Skandinaviya və Baltikyanı ölkələr Kitabıstanla birlikdə tədbir təşkil etdi

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Skandinaviya və Baltikyanı ölkələr Kitabıstanla birlikdə tədbir təşkil etdi

Skandinaviya və Baltikyanı ölkələr Kitabıstanla birlikdə tədbir təşkil etdi

Oktyabrın 20-də Bakıda Estoniya, Finlandiya, Latviya, Litva, İsveç səfirlikləri və Kitabıstan Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə "Qadınların iqtisadi gücləndirilməsi: Azərbaycan və Skandinaviya-Baltik ölkələrindən təcrübələr" mövzusunda yüksək səviyyəli tədbir keçirilib.

 

Tədbirdə təşkilatçı ölkələrin səfirləri - Estoniyanın Azərbaycan və Türkiyədəki səfiri cənab Vaino Reinart, Finlandiyanın Cənubi Qafqaz ölkələri üzrə səfiri xanım Kirsti Narinen, Latviyanın Azərbaycandakı səfiri cənab Edqars Skuja, Litvanın Azərbaycan və Türkmənistandakı səfiri cənab Kestutis Vaskeleviçius, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson şəxsən iştirak ediblər.

 

Tədbirin əsas məqsədi gender bərabərliyi və qadınların iqtisadiyyata tam inteqrasiyası sahəsində dünyaya nümunə olan Skandinaviya və Baltikyanı ölkələrin qabaqcıl təcrübələrini, uğurlu nümunələri Azərbaycan kontekstində təhlil etmək, eləcə də Azərbaycanda və dünyada qadınların iqtisadi sahədə yaşadığı çətinlikləri və həll yollarını müzakirə etmək olub.

 

Tədbiri giriş sözü ilə açan Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi Mələk Hacıyeva qadınların iqtisadi gücləndirilməsinin sadəcə gender bərabərliyi məsələsi deyil, iqtisadi və sosial prioritet olduğunu vurğulayıb. O bildirib ki, dünyada hələ də qadınlar bir çox struktur maneələrlə, məsələn, maliyyəyə məhdud çıxış, ödənişsiz qulluq işlərinin yükü və daimi stereotiplərlə üzləşirlər.

 

İki hissədən ibarət tədbirin birinci hissəsi "Əmək bazarında qadınlar üçün çətinliklər və fürsətlər" mövzusunda trialoq formatında keçirilib. Mələk Hacıyevanın moderatorluğu ilə baş tutan sessiyada İqtisadi və Sosial İnkişaf Mərkəzinin təsisçisi və sədri, millət vəkili Vüqar Bayramov və BMT-Qadınların (UN Women) Azərbaycan ofisinin proqram mütəxəssisi Pərvanə Bayramova spiker qismində çıxış ediblər. Spikerlər Azərbaycanda əmək bazarında qadınların qarşılaşdıqları çətinliklər, bu sahədəki mövcud maneələr və bu çətinliklərin, maneələrin həll edilməsi üçün dövlət siyasətləri, həmçinin BMT-Qadınların Azərbaycan ofisinin bu istiqamətdəki fəaliyyətləri haqqında çıxış edib və moderatorun suallarını cavablandırıblar. V.Bayramov qadınların iqtisadi fəallığının artırılması istiqamətində icra olunan dövlət siyasətləri, qanunvericilik bazasının təkmilləşdirilməsi kimi tədbirlər barədə məlumat verib. P.Bayramova isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsuilə, DİM 5 çərçivəsində Azərbaycanın öhdəlikləri, gender əsaslı əməkhaqqı fərqi kimi problemlər və BMT-nin bu problemlərin həlli istiqamətindəki fəaliyyətləri haqqında danışıb.

 

Moderator Mələk Hacıyeva, spikerlər Vüqar Bayramov və Pərvanə Bayramova

 

Tədbirin birinci hissəsindən sonra Litvada fəaliyyət göstərən “Women Go-Tech”in həmtəsisçisi Zidrune Vitaitenin tədbir iştirakçılarına ünvanladığı video-müraciət təqdim olunub. Z.Vitaite video-müraciətində qadınların iqtisadi gücləndirilməsi ilə bağlı Litvada həyata keçirdikləri təşəbbüslər və qadınların iqtisadi gücləndirilməsinin əhəmiyyəti haqqında məlumat verib.

 

Tədbirin ikinci hissəsi Mələk Hacıyevanın moderatorluğu ilə daha geniş tərkibli panel müzakirə formatında davam edib. Panel müzakirədə yerli ekspertlərlə yanaşı Finlandiya və Latviyadan olan ekspertlər də çıxış ediblər. Spikerlər - Latviya Ticarət Palatasının üzvü və Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrina Zarina, “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin direktoru, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının məsləhətçisi Leyla Seyidzadə, “Bloom Group” Marketinq Agentliyinin təsisçisi və direktoru, “Femmes Digitales”ın idarə heyətinin üzvü Səbinə Pərvizi, “Helmi Learning”in icraçı direktoru Ari Perala Azərbaycan, Finlandiya və Latviyada qadınların iqtisadi gücləndirilməsi ilə bağlı nümunələr haqqında danışıblar. Onlar qadınların iqtisadi çətinliklərinin aradan qaldırılması üçün zəruri olan fəaliyyətlər və proqramlar, şirkətlərin qadınların iqtisadi olaraq gücləndirilməsi üçün hansı addımları ata biləcəyi, erkən təhsilin gender rollarının müəyyənləşməsinə təsiri ilə bağlı öz fikirlərini bölüşüblər. Ari Perala Finlandiya nümunəsindən çıxış edərək məktəblərdə və icmalarda gender stereotiplərinin aradan qaldırılması üçün həyata keçirilən proqramlar haqqında məlumat verib. Katrina Zarina isə Latviyada qadınların iqtisadi gücləndirilməsi üçün Latviya Ticarət Palatasının atdığı addımları və təcrübələri paylaşıb.

 

Moderator Mələk Hacıyeva, spikerlər Səbinə Pərvizi, Leyla Seyidzadə, Katrina Zarina, Ari Perala

 

Panelistlər qadınların iqtisadi müstəqilliyinə mane olan gender stereotipləri, iş və şəxsi həyat balansının qurulmasındakı təcrübələr kimi məsələləri müzakirə ediblər. Tədbir interaktiv sual-cavab sessiyası ilə davam edib.

 

Tədbir diplomatik korpus nümayəndələrini, siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələrini, yerli və xarici ekspertləri, vətəndaş cəmiyyəti fəallarını, eləcə də mövzu ilə maraqlanan ictimaiyyəti bir araya gətirərək çoxşaxəli dialoq üçün mühüm platforma rolunu oynayıb.

 

Finlandiyanın Cənubi Qafqaz ölkələri üzrə səfiri Kirsti Narinen, Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson, Danimarkanın Azərbaycan və Türkiyədəki missiya rəhbərinin müavini Ole Neustrup, Latvianın Azərbaycandakı səfiri Edqars Skuja

 

Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Kestutis Vaskeleviçus
Estoniyanın Türkiyə və Azərbaycandakı səfiri Vaino Reinart
Belçikanın Azərbaycan və Gürcüstandakı səfiri Julyen de Frepo
İsrailin Azərbaycandakı səfiri Ronen Krausz

 

22.10.2025

Bunu paylaş

Linki kopyalayaraq paylaş