Finlandiyanın ilk qadın prezidentinin Kitabıstana eksklüziv müsahibəsi
Sizə Finlandiyanın 2000-2012-ci illərdə prezidenti olmuş xanım Tarya Halonenin Kitabıstana verdiyi eksklüziv müsahibəni təqdim edirik.
Tarya Halonen Finlandiyanın ən nüfuzlu ictimai-siyasi xadimlərindən biri, ilk qadın prezidenti olmaqla yanaşı, həm də qlobal təşəbbüsləri ilə tanınan şəxslərdən biridir. Sadə bir ailədə dünyaya gələn prezident T.Halonen dünya miqyasında şəxsiyyətə çevilməklə qalmadı, həm də dünyada ədalət və insan hüquqlarının müdafiəsinin səsinə çevilməyi bacardı.
Bu müsahibədən çox şey öyrənəcəksiniz. Çünki müsahibimiz Finlandiyanın ilk qadın prezidenti olan, mətbuat və söz azadlığı mövzusunda prinsipial mövqe sərgiləyən şəxslərdən biridir.
- Xanım prezident Tarya Halonen, söhbətimizə başlamazdan əvvəl bildirmək istəyirəm ki, sizi Bakıda görməkdən və müsahibə fürsətimizin olmasından çox şadam. Azərbaycana xoş gəlmisiniz.
Siz bütün karyeranız boyunca dünyada sosial bərabərlik, insanları haqları, gender bərabərliyi, həmçinin demokratiya və dayanıqlılıq sahəsində fəaliyyət göstərən qadınlarla həmrəylik nümayiş etdirmisiniz. Buna görə də gəlin əvvəldən başlayaq. Finlandiyanın ilk qadın prezidenti postuna gedən yol nədən başlamışdı? Hansı zərurətlər sizi ictimai-siyasi həyata gətirdi?
- Mən heç vaxt düşünmürdüm... Bu, mənim xəyalım olmayıb. Əslində, sizə uşaqlığımdan şirin bir hekayə danışa bilərəm. Valideynlərim məndən böyüyəndə nə olmaq istədiyimi soruşduqda onlara cavab vermişdim ki, yolka bəzəyən olmaq istəyirəm. Sonra anam dedi ki, çox yaxşı, mən bilirəm ki, sən incəsənət ruhuna sahibsən, amma il ərzində çox qısa müddət işləyə biləcəksən. Ona görə də mənə dedi ki, yaxşı olar başqa bir şey tapım. Mən birinci incəsənət tarixi oxuyurdum, bir ildən sonra isə hüquq fakültəsində təhsil almağa başladım. Finlandiya universitetində hüquq fakültəsi var. Mən olduqca radikal idim. İmtahandan keçdikdən sonra mən hələ də universitetdə tam ştatlı aktivist olmağa davam edirdim və bunu tələbə həmkarlar ittifaqı maliyyələşdirirdi. Bu iki il davam etdi. Bundan sonra məndən Finlandiyanın işçi ittifaqlarına, həmkarlar ittifaqlarına getməyi xahiş etdilər. Mən mərkəzi təşkilatda (red: Finlandiya Həmkarlar İttifaqlarının Mərkəzi Təşkilatı) hüquqşünas kimi fəaliyyət göstərməyə başladım. Bu işdə artıq müəyyən təcrübəm var idi, çünki oxuduğum müddətdə də bu işdən pul qazanmışdım. Sonra 10 il həmkarlar ittifaqında hüquqşünas oldum və burada işçilərin həqiqi həyatını öyrəndim. Mən işçi sinfi ailəsindən gəlirəm, amma buna da ehtiyac var idi. Çünki mən işçilərin necə yaşadığına dair daha geniş bilik spektrinə malik olmalı idim. Və sonra bizim gənclər təşkilatı məndən o vaxtkı parlament seçkilərində namizəd olmağımı xahiş etdi. Mən hə dedim, amma buna çox ciddi yanaşmırdım. Sonra nəticə olduqca yaxşı oldu və buna görə də dörd ildən sonra məndən soruşdular ki, bunu yenidən edə bilərsənmi.
Sonra həyatımın kişisini tapdım. Bu, əbədi olmadı, amma hər halda... Beləliklə, mən hamilə idim. Noyabrda övladımı dünyaya gətirdim, martda isə parlament seçkiləri var idi. Beləliklə, mən öhdəliklərimdən azad idim. Heç kim deyə bilməzdi ki, işimə laqeyd qalacağam. Sonra deputat seçildim və 20 il parlamentdə oldum. Həmin 20 ildən sonra, təxminən 10 il ölkəmizin müxtəlif hökumətlərində nazir oldum. 1995-ci ildə sələfim Nobel mükafatı laureatı prezident Axtisaariyə, hökumətə xarici işlər naziri lazım idi. Onlar məndən xahiş etdilər. Bu vəzifəni tutan ilk qadın mən oldum. Beş ildən sonra prezidentimiz dedi ki, o, ikinci müddətə davam etmək istəmir. Bundan sonra xüsusilə qadınlar mənim namizəd olmağımı istədilər. Bir az, necə deyim, sürpriz oldu, amma tək qadın namizəd mən deyildim. Prezident Axtisaari prezident seçiləndə onun ən güclü rəqibi bizim ilk qadın müdafiə nazirimiz olmuş bir xanım idi.
Yəni deməyə çalışıram ki, bu artıq gözlənilirdi. Ona görə də həmişə dediyim bir şey var: Sənin bunu bacarmağın və hə deməyin kifayət deyil. Bu həm də sosial şəraitdən asılıdır ki, məsələn, demokratik bir ölkədə insanlar bir az fərqli bir şəxsi seçmək istəyirlər. Beləliklə, mən Finlandiyanın ilk qadın prezidenti oldum. Mən buna kifayət qədər hazır idim, çünki son beş ildə xarici işlər naziri olmuşdum. Birinci prezidentlik müddətindən sonra məndən davam etməyimi xahiş etdilər. Bu, Finlandiyada prezident postunda ola biləcəyiniz maksimal müddətdir. Mənim prezidentlik dövrüm isə 2000-ci ildə başlamışdı. Mən beynəlxalq məsələlərlə maraqlanırdım, həm də Finlandiyada qadın, sosial siyasət və sosial ədalət məsələlərində fəaliyyətlərim olmuşdu. 2000-ci ildə Minilliyin İnkişaf Məqsədləri var idi. Mən də Finlandiyanın prezidenti olduğum üçün Namibiya prezidenti ilə birlikdə Minilliyin İnkişaf Məqsədlərinə həmsədrlik edirdim. Bundan sonra BƏT (Beynəlxalq Əmək Təşkilatı) məndən əsasən sosial yönümlü olan ədalətli qloballaşma prosesinə həmsədr olmağımı xahiş etdi. Sonra isə yenə də BMT-nin növbəti baş katibi Pan Gi Mun məndən Rio prosesində həmsədr olmağımı xahiş etdi. Bu proses isə dayanıqlılığa əsaslanırdı. O vaxtdan bəri mən 2030-cu ilin hansı səviyyədə uğurlu olacağını izləməyə davam edirəm. İndi isə mən Azərbaycandan, mümkün qədər inandırıcı, yaxşı bir razılaşma əldə etməyə təşviq etdiyimiz, dəstəklədiyimiz ölkənizdən, Səudiyyə Ərəbistanına səfər edəcəyəm və BMT-nin Səhralaşma ilə mübarizə Konvensiyasında BMT-ni təmsil edəcəyəm. Bax belə... Təkcə sənin nə istədiyin önəmli deyil, insanlar səndən bir şey istəyəndə sən hə deməlisən.
- Sizin həyat hekayənizdən də göründüyü kimi uğurlu demokratik cəmiyyətin qurulması üçün qadınların ictimai-siyasi həyatda iştirakçılığı zəruridir. Siz uzun illər yüksək vəzifələrdə olmusunuz, zəngin təcrübələriniz var. Yəqin, razılaşarsınız ki, azad mətbuat, ədalətli rəqabət imkanı və beynəlxalq əməkdaşlıq olmadan qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakı çox çətin olar. Təcrübələrinizdən yola çıxaraq, deyə bilərsinizmi qadınlar nədən başlamalıdılar və ya başlayıblarsa, necə davam etməlidilər?
- Düşünürəm ki, qadınlar da bütün sektorlarda, hər yerdə kişilər qədər yaxşıdırlar. Məncə, əvvəlcə həyatın hansı sahəsində ixtisaslaşmaq istədiyinizi tapmalısınız. Bunu təkbaşına seçmək həmişə mümkün olmur. Bu həm də alternativlərdən və nə zaman kifayət qədər yaxşı olduğunuzdan asılıdır. Buna görə də ümid edirəm ki, tərəfdaşlarınız və həmkarlarınız sizi daha da irəli aparacaqlar. Skandinaviya rifah cəmiyyətində sosial ədalət çox vacibdir. Deyərdim ki, azad media, xüsusilə, insanların fikir azadlığı önəmlidir. Prezident olsa da, olmasa da, gördüyü iş nə olur olsun, istər müəllim, istər jurnalist, istərsə də başqa bir peşə sahibi olsun, insanlar fikirlərini dilə gətirərkən mənfi nəticələrlə qarşılaşmaq qorxusundan azad olmalıdırlar. Əlbəttə, tənqidlə qarşılaşa bilərsiniz. Sosial media isə dəhşətlidir. Amma mən bunun dövlət tərəfindən olmamasını nəzərdə tuturam. Hesab edirəm ki, mətbuat azadlığı, fikir azadlığı müasir demokratik cəmiyyətin təməl məsələlərindən biridir. Beləliklə, mən deyərdim ki, siyasi hüquq və azadlıqlar önəmlidir. Amma eyni zamanda cəmiyyətin sosial tərəfi də önəmlidir. Beləliklə, siz həm də müstəqil olmalısınız. O mənada ki, əgər iqtisadi vəziyyətiniz pisdirsə, məsələn, xəstələnmisinizsə, yaxud başqa bir şey olubsa, müstəqilliyiniz təminat altındadır. Bu baxımdan səhiyyə də, təhsil hüquqları da vacibdir. Çünki insanlar təkcə oxuyub-yazmalı və riyaziyyatla məşğul olmalı deyil, həm də medianın və kitabların tənqidi oxucusu olmalıdırlar.
- Qeyd etdiyiniz kimi, siz həm də BMT baş katibinin qlobal dayanıqlılıq üzrə yüksək səviyyəli panelinə həmsədrlik etmisiniz. Biz bilirik ki, iqlim dəyişikliyindən daha çox qadınlar əziyyət çəkir, xüsusilə, həssas icmalarda yaşayanlar. Bu həm də mövcud bərabərsizlikləri daha da artırır. Siz qadınların təkcə qorunmalarını deyil, həm də iqlim dayanıqlılığı səylərinə rəhbərlik etmələrini təmin etmək üçün hansı tədbirlərin vacib olduğunu düşünürsünüz?
- Bəli, gender bərabərliyi, necə deyim, bütün dünyada aydın olan bir şey deyil. İnsanlar isə anlamırlar ki, hətta qanunvericilik, paraqraflar eyni ola bilər. Amma əslində, real həyatda kişilər və qadınlar fərqli şəkildə hədəf alınırlar. Məsələn, qadın və ya qızların iqlim fəlakətində ölmə riski kişi və ya oğlanlara nisbətən 14 dəfə çoxdur. Əlbəttə, bu, qadınların məşğul olduğu işlərə görədir. Lakin həm də sosial şəraitin bir parçasıdır. Müxtəlif ölkələrdə, məsələn, kişilər, oğlanlar təkcə təhsildə və ya ictimai həyatda deyil, həm də ailələrdə imtiyaza malik ola bilirlər. Oğlanlar daha yaxşı qidalandırılır və onlara daha yaxşı qayğı göstərilir. Mən bunu bilirəm. Ona görə də hesab edirəm ki, biz xüsusilə bu məsələlərin qızların və qadınların həyatına necə təsir etdiyinə çox diqqətlə yanaşmalıyıq.
Buna görə də biz indi burada, Bakıdayıq. Biz qadınların vəziyyətinin daha ciddi şəkildə nəzərə alınmasının vacibliyini vurğulayırıq. Dohadan bu yana bizim qadınlar üçün iqlim dəyişikliyi ilə bağlı xüsusi proqramımız oldu ki, bu sahəyə daha çox pul və resurs yönəltmək imkanları nəzərdən keçirilsin. Amma bu o qədər də uğurlu alınmadı. Buna görə də indi bizim müxtəlif təşkilatlarda vurğulamağa çalışdığımız bir müddəa var. Əlbəttə, təsirin azaldılması, planetin daha çox zərər görməməsi, ən çox zərər çəkən ölkələrə və insanlara kömək etmək çox vacibdir, ancaq dünya əhalisinin böyük bir qismi qadınlardır və onların daha çox əziyyət çəkmələri də düzgün deyil. Amma ikinci məqam da ondan ibarətdir ki, indi qızların oxumaq imkanı olanda onlar oğlanlardan daha çox oxuyurlar. Buna görə də biz qızların və qadınların malik olduğu bütün resursları dəstəkləməliyik. Bu, təkcə onların özləri üçün yaxşı deyil. Əlbəttə, bu da var. Amma gizli resursları daha faydalı hala gətirə bilsək, bu, bütün cəmiyyət üçün faydalı olar.
Ancaq gəlin görək necə olur. Amma mən bilirəm ki, bir çox gənclər “bu, niyə bu qədər çətindir, axı hamı başa düşməlidir ki, məntiqli olan budur”, - deyirlər.
- Prezidentlik dövründən sonra da insan haqları təşəbbüslərində fəallıq göstərməyə davam etdiniz. Təcrübə və müşahidələrinizə əsasən, hazırda dünyada insan haqlarının vəziyyətini necə qiymətləndirirsiniz?
- Çox maraqlı və çətin vəziyyətdir. Çünki bütövlükdə qlobal vəziyyəti götürsək, tam səmimi demək olar ki, vəziyyət daha yaxşıdır. Ancaq daha pis olduğu yerlər də var. İnsanların bir şeyi anlamaqda çətinlik çəkdiyini düşünürəm. Biz bəzi şeyləri düzgün etdikdən sonra onlar gələcəkdə avtomatik olaraq belə davam etmirlər. Onları yaratmalı, həm də müdafiə etməlisən. Əgər siz bunu dəfələrlə etmisinizsə və bu, təkrar-təkrar pisləşməyə davam edirsə, bunu etmək bəzən bir qədər çətin olur. Düşünürsən ki, niyə bir şeyi dəfələrlə təkrarlamalıyam. Amma real həyatda fakt budur.
Məsələn, buradan bir qədər uzaqdan nümunə gətirim - Əfqanıstandan. Vaxtilə Əfqanıstanda təkcə qızlar və qadınlar üçün deyil, həm də oğlanlar və kişilər üçün çox müsbət bir dövr yaşamışıq.
Amma indi qızlar və qadınlarla bağlı vəziyyət dəhşətli dərəcədə pisdir. Belə bir vəziyyət təsəvvür edin ki, analar qızlarına və ya atalar qızlarına deyirlər ki, çox təəssüf, amma sən 12 yaşından sonra təhsil ala bilməzsən. Həyəcan təbili çalan xəbərlərin olduğu bəzi başqa yerlər də var. Məsələn, İran kimi. İndi haqqında xəbərlərin yayıldığı dəyişikliyi qanunvericiliyə qəbul etsələr... Amma həm də Avropa dediyimiz və ya daha geniş desək, demokratik ölkələrdə. Şərait dəyişəndə bu və ya digər səbəbdən bu baş verə bilər. Məsələn, xaricdə baş verənlər səbəbindən. Nümunə olaraq rusların müharibə elan etməsi səbəbindən Ukraynada baş verdiyi kimi.
Beləliklə, vəziyyət yenə qızlar və qadınlar üçün çox həssasdır. Məsələn, əgər müharibə varsa, mətbuat azadlığı həmişə kifayət qədər ciddi nəzarət altında olacaq. Müəyyən mənada sistemin özünü yaxşılaşdırmaq çox çətindir. Ona görə də istənilən yerdə, istənilən zaman müharibənin fikir azadlığı, mətbuat azadlığı baxımından çox da yaxşı olmadığını düşünürəm.
- Çox sevdiyim bir ifadəniz var. Siz bir dəfə demisiniz ki, insanlar düşündüklərini azad şəkildə deməyə qorxmayanda cəmiyyət daha güclü olur və müzakirə münaqişələrin həlli yoludur. Sizcə, Finlandiya cəmiyyətindəki dialoq və açıqlıq mədəniyyətinin təməli nədir? Və bu Finlandiyaya nə qazandırıb?
- Sosial media və ya ənənəvi media sizi tənqid edəndə bu heç də həmişə xoş olmur. Yox-yox, bu dəhşətli ola bilər və onlar da həmişə haqlı olmurlar. Ancaq azadlığın olmaması ehtimalı bundan qat-qat pisdir. Demək istədiyim odur ki, dialoq azadlığı və yanlış məlumat yayıldığında müdafiə hüququnuzun olması cəmiyyət üçün daha böyük güc deməkdir, nəinki bunu əvvəlcədən məhdudlaşdırmağa çalışmaq. Ona görə də bircə onu deyəcəyəm ki, uşaqlara tənqidi oxucu olmağı, müzakirələrdə tənqidi yanaşmağı öyrətmək, necə deyim, əvvəlcədən bir şeyin niyə təhlükəli olduğunu söyləməyə çalışmaqdan qat-qat təsirli olacaq. Ona görə də mən hesab edirəm ki, biz təkcə Finlandiyada və ya digər Skandinaviya ölkələrində yox, bütün dünyada bunu görmüşük ki, istənilən zaman kimsə fikir azadlığını məhdudlaşdırmağa çalışsa, bunun nəticəsi yaxşı olmur. Bu, fərdin özü üçün də, cəmiyyət üçün də yaxşı deyil.
- Prezident Halonen, Kitabıstan Finlandiya modelindən ilhamlanaraq qurulub. Elə fəaliyyətimizə də “Bəyaz zanbaqlar ölkəsində” kitabını Azərbaycan dilində çap etməklə başlamışdıq. Buna görə Finlandiyanın sabiq prezidenti kimi sizin kitab tövsiyəniz izləyicilərimizə maraqlı olar. Bizə hansı kitabı oxumağı tövsiyə edərdiniz?
- Düşünürəm ki, siz tənqidi oxucu olmalısınız. Həmçinin Finlandiyaya gəldikdə də. Bizim daha yaxşı və daha pis dövrlərimiz də olub. Bu açıqdır. Siz görə bilərsiniz ki, bu bizdə işləyib. Biz görə bilirik ki, əgər pis bir vəziyyət yaranıbsa, onun öhdəsindən gəlməyin yolu budur. Ümid edirəm ki, bütün oxucular zamanlarını oxuyaraq və məsələlərə tənqidi yanaşaraq xoş keçirəcəklər.
- Vaxt ayırdığınız üçün təşəkkür edirəm.
- Sizinlə müzakirə etmək imkanına görə çox sağ olun. Təşəkkür edirəm.
Mələk Hacıyeva
28.11.2024
Məzmun tipi
Mövzular
BMT Dayanıqlı İnkişaf Məqsədləri