Elin Floberghagenin Kitabıstana verdiyi eksklüziv müsahibəni təqdim edirik.

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Elin Floberghagen: "Demokratiya mətbuat azadlığı olmadan mövcud ola bilməz"

Elin Floberghagenin Kitabıstana verdiyi eksklüziv müsahibəni təqdim edirik.

Norveç 7 ildən çoxdur ki, Ümumdünya Mətbuat Azadlığı İndeksində ardıcıl olaraq 1-ci sırada yer alır. Mətbuat azadlığının qlobal səviyyədə gerilədiyi, dezinformasiya, saxta xəbər, informasiya manipulyasiyasının olduqca geniş yayıldığı dövrdə Norveçin mətbuat modeli öyrənmək üçün çox yaxşı nümunə sayıla bilər.

Norveç mətbuat azadlığı sahəsində inkişafa necə nail olub? Ölkə dezinformasiyaya, saxta xəbərlərə qarşı necə mübarizə aparır və media təşkilatları bu sahədə hansı addımları atır? Bu və oxucularımıza maraqlı olacağını düşündüyümüz digər sualları Norveç Mətbuat Assosiasiyasının baş katibi xanım Elin Floberghagenə ünvanladıq. Həmçinin onunla Norveçin KİV və media təşkilatlarının media savadlılığı, süni intellekt dövründə saxta xəbər, dezinformasiya və propaqandanın müəyyən edilməsindəki rolu haqqında söhbət etdik.

 

Sizə xanım Elin Floberghagenin Kitabıstana verdiyi eksklüziv müsahibəni təqdim edirik.

 

 

- Xanım Elin Floberghagen, sizi “Kitabıstan vs DisInfo” müsahibə seriyasında salamlamaqdan məmnunam. Dünyada ifadə və media azadlığına təzyiqlərin, jurnalistlərə qarşı təqiblərin artdığı bir vaxtda bu müsahibəni olduqca əhəmiyyətli hesab edirəm. İnanıram ki, sizinlə bu müsahibə də oxucularımız və izləyicilərimiz üçün faydalı olacaq.

Beləliklə, qeyd etdiyim kimi, bu gün biz bütün dünyada mətbuat və ifadə azadlığının boğulduğunun şahidi oluruq. Bununla belə, Norveç artıq yeddi ildir ki, Dünya Mətbuat Azadlığı İndeksində birinci yerdədir. Norveç Mətbuat Assosiasiyasının baş katibi kimi Norveçin mətbuat azadlığı modelinin uğurunu necə izah edərdiniz və assosiasiya bu modeli qoruyub saxlamaq və gücləndirmək üçün hansı işləri görür?

 

- Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Düşünürəm ki, bunlar, şübhəsiz ki, çox mühüm və vacib suallardır. Deyərdim ki, Norveç sistemini başa düşmək üçün onun bir çox müxtəlif hissələrdən ibarət olduğunu qeyd etmək lazımdır.

İlk növbədə, ifadə azadlığı bizim konstitusiyamızda təsbit olunub. Həmçinin konstitusiyada deyilir ki, hökumət plüralizmi, ifadə və mətbuat azadlığını təmin etmək məsuliyyəti daşıyır. Bundan əlavə, konstitusiyada o da göstərilir ki, hökumətin sənədləri, iclasları və sair ictimaiyyət üçün açıq olmalıdır. Belə ki, məlumatların əlçatanlığı mətbuat azadlığının mühüm hissəsidir. Əgər məlumatlar sizə açıq deyilsə, hökumət məsələləri ilə bağlı fakt-yoxla, tənqidi jurnalistika, araşdırma jurnalistikası ilə məşğul ola bilməzsiniz. Yəni bu, konstitusiyada təsbit olunub.

Ölkəmizdə həmçinin belə bir qanun var ki, istənilən redaksiyada, istənilən media qurumunda baş redaktordan başqa heç kim məzmunla bağlı qərar verə bilməz. Nə qurumun sahibi, nə reklam verənlər, nə də hökumət... Yalnız bir nəfər. Başqa heç kim. Norveçin media sistemi - bildiyiniz kimi, biz çox kiçik bir ölkəyik - təxminən 250 müxtəlif addan, media şirkətindən ibarətdir. Onların böyük əksəriyyəti yerli xəbər qurumlarıdır. Bizim bir dövlət yayımçımız və kommersiya yayımçılarımız var.

Beləliklə, sistem elə qurulub ki, biz hər səviyyədə - yerli, regional və milli səviyyədə media şirkətləri arasında rəqabət istəyirik. Biz Norveç Mətbuat Assosiasiyası olaraq bir çətir təşkilatıyıq. Bu terminlə tanışsınız? Bizim üzvlərimiz Norveçdəki müxtəlif media təşkilatlarıdır. Norveç Jurnalistlər İttifaqı, Norveç Redaktorlar Assosiasiyası, Norveç Naşirlər Assosiasiyası və s. Milli səviyyədə altı fərqli böyük mətbuat təşkilatı var. Onlar bizim üzvlərimizdir. Onların da bütün üzvləri yenə bizim etik kodeksimizə əməl etmək məsuliyyəti daşıyırlar.

Norveç mətbuatı üçün etik kodeksi ilk dəfə 1936-cı ildə, demək olar ki, 100 il əvvəl qəbul etmişik. Biz bu kodeksi gündəlik işimizdə hər zaman istifadə edirik. Bizdə bu etik kodeks olduğu üçün medianın onlara qarşı pis davrandığını düşünən, hansısa yazıda, televiziyada, yaxud başqa bir yerdə özünü müdafiə edə bilməyən insanlar bizə şikayət edə bilərlər. Biz mətbuat şuramızda, Mətbuat Şikayətləri Komissiyasında ildə 250-yə yaxın şikayətə baxırıq. Bu proses 100 faiz bizim tərəfimizdən maliyyələşdirilir və idarə olunur. Dövlətdən və ya başqa bir yerdən heç bir maliyyə almırıq və sistemimiz üzərində heç bir hökumət nəzarəti yoxdur. Hökumət də həqiqətən bizim etik kodeksimizə və Mətbuat Şikayətləri Komissiyasına hörmət edir.

Mən artıq demək olar 25 ildir bu işdəyəm və heç vaxt onların medianın məzmununa müdaxilə etməyə çalışması ilə rastlaşmamışam. Çünki məzmuna böyük hörmətlə yanaşılır.

Amma bu köhnə bir sistemdir, nəsildən-nəslə keçərək qurulub. Deyərdim ki, sistem bu sistemlə razılaşan bütün jurnalistlər, redaktorlar, naşirlər arasındakı çox geniş əməkdaşlığa söykənir. Bunu vurğulamaq çox vacibdir, çünki düşünürəm ki, başqaları belə bir sistem qurmağa çalışdıqda, onlar eyni əməkdaşlığa sahib olmaya bilərlər. Onu qurmaq üçün vaxt lazımdır.

 
“Diqqətli ol” posteri, Norveç mediasının etik kodeksi
Hazırlayan: Trude Hansen 
 

 

- Jurnalistikanın etik kodeksini qeyd etdiniz. Bəlkə də “Diqqətli ol” posteri haqqında daha geniş danışmaq yaxşı olardı. Çünki bu, Norveç Mətbuat Assosiasiyasının əsas təşəbbüslərindən biridir və jurnalist etikası kodeksi hesab olunur. Amma təəssüf ki, bir çox ölkələrdə biz tez-tez jurnalistika etikasının əsas prinsiplərinin pozulmasının şahidi oluruq. Məsələn, mətbuat ifadə azadlığını qorumalı və ya jurnalistlər kommersiya və siyasi maraqlara xidmət etməməlidirlər, faktların yoxlanılması, yaxud mənbələrə tənqidi yanaşma təmin olunmalıdır. Assosiasiya Norveçdəki media nümayəndələrinin “Diqqətli ol” posterində qeyd olunan əsas prinsiplərə əməl etmələrini necə təmin edir və pozuntular aşkar edildikdə hansı tədbirlər görülür?

 

- Əgər sonuncu sualdan başlasam... Bir media qurumu etik kodeksi pozduqda mətbuat şurasının olduqca uzun bəyanatını yayımlamağa borcludur. Onlar həmçinin davranış kodeksini pozan məqaləni etiketləməlidirlər. Belə ki, insanlar bunu sonradan oxuyanda biləcəklər ki, bu, yaxşı bir məzmun deyil və səbəbi də budur. Bütün media şirkətləri buna hörmətlə yanaşır və davranış kodeksini pozduqdan sonra bunu edirlər. Deyərdim ki, baş redaktora bunu etdirməkdə çətinlik çəkdiyimiz cəmi bir halı xatırlayıram. Yəni bu, işlək bir sistemdir. Bu, bir növ ictimai qınaq sistemidir. Sizi mətbuat şurasındakı həmkarlarınız mühakimə edirlər. Onların da təbii ki, əksəriyyəti jurnalistlər və redaktorlardır. Bu önəmli məqamdır.

Əgər bir jurnalist kimi, məsələn, Norveç Jurnalistlər İttifaqına üzv olmaq istəyirsinizsə, etik kodeksə əməl etmək ilk üzvlük meyarıdır. Əgər əməl etmirsinizsə, üzv ola bilməyəcəksiniz. Jurnalistlərin isə demək olar 100 faizi Jurnalistlər İttifaqının üzvüdür. Eyni şey Redaktorlar Assosiasiyasına və Naşirlər Assosiasiyasına da şamil olunur. Onlar bəyan etməlidirlər ki, etik kodeksə əməl edəcəklər, həmçinin mətbuat azadlığının, ifadə azadlığının, müzakirənin, iqtidarda olan hər kəsə tənqidi baxışın və s. təmin edilməsi üçün təməl prinsiplərə uyğun fəaliyyət göstərəcəklər. Ona görə deyərdim ki, bizim bununla bağlı problemimiz yoxdur.

Əlbəttə ki, bəzən kodeksi pozan media şirkətləri olur. Deyərdim ki, aldığımız bütün şikayətlərin təxminən 25 faizi davranış kodeksinin pozulması ilə bağlı olur. Amma bu işləkdir. Sistem işləyir və onlar bundan öyrənirlər. Həmçinin ofisimizdə iş vaxtının 100 faizini bu şikayətlərlə işləməyə sərf edən dörd işçimiz var. Amma mən də vaxtımın böyük bir hissəsini redaksiyalara, jurnalistlərə, redaktorlara, nəşriyyatlara baş çəkməyə və etik kodeks prinsiplərdən danışmağa sərf edirəm.

Biz həmçinin universitetlərdə tələbələr üçün, eyni zamanda ictimaiyyət üçün çoxsaylı mühazirələr təşkil edirik. Biz jurnalistikanın necə işlədiyi barədə daha açıq, daha şəffaf olmalıyıq. Bizim metodlarımız nədir? Etik prinsiplərimiz nədər ibarətdir? Bir jurnalist kimi nəyi edə bilərsən, nəyi edə bilməzsən? Beləliklə, onlar jurnalistikaya internetdəki böyük xaosdan daha çox etibar edə bilməlidirlər. Amma özümüzdən başlamalıyıq. Əlbəttə ki, bunu hər bir redaksiya, hər bir jurnalist özü tətbiq etməlidir və onlar etik məsələlərlə bağlı gündəlik müzakirələr aparmalıdırlar.

 

- Müstəqil və tərəfsiz media demokratiyanın mühüm sütunlarından və hətta müdafiəçilərindən biridir. Təcrübə onu da göstərir ki, qlobal miqyasda mətbuat və ifadə azadlığı sahəsində geriləmələr həmişə demokratiyalar iflasa uğramazdan əvvəl baş verir. Sizcə, bu çağırışlar qarşısında mətbuat azadlığı necə qoruna bilər?

 

- Deyərdim ki, demokratiya mətbuat azadlığı olmadan mövcud ola bilməz və əksinə.

Bu mümkün deyil, çünki ictimaiyyətin məlumat almaq, etibar edilən şəxslərdən yoxlanılmış faktlarla məlumat almaq hüququna malik olması təmin olunmalıdır. Həmin şəxslər isə jurnalistlər olmalıdır, çünki onlar müstəqil qüvvədir. Amma deyərdim ki, bu gün dünyada mətbuat azadlığı ilə bağlı çox böyük problemlər var və bu yanlış yola irəliləyir. Ən azı son 10 ildə ildən-ilə tənəzzülə uğrayır. Həmçinin demokratiya da tənəzzül edir.

Bilirsiniz, hazırda 10 il əvvəlkindən daha az demokratik ölkə mövcuddur. Düşünürəm ki, nə edəcəyimizi razılaşdırmaq və əməkdaşlıq etmək üçün media sənayesini bir araya toplamaq lazımdır. Çünki biz dövrümüzün ən vacib məsələsində bir yerdəyik. Mən bu istiqamətdə başlayardım, çünki özümüzdən başlamaq lazımdır. Əgər biz özümüz razılaşmırıqsa, hökumət məsələləri ilə bağlı yüksək səslə qışqırmağın faydası yoxdur. Ona görə də biz bu sistemi sıfırdan yaratmalıyıq. Bundan sonra təbii ki, dünyadakı bütün hökumətlərin qarşısına öz qanunlarında mətbuat azadlığını təmin etmək məsələsini qaldırmalıyıq. Amma təkcə onların qanunlarında yox, həm də qanunları icraetmə tərzində, praktikada. Çünki biz tez-tez görürük ki, hər şey qanunda təsbit olunub, amma buna əməl edilmir. Həmçinin düşünürəm ki, mediaya dair müxtəlif platformaların olduğu və onların bir-biri ilə rəqabət apardığı plüralist media sisteminin təmin olunması üçün lobbiçiliklə siyasi səviyyədə işləmək çox vacibdir. Çünki biz dövlətin ya özünün, ya da tərəfdarlarının media üzərində nəzarəti ələ alması ilə bağlı çoxsaylı nümunələrə şahid oluruq. Onlar tənqidi jurnalistikanın qarşısını almağa çalışırlar. Beləliklə, bu, böyük bir problemdir və verdiyiniz böyük bir sualdır.

Düşünürəm ki, biz Norveçdə çox-çox şanslıyıq, çünki yüz il əvvəl bəzi çox müdrik adamlar bu sistemi qurublar və bir neçə nəsil onu inkişaf etdirib. Yəni biz bundan başqa sistem görməmişik. Lakin dünyanın qalan hissəsində belə bir sistemin olmadığı bir çox yerlər var və onu qurmaq üçün vaxt və böyük səy tələb olunur.

 

- Demokratik cəmiyyətlər üçün azad və tərəfsiz medianın əhəmiyyətini vurğuladığınız üçün çox sağ olun. Amma düşünürəm, siz də mənimlə razılaşarsınız ki, həqiqi demokratik cəmiyyət gender bərabərliyinin təmin olunduğu cəmiyyətdir. İndi də mətbuatda gender əsaslı nifrət nitqinin və gender diskriminativ narrativlərin artdığını görürük. Bu, xüsusilə, onlayn mediada özünü göstərir. Qadın jurnalistlərin, siyasətçilərin və ya fəalların hücuma məruz qaldığının şahidi oluruq. Sizcə, gender əsaslı nifrət nitqi və diskriminativ narrativlərlə necə effektiv mübarizə apara bilərik? Assosiasiya bununla bağlı hansı addımları atır?

 

- Əvvəla, deyərdim ki, bu gün Norveçdə belə bir hal yaşamırıq. Amma təbii ki, başqa ölkələrdə qadın jurnalistlərə qarşı gender əsaslı nifrət nitqi haqqında çox oxuyuram. Təkrarən deyərdim ki, jurnalistlərin, redaktorların, naşirlərin toplandığı debatlarda bu məsələnin qaldırılması çox vacibdir. Norveçdə jurnalistlərə qarşı təhdidlərə sıfır tolerantlıq göstəririk. Biz bu məsələ ilə bağlı həm polislə, həm də hakimiyyət orqanları ilə əlaqə qurmuşuq. Belə ki, insanlar jurnalistika fəaliyyətinə görə təhdid ediləndə onlar bu kimi hallara öncəlik verməlidirlər. Onlar bizimlə razılaşıblar və Norveçin bütün rayon polis idarələrinə göstəriş verilib ki, hansı genderdən olmasından asılı olmayaraq jurnalistlərə qarşı təhdidlərlə bağlı işlərin araşdırılması yüksək prioritetə sahib olmalıdır. Çünki bu, demokratiyaya hücumdur. Beləliklə, bu məsələni həll etməyin bir yolu bu ola bilər.

Amma məncə, etik kodeksilə işləmək də vacibdir, çünki etik kodeks jurnalistin rolunun nədən ibarət olduğunu və jurnalistika metodlarının nədən ibarət olduğunu göstərməlidir. Kişi və ya qadın olmağınız xəbərin necə yayıldığına, yaxud alındığına heç bir təsir göstərməməlidir. Bizim baş redaktorlarla da yaxın əlaqəmiz var. Çünki onların hücuma məruz qalan və ya təhdid edilən jurnalistləri varsa, dərhal polisə müraciət etməli, jurnalistləri qoruyub onların müdafiəsi üçün tədbirlər görməlidirlər.

Norveçdə belə hallar çox deyil. Bəlkə ildə beş hadisə və ya buna yaxın bir rəqəm... Bu rəqəm jurnalistlərə qarşı təhdidlərə əsaslanır. Onların bir çoxunda faktiki olaraq cinayətkar bunu etdikdən sonra məhkəmədə mühakimə olunub. Çünki dediyim kimi, bu, təkcə bir insana, kişi və ya qadına qarşı yox, demokratiyaya qarşı təhdiddir.

 

- Bu gün mətbuatın əsas problemlərindən biri dezinformasiyadır. Obyektiv informasiya ciddi təhlükələrlə üz-üzədir. Propaqanda ilə yanaşı dezinformasiya, misinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyası obyektiv məlumatı mühasirəyə alıb ki, bu da doğru məlumat əldə etməyi çətinləşdirir. Bu, faktların yoxlanılmasının son dərəcə çətin olduğu sosial mediada xüsusilə aydın görünür. Nəticə etibarilə bu, təkcə demokratik təsisatların fəaliyyətinə təsir etmir, həm də bu cür təhdidlər milli təhlükəsizliyə də ciddi risklər yaradır və ictimai iradəni manipulyasiya edir. Norveç fakt-yoxla alətlərini, xüsusən, rəqəmsal platformalarda saxta xəbərlərlə mübarizədə daha effektiv etmək üçün necə işləyir? Bu sahədə uğurlu təcrübələr varmı?

 

- İlk növbədə məlumat əldə etməyi, həmçinin iclaslara giriş və sairi təmin etmək üçün qanunlarımız, İnformasiyaya çıxış haqqında Akt var. Media şirkətləri təxminən 10 ildir ki, fəaliyyət göstərən fakt yoxlama şirkəti yaratmaq üçün bir araya gəliblər. Həmçinin onların veb saytı və onlayn xidməti var ki, bu da jurnalistlərə müxtəlif mümkün informasiya mənbələrinə çıxış əldə etməyə kömək edir.

Bununla yanaşı, Mətbuat Assosiasiyasında jurnalistlərə və redaktorlara bütün mümkün və bəzən qeyri-mümkün informasiya mənbələrinə çatmaqda kömək etmək üçün tamştatlı iki hüquqşünasımız var. Amma yenə də əməkdaşlığı vurğulayardım. Çünki bu fakt yoxlama sistemini Norveçdəki bütün əsas xəbər şirkətləri bir araya gələrək yaradıblar və bu olduqca yaxşı işləyir.

Biz Norveçdə dezinformasiyaya, dezinformasiyanın yayılmasına qarşı mərkəzin yaradılması təşəbbüsünü dəstəkləmişik. Bu, nəyin fakt, nəyin dezinformasiya olduğunu bildirməli olan bir mərkəz deyil. Bu, insanların dezinformasiya və saxta xəbərləri gördükdə tanıması, mənbələri tənqid etməkdən ötrü alətlərə sahib olması üçün məktəblərlə və əhalinin digər hissələri ilə işləyəcək bir mərkəzdir.

Düşünürəm ki, bu, indi propaqanda, dezinformasiya və saxta xəbərlərin yayılmasının çox asan olduğu süni intellekt dövründə də böyük problemdir. Ona görə də biz hər kəsə məlumatı necə yoxlamağı öyrətməliyik. Nəyə etibar etmək olar? Nəyə etibar etmək olmaz? Daha sonra bu fakt yoxlama şirkəti Rusiyanın Ukraynaya təcavüzündən sonra fotolar və videoları yoxlamaq üçün də bir təşəbbüsə start verib. Bu, həm Ukraynada, həm Qəzzada, həm də jurnalistlərin informasiyaya çıxışının çətin olduğu dünyanın digər yerlərində böyük məsələdir. Nəyə etibar edə bilərik? Hansı videolar doğru və faktdır? Nə deyil? Norveçdə getdikcə daha çox jurnalist fotolar və videoların yoxlanılmasında peşəkar olmaq üçün bu dərsləri alır.

 

- Söhbət dezinformasiya və propaqandadan getdiyi üçün qeyd etmək istərdim ki, media savadlılığı günümüzün zərurətinə çevrilib. Çünki o, xüsusilə, Rusiyanın Ukraynanı işğalından sonra davam edən informasiya müharibəsində fərdləri saxta xəbərlərdən, propaqanda və dezinformasiyadan qorumaq üçün ən təsirli vasitələrdən biridir. Bəs Norveçdə media savadlılığının təşviqi üçün hansı səylər göstərilir və media savadlılığının gücləndirilməsi üçün ən təsirli üsullar hansılardır? Bununla bağlı daha bir sual: fərdlər, hökumətlər və vətəndaş cəmiyyəti bu məsələdə hansı rolu oynamalıdır?

 

- Media savadlılığı məsələsinə gəldikdə, məktəblərdə, universitetlərdə və s. media sənayesinin gördüyü çox iş var. Mənbələrə tənqidi yanaşmanı öyrətmək üçün bu iş əsasən məktəblərdə aparılır. Nəyə etibar etməlisən? Nəyə etibar edə bilməzsən? Media necə işləyir? Media hansı etik qaydalara riayət etməlidir? Medianın etik kodeksə əməl etmədiyini görsələr nə edə bilərlər? Deyərdim ki, biz bu işlə çox məşğul oluruq. Həmçinin fakt yoxlama şirkəti bu işlə çox məşğul olur. Bir çox fərqli xəbər təşkilatları da hazırda məktəblərdə və s. gənclərlə, həmçinin cavanlarla xüsusi layihələr həyata keçirir. Çünki gördüyümüz odur ki, - bu, hazırda ən böyük problemlərimizdən biridir - gənclər xəbər mediasından çox “TikTok”u izləyirlər. Biz isə onları maraqlandıran, izləmək istədikləri və bu sistemi davam etdirə bilməyimiz üçün pulunu ödəmək istədikləri jurnalistika fəaliyyətinə sahib olmalıyıq.

Üzr istəyirəm, son sualınızı anladığıma əmin deyiləm.

 

- Son sualım belə idi ki, bu məsələdə fərdlər, hökumətlər və vətəndaş cəmiyyəti hansı rolu oynamalıdır?

 

- Oh, bu çox vacib sualdır. Düşünürəm ki, biz hər şeyi vətəndaş cəmiyyəti və ayrı-ayrı şəxslər üzərində qurmalıyıq. Dezinformasiyaya qarşı mərkəzin yaradılması təşəbbüsü ilə bağlı dediyim kimi, biz düşünürük ki, bu, yalnız vətəndaş cəmiyyətinə əsaslanmalıdır. Biz istəmirik ki, hökumət insanlara nəyin doğru, nəyin yanlış olduğunu və ya nəyin dezinformasiya olub-olmadığını desin. Düşünürük ki, bu məsələlərdə insanlar birlikdə çalışmalıdır. Hesab edirəm ki, həm ayrı-ayrı şəxslər, həm də bizim kimi təşkilatlar üçün belə təşəbbüsü dəstəkləmək vacibdir.

 

- Bu müsahibə və vaxtınızı ayırıb iştirak etdiyiniz üçün çox sağ olun.

 

- Mən təşəkkür edirəm.

 

 

Mələk Hacıyeva

02.06.2025

Bunu paylaş

Linki kopyalayaraq paylaş