Baş katib Xose Borqino Bakıda nəşretmə azadlığı haqqında danışdı
May ayının 5-də “KITABISTAN TALKS”un növbəti konfransı keçirilib.
Kitabıstanın bu dəfəki qonağı Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Xose Borqino olub. “Nəşretmə azadlığı və senzura” mövzusunda keçirilən konfransda X.Borqino Beynəlxalq Naşirlər Assosiasiyasının fəaliyyəti, nəşretmə və yaradıcılıq azadlığının əhəmiyyəti, süni intellektin müəlliflik hüququna, nəşretməyə təsiri və təhlükələri haqqında danışıb.
Konfransı giriş sözü ilə açan Kitabıstanın həmtəsisçisi Şəhriyar Məcidzadə bildirib ki, bu gün senzura daha təkmilləşmiş haldadır:
“Senzura bütün dövrlərdə olub. Mətnlərin çıxarılması, kitabların qadağan edilməsi və yandırılması... Amma bu gün senzura daha təkmilləşmiş haldadır. Mətnlərdə mənaların dəyişdirilməsi, yanlış tərcümələr... Bütün bunlara bir əlavə də var: istinadsızlaşdırma.
İndi mən bu mövzu ilə bağlı hamımızın görəcəyi bir nümunə çəkəcəyəm. Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi cənab Xose Borqino Kitabıstanın dəvəti ilə ilk dəfə Azərbaycana gəlir, “Nəşretmə azadlığı və senzura” mövzusunda konfrans keçirir. Əhəmiyyətli hadisədir, elə deyil? Amma zala baxıram, 1942-ci ildə tərəfsiz və obyektiv informasiya təmin etmək üçün yaradılan “Amerikanın səsi”ni və digər beynəlxalq media təmsilçilərini bu zalda görmürəm. Sabah, yaxud birigün dünyanın istənilən ölkəsində olan və obyektiv informasiya almaq istəyən şəxs cənab Xose Borqinonu, yaxud Kitabıstanı, yaxud “Nəşretmə azadlığı və senzura” mövzusunu dünya axtarış sistemi “Google”a yazıb sorğu edəndə oradan heç nə çıxmayacaq. Sanki bu tədbir olmayıb, Xose Borqino Bakıya gəlməyib və siz bu konfransda iştirak etməmisiniz.
Fikrimcə, bu problem üzərində hamımız düşünməliyik və çıxış yollarını birlikdə axtarmalıyıq. Bilmirəm, səsimiz eşidiləcək, yoxsa yox, amma hesab edirəm ki, qlobal media quruluşları ədalətli və obyektiv informasiyanı təmin etmək üçün səylərini artırmalıdır”.
Ş.Məcidzadənin çıxışından sonra Kitabıstanın xüsusi olaraq konfrans üçün hazırladığı videoçarx təqdim olunub və daha sonra söz Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Xose Borqinoya verilib. X.Borqino çıxışına başlayarkən zala sual ünvanlayıb:
“Bir anlıq ağlınıza ya hökumət, ya ailəniz, ya da sosial çevrənizdə qəbul edilməyəcəyini bildiyiniz bir fikri gətirin. Burada fikir polisi yoxdur, amma əgər biz sizin aranızdan birini seçib, həmin fikri hamının içində səsləndirməsini istəsəydik, bunu edərdiniz?”
Bu sualdan sonra X.Borqino Beynəlxalq Naşirlər Assosiasiyası (IPA) haqqında məlumat verib və müəlliflik hüququ, yaradıcılıq və nəşretmə azadlığı haqqında danışıb:
“Beynəlxalq Naşirlər Assosiasiyası 1896-cı ildə Parisdə yaradılıb. O, müəllif hüquqlarını və nəşretmə azadlığını təşviq etmək məqsədi ilə yaradılıb və bunlar bu gün “IPA”in iki sütununu təşkil edir.
Müəlliflik hüququ müəllifin yaradıcılığının, vaxtının mükafatlandırılmasını təmin edən şeydir ki, onlar daha çox kitab yaza bilsinlər. Bu, həm də naşirlərin öz vaxtına və kapitalına qoyduğu sərmayədən gəlir əldə etməsini təmin edir. Müəlliflik hüququ barədə dünyanın müxtəlif bazarları fərqli problemlərlə üzləşir. Bir çox Qərb bazarlarında problem əsasən rəqəmsal piratçılıqdır. Bir çox digər bazarlarda isə fiziki piratçılıq hələ də böyük problem olaraq qalır.
Beynəlxalq Naşirlər Assosiasiyasının tərkibindəki Nəşretmə Azadlığı Komitəsi eyni zamanda Fransa maarifçilik filosofunun adını daşıyan və nəşretmə azadlığı mükafatı olan “Prix Voltaire”i (Volter mükafatı) idarə edir. Volterin ifadə azadlığı lehinə fəaliyyəti bir bioqraf tərəfindən belə təsvir edilmişdi: “Mən sizin dediklərinizlə razı deyiləm, lakin sizin bunu demək hüququnuz uğrunda ölənə qədər vuruşacağam”.
Beynəlxalq Naşirlər Assosiasiyası hər yerdə nəşretmə azadlığını tək təmin edə bilməz. Səylərimizi artırmaq üçün müəllifləri, kitab satıcılarını və kitabxanaları təmsil edən digər beynəlxalq təşkilatlarla birlikdə bütün bu azadlıqlara təkcə qanunda deyil, həm də praktikada riayət olunmasını təmin etmək üçün çalışırıq”.
"Mən Kitabıstan mağazasında dünən olmuşam. Onların insanların ianələri ilə kitab mağazası açmaqdakı əzmkarlığından çox təsirləndim".
X.Borqino çıxışının sonunda əvvəl verdiyi suala qayıdıb:
“Sizdən üzr istəyirəm. Mən bayaq sizə yalan danışdım. Mən sizi əmin etmişdim ki, burada fikir polisi yoxdur. Amma onlar buradadırlar. Onlar hər birimizin öz içindədirlər. Bizi məcbur edirlər ki, bu fikirləri yüksək səslə söyləmək və ya başqaları ilə bölüşmək barədə iki dəfə düşünək. Özünüsenzuranın faciəsi budur”.
Daha sonra auditoriyanın suallarını cavablandıran Xose Borqino Kitabıstan haqqında danışıb:
“Kitabıstan məni burada qonaq edir. Mən Kitabıstan mağazasında dünən olmuşam. Onların insanların ianələri ilə kitab mağazası açmaqdakı davamlılığı və əzmkarlığından çox təsirləndim. Düşünürəm ki, bu çox maraqlı bir modeldir. Mən bunu etmiş başqa bir yer tanımıram”.
Senzura haqqında suala cavab verərkən bildirib ki, ən liberal demokratiyalarda belə hədlər var:
“Mən başa düşürəm ki, hər zaman bir limit var. Məsələn, hətta dünyanın ən liberal demokratiyalarında belə bomba düzəltməyin yolunu nəşr etməklə bağlı müəyyən edilmiş hədlər var. Yəni siz bombanın necə düzəldilməli olduğu ilə bağlı bir yazı yazıb, internetə yerləşdirə bilməzsiniz. Amerikadakı prinsiplə eynidir. Orada konstitusiyada təsbit olunub ki, ifadə azadlığı təmin olunur. Lakin Amerikada bir teatrda yanğın baş vermədiyi müddətcə “Yanğın!” deyə qışqıra bilməzsiniz”.
Konfransın sonunda Beynəlxalq Naşirlər Assosiasiyasının baş katibi Xose Borqinoya dünyada ifadə və yaradıcılıq azadlığının müdafiəsi, müəlliflik hüququ və nəşretmə azadlığının qorunması uğrunda fəaliyyətinə görə Kitabıstanın Fəxri vətəndaşı adı verildi.
Qeyd edək ki, konfransda Belçika Krallığının Azərbaycandakı səfiri cənab Mişel Pitermans, Göte Mərkəzinin rəhbəri xanım Sonya Lau, müstəqil naşirlər və yazıçılar da iştirak ediblər.
05.05.2024