Finlandiya səfiri ilə eksklüziv müsahibə - VİDEO

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Finlandiya səfiri ilə eksklüziv müsahibə - VİDEO

Finlandiya səfiri ilə eksklüziv müsahibə - VİDEO

Kitabıstan Skandinaviya nümunəsini tədqiq etməyə Finlandiyadan başlamışdı. Çünki Finlandiyanın qət etmiş olduğu yol bizim coğrafiyamızda daha yaxşı anlaşılacaqdı. Həm Finlandiya, həm də Azərbaycan Rusiya imperiyasının işğalına məruz qalmış və bir il fərqlə müstəqilliklərini elan etsələr də Finlandiya öz müstəqilliyini qorumağı bacarmışdı. Bu gün Finlandiya dünyanın insan inkişafı, demokratiya, gender, söz azadlığı, təhsil və sair indekslərində ilk beşlikdə yer almaqla inkişaf etməkdə olan ölkələr üçün ən uğurlu modellərdən biridir. Bu nailiyyətlər asanlıqla əldə edilməyib. Amma fin xarakterinin inadkarlıq və əzmi davamlı inkişafı təmin edə bilib. Necə? Bu və digər suallarla Finlandiyanın Cənubi Qafqaz ölkələri üzrə səfiri xanım Kirsti Narinenə müraciət etdik. Xanım səfir Narinen Skandinaviya ölkələri üçün səciyyəvi olan açıqlıq və şəffaflıqla müsahibə təklifimizi nəzakətlə qəbul etdi və suallarımızı ətraflı şəkildə cavablandırdı. 
 

Finlandiyanın Cənubi Qafqaz ölkələri üzrə səfiri xanım Kirsti Narinenin Kitabıstana eksklüziv müsahibəsini sizə təqdim edirik.

 

 

- Xanım səfir, müsahibə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirik. Sizi Bakıda görməkdən məmnunuq. Bildiyiniz kimi, Kitabıstan təsis olunarkən Snelmanın Finlandiyada apardığı aydınlanma hərəkatından ilhamlanıb. Buna görə də Kitabıstanın tədqiq etdiyi ölkələr arasında Finlandiya xüsusi yer tutur.
 

Cəmi 100 il əvvələ qədər Finlandiya “bataqlıqlar ölkəsi” kimi tanınırdı. Bu gün isə Finlandiya təhsil və inkişaf modeli ilə dünyada yüksək göstəricilərə sahibdir. Təkcə xoşbəxtlik indeksinə görə, Finlandiya 6 ildir ki, dünyada 1-ci sırada yer alır. Finlandiya inkişafa nədən başladı və bu inkişaf yolundakı çətinliklərin öhdəsindən necə gəldi?
 

- Əvvəlcə mən də sizə təşəkkür edirəm. Müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Kitabıstanla birlikdə həyata keçirdiyimiz professor Meynanderin “Finlandiya tarixi” kitabının tərcüməsi və nəşri layihəsi çox uğurlu bir proses idi. Əslində, mən bu kitabdan və Finlandiya tarixindən başlamaq istərdim. Bir dövlət kimi biz və bizim dövlətçiliyimiz İsveç Krallığının qoruyucu qanadları altında böyüyüb. İsveç Krallığı isə hələ 1700-cü illərdə bizim bu gün sahib olduğumuz skandinav dəyərlərinə - 1700-cü illərdən söz azadlığı, özünüidarəetmə isə bundan daha əvvəl formalaşmışdı - əsaslanırdı. Bu o deməkdir ki, inklüzivlik, demokratiya, insan hüquq və azadlıqları - fikir azadlığı və toplaşmaq azadlığı İsveç dövründən gəlir. Müharibədən sonra 1809-cu ildə Finlandiya Rusiyanın böyük hersoqluğuna çevriləndə o zamankı çar, daha sonra bəziləri də bizim sahib olduğumuz azadlıqları saxlamaq istədilər və ya bizə bu azadlıqları saxlamaq hüququ vermək istədilər. Beləliklə, Finlandiya hələ 1800-cü illərdə Çar Rusiyası İmperiyasında çox unikal bir fenomen idi. Təbii ki, sonra ruslaşdırma dövrü gəldi, bir çox siyasi dəyişiklik və inqilab nəticəsində Finlandiya 1917-ci ildə müstəqil oldu. Ancaq Finlandiyanın dövlətçiliyi artıq mövcud idi. Bizim öz pul vahidimiz, idarəetməmiz, demokratik institutlarımız var idi. Qadınlar da daxil olmaqda səs vermək və seçilmək hüququ hələ Rusiya İmperiyasının tərkibində olduğumuz 1906-cı ildən mövcud idi. Öz həyatları üzərində təsirə malik olmaq insanların arzusu idi, bu isə həm də ölkənizdə baş verənlərə görə məsuliyyət daşımaq deməkdir. Təhsilə gəldikdə, lüteran inancının bununla çox əlaqəsi var idi, çünki 1500-cü illərdəki reformasiya bu ideya üzərində idi ki, artıq öz Tanrınızla birbaşa ünsiyyət qura bilməlisiniz. Bu isə o demək idi ki, siz dinin nə demək olduğunu və Tanrının sizdən nə istədiyini bilməli idiniz. Beləliklə, siz İncili oxuya bilməli idiniz. Bu isə o mənaya gəlir ki, 15-16 yaşlarında kilsəyə üzv olaraq təsdiqlənməyiniz üçün oxumaq bacarığı məcburi idi və evlənmək üçün də əvvəlcə üzv kimi təsdiqlənməli idiniz. Əslində, oxumaq və təhsil cəmiyyətdə o qədər dərin köklərə malikdir ki, bu, xüsusi bir şey hesab edilmir. Beləliklə, biz tədricən demokratiya mədəniyyətini, təhsil mədəniyyətini və zəhmətkeşlik mədəniyyətini yaratmışıq.
 

- Fin xarakterinin konsepti “Sisu” heç bir dilə tərcümə olunmur, ancaq ümumi anlayış budur ki, finlər çox inadkar olurlar və məqsədlərindən vaz keçmirlər. Düşünürəm ki, Finlandiyanın demokratiya, açıqlıq, şəffaflıq kimi bəşəri dəyərlərə nail olmasında bu konseptin rolu heç də az deyil. Finlər üçün “Sisu” nə ifadə edir?
 

- Əsrlər boyu onun müxtəlif mənaları olub. Təbii ki, dövlət quruculuğunun başlanğıcında, xüsusilə, İkinci Dünya müharibəsindən sonra biz Finlandiyanın əhəmiyyətli bir hissəsini Sovet İttifaqına uduzduq və müharibənin nəticələrindən həm insani, həm də iqtisadi olaraq çox böyük zərərlər gördük. “Sisu”ya məhz həmin vaxt, 400000 kareliyalını fin cəmiyyətinə inteqrasiya etməli və dayanıqlı xarici siyasət strukturları, o cümlədən iqtisadi strukturlar yaratmalı olduğumuz vaxtda, həqiqətən, ehtiyac duyuldu. Bu, heç vaxt asan olmayıb. O zamanlar “Sisu”nun mənası bu idi ki, çətinliklər yaşayanda bunu dostlarınla, cəmiyyətinlə, ailənlə, kəndinlə, icmanla, ofisdəki kolleqalarınla birlikdə yaşayırsan. Belə ki, hamınız birlikdə eyni məqsəd uğrunda çalışırsınız və bu məqsəd də fin cəmiyyətinin həyatda qalması və rifahıdır. Düşünmürəm ki, 50-60-cı illərdə biz cəmiyyət qurmağa başlayanda hər şeyin nə qədər yaxşı nəticələnəcəyini bilirdik. Belə olduğunu düşünmürəm. Amma hər kəsin bir növ birlik içində qüvvələrini birləşdirməsi ilə koalisiya hökumətləri quran, sağ-sol və fərqli ideologiyaları tək bir hökumətdə birləşdirən, demokratiyamızın mühüm tərkib hissəsi olan konsensus əsaslı siyasət düşüncəsinə sahibik. Çünki məqsəd ortaq idi. Məqsəd xalqın və dövlətin firavanlığı və rifahı idi. Bu, açıq-aydın dəyişib. Cəmiyyətlərdə bu gün mövcud olan çox müxtəlif tendensiyalar bizə də təsir edir. Bu da təməl olaraq bizim, həqiqətən, öz köklərimizə, nəyin ölkənin və xalqın faydasına olacağını düşünməyə daha çox qayıtmalı olduğumuz mənasına gəlir. Çünki bizi inşa edən və hazırda olduğumuz yerə gətirən qüvvə və güc də məhz bu idi. “Sisu”nun özünə gəlincə, mən sizə bu yaxınlarda çıxan "Sisu" adlı filmə baxmağı tövsiyə edirəm. Bu söz heç tərcümə də edilməyib və heç kim onu tərcümə etməyə də çalışmır. Bu film ölməkdən imtina edən bir fin haqqında olduqca təsirli bir nümunədir.
 

- Finlandiya cəmiyyətin inkişafında qadınların iştirakının vacibliyini hələ çox uzun müddət əvvəl dərk edib. 1906-cı il kimi erkən bir vaxtda fin qadınlara səsvermə hüququ verildi ki, bu da qadın hüquqları uğrunda hərəkatda mühüm mərhələ idi. Bu gün hökumət kabinetinin diqqətəlayiq 58 faizini və parlament üzvlərinin 45,5 faizini qadınlar təşkil edir. Finlandiya cəmiyyətində qadınların fəal rolu ölkənin inkişafına necə töhfə verdi?
 

- Qadınların iştirakı ölkəmizdəki rifah və demokratiya ilə çox yaxından əlaqəlidir. Əvvəla, aydındır ki, kiçik bir ölkədə rifah yaratmaq üçün hər bir zəkaya və ya zəkanın hər bir parçasına ehtiyac var. Bu öz-özlüyündə aşkar deyildi. Demək istəyirəm ki, 1970 və ya 1980-ci illərə qayıtsaq, qadın siyasətçi hələ çox nadir bir fenomen idi. Onlar çox az və çox güclü qadınlar idilər. Belə bir fikir var idi ki, qadın olaraq uğurlu siyasətçi olmaq üçün daha çox kişi xüsusiyyətlərinə malik olmaq lazımdır. Amma əlbəttə ki, bir çox başqa şeylər kimi bu da çox dəyişdi. Bəli, əvvəlki hökumətdə bizim beş partiyamız var idi və o beş partiyanın sədri qadın idi. Yazda seçkilərimiz oldu, indi hökumətin tərkibi bir qədər fərqlidir. Lakin qadınlar çox güclüdürlər və onlar təkcə səs vermək deyil, həm də əsrlər boyu seçilmək ənənəsi, inklüzivlik sayəsində güc qazanıblar. Bəzi partiyalarda gənc qadınlar daha çox ön plana çıxırlar və indi də belə bir tendensiya var ki, məsələn, nifrət nitqi və internet üzərindən qısnamalar artmaqdadır. Bu, xüsusilə, gənc siyasətçilər üçün çox ciddi riskdir və əsas da gənc qadın siyasətçilərimizi hədəfə alır. Beləliklə, mən hesab edirəm ki, bu, həqiqətən də həll etməli olduğumuz sosial fenomendir. Həmçinin xarici xidmətdə, diplomatiyada daha çox qadın var, əslində, hazırda kişilərdən daha çox qadın var. Qadın səfirlərin sayı artmaqdadır. Onların sayı artıq yarıdan çoxdur. Deməli, bu, sosial tendensiyadır. Düşünürəm ki, istənilən kiçik ölkədə, o cümlədən Azərbaycan kimi kiçik bir ölkədə hər insan önəmlidir, biz cəmiyyətdə inklüzivliyi və hər bir səsin eşidilməsini təşviq etmək istiqamətində istənilən gücləndirici qüvvəni itirməyi gözə ala bilmərik.
 

- Finlandiyadan danışırıqsa, onun diqqətəlayiq təhsil sistemindən danışmamaq olmaz. Finlandiya təhsil indeksinə görə, davamlı olaraq ilk sıralarda yer alıb. Dünya İqtisadi Formunun qlobal rəqabətlilik hesabatına əsasən, Finlandiya dünyanın ən inkişaf etmiş təhsil sisteminə malikdir. Fin təhsil sisteminin əsas xüsusiyyətləri və fərqləri nələrdir?
 

- Təhsilin hər bir kiçik ölkənin malik olduğu təbii resurs olmasının və əsas etibarilə, söykənə biləcəyimiz dayanıqlı resursun bu olduğunun anlaşılması və təhsil ənənəsi təhsilin açar elementləridir. Bu ənənənin bir hissəsi də inklüzivlik və hər kəsin təhsil alması üçün bərabər imkanların olmasıdır.
 

Təhsil hər yerdə ödənişsizdir. Universitet də daxil olmaqla. Qızım universitetdə oxuyur və qeydiyyat haqqı 60 avrodur. Onun ödədiyi, ya da bizim onun üçün ödədiyimiz tək məbləğ budur. Özəl məktəblər var, bəzi dil məktəbləri var. Lakin onların hamısı dövlət tədris proqramına uyğundur. Yəni müəyyən bölgədə və ya müəyyən sosial statusda doğulmaq sizə təhsil baxımından heç bir üstünlük gətirmir. Bu həm də o deməkdir ki, siz bərabər imkanlara sahib olanda, cəmiyyət sizə bərabər imkanlar təklif edəndə onlardan istifadə etmək və gələcəyinizi buna əsaslanaraq inşa etmək sizin özünüzdən asılıdır. Təhsil həm də rəqabətlilik reytinqinin əsas sütunlarından biridir. Çünki savadlı insanlar olanda siz yeniliklər gözləyə bilərsiniz, onların istər ictimai, istərsə də texnoloji prosedurları sorğulamlarını, qəliblərdən kənarda düşünməyə hazır olmalarını gözləyə bilərsiniz. Təhsil sisteminin sizdə yaratdığı şey budur. Sizə bu gün ehtiyac duyduğunuz bacarıqları deyil, problemlərin həlli üçün sabah ehtiyac duyacağınız bacarıqları qazandırır. Bu həm də iyerarxiyanın kifayət qədər az olduğu təhsil sistemidir. Belə ki, müəllimlər var, ancaq onlar daha çox tələbələrə öyrənməyə kömək edirlər. Öyrənmə məsuliyyəti təkcə müəllimin deyil, həm də şagirdin üzərinə düşür. İstər təhsilin aşağı səviyyələri, istər universitet, istərsə də peşə təhsilində olsun. Bunun digər elementi isə məktəbəqədər təhsildir. Belə ki, əslində, siz gələcəkdə sizə lazım olan şeyləri hələ uşaq bağçasında öyrənməyə başlayırsınız. Bağça dövrünün son illəri - uşaqların 4-6 yaşlarında olduğu dövr təhsil sisteminə bəzi aspektlərdən daha az və bəzi aspektlərdən isə daha çox inteqrasiya olunmuş haldadır. Beləliklə, bu kimi bir çox elementlər var. Çox xüsusi elementlərdən biri, əlbəttə ki, məktəb binalarıdır. Əgər siz Finlandiyada kənd yerlərinə səyahət etsəniz, yeni dövlət binaları görərsiniz. Bu binalar isə çox güman ki, ya məktəb, ya da kitabxana binasıdır.
 

- Skandinaviya ölkələrini tədqiq edərkən dəyişilməz olaraq açıqlıq, şəffaflıq, demokratiya, mətbuat azadlığı və vətəndaş iştirakçılığı prinsiplərinin bu ölkələr üçün çox əhəmiyyətli olduğunu görürük. Finlandiyanın demokratiya modeli nədir?
 

- Finlandiya demokratiya modelində ilk növbədə siz birbaşa olaraq namizədə səs verirsiniz. Siz partiyaya səs vermirsiniz. Məsələn, İsveçdə partiya siyahısı üzrə seçkilər keçirilir. Beləliklə, siz səs verəcəyiniz şəxsi özünüz seçirsiniz. Bu isə istər şəhər, yaxud bələdiyyə məclisində, istərsə də parlamentdə nümayəndənizlə birbaşa əlaqəniz olması deməkdir və bu, demokratiyanı sizə yaxınlaşdırır. Çünki şəxsi mesajınız və ya şəxsi səlahiyyətiniz var. Konkret bu siyasətçiyə mandat verirsiniz. Bundan əlavə, Finlandiyada səsvermə faizi İsveçdəkindən bir qədər aşağıdır. Hesab edirəm ki, bu, xüsusilə, indi önəmlidir. Biz son seçkilərdə, həm də daha əvvəlki seçkilərdə, xüsusilə, gənclərə səs vermələri üçün müraciət etdik. Çünki adətən, səsvermə ənənəsinə malik olan yaşlı nəsillərdir. Amma demokratik ənənəni, inklüzivlik və iştirakçılığı cəmiyyətdə davam etdirmək üçün çalışmaq tələb olunur. Bizim həqiqətən də inklüziv cəmiyyət ənənəsini, şəffaflığı və müəyyən mənada siyasətçilərin məsuliyyətliliyini qoruyub saxlamağımız üçün həm də siyasətçilər, xüsusilə, ailələr və təhsil sistemi tərəfindən çalışma tələb olunur. Çünki siyasi partiyalar güvən cəmiyyətində birinci sırada gəlmirlər. Bu gün daha əvvəl qeyd etdiyim kimi, cəmiyyətlərdəki tendensiyalar inklüziv olmaqdan daha çox bölücüdür. Məhz buna görə də biz bunun üzərində çox işləməliyik. Amma hər halda ənənə, əvvəl qeyd etdiyim kimi, demokratiya ənənəsi, cəmiyyətdə baş verənlərə təsir etmək imkanım olduğunu və bunu qərarvericilərdən tələb edə biləcəyimi, həmçinin məsuliyyətim olduğunu və mənim məsuliyyətimin səs vermək, demokratik sistemin bir hissəsi olmaq fürsətindən istifadə etmək olduğunu başa düşmək ənənəsi davamlı olaraq üzərində işləməli olduğumuz bir məsələdir.
 

- Finlandiyada vergilər çox yüksəkdir, amma Finlandiya həm də rifah dövlətidir və Həyat Keyfiyyəti İndeksində ilk beşlikdə yer alır. Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Finlandiya hökumətinin apardığı sosial siyasət haqqında bilmək bizim üçün maraqlı olar. Sosial müdafiə sahəsində fin hökuməti öz vətəndaşları üçün nə kimi imkanlar təmin edir?
 

- Təbii ki, bu, daha çox hökumətdən asılıdır. Keçən yaza qədər olan əvvəlki hökumət çox güclü hökumət dəstəyi proqramına malik solyönümlü yaşıl hökumət idi. Təbii ki, o vaxt “Covid-19”un və Rusiyanın Ukraynaya təcavüzünün baş verdiyi dövr idi, ona görə də o hökumət üzərində çoxlu kənar təzyiqlər var idi. Amma sonra dövlət xərcləri gözləniləndən bir qədər çox oldu, bizim qarşılaya biləcəyimizdən də çox. Beləliklə, seçkilərdən sonra gələn indiki hökumət fərqli bir üslub seçib və bu, xüsusi olaraq, vurğulamaq istədiyim məsələdir ki, bizdə seçkilər olanda hökumətlər dəyişir. Bu, qeyri-stabllik demək deyil, çünki bəzi dairələrdə demokratiyadan qeyri-stabillik imiş kimi bəhs edilir. Stabillik qanunvericiliyin davamlılıq demək olduğunu başa düşməkdən irəli gəlir. Demokratiya isə o deməkdir ki, seçicilər söz sahibidir, seçicilər ictimai fəaliyyətin müəyyən sahələrinə, məsələn, sosial siyasətə təsir etmək imkanına malikdirlər. Bu yaxınlarda rifah dövləti konsepsiyasının yaradıldığı 60-70-cı illərdəki Finlandiya dövlət fəaliyyətlərinin sosial sferasını təsvir edən bir kitab oxudum. Sosial demokratların və sosial demokrat partiyaların skandinav əməkdaşlığının da bu konsepsiyanın yaradılmasında açar rolu olub. Beləliklə, biz yenidən skandinav ənənəsinə və Skandinaviya ailəsi ənənələrinə gəlirik. İstər sağ, istərsə də sol, mərkəz, liberal, mühafizəkar olsun, hər bir hökumətin əsas prinsipi hər cəmiyyətdə mövcud olan həssas qrupların qayğısına qalmaq olub. Sizi nə həssas qrup edə bilər? Siz işsiz ola bilərsiniz, xəstəlikləriniz ola bilər, digər sağlamlıq problemləriniz ola bilər və ya çoxlu uşaq sahibi ola bilərsiniz, yaxud da ailənizdə əlilliyi olan şəxslər ola bilər və sair. Beləliklə, hər kəsin cəmiyyətə daxil edilməsi həyati əhəmiyyətlidir və bu, cəmiyyətin və sosial rifah sisteminin fundamental prinsipidir. Qeyd edildiyi kimi, digər prinsip, əlbəttə ki, təhsildir. Bunlar tərəflərdən heç birinin xərcin azaldılmasını istəmədiyi və ya qəbul etmədiyi sahələrdir. Lakin bu yeni mühafizəkar hökumət sosial təminat müavinətlərinə əsaslanmaqdansa, daha çox məşğulluğa və insanların işlə təmin olunmasına diqqət yetirir. Bu, çox mürəkkəb sistemdir. Finlər indiyə qədər yüksək vergi ödəməyə razı olublar, çünki onlar pulun qarşılığında nə əldə etdiklərini görürlər. Onlar təhsil, səhiyyə sistemi, infrastruktur, yollar, küçə işıqları, dəmir yolları, hava limanları, enerji təhlükəsizliyi əldə edirlər. Onlar suyun idarə edilməsi, tullantıların idarə edilməsi sistemi, ekoloji davamlılıq və s. əldə edirlər. Beləliklə, əslində, Finlandiyada gəzərkən vergilərin hara getdiyini görürsən. Bu, insanların iştirak etməsi üçün ən yaxşı motivasiyadır ki, bunun da demokratiya, açıqlıq, şəffaflıq, sizin pulunuzla nə edildiyi, hara xərcləndiyi və mən də daxil olmaqla, dövlət vəsaitlərindən istifadə edənlərin hesabatlılığı ilə çox güclü əlaqəsi var. Mən də dövlət vəsaitlərindən istifadə edirəm və onlardan necə istifadə etdiyimə dair çox böyük məsuliyyət hiss edirəm. Çünki bu, vergi ödəyicilərinin puludur və mən özüm də vergi ödəyicisiyəm. Universitetlər, bütün aşağı ödənişlər və ya ödənişsiz xidmətlər - bu paketin bir hissəsidir. Bəli, o bir qədər yüksəkdir, lakin qeyd edildiyi kimi, cəmiyyətinizi inklüziv şəkildə qurmaq üçün motivasiyanın mövcud və güclü olduğunu düşünürəm.
 

- Sonda sizə Kitabıstanın ənənəvi sualını ünvanlamaq istərdim. Oxucularımıza hansı kitabı məsləhət görərdiniz?
 

- "Finlandiya tarixi" kitabının hamının oxumasına ümid etdiyim kitab olduğunu deyəcəyim aydındır, çünki o bir hekayə anladır. Bu kitab ayrılıqda Finlandiyanın yox, həm də skandinav ailəsinin bir hissəsi kimi Finlandiyanın hekayəsi, həmçinin müzakirə etdiyimiz bütün bu suallar haqqında danışır.
 

Xoşbəxtliyə gələndə, məncə, bu mövzuya toxunmadım. Məncə, hər bir ölkə onu xoşbəxt edən elementlərin hansılar olduğunu özü düşünməlidir. Finlandiyada onlar İsveçdəkilər və ya Azərbaycandakılarla eyni deyil. Bizim cəmiyyətimiz üçün bu elementlər ətraf mühit, təbiət, təmiz hava, təmiz su, inklüzivlik və təhlükəsizlik olardı. Bilirəm ki, dünyanın bu hissəsində, Cənubi Qafqazda sülh, stabillik, uzlaşma və sabit gələcək perspektivi sizin xoşbəxtlik indeksinizdə bizimkindən daha yüksəkdə olacaq, çünki biz sülhə uzun müddətdir, artıq demək olar ki, 100 ildir sahib ola bilmişik. Sülhümüzü qoruya bilmək üçün NATO-ya üzv olduq. Beləliklə, NATO-ya üzv olmaq, əslində, bir sülh layihəsidir. 
 

Ümumiyyətlə oxumaq vacibdir. Xəbərdar olmaq, məlumatlı olmaq vacibdir. Dünya haqqında biliklərinizi hər gün davamlı olaraq genişləndirmək vacibdir. Həmçinin, müxtəlif media kanallarından istifadə etmək də. Çünki bir media kanalı, adətən, bir hekayə və ya hekayənin yalnız bir versiyasını danışır. Əgər siz daha çox oxusanız, həmçinin yerli və beynəlxalq mətbuatı oxusanız, nə baş verdiyini daha yaxşı anlayacaqsınız. Bu kanal vasitəsilə siz fikir azadlığı hüququnuzdan, ifadə azadlığınızdan və media savadınızdan istifadə edə bilirsiniz.
 

- Cavablara və müsahibəyə görə təşəkkür edirəm.
 

- Dəvət etdiyiniz üçün mən təşəkkür edirəm.

 

 

Şəkil: Kitabıstan

 

Mələk Hacıyeva
 

30.10.2023

Bunu paylaş

Linki kopyalayaraq paylaş