İqlim Liderliyi Koalisiyasının baş icraçı direktorunun Kitabıstana eksklüziv müsahibəsi
Kitabıstan və Danimarka, Finlandiya, Norveç, İsveç səfirliklərinin və Skandinaviya Nazirlər Şurasının tərəfdaşlığı ilə həyata keçirilən “Nordic Talks” layihəsi çərçivəsində Bakıda iki günlük səfərdə olan Avropanın ən böyük qeyri-kommersiya iqlim-biznes şəbəkəsi İqlim Liderliyi Koalisiyasının baş icraçı direktoru Tuuli Kaskinen Kitabıstana eksklüziv müsahibə verib. Həmin müsahibəni oxucularımıza və izləyicilərimizə təqdim edirik.
- Xanım Tuuli Kaskinen, “Nordic Talks” layihəsi çərçivəsində sizi Bakıda salamlamaqdan çox şadam. Siz Avropanın ən böyük qeyri-kommersiya iqlim-biznes şəbəkəsi olan İqlim Liderliyi Koalisiyasının (İLK - CLC) baş icraçı direktorusunuz. Müsahibəyə təmsil etdiyiniz koalisiya ilə bağlı suallarla başlamaq istərdim. İLK bu il 10 illik yubileyini qeyd edir. İLK-nin missiyası və məqsədləri nədir və o, son on ildə Avropanın ümumi iqlim məqsədlərinə necə töhfə verib?
- Öncə dəvətə görə çox təşəkkür edirəm. Xüsusilə, indi, beynəlxalq iqlim siyasətində mühüm addım kimi əlamətdar olan COP29 ərəfəsində burada olmaq çox gözəldir. İqlim Liderliyi Koalisiyası on il əvvəl müxtəlif sektorlardan olan böyük Finlandiya şirkətləri tərəfindən yaradılıb ki, şirkətlərin iqlim dəyişikliyini azaltmaq üçün qlobal miqyasda genişləndirilə bilən həllərə, texnologiyalara sahib olduğunu və bu kimi həlləri yarada biləcəyini göstərsin. Onların bunu edə bilmələri üçün isə qanunvericilər və müəssisələr arasında kifayət qədər yaxşı dialoq olmalıdır ki, mühitin də işlək olduğuna və bunu dəstəklədiyinə əmin olsunlar. Ən yaxşı ekoloji məhsulların biznesə də ən münasib olduğu mühiti yaratmaq üçün şirkətlərin və qanunvericilərin birlikdə işləməsi vacibdir. Bu illər ərzində bizim əsas məqsədimiz də bu olub. Biz Aİ ilə kifayət qədər sıx işləyirik. Bütün dünyada yaşıl və təmiz həllərin uğurlu olması üçün bərabər şərait yaratmaq məqsədilə illərdir Aİ-nin emissiya ticarəti sistemini dəstəkləyir və hazırda qlobal karbon qiymətqoyma sistemləri ilə də işləyirik. Bu, yəqin ki, bu illər ərzində işlədiyimiz ən vacib sahədir.
- Finlandiya bərpaolunan enerjiyə, xüsusilə, külək və günəş enerjisinə böyük diqqət yetirir ki, bu sahələrdə də son illərdə nəzərəçarpacaq artım müşahidə edilir. İLK yaşıl keçidi təşviq etmək üçün Finlandiyada yerli və milli səviyyədə siyasətin işlənib hazırlanmasına və qərarların qəbuluna necə dəstək verir?
- Əvvəla, yaşıl investisiyaların olması, Finlandiyada qlobal sərmayələrin ölkəyə gəlmək istəyəcəyi, yerli şirkətlərin isə sərmayə qoymaq istəyəcəyi bir mühitin olması və həm yerli, həm də beynəlxalq bazara xidmət edən istehsalın olması vacibdir. Biz hansı siyasətlərin bu inkişafı dəstəkləyəcəyini nəzərdən keçirmək üçün illərdir Finlandiya hökuməti ilə birlikdə çalışırıq. Əlbəttə ki, ən vacib şey, yəqin ki, proqnozlaşdırıla bilən olmaq, ətrafımızda gördüyümüz bu yaşıl keçidin inkişaf prosesinin, həqiqətən, addım-addım baş verdiyinə əmin olmaqdır. Beləliklə, bu mənada həm investisiya ilə bağlı fəaliyyətlər, həm də karbon emissiyası hədəfləri bizim üçün əhəmiyyətli olub. Finlandiya 2035-ci ilə qədər karbon neytral olmağı planlaşdırır və bu, ölkə üçün bu kimi məsələlərin necə idarə ediləcəyi ilə bağlı uzunmüddətli plandır. Planın bu olduğunu bilmək şirkətlər üçün proqnozlaşdırıla bilən bir mühit yaradır. Həmçinin icazə prosesləri, əslində, kifayət qədər vacib mövzudur. Çünki çoxsaylı yerli sərmayələr qoyulduğu üçün tikiləcək çox yeni yerli obyekt var və icazə prosesləri də çoxdur.
Beləliklə, bütün bu obyektləri tikməyin mümkün olub-olmamasına insanlar və hökumət qərar verməlidirlər. Bu icazə proseslərinin sürətli işləməsini təmin etməyin özü də üzərində kifayət qədər işlədiyimiz məsələdir.
- Xanım Kaskinen, İLK şirkətləri karbon ayaq izlərini azaltmağa və bərpaolunan enerjiyə keçid etmək üçün tədbirlər görməyə necə təşviq edir? Və şirkətlər bundan nə qazanır?
- Hər şeydən əvvəl, şirkətlər öz karbon ayaq izlərinin ölçüsünə nəzər salmalı və onu necə azaltmaq barədə plan qurmalıdır. Biz öz üzvlərimizi və digər şirkətləri Elm Əsaslı Hədəflər (Science Based Targets) təşəbbüsünə nəzər salmağa təşviq edirik. Bu təşəbbüs şirkətlərin emissiyaları azaltmaq hədəflərini ölkə hədəfləri ilə uyğunlaşdıran modeldir. Beləliklə, Elm Əsaslı Hədəflər şirkətlər üçün bir növ ilk addımdır. Daha sonra biz karbon əl izi konsepsiyası ilə də işləyirik. Burada ideya ondan ibarətdir ki, şirkət dəyər zənciri boyunca emissiyaların azaldılmasını dəstəkləyən məhsullar yaradır. Belə ki, məsələn, Finlandiyadan satılan bir avadanlıq varsa və o, digər ölkələrdə emissiyaları azaldırsa, bu, qlobal miqyasda həyata keçirə biləcəyimiz sistem dəyişikliyidir. Bunu ölçmək və anlamaq şirkətlər üçün də vacibdir. Beləliklə, biz onları bunların hər ikisini etməyə təşviq edirik. Həm öz emissiyalarının hansı səviyyədə olduğunu bilməyə və həm də beynəlxalq bazara təqdim edə bildikləri məhsul və xidmətlər vasitəsilə sistemli dəyişiklikləri gücləndirməyə. Düşünürəm ki, bu məsələdə şirkətlər üçün ən əhəmiyyətli və yaxşı şey, həmçinin qlobal bazarlardan öyrəndiyimiz şey odur ki, yaşıl bazar, belə demək mümkündürsə, köhnə bazardan daha sürətli böyüyür. Beləliklə, yaşıl bazar və yaşıl məhsullar bazarını qəhvəyi bazarlarla müqayisə etsəniz, əslində qlobal artım burda daha sürətlidir. Təbii ki, bir ölkə üçün inkişaf edən bazarlarda məhsullarının olması vacibdir. Hazırda qlobal bazarlarda yaşıl məhsullara olan tələbat ölkələrin və şirkətlərin istehsal edə bildiklərindən daha çoxdur. Beləliklə, bu mənada şirkətlərin bu kimi həllər təklif edə bilməsi biznes üçün də ən yaxşı seçimdir.
- Bilirik ki, Finlandiya vətəndaşlarının güclü kollektiv məsuliyyət hissi var. İcmalar və yerli təşkilatlar iqlimlə bağlı fəaliyyətin təşviqində, həmçinin kollektiv məsuliyyət hissini inkişaf etdirməkdə hansı rol oynayırlar?
- Yaxşı sualdır. Hesab edirəm ki, ilk növbədə elm bu işdə çox, çox mühüm iş görüb. Belə ki, elm bizə deyib ki, ey, iki dərəcənin altına düşmək lazımdır, 1,5 dərəcəyə düşmək lazımdır, müxtəlif səviyyələrdə nəticə bu və bu olacaq. Bizə yaşıl keçidin yerləşdirilməli olduğu çərçivəni də onlar (elm adamları - red.) yaradıblar. Amma bunun arxasında, məncə, QHT-lər, yerli təşkilatlar və hökumət birlikdə olmasa da növbəli şəkildə fəaliyyət göstəriblər. Belə ki, bəzən hökumət gec addım atırsa, dəyişikliyi həyata keçirən QHT-lər olur. Bəzən də hökumət də bu prosesdə kifayət qədər böyük sıçrayışlar edir. Düşünürəm ki, hazırda gördüyümüz yaşıl keçidin və təmiz keçidin proqnozlaşdırıla bilən şəkildə baş verdiyinə əmin olmaq üçün bu üç orqanın hamısına çox ehtiyac var. Eləcə də şirkətlər baxımından.
- Xanım Kaskinen, maraqlı cavablarınız üçün çox təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm.
Mələk Hacıyeva
23.10.2024
Məzmun tipi
Mövzular
Layihələr
BMT Dayanıqlı İnkişaf Məqsədləri