nəşrlərdən sonra “Kitabistan Talks” layihəsinə başladıq. İndi isə işlərimizə həm də müsahibələrlə davam edirik. Növbəti müsahibimiz Harvard Universitetinin professoru, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü, 2007-2016-cı illərdə Harvard Universiteti Kitabxanasının direktoru olmuş Robert Darntondur.

 

Müsahibəni oxucularımıza təqdim edirik:

 


 

- Əvvəlcə müsahibəyə vaxt ayırdığınız və razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. Siz Harvard Universitetinin professorunuz. Xüsusilə də 18-ci əsr Fransası, inqilabdan əvvəlki və sonrakı Fransa, kitabçılıq, ideyaların yayılması, ictimai şüurun formalaşması üzrə ixtisaslaşmış professorsunuz. Kitablarınızı da əsasən, bu mövzular ətrafında yazmısınız. Qarşıdan 14 iyul - Fransanın Milli Günü gəlir. Sizinlə bu gün elə məhz bu mövzuda - Fransız İnqilabı, kitabların əhəmiyyəti və çapçılığın xalqların taleyinə təsiri haqqında danışmaq istəyərdim. 
 

40 ildən çoxdur ki, tədqiqat sahənizin əsas mövzusu olan Fransa İnqilabının dünya tarixi və dünya siyasi nizamı üçün əhəmiyyəti nədən ibarətdir?
 

- Bu böyük sualdır və əminəm ki, siz Mao Tszedunun məşhur ifadəsini bilirsiniz. Ona bu sualı verəndə “bu barədə nəsə demək hələ çox tezdir” demişdi. Mən, əslində, Mao Tszedunla razı deyiləm, amma düşünmürəm bu ona maraqlıdır (gülür). Əlbəttə ki, Fransa İnqilabı Qərb dünyasını, sonra isə dünyanın qalan hissəsini dəyişdirdi. Bu, böyük dönüş nöqtəsi idi. Bu, tam olaraq inqilabi ənənənin başlanğıcı deyil. Ancaq Qərb dünyasının hər yerində, hətta 1782-ci ildə inqilabın baş verdiyi Cenevrə kimi kiçik yerlərdə - bildiyiniz kimi, Amerika koloniyalarında da - güclü demokratik hərəkatın kulminasiya nöqtəsidir. Lakin Fransa İnqilabı bütün bunları ən təsirli şəkildə bir araya gətirdi. İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində - konstitusiyanın dəyişdirilməsi yolu ilə Fransada sosial şəraiti dəyişdirən qanunvericilikdə bu inqilabın nəyə nail olmaq istədiyi yazılıb: belə demək mümkündürsə, feodalizmin ləğvi. Bu o mənaya gəlirdi ki, kəndlilər artıq torpaq sahiblərinə, yaxud kilsəyə feod ödəmək məcburiyyətində deyildilər. Bəyannamə hər şeydən əvvəl qanun qarşısında bərabərlik yaratdı. Bilirsiniz ki, bərabərsizlik anlayışının nə qədər dərin olduğunu təsəvvür etmək bu gün bizim üçün çətindir. Fransa İnqilabından əvvəl insanların əksəriyyəti, xüsusən, qadınlar düşünürdülər ki, kişilər və qadınlar qeyri-bərabər doğulurlar və bu yaxşı bir şeydir. Çünki Tanrı dünyanı belə yaratmışdı və cəmiyyəti iyerarxik sistemlə təşkil etmişdi. Bu, insanların nəfəs almaq qədər təbii olaraq qəbul etdikləri bir şey idi. Təbiət, insan təbiəti, kişi və qadın təbiəti haqqında bu əsas fərziyyəni dəyişmək dünya tarixində böyük bir dönüş idi. Beləliklə, hesab edirəm ki, Fransa İnqilabından sonra insanların özləri haqqında düşüncəsi və xüsusən də azadlıq arzusu ictimai və siyasi təşkilatlanmanın fundamental faktına çevrildi. İndi insanlar deyirlər ki, Fransa İnqilabı çox şiddətli olub və s. Bir çox insanlar bu şiddətdən dəhşətə gəlirlər. İnqilabın ümumilikdə dəhşətli olması bir həqiqətdir, lakin müqavimət olmadan bu cür dərin sosial dəyişikliyə nail ola bilməzsiniz. Şiddətli olan bu müqavimətin özü idi. Beləliklə, bu, mürəkkəb bir mövzudur, amma düşünürəm ki, Fransa İnqilabını öyrənməyə davam etməyin vacibliyinin bir hissəsi müasir dünyanı formalaşdıran transformasiyanı qiymətləndirməkdir.
 

- Siz Fransa tarixi və inqilabı ilə bağlı bir çox kitabların müəllifisiniz. Bunlardan “The Business Enlightenment”, “The Devil in the Holy Water, or the Art of Slander from Louis XIV to Napoleon”, “Poetry and the Police: Communication Networks in Eighteenth-Century Paris” kitablarını xüsusilə vurğulamaq istərdim. Bu əsərlərdə kitabların, çapçılığın və ideyaların təkcə bir xalqın yox, ümumilikdə, dünyanın inkişafına töhfə verdiyini ifadə edirsiniz. Araşdırmalarınıza əsasən, kitabların fransız maarifçiliyində rolunun nədən ibarət olduğunu deyə bilərsiniz?
 

- Bu suala fransız maarifçiliyini necə başa düşdüyünüzlə başlaya bilərik. Maarifçiliyin liderlərinin adlandırıldığı kimi bütün “philosophe”ların (fr. filosof. O dövrdə maarifçilər belə adlandırılırdı. - red.) əsərlərini oxusanız, XVII əsrdə mövcud olmayan çox fikir tapa bilməzsiniz. Doğrudur, Didro kimi bəzi filosoflar yeni düşüncə tərzi formalaşdırmağa başladılar. Lakin onların əksəriyyəti, xüsusən, Volter əvvəllər mövcud olan fikir cərəyanlarını davam etdirirdi. Bəs maarifçiliyi bu qədər fərqli və güclü edən nədir? Didronun "Encyclopédie""Encyclopédie" haqqında yazdığı məqalədəki tərifdə deyilirdi ki, biz ümumi düşüncə tərzini dəyişməliyik və məncə, maarifçiliyin kökündə bu dayanır. Çünki bu, maarifləndirmək, işıq salmaq, ideyaları yaymaq cəhdi idi. Burada məsələ ideyaların özünün orijinal olmasında deyildi. Məsələ bunda idi ki, bir qrup aparıcı mütəfəkkir cəmiyyətdə ideyaları yaymaq və ümumi düşüncə tərzini dəyişmək öhdəliyi götürmüşdü. Ona görə də kitablar önəmlidir. Çünki təbii ki, onlar bunu kitablar vasitəsilə edirdilər. Ancaq təkcə kitablar vasitəsilə də deyil. 1748-ci ildə Monteskyönün “De l'esprit des lois” (“Qanunların ruhu haqqında”) əsərinin nəşrinə qədər qabaqcıl fəlsəfi fikirlər çap formasında mövcud olmurdu. Təbii ki, bəzi istisnalar var idi. Lakin ən radikal fikirlər pamfletlər şəklində və kiçik qruplarda aparılan müzakirələrdə mübadilə edilirdi. Lakin 1748-ci ildən 1763-cü ilə qədər maarifçiliyin bütün önəmli kitablarının nəşrində bum yaşandı və beləliklə, ideyaların yayılmasının Parisdəki ziyalılardan ibarət kiçik bir qrup ilə məhdudlaşdığı dövrdən mesajı hər yerə yaymaq üçün kitablardan istifadə edən hərəkat dövrünə keçid baş verdi. Bu isə böyük bir fərqdir və mürəkkəb bir prosesdir. Bu prosesin böyük bir hissəsi skandallarla, dövlət qurumları tərəfindən kitabların yandırılması isə müşayiət olunurdu ki, bu da nəhəng şoka və böyük müzakirələrə səbəb olurdu. Lakin bu qalmaqallar yayılma prosesinə kömək etdi. Beləliklə, mənim işimin əsas hissəsi yayılmanın özünü başa düşməyə çalışmaqdan ibarət olub. Bu, nəşriyyatların fəaliyyətlərini dərindən araşdırmaq, "Encyclopédie" kimi mühüm əsərlərin konkret olaraq neçə nüsxə olduğunu müəyyən etmək deməkdir. Daha sonra mən çapçılığın olduqca illeqal və həqiqətən də təhrikedici başqa bir qatının olduğunu kəşf etdim. Bu, təkcə Volter kimi filosofların əsərləri deyil, həm də naşirlərin “livres philosophiques” və ya fəlsəfi kitablar adlandırdıqları əsərlər idi. Onlar adətən həddindən artıq fəlsəfi olurdu. Yəni ateist məzmunda idilər və bəziləri kralın hakimiyyətinə qarşı idi. Ancaq onlar eyni zamanda saray qalmaqalları və hakimiyyətdəki insanların mənfi davranışları haqqında çoxlu yazılar da ehtiva edirdi. Bütün bu ədəbiyyat “libelles” və ya böhtan ədəbiyyatı kimi tanınırdı. 
 

Mən naşirlərin sənədlərində bu böhtan ədəbiyyatının çox geniş yayıldığını üzə çıxardım və oxuyanda həqiqətən də bunun səbəbini başa düşürsən. “XV Lüdovikin şəxsi həyatı” kimi bir əsəri götürək. Bu, dörd cilddən ibarətdir. Kitab sizə 1715-ci ildən 1774-cü ilə qədərki Fransa tarixinin tam mənzərəsini təqdim edir. Bu əsər məlumatlarla və əlbəttə ki, kralın şəxsi həyatı, onun Madam de Pompadur və Madam dü Barri kimi məşhur məşuqələri ilə bağlı qalmaqallarla doludur. İnsanlar bunu sevirdilər. Onlar bunu heyranlıqla oxuyurdular. İnsanlar bu ədəbiyyatı oxumaqla saray dəhlizlərinə girdiklərini düşünürdülər. Beləliklə, filosofların mücərrəd traktatlarından əlavə, kilsəyə və dövlətə həqiqətən də hücum edən başqa bir ədəbiyyat qatı da mövcud idi. Bu ədəbiyyat mənim yenidən canlandırmağı bacardığım bütöv bir yeraltı sistem vasitəsilə yayılırdı. Hətta kitabların İsveçrədən Fransaya qaçaqmalçılıq yolu ilə necə keçirildiyini də tapa bildim. Qaçaqmalçılıq böyük bir sahə idi və mən kəşf etdim ki, Fransa nəşriyyatların Bərəkətli Hilalı adlandırdığım ərazi ilə əhatə olunub. Bu ərazi Amsterdamdan başlayaraq indiki Belçikaya, Reyn vilayətinə, oradan da İsveçrəyə qədər uzanırdı. Sözügedən nəşriyyatların hamısı son dərəcə qeyri-qanuni olan bu ədəbiyyatları çap edir, həmçinin daha az qeyri-qanuni olan ədəbiyyatın pirat nüsxələrini çıxarır və ya təkrar çap edir, daha sonra Fransaya qaçaqmalçılıq yolu ilə gətirirdi. Beləliklə, 1750-ci ildən etibarən fransızlar çox mühüm bir hadisə yaşamağa başladılar: kilsəyə və dövlətə hücum edən ədəbiyyat geniş miqyasda yayılır və bir çox insanların fundamental düşüncələrini sorğulayırdı.
 

Başqa sözlə, mən düşünürəm ki, maarifçiliyi anlamaq üçün kitabların yayılmasını başa düşmək lazımdır. Hər şeyin mərkəzində kitablar dayanır. Əslində, Volter bir dəfə demişdi ki, kitablar tarixin ən mühüm gücüdür.
 

- Onilliklər ərzində həm Fransada maarifçilik dövrünü, həm də kitabın tarixini tədqiq etmisiniz. Sizin kitabın tarixinə, onun keçmişi, indisi və gələcəyinə, kitabların tarixi proseslərə təsirinə dair bir sıra kitablarınız var. Sizin fikrinizcə, XXI əsrdə kitab və çapçılıq öz əhəmiyyətini qoruyub saxlaya bilibmi?
 

- Əvvəllər insanlar əllərini ovuşdura-ovuşdura “kitab ölüb, kitabxanalar artıq yararsızdır, insanlar qəzet oxumur, kitab dükanları yoxa çıxıb” deyirdilər. İndi bunu çox da eşitmirik. Düşünürəm ki, ən azı ABŞ-də qəzetlər çətin vəziyyətdədir. Amma biz nəşriyyatların məhsullarının artımını müşahidə edirik. Naşirlər hər il həm çap, həm də elektron formatda əvvəlki ildən daha çox kitab nəşr edirlər. Biz 20 il-filan əvvəl düşünürdük ki, elektron kitablar çap olunan kitabı əvəz edəcək və təxminən 2 il ərzində elektron kitabların satışı xeyli artdı, lakin sonra stabilləşdi. Ancaq indi biz bir çox insanların “Kindle” və ya digər cihazlarda elektron kitab oxuduğunu müşahidə edirik. Lakin çap olunmuş kitab həmişəkindən daha çox inkişaf edir. Birləşmiş Ştatlarda hər il təxminən 330 000 yeni adda kitab nəşr olunur və buna əlavə olaraq, müəllifin özü tərəfindən nəşr edilmiş bir milyona yaxın kitab var. Hamı kitab yazır, nəşr etdirir. Bəziləri elektron, bəziləri çap şəklində. Beləliklə, yazarlıq partlayışı, ənənəvi kitabın artımı baş verdi. Düşünürəm, indi hamı razılaşar ki, bu ixtira, yəni Məsihdən sonrakı birinci əsrə gedib çıxan vərəqlənən kitab indiyə qədərki ən böyük ixtiralardan biridir. Bu, rulonu açmaq əvəzinə vərəqləyərək oxunulan kitabın ixtirasıdır. Səhifələri çevirmək, kitabı bitirmək, mətndə irəli və geri hərəkət etmək təcrübəsi hələ də oxucularda maraq yaradan və onlara zövq verən fövqəladə bir təcrübədir. İndiki çapçılıq Qərbdə, əlbəttə ki, Quttenberqlə başlamışdı. Beləliklə vərəqli kitab böyük dayanıqlılıq qüvvəsi olan möhtəşəm bir ixtiradır. Ona görə də hesab edirəm ki, kitabın öldüyünü demək tamamilə yanlışdır. Kitab sağdır, baş verənlər isə ondan ibarətdir ki, çap edilmiş vərəqli kitabdan əlavə, bizim elektron kitablarımız, hər növ elektron mesajı ötürmək üçün vasitələrimiz var və ənənəvi kitabı əhatə edən mühit bütövlükdə daha mürəkkəb və daha zəngin hala gəlib. Əslində, texnologiya tarixində bir yeniliyin digərini əvəzləmədiyini iddia edə bilərik. Radio qəzeti, televiziya radionu, internet isə televiziyanı öldürmədi. İndi ideyaların yayılması üçün ətrafımızda daha çox vasitə var və bu da nəticədə daha zəngin təcrübə yaradır. Düzdür, problemlər çoxdur. Bunu bilirəm. Ona görə də çox optimist görünmək istəmirəm. Ancaq mən, həqiqətən, düşünürəm ki, kitabın tarixi kitabın özünün bizim sivilizasiyamızın tamamilə mərkəzində olduğunu göstərdi. Bizimki deyəndə dünya sivilizasiyasını nəzərdə tuturam. Mən ABŞ-dən bəhs edirəm, amma Almaniya və Fransadan da danışa bilərəm. Azərbaycan haqqında isə o qədər də çox məlumatım yoxdur. Lakin ümid edirəm ki, sizin nəşriyyat sənayeniz də inkişaf edir.
 

- Tədqiqat işinizin xeyli hissəsi XVIII əsrdə qadağan olunmuş fransız ədəbiyyatına həsr olunub. Sizin araşdırmanız sayəsində fransızların əksəriyyəti tərəfindən gizli oxunan ədəbiyyat haqqında kifayət qədər geniş təsəvvürümüz yaranıb. Fransada qadağan olunmuş ədəbiyyat oxucu sayını azaltdı?
 

- Xeyr, belə olduğunu düşünmürəm. Əksinə, kitab qadağan edildikdə bir proseslə qadağan edilirdi. Paris Parlamenti bir kitabı qeyri-qanuni elan edir, Kral Şurası icazəsini geri götürür və həmin kitab yandırılırdı. Yandırılma Parisdəki əsas məhkəmənin pilləkənlərinin aşağısında baş verirdi. O, “Palace de Justice” (Ədalət Sarayı) adlanır, Parisin mərkəzində yerləşir. Kitabın satışı üçün onu şəhərin ortasında, insanların gəlib izləyə biləcəyi bir yerdə yandırmaqdan daha yaxşı heç nə yoxdur. Bu, mümkün olan ən yaxşı reklam idi.
 

Didro deyirdi ki, çapçılar kitabın yandırıldığını eşidən kimi deyirdilər: “Əla, gəlin növbəti nəşr üçün şriftləri tərtib etməyə başlayaq”. Beləliklə, ədəbiyyatı repressiya etmək cəhdi uğursuz oldu. Əslində, bu, o qədər açıq şəkildə uğursuz oldu ki, artıq 1750-ci ildə kitab ticarətinin rəhbəri Lamuanyon de Malzerb kitabların Fransadan kənarda nəşr olunduqları və sonra qaçaqmalçılıq yolu ilə ölkəyə daşındıqları üçün iqtisadi zərərinin nəhəng olduğunu başa düşdü. Fransız kitablarının xarici naşirləri isə çoxlu pul qazanırdılar ki, bu pul da fransız naşirlərinə gedə bilərdi. Beləliklə o, kitab ticarətinin tənzimlənməsi qaydalarında “permission tacite” və ya səssiz razılıq adlanan bir növ müddəa ilə boşluq açdı. Bu o demək idi ki, dövlətin razılıq verməyəcəyi, ancaq dövlətə və ya kilsəyə hücum da etməyən kitabların çapına icazə veriləcəkdi. Həmin vaxt, yəni de Malzerb kitab ticarətinə rəhbərlik etdiyi 1750–1763-cü illərdə hər cür kitab dövriyyəyə buraxılmağa başladı. Çünki o, qadağa qoymağın əks-təsir göstərdiyini anladı. Ancaq mən deyərdim ki, bu, əks-təsirdən də böyük bir şey idi. Dövlət arxivləri və naşirlərin sənədlərini tədqiq edərkən tapdığım şey budur: pirat ticarət elə ağılasığmaz dərəcədə inkişaf edib böyümüşdü ki, artıq 1770-ci ildə Fransa bazarındakı kitabların yarıdan çoxu pirat idi. Pirat deyərkən mən bu kitabların Fransadan kənardakı nəşriyyatlar tərəfindən yenidən çap olunub Fransada satıldığını nəzərdə tuturam.
 

Beləliklə, piratçılıq həddən artıq vacib idi, ən azı orijinal nəşrlərin ticarəti qədər... Bu, kitabların ümumi kütləyə çatdığı bir dövrün başlanğıcı mənasına gəlir.
 

Fransızlar böyük oxucu kütləsinə yalnız XIX əsrdə, yəni hər kəs kitab oxuduğu zaman sahib oldular. XVIII əsrdə hələ də yalnız orta və yuxarı təbəqə kitab oxuyurdu, kəndlilər yox. Bəlkə bəzi işçilər və sənətkarlar istisna idi. Amma yenə də ictimaiyyət özündə oxumaq şövqü formalaşdırır və Fransadan kənardakı pirat naşirlərlə kifayətlənirdi.
 

Beləliklə, biz kitabın demokratik qüvvə olduğu yeni bir dövrə keçdik. Bu, mədəniyyətə əlçatanlığın demokratikləşməsidir. Kitabları qadağan etmək, qarşısını almaq, onları Fransa sərhədlərində müsadirə etmək cəhdi uğursuz oldu. Kitablar hər yerdə idi.
 

- Ədəbiyyatın qadağan olunmasının nə kimi nəticələri oldu?
 

- Dediyim kimi, bu, insanların həmin ədəbiyyatı oxumağa həvəsini artırdı. Beləliklə, bunun əks-təsiri oldu. Mən demirəm ki, hamı Volter, Monteskyö, Russonun ideyalarını qəbul etdi. Ancaq ümumi kütlənin hamısı filosofları, həqiqətən, tanıyırdı. Bu filosoflar məşhur olmuşdular. Fransadan kənarda, Fransa ilə Cenevrə sərhədində yaşamaq məcburiyyətində qalan Volterə 1778-ci ildə - ömrünün son günlərində geri qayıtmağa icazə verildikdə bütün Paris onun gəlişini qeyd edirdi. O, görkəmli bir ulduz idi. Hamı Russo haqqında da bilirdi. Filosoflar ictimai obrazlara çevrilmişdilər. Məncə, bu, çox əhəmiyyətli idi, çünki əslində, onların kitablarını oxumayan bir çox insan şəxsiyyətlərə heyran idi. Filosof kultu, məncə, cəmiyyətin dünyagörüşünün dəyişdirilməsində həlledici rol oynadı.
 

- Fransa İnqilabı ilə köhnə rejimin necə devrildiyini uzun illər tədqiq etmisiniz. Siz həm də Berlin divarının yıxıldığı dövrlərdə Şərqi Almaniyada olmusunuz. O dövrlə bağlı təəssüratlarınızı bölüşdüyünüz “Berlin jurnalı” kitabını nəşr etdirmisiniz. Bir tarixçi olaraq necə düşünürsünüz, Berlin divarının yıxılmasında alman ədəbiyyatının nə kimi təsirləri var idi?
 

- Bunu iki yolla ölçmək olar. Bu hadisədə rol oynayan Şərqi Almaniyada nəşr olunan kitablarlar və Qərbi Almaniyada nəşr olunan kitablarla. Təbii ki, Şərqi Almaniyadakı totalitar rejim Qərb ədəbiyyatını Şərqi Almaniyaya buraxmamağa çalışırdı. Ancaq bu cəhd çox da uğurlu olmadı. Modern mədəniyyətin bir parçası kimi hər kəsin oxumalı olduğunu düşündüyümüz kitabları Şərqi Almaniyadakı rejimin qadağan etməsinə baxmayaraq, burada Qərb kitablarından ibarət yeraltı ədəbiyyat mövcud idi. Freyd, Kafka, Nitsşe - bunların heç birinə icazə verilmirdi. Lakin əlbəttə ki, modern mədəniyyət insanların marağını cəlb edirdi və onlar Qərbdən gizli şəkildə çoxlu kitablar keçirirdilər. 
 

Mən Şərqi Almaniyada çap olunan kitabları da tədqiq etmişəm. Şərqi Almaniyadan bəzi yazıçı və naşirləri tanıyırdım. Bir dəfə bir dostum dedi ki, sən XVIII əsr Fransasında senzuranı tədqiq eləmisən, bir neçə senzuraçı, əsl senzuraçılarla tanış olmaq istəryərsən? Düşündüm ki, oh, hə, əlbəttə... Bir senzuraçı ilə şəxsən danışmaq həyəcanlı olardı. Bu, uzun hekayədir. Hadisələr bir-birini izlədi və mən özümü Berlin divarının yıxılmasından qısa müddət sonra iki senzuraçı ilə onların Şərqi Berlindəki ofislərində ədəbiyyatı müzakirə edərkən tapdım. Onlar heç amerikalı görməmişdilər. Mən onların gözündə bir növ qəribə varlıq idim. Üstəlik, onlar Qərbi Berlinə heç vaxt ayaq basmamışdılar. Qapalı bir dünyada yaşamışdılar. Beləliklə, aramızda işlərini necə yerinə yetirdiklərini izah etməyə çalışdıqları maraqlı bir söhbət oldu. Çünki mən onları qeyri-əxlaqi iş görməkdə və azadlığı boğmaqda ittiham etməyə çalışmadım, sadəcə nə etdiklərini anlamaq istəyirdim. Bu söhbət mənim tərəfimdən genişmiqyaslı araşdırmalara yol açdı. Kommunist Partiyasının sənədlərinə müraciət etdim. Sərbəst şəkildə qərargaha daxil oldum, çünki divar yıxılmış, Kommunist Partiyası dağılmışdı və dövlət artıq mövcud deyildi. Amma bürokratların hamısı hələ də orada idi. Ona görə də Kommunist Partiyasının qərargahına daxil olub “arxivlərinizə baxmaq istəyirəm” deyə bildim. Mənimlə nə edəcəklərini bilmirdilər. Ona görə də “yaxşı” dedilər. Mən uzun müddət senzuranın necə işlədiyini tədqiq edərək arxivlərdə ilbəil geriyə getdim və senzuraçılarla söhbətdə öyrəndiklərimin tapdığım materiala uyğun olub-olmadığını anlamağa çalışdım. 
 

Ümumilikdə bəzi müəlliflərin - yəqin ki, adlarını bilmirsiniz, amma Volker Braun yaxşı nümunədir - Şərqi Almaniya ictimaiyyətində tərəfdarları olduğunu tapdım. Bu müəlliflər rejimdən qopmaq, Qərbə qaçmaq istəmirdilər, onlar sosializmə inanırdılar. Lakin Kommunist Partiyasının bu “qədim fiqurlarının” nəzarəti altında ölkənin mürtəceləşdiyini düşünürdülər. Beləliklə, onlar səylərindən vaz keçmədilər və satirik oldular. Bürokratlara və dövlətin hər şeyə nəzarət etməsini məsxərəyə qoyurdular. Şərqi Almaniyada senzuraçılar tərəfindən müəyyən dərəcədə icazə verilən bir növ mübariz ədəbiyyat formalaşırdı. Onlar həmişə problemlə üzləşirdilər. Qalmaqallar bir-birini izləyirdi.
 

Şərqi Almaniyada bir növ hakimiyyətin monopoliyasına meydan oxuyan ictimaiyyətin və əlbəttə ki, müəlliflərin yüksəlişini hiss edə bilərdiniz. Bəlkə də bu cavab çox uzundur, amma demək istədiyim budur ki, XVIII əsr Fransasında senzura və kitab ticarətini tədqiq etdiyim üçün mən Berlində olarkən divarın yıxılmasının şahidi olmaqla və bir il müddətində orada hadisələri izləməklə həmin dövrü, yəni dövlətin 1989-cu ildə ədəbiyyata necə nəzarət etməyə çalışdığını 1789-cu ildən əvvəlki Fransa ilə müqayisə edə bildim. Mən kitabların və ümumiyyətlə, siyasətin əhəmiyyəti haqda çox aydınladıcı olduğunu düşündüyüm bəzi paralellər tapdım.
 

- 2007-2016-cı illərdə Harvard Universiteti Kitabxanasının direktoru olmusunuz. Harvard Universiteti Kitabxanası dünyadakı ən böyük kitabxanalardan biri hesab olunur. Dünyanın ən böyük kitabxanalarından birinin rəhbəri olmaq təcrübənizi oxucularımızla bölüşməyinizi istərdik.
 

- Bu, nəhəng bir məsuliyyət idi. Harvardın, əslində, 73 kitabxanası var. Bu, bütöv bir kitabxana sistemidir. Bəziləri hüquq fakültəsində, bəziləri biznes fakültəsində, bəziləri isə tibb fakültəsində yerləşir. Əsas kitabxana şəhərciyin mərkəzində, İncəsənət və Elm Fakültəsində yerləşir. Mən direktor olanda orada 1200 tamştatlı işçi var idi. Çox sayda insan kitabxanaya qulluq edir, kitablar alır, onları təsnif və prezervasiya edir. Bu, nəhəng əməliyyatdır və bu kitabxana dünyanın ən böyük universitet kitabxanasıdır.
 

Kitabsevər və kitab tarixçisi olaraq mən öz üzərimdə böyük məsuliyyət hiss edirdim. 
 

Harvard Kitabxanasının əsası 1638-ci ildə qoyulub və mövcudiyyətini Con Harvarda borcludur. Onun haqqında çox az şey bilirik. O, Massaçusets Körfəzinin koloniyasına 500 kitabla gəlmişdi. Qəflətən öldü və bütün bu kitablarını iki il əvvəl, 1636-cı ildə yaradılmış bu kiçik akademiyaya qoydu. Beləliklə, adı belə olmayan bu akademiya bir anda Şimali Amerikanın ən böyük kitabxanasına sahib oldu və adını donoru Harvardın şərəfinə dəyişdirdi. Yəni, Harvardın öz kitabxanası ətrafında böyüdüyünü demək istəyirəm. Kitabxana kollecin və universitetin ürəyi idi. Əlbəttə ki, kitabxanadan istifadə Harvarddakı tələbələr və fakültə işçiləri ilə məhdudlaşdırılmışdı. Direktor olanda əsas missiyamın bu böyük kitabxananı bütün ölkəyə və bütün dünyaya açmaq olduğunu düşündüm. İndi biz kitabxana binaları oxucularla dolub-daşar deyə, sadəcə olaraq insanları içəri buraxa bilməzdik. İdeya kitabları rəqəmsallaşdırmaq və onları əlçatan etmək idi. Biz də bunu etdik. Çoxsaylı kitabları, həm də əlyazmaları rəqəmsallaşdırdıq. Çünki koloniyaların 1620-ci ildən Amerika İnqilabına qədərki həyatı haqqında ən böyük əlyazma kolleksiyası bizdə idi. Biz onları da rəqəmsallaşdırdıq və hər kəs üçün ödənişsiz olaraq əlçatan etdik. Biz həmçinin fakültə daxilindəki müzakirələrdə professor-müəllim heyətinin bütün yeni tədqiqatlarının rəqəmsal bazaya yerləşdirilməli və ödənişsiz olaraq təqdim edilməli olduğu haqda qərar qəbul etdik. Beləliklə, bütün ideya kitabxananı açmaq və ondan milli rəqəmsal kitabxanaya çevriləcəyinə ümid etdiyimiz sistemin bir hissəsi kimi istifadə etmək idi. Bir neçə il sonra yaratdığımız Amerika rəqəmsal ictimai kitabxanasının mənşəyi də bu idi. Yəni mənim anlayışım, baxışım bu idi. Bu o qədər də bəsit deyil. Çox mürəkkəb proses idi, lakin mən təməl olaraq mədəniyyətə çıxışın demokratikləşməsinə inanıram. Bu, yaxşı səslənir. Bilirsiniz, mən onun şüar kimi səslənməsini istəmirəm, çünki bu, mürəkkəb bir prosesdir. Bu yolda biliyə çıxışın kommersiyalaşdırılması kimi maneələr var. Düşünürəm ki, bu, müasir mədəni həyatın mərkəzində dayanır. Monopoliyadan tərəf və əlçatanlılığa qarşı olan qüvvələr var. Öz növbəmdə mən əlçatanlılığın müdafiəçisiyəm.
 

- Bu ilin noyabr ayında yeni kitabınız “The Revolutionary Temper. Paris 1748-1789” (“İnqilabi əhval. Paris 1748-1789”) çapdan çıxacaq. Yeni kitabınızı digər kitablarınızdan nə ilə fərqləndirərsiniz?
 

- Mən kitabda böyük bir suala cavab tapmaqla məşğulam: Fransa İnqilabı necə meydana gəldi? Yəqin ki, bu, digər bütün suallardan daha çox tədqiq edilmiş (gülür). Deməli, mən bu fundamental dəyişikliyi anlamağa cəhd göstərmiş yüzlərlə elm adamından biriyəm. Qısa müddət sonra, bu ilin noyabrında nəşr olunacaq “The Revolutionary Temper” adlı bu kitabda son 50 ildə apardığım bütün araşdırmaları və başqa insanların araşdırmalarını sintez etməyə çalışmışam. Nəticə məncə, Fransa İnqilabının necə baş verdiyinə fərqli bir baxışdır. O, bir xətt üzrə gedən səbəb-nəticə əlaqəsi haqqında birbaşa arqument deyil. Tək səbəb olduğunu düşünmürəm.
 

Əlbəttə, Fransa İnqilabının baş verməsinə çox şey təsir etdi. Ancaq mənim vurğuladığım və əvvəlki tarixçilər tərəfindən lazımınca qiymətləndirilmədiyini düşündüyüm komponent informasiyadır. Sanki başqa cəmiyyətlərdə informasiya yoxmuş kimi, biz informasiya cəmiyyətində yaşayırıq deyirik. Hesab edirəm ki, öz dövrünün mövcud mediasına uyğun olaraq hər bir cəmiyyət informasiya cəmiyyətidir. Ona görə də kitabımı Parislə məhdudlaşdırdım. Parisdə informasiyanın necə dövr elədiyini, məsələn, xəbər mənbələrinin nə olduğunu öyrənməyə illər sərf etmişəm. Kitabın birinci hissəsini erkən informasiya cəmiyyətinin, əslində, necə işlədiyini təsvir etməyə sərf etmişəm. Çoxsaylı informasiya kanalları var idi, əminəm ki, kitablar da buraya daxildir. Amma dedi-qodular və mahnılar da var idi. 
 

Məlum olur ki, informasiyanın yayılmasında mahnılar son dərəcə əhəmiyyətli olub. Parisin xüsusi yerlərində - Pale-royal bağındakı Krakov ağacının altında, Lüksemburq və Tüilri bağlarındakı müəyyən skamyalarda bir yerə toplaşan qruplar var idi. Bütün kafelərdə müzakirələr gedirdi. Bundan əlavə, insanlar dövlət tədbirlərinin keçirilməsinə baxanda informasiyanı öz gözləri ilə də qəbul edirdilər. Bu cür tədbirlər daim keçirilirdi. Adətən, müəyyən qrupların statusu, yaxud əhəmiyyətinə uyğun şəkildə təşkil edilən bir növ paradlar da təşkil olunurdu. Parada baxmağa gedirsən və tez-tez paradlar dağılır. Uğursuzluqlar olur və zorakılıq baş verəndə insanlar ayaq altında qalıb ölürdü. Beləliklə, şifahi halda, əlyazma şəklində, yeraltı əlyazma xəbər bülletenləri və çap vasitəsilə aparılan, belə demək mümkünsə, ictimaiyyətlə əlaqələr anlayışı var idi. Bu informasiya kanallarının hamısı hadisələr haqqında informasiya vermək üçün bir araya gəlmişdi.
 

İndi mənim arqumentim budur ki, hadisələr dünyaya çılpaq gəlmir. Onlar yanaşma, dəyərlər, gözləntilər, keçmişin xatirələri, gələcəyə ümidlər və hər cür emosiyaya bürünmüş şəkildə dünyaya gəlirlər. Beləliklə, mənim arqumentim bundan ibarətdir ki, biz təkcə nə baş verdiyini deyil, insanların baş verənləri necə qavradığını bilməliyik. Buna görə də bu kitab Fransa İnqilabından əvvəlki 40 il ərzində baş verən hadisələrin kollektiv şəkildə necə qavranıldığının tədqiqidir. Bu baxımdan informasiyanın özünü vacib komponent kimi vurğulayan bu arqumenti yeni arqument hesab edirəm. Və bu gün hamımız informasiya, saxta xəbərlər, müəyyən informasiya vasitəsinin yayılması və s. haqqında düşündüyümüz üçün bunun keçmişdə nəyin həlledici faktor olduğuna dair məlumatlılığımızı gücləndirə biləcəyini düşünürəm.
 

- Sonda sizə “Kitabıstan”ın ənənəvi sualını vermək istəyərdim. Oxucularımıza hansı kitabı oxumağı məsləhət görərdiniz?
 

- Oh! Sonsuz sayda kitab var. Bilirsiniz, bu yaxınlarda “Hərb və sülh” əsərini yenidən oxudum. Mən onu həmişəkindən daha çox sevdim. Bu, çox uzun bir kitabdır, amma bu kitabı bitirdim və arzu etdim ki, kaş daha uzun olaydı. Bu kimi kitablar hadisələr haqqında anlayışınızı inkişaf etdirmək üçün çox vacibdir. Mən həm də hesab edirəm ki, informasiya və informasiyanın necə yayıldığı haqqında maarifçilik dövrünün bəzi kitablarını müasir baxış bucağı ilə yenidən oxumaq maraqlı olardı. Beləliklə, XVIII əsr Fransasından bir kitab tövsiyə etməli olsam, düşünürəm ki, bu, Didronun “Ramonun qardaşı oğlu” kitabı olar. Bu, çox əyləncəli, heyranedici və çətin bir əsərdir, çünki sonu aydın bitmir. Oxucu özü bundan baş çıxarmalıdır. Mən keçmişin məşhur böyük kitabları haqqında düşünürəm. Düzdür, “Hərb və sülh” göz qabağındadır, amma düşünürəm ki, Didro yenidən oxumağa layiqdir. Çünki o, Volterdən daha çox müasir həssaslıqlarımıza toxunur. “Ramonun qardaşı oğlu” və ya “Fatalist Jak və ağası” əsərlərini oxuyun, çox əylənəcəksiniz və bir çox yanaşmalarınızı sorğulamaq üçün impuls qazanacaqsınız.
 

- Sualları cavablandırdığınız üçün çox sağ olun.
 

- Müsahibə üçün siz də sağ olun.

 

 

 

Şəkil: Kitabıstan

 

Mələk Hacıyeva


 

04.07.2023

Bunu paylaş

Linki kopyalayaraq paylaş