İsveç səfiri ilə eksklüziv müsahibə - VİDEO
İsveç Kitabıstanın tədqiq etdiyi ölkələrdəndir. Biz stabil inkişaf, rifah dövləti, elm, texnologiya və innovasiya yolunda İsveçin əsas istinad nöqtəsini bilmək istəyirdik.
“Lagom”. Bu söz Azərbaycan dilinə tam mənası ilə tərcümə olunmasa da “yalnız düzgün miqdar” və ya “nə çoxdur, nə də çox az” kimi tərcümə oluna bilər. “Lagom” - İsveç milli xarakterini təsvir edən anlayış, yaşayış, düşüncə tərzidir.
İsveçlilərin qədim bir atalar sözü var: Lagom är bäst - Lazımi qədər daha yaxşıdır.
Bizdə buna ən yaxın anlayış qızıl ortadır. Qızıl orta, yəni başqasına ədalətsizlik etməmək, lazım olan qədər almaq, yaxud da özünlə bərabər yaşadığın mühiti də düşünmək. İsveçliləri anlamaq üçün buna mütləq prinsipiallıq sözünü də əlavə etmək lazımdır. İsveçlilər belə yaşayır...
200 ildir ki, İsveç heç bir müharibədə iştirak etməyib. Hətta birinci və ikinci dünya müharibələrində də neytrallığını qoruyub saxlaya bilib. Bu iki yüz ildə söz azadlığı anlayışını konstitusiyasına gətirən ilk ölkə olub. 1921-ci ildə qadınlara səsvermə hüququ verib, demokratiya indeksində ilk beşlikdə, və qlobal innovasiyalar indeksində isə ilk üçlükdədir. Ən azad ölkələr indeksində isə ilk onluqdadır. İsveç pasportu dünyanın ən nüfuzlu ölkələri sırasında 3-cü yerdədir. İsveçlilər dünyanın 124 ölkəsinə vizasız gedə bilirlər.
İsveçi tədqiq etməyə davam edərkən qərar verdik ki, İsveçə dair suallarımızın bir qisminə cavab tapmaq üçün İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tobias Lorentzsona müraciət edək. O, böyük nəzakətlə müsahibə təklifimizə müsbət cavab verib, İsveçə xas dəqiqliklə Kitabıstanın suallarına əhatəli şəkildə cavab verdi.
İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tobias Lorentzsonu müsahibəsini sizə təqdim edirik.
- Hörmətli səfir Tobias Lorentzson, ilk olaraq Kitabıstan üçün müsahibə vermək təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Kitabıstanın əsas fəaliyyət istiqaməti maarifçilik olduğu üçün məqsədimiz təhsil, innovasiya, biznes, gender və digər sahələrdə dünyanın uğurlu nümunələrini Azərbaycan ictimaiyyətinə təqdim etməkdir. İlk sualımla başlayaq. İsveçin inkişafına hansı amillər töhfə verib və biz İsveçi tədqiq etmək, anlamaq üçün nədən başlamalıyıq?
- İlk növbədə icazə verin, məni proqramınıza dəvət etdiyiniz üçün sizə təşəkkür edim. Bir çox sahələrdə, o cümlədən İsveçin Bakıdakı səfirliyinin Azərbaycandakı tərəf müqabilləri ilə əməkdaşlıq etdiyi gender bərabərliyi, təhsil və biznes kimi sahələrdə maarifləndirmə işini təşviq etmək missiyanıza görə sizi yüksək qiymətləndirirəm.
İndi sualınıza gələk. Hesab edirəm ki, İsveçin ötən əsrdəki inkişafının arxasında duran amilləri üç açar sözlə ümumiləşdirmək olar. Bunlar sülh, açıqlıq və inklüzivlikdir. Ona görə sülh deyirəm ki, İsveç iki Dünya Müharibəsində də iştirak etməyib. Beləliklə, İkinci Dünya müharibəsindən və onun ardınca meydana gələn iqtisadi bumdan sonra İsveç bir çox rəqibləri ilə müqayisədə üstünlüyə malik idi. Bu dövr İsveçin dünyanın ən zəngin ölkələrindən biri olmaq yolunda ilk addımlarını atdığı dövr idi. Bu da bizi ikinci açar sözümə gətirib çıxarır ki, o da açıqlıqdır.
İsveç kiçik bir ölkənin uğurlu olması üçün xarici dünyaya açıq olmalı olduğunu çox tez başa düşdü və bu, ilk növbədə ticarətə aiddir. Bu o mənaya gəlir ki, bu gün İsveçdə ixrac yönümlü şirkətlər çoxdur və iqtisadiyyatımız, əsasən, ixracdan asılıdır. Bu İsveç şirkətlərinin bir çoxu hazırda öz sahəsində dünya lideridir. Lakin açıqlıq və şəffaflıq həm də İsveç demokratiyasının həyati hissələridir. İsveç Konstitusiyasında qeyd olunur ki, bütün vətəndaşlar məlumat əldə etmək, nümayişlər təşkil etmək, siyasi partiyalar yaratmaq və öz dinlərinə etiqad etmək hüququna malikdir. 1766-cı ildə İsveç faktiki olaraq mətbuat azadlığını öz konstitusiyasına salan dünyadakı ilk ölkə idi və ictimai əlçatanlıq prinsipi bu aktın mühüm bir hissəsi idi. Bu, həm ümumi ictimaiyyətin, həm də kütləvi informasiya vasitələrinin dövlət sənədlərinə çıxış əldə etməsi demək idi. Bu isə o deməkdir ki, həm ümumi ictimaiyyət, həm də kütləvi informasiya vasitələri hökumətin və dövlət orqanlarının bütün səviyyələrdə - dövlət, regional və yerli səviyyədəki fəaliyyətini təftiş edə bilər. Əlbəttə, bu onlara hakimiyyətdən sui-istifadə edilmədiyinə əmin olmağa imkan verir və bu da öz növbəsində inkişafa töhfə verir.
Bizim üçün açıqlığa həm də insan haqları və bərabərlik daxildir. İsveçdə dövlət hakimiyyəti hər kəs üçün bərabərliyə, həm də fərdi azadlıqlara hörmət çərçivəsində həyata keçirilməlidir. Qanunlar və tənzimləmələr istər gender, istər etnik mənsubiyyət, yaş, cinsi oriyentasiya və ya əlilliyi baxımından azlığa mənsub olduğu üçün heç kimin əlverişsiz vəziyyətə düşməsinə yol aça bilməz. Bu məqamda biz üçüncü və sonuncu açar sözə gəlirik, o da inklüzivlikdir.
Düşünürəm ki, İsveç cəmiyyəti modelinin uğuru bizim hər kəsi əhatə etməyə çalışmağımızla bağlıdır. Biz heç kimi geridə qoymaq istəmirik və hər kəsi inkişaf edən cəmiyyət qurmaq vəzifəsində iştirakçılığa gətirmək istəyirik. Belə ki, məsələn, qadınların əmək bazarında payının artırılması ölkə iqtisadiyyatını gücləndirməyin effektiv bir yoludur. Mən fikrimi bununla sonlandıracağam ki, inklüzivlik coğrafi baxımdan da başa düşülə bilər. İsveç cənubdan şimala uzanan bir ölkədir. Buna görə də işlək infrastruktur inkişafımızın açarıdır. Biz telekommunikasiya, internet və genişzolaqlı şəbəkəni artırmaq və inkişaf etdirmək üçün çoxlu resurs və səy sərf etmişik. Bu gün bizim həm də innovasiyalara öncüllük etməyimizin arxasında bu dayanır.
- Məlumdur ki, İsveç təhsili qlobal təhsil indeksində yüksək pillədə olması ilə tanınır və ardıcıl olaraq ilk onluğa daxil olur. Sizcə, İsveç təhsilini uğurlu və özünəməxsus edən amillər nələrdir?
- İsveçin beynəlxalq təhsil reytinqlərində yüksək yer tutduğu doğrudur və təhsil İsveçdə çox əhəmiyyətlidir. Təhsil vergilər hesabına maliyyələşdirilir və altı yaşından etibarən məcburidir. Məktəb təhsili, əslində, 1842-ci ildə uşaqlar üçün məcburi oldu və təhsilə bu uzunmüddətli diqqət İsveçin inkişafı və innovasiya sahəsində lider olmağı üçün əsas amillərdən biri kimi qəbul edilir. Düşünürəm ki, İsveç təhsil sisteminin uğurunun başqa bir səbəbi müəllim və şagirdlərin tədrisi birlikdə planlaşdırmalarıdır. Şagirdlərin tədrisin necə aparılmasına təsir etmək hüququ var. Həmçinin şagirdlər böyüdükcə, öz təhsilləri ilə bağlı müəllimləri ilə birgə qərar vermək məsuliyyətləri də artır. Deyərdim ki, bu, əslində, onların demokratiya və ya demokratik proses təlimlərinin bir hissəsidir. Bu yerdə həm də onu qeyd edə bilərəm ki, 2011-ci ildə İsveç Təhsil Aktı müəllimlər üçün daha sərt tələblər gətirdi. Bununla belə, müəllim və şagird sağlamlığı anlayışını, eyni zamanda fənlərlə bağlı daha çox seçim təqdim etdi.
- İsveç qlobal miqyasda gender bərabərliyini təşviq etməkdə ön sıradadır. Xüsusilə, 1998-ci il İsveç Təhsil Aktı bütün məktəblərin gender stereotiplərinə qarşı çalışmalı olduğu məcburiyyətini gətirdi. Bunun nəticəsidir ki, indi İsveçdə gender-neytral uşaq bağçaları və məktəblər fəaliyyət göstərir. Bu təhsil müəssisələri və onların təsiri haqqında fikirlərinizi eşitmək mənə maraqlıdır.
- Bəli, İsveçdə həm gender bərabərliyi, həm də uşaq hüquqları yüksək prioritetə malikdir. Məsələn, 1979-cu ildə dünyada ilk dəfə olaraq İsveç uşaqların istər evdə, istərsə də məktəbdə fiziki şiddətə məruz qalmasını qadağan etdi. O vaxtdan bəri uşaq hüquqları siyasi gündəmin başlıca mövzusu olub. Məktəbdə oğlanlar və qızlar arasında bərabərlik də bu prosesin həyati və vacib hissəsidir. Qeyd etdiyiniz İsveç Təhsil Aktı İsveç Diskriminasiya Aktı ilə birlikdə uşaqları ayrı-seçkilikdən və ləyaqəti alçaldan rəftardan qorumağa çalışır və burada qanunvericiliyi tətbiq etmək üçün əsas məsuliyyət müəllimlərin üzərinə düşür. Bərabərlik üzrə ombudsman isə bu qanuna əməl olunmasına nəzarət edir. İsveçdə gender həssas təhsil getdikcə daha çox yayılır və bu, cinsindən asılı olmayaraq uşaqlar üçün həyatda eyni imkanları təmin etməyə çalışmaqdan ibarətdir. Burada məsələ erkən yaşlarda gender stereotiplərinin qırılmasıdır və bunun işə yaradığını göstərən tədqiqatlar var.
- Təhsil səviyyəsi yüksək olan ölkələrdə sosial innovasiyalar yüksəlişdədir. İsveç uzun müddətdir ki, innovasiya lideri kimi tanınır və xüsusilə, yaşıl texnologiya sahəsində model hesab olunur. İsveç dünyada innovasiya liderinə necə çevrilib?
- Düşünürəm ki, bunu açıqlaya biləcək bir neçə amil var. Onlardan üçünü artıq qeyd etmişəm: infrastruktur, bərabərlik və təhsil. Amma İsveçin qlobal yanaşması da var ki, bu haqda da əvvəlki cavabımda qeyd etmişəm. Biz kiçik bir ölkəyik, kiçik bazarımız var. Uğurlu olmağımız və şirkətlərimizin beynəlxalq bazarda uğur qazanması üçün rəqabətədavamlı olmalıyıq. Rəqabət qabiliyyəti isə istehsal sektorunuzu daim öz rəqiblərinizdən daha səmərəli və daha yaxşı etmək üçün innovasiyalar sahəsində ön sırada olmağınız deməkdir. Daha əvvəl qeyd etdiyim kimi, İsveçin uzun müddətdir ki, təhsil və tədqiqata fokuslanması da onun innovasiya lideri olmasına böyük təsir göstərib. 1842-ci ildə təhsilin icbari olması, əhalinin ümumi təhsil səviyyəsini yüksəltdi və bu, əslində, İsveçin yoxsul kənd təsərrüfatı ölkəsindən qlobal innovasiya liderinə çevrilməsinin başlanğıcı oldu. Tədqiqat və inkişafa gəldikdə isə, biz orta hesabla ÜDM-in təxminən 3 faizini tədqiqat və inkişaf sahəsinə yatırırıq. Mən deyərdim, bu da prosesin vacib bir hissəsidir.
Siz yaşıl texnologiya və təbiət elmlərini qeyd etdiniz. Bəli, bunlar İsveç şirkətlərinin üstün olduğu iki sahədir və hökumət bu sahəni inkişaf etdirmək üçün milli strategiya hazırlamağı hədəfləyən bir qurum yaradıb. Azərbaycan üçün də çox aktual olan müəyyən maraq sahələrindən biri ağıllı şəhər konsepsiyasıdır. İsveçin Bakıdakı səfirliyi İsveçin ağıllı şəhər təkliflərini Azərbaycanda tətbiq etmək imkanlarını araşdırır. Bu yaxınlarda Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələrinin səfəri oldu. Onlar əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün Stokholma səfər etdilər.
- İsveç “IKEA”, “Volvo”, “Ericsson” və bir çox başqa şirkətləri də daxil olmaqla, inkişaf edən biznesləri və məşhur brendlərinə görə qlobal səviyyədə tanınmaqdadır. Biz başa düşürük ki, biznesin uğuru üçün əlverişli şəraitin yaradılması vacibdir. İsveçdə biznesin - startapların inkişafına kömək etmək üçün İsveç hökumətinin təklif etdiyi dəstək proqramları haqqında məlumat verə bilərsinizmi? Bundan əlavə, investorlar İsveçi investisiya məkanı kimi seçərkən nə kimi faydalar gözləyə bilərlər?
- Əvvəla onu deyim ki, qeyd etdiyiniz şirkətlərin bəziləri hal-hazırda Azərbaycan bazarındadır və bura “Ericsson” və “Volvo” da daxildir. Amma burada, Azərbaycan bazarında “Assa Abloy”, “Oriflame” və ya “SKF” kimi digər İsveç şirkətləri də fəaliyyət göstərir. İsveç bizneslərini dəstəkləyən dövlət proqramları və agentlikləri çoxdur. O cümlədən, bizim ağıllı şəhərlər sahəsində tədqiqat layihələrini təşviq edən və maliyyələşdirən Vinnova adlı innovasiya agentliyimiz var. Bizim həmçinin İsveçin rəqabət qabiliyyətinin gücləndirilməsinə diqqət yetirən bir neçə dövlət agentliklərimiz var ki, bunun haqqında daha əvvəl danışmışam. Bunlar Bilik Fondu, həmçinin İsveç Regional və İqtisadi İnkişaf Agentliyidir. İsveçdə həmçinin şirkətlərin ilkin mərhələdə inkişafına kömək edə biləcək geniş çeşiddə startap inkubatorları mövcuddur. İxrac yönümlü şirkətlər üçün bizdə bu kimi inkubatorlar çoxdur. Yarı dövlətə məxsus olan “Business Sweden” adlı bir təşkilat var ki, bu da İsveç biznesinin beynəlxalq səviyyədə - beynəlxalq bazarlarda böyüməsinə kömək edir. Siz investisiyaları, xarici investisiyaları da qeyd etdiniz. Məhz “Business Sweden” təşkilatı həm də xarici şirkətlərə İsveçdə investisiya imkanları tapmaqda və İsveç bazarına girişi mümkün qədər rahat və əlverişli etməkdə kömək edir. Buna paralel olaraq, xarici şirkətlərin İsveçdə ixrac tərəfdaşları tapmasına kömək edən Milli Ticarət Şurası da var. Biz əslində hazırda KOBİA və AZPROMO ilə birlikdə əməkdaşlıq imkanlarını araşdırırıq.
- İsveçin Azərbaycandakı səfiri kimi İsveçi 3 sözlə ən yaxşı şəkildə necə ifadə edərsiniz?
- Bu çox yaxşı sualdır. Mən deyərdim ki, azadlıq, bərabərlik və rifah.
- Son olaraq, ənənəvi sualımızı sizə də ünvanlanmaq istəyərəm. Kitabıstan oxucularına hansı kitabı oxumağı məsləhət görərsiniz?
- Bu sualı verdiyiniz üçün çox şadam. Azərbaycanlı oxucularımıza isveçli yazıçı Benqt Yanqfeldtin Nobel qardaşlarının bioqrafiyasını tövsiyə edərdim. Bu kitabın Azərbaycan dilli versiyasını artıq ötən həftədən etibarən Bakıdakı “Əli və Nino” kitab mağazalarından əldə etmək mümkündür. Və bu tərcümə İsveçin Bakıdakı səfirliyi ilə Azərbaycanın Stokholmdakı səfirliyinin birgə təşəbbüsüdür. “Nobel qardaşları” Nobel ailəsinin həm İsveçdə, həm də Çar Rusiyasında, xüsusən də 1830-cu illərdən sonrakı tarixinin füsunkar hekayəsindən bəhs edir. Bu kitabda bizim azərbaycanlı auditoriyanın xüsusi marağını cəlb edə biləcək məqam odur ki, bu kitabın bir neçə fəsli Nobel qardaşlarının Bakıda keçirdikləri və “Branobel” şirkəti vasitəsilə burada neft biznesini inkişaf etdirdikləri təxminən 40 illik dövrə həsr olunub. Bu il Robert Nobelin Bakıya ilk gəlişinin 150 ili tamam olur. Bəhs etdiyim tərcümə bizim bu mühüm tarixi qeyd etmək səylərimizin bir hissəsidir. Bu tarixin qeyd olunması çərçivəsində biz həm də Bakıda və Nobel Qardaşlarının Ağ Şəhərdə yerləşən ev muzeyi olan Villa Petroleada çəkilmiş səhnələrdən ibarət məhz bu kitab əsasında hazırlanmış sənədli film təqdim edəcəyik. Məncə, Nobel qardaşları bu müsahibəni bitirmək üçün uyğun bir mövzudur. Çünki onlar bu gün müzakirə etdiyimiz İsveçin əsas dəyərlərinin çoxunu təcəssüm etdirirlər. Qardaşlar innovasiyada ön sırada idilər. Bu da onlara sona qədər, bolşeviklər gələnə qədər rəqabətdə qalmağa kömək etdi. Onlar mənfəətin bölüşdürülməsi və xeyriyyəçiliklə bağlı çox mütərəqqi bir gündəliyə sahib idilər. Qardaşlar işçiləri üçün məktəb, yaşayış evi, teatrlar tikiblər. Beləliklə, düşünürəm ki, bu gün korporativ sosial məsuliyyət adlandırdığımız şeyə nümunə idilər və bəlkə də müəyyən qədər öz zamanlarından irəlidə idilər.
- Cənab səfir, cavablarınıza görə təşəkkür edirəm.
- Mən təşəkkür edirəm.
Mələk Hacıyeva
23.08.2023
Məzmun tipi
Mövzular
Layihələr