Lena Karlssonun Kitabıstana eksklüziv müsahibəsi

Lena Karlsson: "Gender bərabərliyi və inklüzivlik demokratiya üçün ilkin şərtdir"

Lena Karlsson: "Gender bərabərliyi və inklüzivlik demokratiya üçün ilkin şərtdir"

Gender bərabərliyinin təmini insan hüquqları, sosial rifah və iqtisadi böyümə ilə yanaşı, ədalətlilik və demokratiyanın da təminatıdır. Buna görə dünyada gender əsaslı zorakılıq və ayrıseçkiliyin qarşısının alınması üçün qadınların sosial, siyasi və iqtisadi məsələlərdə aktiv rol alması təmin edilməlidir. Amma necə?
Avropa İttifaqı ölkələri bu sahədə müsbət təcrübələrə malikdir və bir çox uğurlu nəticələr əldə edib. Buna görə də Avropa Komissiyasının Şərq Tərəfdaşlığı ölkələri üzrə departamentinin gender məsələləri eksperti xanım Lena Karlssonla bu sahədə əldə olunan nəticələr və strategiyalar barəsində söhbət etdik.

Sizə xanım Lena Karlssonun Kitabıstana verdiyi müsahibəni təqdim edirik.

 

 

- Xanım Lena Karlsson, sizi Kitabıstanın “Veritas Dialogues” müsahibələr seriyasında görməkdən çox şadam. Siz Avropa Komissiyasının Şərq Tərəfdaşlığı ölkələri üzrə departamentinin gender məsələləri ekspertisiniz. Bu gün sizinlə AK-nın Şərq Tərəfdaşlığı ölkələrində gender bərabərliyi siyasətini müxtəlif aspektlərdən geniş şəkildə müzakirə etmək imkanımız olacaq. Elə ilk sualıma Avropa Komissiyasının 2020-2025-ci il Gender Bərabərliyi Startegiyası ilə başlamaq istərdim.

Bu strategiya əmək bazarında gender boşluqlarının aradan qaldırılması, gender əsaslı zorakılıqla mübarizə və qlobal miqyasda gender bərabərliyinin təşviqi də daxil olmaqla əsas məqsədləri ehtiva edir. Təcrübənizə əsasən, bu prioritetlərdən hansının xüsusilə Şərq Tərəfdaşlığı regionunda həyata keçirilməsi çətin olub və bu problemlərin aradan qaldırılmasında hansı strategiyalar daha effektiv olub?

 

- Çox təşəkkür edirəm. Mən burada olmaqdan və bu dialoqa töhfə verməkdən çox şadam.
Əvvəlcə onu demək istərdim ki, təbii ki, gender bərabərliyi Aİ üçün əsas dəyərlərdən biridir.
Həm bir insan hüququ kimi, həm də ümumilikdə demokratiya, iqtisadi böyümə və rifah üçün... Bizim fəaliyyətimiz iki istiqamətdədir.

Sizin qeyd etdiyiniz gender bərabərliyi strategiyamız var ki, daha çox üzv dövlətlərə aiddir. Həm də gender fəaliyyət planımız var ki, bu, strategiyaya çox oxşardır, amma xarici fəaliyyətlər üçündür. Məsələn, Ermənistanı, Azərbaycanı və digər ölkələri dəstəklədiyimiz zamanlar üçün. Onların fokusu demək olar ki, eynidir. Deyərdim ki, səbəblər, əsas səbəblər də eynidir və genderlərin bərabər gücə malik olduğu struktur kimi əsas səbəbləri həqiqətən həll etmədən biz heç vaxt uğur qazana bilməyəcəyik.
Beləliklə, qeyri-bərabər gender strukturunun əsas hərəkətverici qüvvəsi, əlbəttə ki, qadınların təhsilə, səhiyyəyə və məşğulluğa çıxışına təsir edən stereotiplər və normalardır. Bu, gender əsaslı zorakılığın səviyyəsinə, qadınların siyasi iştirakçılığına və s. təsir göstərir. Beləliklə, biz bu məsələnin həllində özümüzü inkişaf etdirməliyik. Nümunə çəksəm, gender stereotipləri, normaları və güc münasibətləri səbəbindən qadınlardan baxıcılıq, ev işləri və məişət rollarını kişilərə nisbətən daha çox yerinə yetirmələri gözlənir. Onlar bu rollara hər gün kişilərdən 2,8 saatdan daha çox vaxt sərf edirlər. Bu, qadınların iqtisadi güclənməsinə, həmçinin STEAM (Science, Technology, Engineering, Arts, and Mathematics - elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat - red.) kimi kişilərin üstünlük təşkil etdiyi sahələrə daxil olmasına təsir edir. Ən çətin olan məsələni seçsəydim, deyərdim ki, gender əsaslı zorakılıq, əlbəttə ki, bərabərsizliklərin ən geniş yayılmış formalarından biridir. Qlobal miqyasda hər üç qadından biri əsasən də intim partnyoru tərəfindən ya fiziki, ya da cinsi zorakılığa məruz qalıb. Şərq Tərəfdaşlığı ölkələrində də bu nisbət eynidir.
Strategiyaya baxsanız... Nəyin işə yaradığını görmək üçün o bu yaxınlarda nəzərdən keçirilib və bunun nəticəsində qanuvericiliklər kombinasiyası meydana gəlib.
Gender bərabərliyini daha da gücləndirmək üçün qanunların mövcud olması önəmlidir. Lakin gender meynstriminq (nəzərdə tutulmuş siyasi fəaliyyətin, o cümlədən qanunvericilik və proqramların müxtəlif genderdən olan insanlara təsirinin ölçülməsi - red.), gender bərabərliyinin bütün siyasət və proseslərə inteqrasiya edilməsi, eyni zamanda gender əsaslı zorakılığın aradan qaldırılması kimi gender bərabərliyi istiqamətindəki konkret tədbirlər də çox vacibdir. Ən uğurlu olduğumuz sahələrdən biri, deyərdim ki, əmək bazarı olsa da, qadınlar hələ də aşağı maaşlı sektorlarda təmsil olunurlar. Gender maaş fərqi mövcuddur və qərarların qəbulunda boşluqlar var.
Komissiyaya, Xarici Fəaliyyət Xidmətinə və digər ölkələrə dəstək məsələsinə gəldikdə, biz hazırda bütün fəaliyyətlərin, bütün proqramların 85 faizində hədəf qoymuşuq ki, onlar ya gender bərabərliyinə fokuslanmalı, ya da gender bərabərliyini önə çıxarmalıdır. Beləliklə, strategiyada olduğu kimi burada da ikili yanaşmanın, yəni həm meynstriminq, həm də hədəflənmiş fəaliyyətin uğurlu olduğu sübut olunub. 
Şərq Tərəfdaşlığı regionunda, Aİ-də gender bərabərliyi istiqamətində hədəflənmiş dəstəyimizə dair konkret nümunələr verim. Bizim islahat yardım masamız var. Hökumətlər tələb əsasında dəstək alırlar. Onlar, məsələn, qanun, siyasət və fəaliyyətlərində gender meynstriminq sahəsində dəstək istəyirlər.
Məsələn, 2021-2024-cü illər ərzində Ukraynanın bərpa planı və Ermənistanda iqtisadi tədbirlər proqramı və fəaliyyət planı kimi 81 hökumət sənədi üzərində meynstriminq həyata keçirildi. Həmin proqramda vətəndaş cəmiyyəti təşkilatlarına qrantlar vermək, gənclərlə, inanc əsaslı liderlərlə işləmək, sosial media kampaniyaları aparmaqla stereotiplər və normalarla mübarizə aparmaq komponenti də var. Məsələn, əlilliyi olan qadınlara qarşı stereotiplərlə mübarizə aparmak üçün xüsusi tədbirlər mövcuddur. Bu proqram həmçinin gender stereotipləri məsələlərində yeni ata olmuş şəxslərlə işləmək, uşaq tərbiyəsində və yetişdirilməsinə dəstəyi təşviq etmək və gender əsaslı zorakılıq, məişət zorakılığı və s. mövzularda onlarla söhbətlər aparmaq, ataları bu məsələlərə həqiqətən cəlb etmək üçün atalıq məktəbləri adlandırılan məktəbləri dəstəkləyir.
Çünki bu sosial normaları dəyişmək üçün qadın və qızlarla işləmək kifayət etmir. Biz həmçinin kişilər və oğlanlarla işləməli, ayrıseçkiliyin müxtəlif formalarının üst-üstə düşdüyü nöqtələrə nəzər yetirməliyik. Məsələn, etnik azlıqlardan olan, əlilliyi olan qadınlar və ya şəhər, kənd yerlərində yaşayan lezbiyanlar kimi. Demək istəyirəm ki, ayrıseçkiliyin nəzər yetirməli olduğumuz çox sayda kəsişən formaları var.
Gender meynstriminq məsələsində isə Qonşuluq İnvestisiya Platforması adlandırdığımız mexanizm var. Biz burada gender bərabərliyi perspektivinə malik olmasını təmin etmək üçün investisiyaları nəzərdən keçiririk. Belə ki, bu, böyük tam bir investisiya ola bilər və investisiyanın bir hissəsi kimi qadınların sahibkarlığının təşviq edilməsi, uşaq baxıcılığına sərmayə qoyulması və qurulma mərhələsində cinsi qısnama və istismarların baş verməməsinin təmin edilməsi kimi komponentlərə sahib ola bilər.
Genişlənməyə (Aİ-nin genişlənməsi nəzərdə tutulur - red.) daxil olan ölkələr üçün insan hüquqları və gender bərabərliyi Aİ-yə üzvlük prosesində tənzimləməli olduqları əsasların bir hissəsidir. Belə ki, onlar öz qanun və siyasətlərini gender bərabərliyini aradan qaldırmaq və qadınların iqtisadi cəhətdən gücləndirilməsi, siyasi iştirakçılığı və gender əsaslı zorakılıqla bağlı standartlara cavab verəcək şəkildə uyğunlaşdırmağa olan istəklərini və öhdəliklərini nümayiş etdirməlidirlər. Bu öhdəliklər komissiya tərəfindən müntəzəm hesabatlar və monitorinqlər vasitəsilə izlənilir.

 

- Şərq Tərəfdaşlığı ölkələrində qadınlar əhəmiyyətli çətinliklərlə üzləşirlər və siz onlardan bəzilərini artıq qeyd etdiniz. Düşünürəm ki, bu onların hüquq və imkanlarına təsir etməklə yanaşı, demokratik dəyişikliyə və daha dayanıqlı cəmiyyətlərin formalaşmasına da mane olur. Sizin fikrinizcə, qadınlar demokratik dəyişikliklərin təşviqində və daha güclü, daha inklüziv icmaların qurulmasında hansı rolu oynayırlar?

 

- Bəli, əlbəttə, sizin dediyiniz çox doğrudur. Qadın hüquqları təşkilatlarının, insan hüquqları müdafiəçilərinin, yerli icmada qadınların demokratiya naminə çox mühüm rolu var.
Həm kişilərin, həm də qadınların hüquqları təmin edilməsə, onlar dinlənilməsə və qərar qəbul etmə prosesində iştirak etməsə, biz demokratik cəmiyyətə sahib ola bilmərik. Qadın təşkilatları adətən hökumət tərəfindən qanunların və siyasətlərin həyata keçirilməsi ilə bağlı proqresi izləyir. Bundan əlavə, onlar bu qanunların həyata keçirildiyi və onlara resurs ayrıldığından əmin olmaq üçün hesabatlılığın gərəkli olduğunu müdafiə edirlər. Onlar həmçinin beynəlxalq advokasiya ilə məşğul olurlar, ortaq strategiyalara malik olmaq üçün digər qadın hüquqları təşkilatları ilə uyğunlaşırlar və s. Amma bəlkə bundan da vacibi yerli icmalardadır. Yerli icmaları səfərbər etmək, dayanıqlılığı və gender bərabərliyi dəyərlərini təşviq etmək, həqiqətən yerli regionlarda işləmək, yerli icmadakı insanlarla danışmaq, ehtiyacları anlamaq və onların dəstək olmaq üçün nə edə biləcəklərini görməkdir. Beləliklə, bu, demokratik cəmiyyətin mühüm hissəsidir. Bunun oynayacağı çox böyük bir rol var.
Məsələn, Moldovada əlilliyi olan qadınlar digər əlilliyi olan qadınlarla işləyirlər ki, onların gücləndirilməsinə şərait yaratsınlar və xidmətlər haqqında məlumat paylaşsınlar. Çünki çox vaxt kənd yerlərində əlilliyi olan qadınlar gender əsaslı zorakılığın qurbanları üçün hansı xidmətlərin mövcud olduğundan xəbərsiz ola bilirlər.
Onlar həmçinin kişilərlə ortaq şəkildə işləyirlər. Əvvəl qeyd etdiyim atalıq qrupu kimi. Belə ki, Ukraynada atalıq qrupları təkcə sözün hərfi mənası ilə atalığı təşviq etmir, həm də fəaliyyətlərini genişləndirərək müharibə səbəbindən qadınlara və kişilərə dəyən travmaların öhdəsindən gəlmək üçün psixoloji dəstək verməyə və müharibənin dəhşətlərini yaşamış uşaqlar üçün müalicəvi oyunlar təşkil etməyə başlayıblar.
Beləliklə, yekunlaşdırsaq, gender bərabərliyi və müxtəliflik, sözsüz ki, demokratiya və davamlı inkişaf, hər kəsin öz səsini çatdırması və proseslərdə iştirak etməsi üçün ilkin şərtdir.
Bunun baş verməsindən ötrü də təbii ki, siyasi proseslərdə olan və lider mövqelərini tutan daha çox qadın olmalıdır.

 

- Növbəti sualım qadınların siyasətdə iştirakçılığı ilə bağlıdır. Çünki təəssüf ki, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində qadınlar parlamentdə çox vaxt kifayət qədər təmsil olunmurlar. Gender bərabərliyi siyasətlərinin və qanunlarının ləng qəbul edilməsindən bunu aydın hiss etmək olur və bu da onların səslərinin marginallaşması ilə nəticələnir. Avropa Komissiyası qadınların bütün səviyyələrdə seçkilərdə iştirakını təşviq etmək və onları bu mövzuda maarifləndirmək üçün hansı proqram və təşəbbüslərə malikdir?

 

- Əlbəttə ki, bu açardır. Bunu etmək bizim üçün əsasdır və biz bunu edirik. Lakin əlbəttə ki, burada ictimai, mədəni, struktur amillərin kombinasiyasından ibarət səbəbləri həll etmək üçün daha çoxunu etməliyik. Siyasətçinin hansı keyfiyyətlərə sahib olmalı olduğu ilə bağlı gözlənti stereotipləri də bura daxildir. Məsələn, çox vaxt cəmiyyət uğurlu siyasətçi olmağı kişilərdən gözləyir. Ancaq eyni zamanda qayğının qeyri-bərabər şəkildə bölüşdürülməsi, qadın mentorların və siyasətdə qadınlar üçün dəstəyin olmaması qadınların siyasətə girməsinə təsir edir.
Təkcə Şərq Tərəfdaşlığı ölkələrində deyil, qlobal miqyasda da gördüyümüz odur ki, siyasətdə qadınlara qarşı ciddi qısnamalar və kiber zorakılıq var. Çox vaxt siyasətdəki qadınları, xüsusən də gənc qadınları və azlıqlardan olan qadınları hədəf alan onlayn təhqir, nifrət nitqi, dezinformasiya olur. Siyasətdə olan bu qadınların həm də daha güclü hüquqi müdafiəyə ehtiyacı var.
Biz, məsələn, Moldovada gördük ki, prezident Sandu oktyabrda keçiriləcək seçkilərə qədər çoxlu qısnama və kiber zorakılıqla üzləşdi. Biz Gürcüstanda, Ermənistanda və Azərbaycanda parlamentlərdə olan qadınlar arasında da bəzi oxşar halların şahidi olduq.
Deməli, bu, hər yerdə var. Bu, əlbəttə ki, təkcə fərdi olaraq qadına zərər vermir, həm də qadınların bəziləri təhlükəsizlik səbəbi ilə yaxud ailələrinə pis təsir edəcəyindən qorxduqları üçün siyasətdən çəkildiklərindən demokratiyanın və təmsilçiliyin inkişafına zərər verir. Beləliklə, biz həm dialoq, həm də maliyyə yardımı təmin edirik. Bu eyni zamanda bütövlükdə genişlənmə prosesinin bir hissəsidir ki, ölkələrin parlamentdə qadınların iştirakını təşviq etmək üçün proqramları olmalıdır. Biz həmçinin sosial norma proqramları vasitəsilə siyasətdə qadınlar məsələsi ilə məşğul oluruq.
Həmçinin konkret proqramlarımız da var. Biz qadınların siyasi iştirakçılığını artırmaq məqsədilə parlamentarilərlə birbaşa əlaqədə olmaq üçün Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ya DTİHB ilə birlikdə işləyirik.
Bu proqramın iki qolu var. Birincisi gücləndirmə, təhsil və s. yollarla qadınların, gənclərin və əlilliyi olan şəxslərin siyasi iştirakını artırmaqdır. İkincisi institutların özləri ilə işləməkdir. Yalnız qadınları gücləndirmək kifayət deyil, həm də institutun özünü sorğulamaq lazımdır. Bunun üçün gender bərabərliyi, inklüzivlik və s. mövzularda siyasi partiyalar və siyasi strukturlardakı insanlarla potensialın artırılması fəaliyyətləri həyata keçirilir ki, həqiqətən də qadınların, gənclərin və əlilliyi olan şəxslərin bu sahəyə daxil olmasının qarşısındakı struktur maneələrinin  aradan qaldırılması üçün nə edilə biləcəyi görülsün və aradan qaldırılsın.
Təbii ki, hər yerdə olduğu kimi burada da mədəni dəyişiklik və münasibət mövzusunda sistematik dəyişikliklərə ehtiyacı var. Beləliklə, əlbəttə ki, davamlı advokasiya zəruridir. Digər aktorlarla, Aİ ilə, siyasi institutlar, vətəndaş cəmiyyəti, təşviqatçılarla birlikdə işləmək önəmlidir.

 

- Siz rəqəmsal və media məkanlarında gender əsaslı nifrət nitqi haqqında danışdınız ki, bu da qadınları ictimai və siyasi həyatda təmsilçilikdən yayındırır. Avropa Komissiyası üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələri ilə gender əsaslı nifrət nitqi ilə mübarizə aparmaq, daha təhlükəsiz rəqəmsal məkanları təşviq etmək və qadınları gücləndirərək bu arenalarda daha sərbəst iştirak etmələrinə imkan yaratmaq üçün necə işləyə bilər?

 

- Çox təşəkkür edirəm. Bu mənim üçün hazırda ən vacib suallardan biridir: daha nə edə bilərik? Çünki bu, təkcə burada deyil, qlobal miqyasda da həqiqətən artmaqdadır. Üstəlik bu, təkcə siyasətdə olan qadınlara qarşı deyil, həm də qadın insan hüquqları müdafiəçiləri, LGBTİ fəalları və s. qarşıdır. Bu, çox zaman xarici müdaxilə ilə yaradılır və sosial mediada çox istifadə olunur. Anonimlik və əhatə dairəsi sayəsində sosial media geniş çıxış üçün əsas hədəfdir.
Bir də süni intellekt var. Əgər siz aborta qarşı bir sayta daxil olsanız, qarşınıza bununla bağlı daha çox sayt çıxacaq. Beləliklə, bu, həqiqətən daha geniş əhaliyə təsir göstərir. Bu, doğrudan da həll edilməli olan açar məsələlərdəndir.
Biz dezinformasiya ilə mübarizə aparırıq və müstəqil media ilə işləyirik, qadın təşkilatlarını dəstəkləyirik və gender əsaslı zorakılıqla mübarizə aparırıq. Gender əsaslı zorakılıqla bağlı Avropa Şurasının İstanbul Konvensiyası var. Burada qadınlar üçün ədalət adlandırdığımız sahədə dəstək təmin edirik. Onlara həmçinin hüquqi proseslərdə dəstək verir, hakimlərlə, hüquq institutları ilə işləyirik ki, qadınların bunlara daha yaxşı əlçatanlığı olsun. Onlar daha yaxşı dəstək, həllər və s. əldə etsinlər. Beləliklə, bu əsasdır.
Dediyim kimi, danışıqlar aparan ölkələrdən bəziləri də İstanbul Konvensiyasına daxildir. Lakin bizim qadınlara qarşı zorakılıqla mübarizəyə dair başqa bir direktivimiz də var ki, bu da çox güclü şəkildə onlayn zorakılıq və nifrət nitqinə yönəlib. Belə ki, hüquq-mühafizə orqanlarının onlayn qısnama və kiber zorakılıqları araşdırmaq üçün də imkanları olmalıdır. Bu, olduqca yeni direktivdir, amma düşünürəm ki, çox-çox güclü olacaq.
Biz təbii ki, həm də vətəndaş cəmiyyəti təşkilatlarına birbaşa dəstək veririk. Bəzi tərəfdaşlarımız rəqəmsal təhlükəsizliklə bağlı daha çox dəstək almaq istədiklərini bildiriblər. Beləliklə, süni intellekt, kiber zorakılıq, kibertəhlükəsizlik, dezinformasiya ilə bağlı imkanları genişləndirəcəyik. Növbəti illərdə biz buna daha çox diqqət yetirəcəyik.
Bizim sürətli reaksiya mexanizmimiz də var. Beləcə təhdid altında olan qadın hüquqları təşkilatları, məsələn, təcili olaraq ölkəni tərk etməli olduqları halda onlar bu dəstəyi əldə edə bilərlər.
Siz soruşdunuz ki, mənim fikrim nədir, nə etmək lazımdır... Düşünürəm ki, daha çoxunu. Əlbəttə ki, qanunvericilik çərçivəsi və siyasətləri gücləndirmək lazımdır. Lakin həm də təhsil sistemləri vasitəsilə gənclərlə işləyərək rəqəmsal savadlılığı artırmaq lazımdır ki, onlar dezinformasiya və nifrət nitqini başa düşə bilsinlər və bunun öhdəsindən gələ bilsinlər. Bundan əlavə, təhlükəsizliyi təşviq etmək üçün sosial media platformaları və texnologiya şirkətləri ilə işləmək lazımdır ki, bu, məncə, ən çətinidir.
Eyni zamanda da qadınların rəqəmsal iştirakını dəstəkləmək lazımdır. Bunun nəticələri və miqyasını həqiqətən görmək və qadınlar üçün təhlükəsiz məkanlar yaratmaqdan ötrü bizim daha çox məlumat və araşdırmaya ehtiyacımız var. Bu - təhlükəsiz rəqəmsal məkanlar yaratmaq və regional əməkdaşlıq üzərində daha çox işləmək çox-çox vacibdir. Çünki bu, qlobal məsələdir və sadəcə bu regionda mövcud deyil. Biz həm də digər ölkələrdən və üzv dövlətlərdən, başqalarından bu çətin məsələnin həllində nəyin işə yaradığını öyrənmək üçün yollar tapmalıyıq.

 

- İrəliyə baxanda, Şərq Tərəfdaşlığı regionunda gender bərabərliyinin təşviqi üçün Avropa Komissiyasının prioritetləri hansılardır və növbəti onillikdə irəliləyişi necə təsəvvür edirsiniz?

 

- Düşünürəm ki, biz hazırda mürakirələrin getdiyi mövzular üzrə Aİ GFP - Gender Fəaliyyət Planını davam etdirəcəyik. Həm də mənim həyəcanlandırıcı hesab etdiyim Gender Bərabərliyi üzrə Şərq Tərəfdaşlığı İşçi Qrupumuz var. Burada bütün ölkələrin hökumətlərindən nümayəndələr var. Belarusdan olan nümayəndə vətəndaş cəmiyyəti təmsilçisidir. Amma digər hökumətlərdən təmsilçilər var. Orada həm də üzv dövlətlərin və Aİ təmsilçiliyinin nüayəndələri var. Bu, EEAS (Avropa xarici fəaliyyət xidməti) və EU DG NEAR-in (Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğu) ortaqlığı ilə həyata keçirilir. Biz bir-birimizdən öyrənmək üçün, ən yaxşı təcrübələri bölüşmək üçün bir sıra görüşlər keçirmişik. Qadınların iqtisadi gücləndirilməsi mövzusundan başlamışdıq. Sonra qrup qayğının qeyri-bərabər bölüşdürülməsi və nə edilə biləcəyi haqqında daha çox öyrənmək istədi. Beləcə, biz uşaq baxımı xidmətləri, gender-həssas ailə siyasəti, özəl sektorla da necə işləyə biləcəyimiz və s. məsələləri əhatə etdik. Xüsusi olaraq bununla bağlı Dünya Bankı ilə də görüş keçirmişik və bunu davam etdirib burada daha nə edə biləcəyimizə baxacağıq.
Hazırda bu qrupun mövzusu gender əsaslı zorakılıq məsələsində qadınlar üçün ədalətdir. Deyərdim ki, gender əsaslı zorakılıq da prioritet hesab edilə bilər.
Bayaq müzakirə etdiyimiz dezinformasiya, nifrət nitqi, əlbəttə ki, prioritetdir. Bəli, bunların hamısı diqqət mərkəzimizdə olacaq.
Digər bir nümunə gender meynstriminqdir. Düşünürəm ki, iqlim fəaliyyətində biz gender bərabərliyini meynstrimləşdirməkdə o qədər də uğurlu deyilik. Keçən il Azərbaycanda keçirilən COP29 zamanı İsveç Milli İnkişaf Agentliyi - Sida ilə birlikdə ədalətli yaşıl keçid üçün gender bərabərliyinə sərmayə qoyuluşu ilə bağlı panelimiz də oldu. Burada qadınların iqlim dəyişikliyindən qeyri-mütənasib şəkildə necə təsirləndiyini, amma nadir hallarda qərarlarda onların fikirlərinin alındığını, bundan əlavə, enerji sahəsi kimi iqlim sərmayəsi alan bəzi sektorların qadınların, o cümlədən biznes liderləri kimi də ən az təmsil olunduğu yerlər olduğunu vurğuladıq. Beləliklə, ümid edirəm ki, bu böyük sərmayə sahəsinə və burada gender bərabərliyini necə daha meynstrim hala gətirə biləcəyimizə daha çox diqqət yetirəcəyik.
Əvvəl dediyim kimi, düşünürəm ki, irəliləyiş üçün əməkdaşlıq, birlikdə işləmək əsasdır. Çünki burada, yalnız Aİ və ya yalnız üzv dövlətlər iştirak etmir. Biz bir araya gəlib bütün bu gender problemlərini həll etmək üçün birlikdə nə edə biləcəyimizi görürük.

 

- Son sualım ənənəvi sualdır. Çünki Kitabıstan oxucuları və izləyiciləri kitabları çox sevirlər. Buna görə də öz kitab tövsiyənizi bizimlə paylaşsanız, çox şad olardıq.

 

- Təbii ki, oxunacaq yaxşı, gözəl kitablar çoxdur. Amma həqiqətən bəyəndiyim bir kitabı seçsəm, bu, Marqaret Etvudun yazdığı “Kənizin hekayəsi”dir. Yəqin ki, bir çox izləyicilər bu serialı “Netflix”də izləyib.
Bu, 1985-ci ildə yazılmış çox yaxşı kitabdır. Gilead adlanan totalitar cəmiyyətdə baş verən gələcək haqqında distopik romandır. Bu əsər Offred adlı kəniz haqqındadır və onun cəmiyyətdəki rolu sırf hakim təbəqə üçün uşaq dünyaya gətirməkdən ibarətdir.
Hökumət çox teokratikdir, ciddi sosial və gender iyerarxiyaları yaratmaq üçün dini əsaslandırmadan istifadə edərək nəzarəti ələ alır. Əsər gender rolları və hakimiyyəti haqqında burada müzakirə etdiyimiz məsələləri araşdırır. O, hakimiyyət, kontrol, gender bərabərsizliyi, mütəmadi nəzarət və fərdi kimliyin itirilməsindən və Offredin, bu kənizin cəmiyyətə necə tənqidi baxmasına diqqət yetirir.
Təbii ki, bizdə bunun olacağını düşünmürəm. Belə bir cəmiyyətimizin olmayacağına ümid edirəm. Lakin o, ideologiyaların ifrat həddə çatanda törətdiyi təhlükələr, hüquqların necə tez bir zamanda yoxa çıxacağı və böhran dövründə repressiv rejimlərin necə ortaya çıxacağı ilə bağlı xəbərdarlıq edir. Düşünürəm ki, maraqlı kitabdır. Gələcəkdə belə bir vəziyyətin qarşısını almaq üçün bundan öyrənməli olduğumuz çox şey var.

 

- Vaxt ayırdığınız və Avropa Komissiyasının Şərq Qonşuluğu ölkələrində necə işlədiyinə dair bu əhatəli cavabları bizimlə paylaşdığınız üçün çox təşəkkür edirəm.

 

- Çox təşəkkür edirəm. Bu söhbətdən həqiqətən zövq aldım.

 

 

Mələk Hacıyeva

04.02.2025