Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

"Swisspeace"in direktoru "KITABISTAN TALKS"da çıxış etdi

Kitabıstanın budəfəki qonağı “Swisspeace” sülh tədqiqatı institutunun direktoru, Bazel Universitetinin siyasi elmlər üzrə professoru Loran Qudşel olub. “Geosiyasi dəyişikliklər dövründə sülh quruculuğunun əhəmiyyəti” mövzusunda keçirilən konfransda professor L.Qudşel “Swisspeace”in fəaliyyəti, sülhün əhəmiyyəti, aktiv münaqişə ocaqları, praktikada sülh quruculuğu haqqında danışıb.

 

Konfransı giriş sözü ilə açan Kitabıstanın həmtəsisçisi Şəhriyar Məcidzadə konfransın əhəmiyyəti haqqında danışıb:

 

“Hamımızın bir-birimizdən öyrənməli olduğumuz şeylər olduğu kimi, həm də müsbət nümunələrdən öyrənməli olduqlarımız var. Dünyada dayanıqlı sülhün iki müsbət nümunəsi haqqında danışmaq istəyirəm. Bunun biri Avropa İttifaqı modelidir. Aİ modeli göstərir ki, yüz illərlə davam edən müharibələr iki nəfərin təşəbbüsü ilə müsbət nəticələnə bilir. Bu, Şuman-Adenauer nümunəsidir.

 

 

İkinci nümunənin tarixi daha əvvələ gedir. İsveçrə multikultural ölkədir, dörd rəsmi dilə sahibdir. Ölkə çox mürəkkəb siyasi sistemə malikdir. Hər kantonun, hər icmanın özünün fəaliyyəti, hakimiyyət bölgüsü var. Bütün bunlara baxmayaraq, İsveçrə son 200 ilin ən mütərəqqi, dayanıqlı sülhlə inkişaf edən ölkələrindən biridir. Məhz buna görə biz “Swisspeace”in direktoru cənab Qudşeli konfransa dəvət etmişik”.

 

 

“Bir çox insanları bir araya gətiririk. Elə bu axşam burada olduğu kimi”

 

Şəhriyar Məcidzadənin çıxışından sonra söz professor Loran Qudşelə verilib. Professor L.Qudşel əvvəlcə “Swisspeace”in tarixi və fəaliyyəti haqqında qısa məlumat verib:

 

“Bizim təşkilatımızın spesifik profilinin ən önəmli cəhəti ondadır ki, biz sadəcə tədqiqatçı, yaxud tətbiqatçı deyilik. Biz bu ikisini əlaqələndirməyə çalışırıq. Bu isə “Swisspeace”in missiya bəyannaməsi ilə əlaqəlidir. Bu missiya dünyada sülh quruculuğunun tətbiq formasını inkişaf etdirməklə bağlıdır. Biz edilənləri nəzərdən keçirir, dəyərləndirməyə çalışır, həmçinin müşahidələrimizə əsasən, tədqiqat sualları formalaşdırırıq. Bu araşdırmaları müstəqil şəkildə aparır və nəticələri də nə olursa olsun, yayımlayırıq. Bir tərəfdə tədqiqatla məşğuluq, digər tərəfdə isə tətbiqatçılara məsləhət veririk.

 

 

Bir çox insanları bir araya gətiririk. Elə bu axşam burada olduğu kimi. Birlikdə öyrənməyə çalışırıq. Daha sonra isə öz təcrübələrimizi sülh quruculuğu sahəsindəki müxtəlif aktorlarla bölüşüb, təkmilləşdiririk”.

 

Daha sonra professor Loran Qudşel sülh quruculuğu anlayışı haqqında danışıb:

 

“Mahiyyət etibarilə sülh quruculuğu bütün növ münaqişələrdən yayınmaq demək deyil. Çünki münaqişələr insan qarşılıqlı əlaqəsinin, sosial əlaqənin bir parçasıdır. Biz hamımız bunu bir-birimizdən, öz təcrübələrimizdən bilirik. Sülh quruculuğunun qarşısında duran məsələ, yaxud onun məqsədi eskalasiyaların, belə demək mümkünsə, mütəşəkkil zorakılığa çevrilməsinin qarşısını almaqdır. Buna görə də əgər bir cəmiyyət, dövlət, yaxud hər hansı bir qurum münaqişələri müharibənin qarşısını alacaq şəkildə həll edə bilirsə, onlar sülh quruculuğunun hədəfinə çatmış hesab edilə bilərlər. Sülh quruculuğu isə bunun necə edilə biləcəyi haqqında daha çox şey öyrənmək məqsədi daşıyır”.

 

Professor bildirib ki, son illərdə baş verən geosiyasi dəyişikliklər sülh quruculuğunu daha da mürəkkəbləşdirir:

 

“İsrail-Fələstin, yaxud Rusiya-Ukrayna münaqişəsi kimi ayrı-ayrı olsa da, qlobal nəticələri olan münaqişələr mövcuddur. Bunun əksi də doğrudur. Bu o deməkdir ki, bu münaqişələr baş verdiyi yerlərdən çox-çox uzaqlara təsir edir”.

 

Professor L.Qudşel britaniyalı tarixçi Devid Çandlerdən sitat gətirib: 

 

“Devid Çandler bir neçə il əvvəl, Ukraynadakı müharibədən uzun müddət əvvəl sülh və təhlükəsizliyin radikal şəkildə demokratikləşməsinə olan ehtiyac barədə bir məqalə yazıb. Onun nəzərdə tutduğu bu idi ki, təhlükəsizlik və sülh yuxarıdan aşağı, qlobal səviyyədən yerli səviyyəyə doğru yox, daha çox aşağıdan yuxarı, yerli səviyyədən qlobal səviyyəyə doğru təsəvvür edilməlidir. Bu o mənaya gəlir ki, sülh ideyaları, sülh proqramları və sülh ilə bağlı fəaliyyətlər aşağıdan yuxarıya doğru inkişaf etməlidir. Bu gözəl fikirdir. Ancaq sual budur: hazırda dünyada bu nə dərəcədə realdır?”

 

 

Sülh quruculuğunda qadınların iştirakçılığı

 

 

 

Professor sülh quruculuğunda qadınların rolu haqqında suala cavab verərkən dedi ki, qadınların bu prosesdə zəif iştirakı qeyri-inklüzivliyə gətirib çıxarır:

 

“Bu kimi proseslərdə, yəni vasitəçilik, yaxud digər proseslərdə daha çox qadının iştirakı ümumi mənada daha yaxşı inklüzivlik üçün açar rolu oynayır. Buna görə də bu, həm daxildəki, həm də xaricdəki sülh prosesləri üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan açıqlıq istiqamətində ilk addımlar da atılıb. Biz birbaşa, yaxud dolaylı şəkidə Kolumbiyada baş verən hadisələrdə iştirak edirik. Bu prosesdə qadınların, yaxud digər azlıqların daha inklüziv şəkildə iştirakı ilə bağlı uzun müddətdir yazılar yayımlanmaqdadır. Ən azından indiyə qədər bu proses çox da pis getməyib. Düşünürəm ki, bu kimi müsbət nümunələrin təsiri olacaq”.

 

 

Konfransın sonunda “Swisspeace”in direktoru professor Loran Qudşelə münaqişələrin öyrənilməsində, sülhün təşviqi və sülh quruculuğundakı töhfələrinə görə Kitabıstanın Fəxri vətəndaşı adı verildi.

 

 

 

 

 

 

 

 

26.06.2024

Bunu paylaş

Linki kopyalayaraq paylaş