Lizbet Pilqertin Kitabıstana eksklüziv müsahibəsi
“Veritas Dialogues” layihəsinin budəfəki qonağı Danimarka Partiyalar və Demokratiya İnstitutunun keçmiş icraçı direktoru, Skandinaviya Qadın Mediatorlar Şəbəkəsinin rəhbər üzvü Lizbet Pilqertdir.
Müsahibəmizdə xanım L.Pilqertə izləyicilərimiz üçün də maraqlı olacaq suallar ünvanladıq. Gender bərabərliyi, demokratiya, insan hüquqları, ictimai-siyasi proseslərdə qadınların rolu, dezinformasiya, informasiya manipulyasiyasının təhlükələri və buna qarşı mübarizəyə qədər bir çox mühüm mövzular haqqında danışdıq.
Xanım Lizbet Pilqertin Kitabıstana müsahibəsini təqdim edirik.
- Xanım Lizbet Pilqert, ilk növbədə bu müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Siz demokratiya sahəsində ixtisaslaşmış xarici əlaqələr üzrə mütəxəssisiniz. Uzunmüddətli missiyalarla İraq, Pakistan, İran, Əfqanıstan kimi 40-dan çox münaqişədən əziyyət çəkən ölkədə işləmisiniz.
Siz həm də Danimarka Partiyalar və Demokratiya İnstitutunun icraçı direktoru vəzifəsində çalışmısınız. Bir sıra ölkələrdə avtoritarizmin demokratiyaya real problem və təhlükəyə çevrildiyi bu günlərdə sizinlə bu müsahibə olduqca əhəmiyyətlidir. Beləliklə, ilk sualıma başlamaq istərdim.
1975-ci ildə Helsinki Yekun Aktı qəbul edildi və o, Şərqi Avropada demokratikləşmə proseslərinə yardımda mühüm rol oynadı, həm də keçmiş Sovet İttifaqında dissidentlərin repressiyalarının qarşısını almağa müəyyən dərəcədə kömək etdi. Sizcə, niyə bu gün postsovet ölkələrində demokratiyanın inkişafında durğunluq yaşanır?
- İlk növbədə dəvətiniz üçün təşəkkür edirəm və sizinlə söhbət etməkdən məmnunam. Sizin konkret keçmiş Sovet qurumları və ölkələri ilə bağlı sualınıza gəldikdə, deyərdim ki, bu, qlobal tendensiyadır. Təəssüflər olsun ki, bu qlobal problemdir. Təkcə sizin bölgənizdə deyil, dünyanın başqa yerlərində də demokratiya geriləməsi baş verir. Yəni bizim gördüyümüz şey qlobal tendensiyadır. Sanki inkişaf etdirdiyimiz demokratiya insanların istədiyi nəticələri doğurmaq üçün həmişə kifayət qədər yaxşı olmayıb. Demokratiya vaxt tələb edir. O, davamlı inkişafdadır. Bu, sabit bir sistem, yaxud düstur deyil. O, bir cəmiyyətdə yaşayan insanlara əsaslanır ki, hamımız buna töhvə verməliyik.
Keçid vaxt apardı. Xüsusilə, çox fərqli idarəetmə sisteminə malik olan və dəyişikliyin 90-cı illərdən baş verdiyi sizin bölgənizdə... İnsanların istədiyi və ehtiyac duyduğu nəticələri onlara təqdim etmək üçün vaxt lazım oldu. İnsanların özlərini narazı və məyus hiss etmələrinin bir səbəbi də hər şeyin kifayət qədər tez baş verməməsidir. Beləliklə, azad seçkilərin keçirilməsi ideyası çox vacibdir. Bu, demokratiyanın bir hissəsidir. Ancaq onun bir çox digər hissələri də var: azad və müstəqil institutlara, ifadə azadlığına, cəmiyyətdə həyatınızı istədiyiniz kimi yaşamaq imkanına, sizin hüquqlarınızı qoruyan institutların olduğu və qayğınıza qalan bir cəmiyyətə sahib olmaq və s. Bu proses həm Azərbaycan üçün, həm də digər ölkələr üçün çox vaxt aparıb. Bu da insanları narazı salır. İnsanlar isə narazı olanda başqa həllər axtarırlar. Belə olanda isə biz populizmin və avtokratların yüksəlişini görürük. Onlar ortaya atılırlar və cəmiyyətin necə görünə biləcəyi ilə bağlı, belə deyək, ucuz həllər təklif edirlər. Mən ucuz deyəndə sözün həqiqi mənasını nəzərdə tuturam. Ancaq bu ucuz başa gəlmir, heç bir şey ucuz başa gəlmir. Bir cəmiyyətə nəzarət edərək mükəmməl bir cəmiyyət yarada bilməzsiniz. Amma bu, baş verənlərdən bəziləridir. Belə ki, insanlar sözdə güclü liderlərə baxıb və onların daha yaxşı həyat verə biləcəklərini düşünüblər.
- Gəlin demokratik dəyişikliklərdə, demokratik islahatlarda qadınların iştirakından danışaq. 2022-ci ildə Məhsa Əmininin faciəli ölümü qlobal hərəkata səbəb oldu və bu, həm də gender bərabərliyi, demokratiya və insan hüquqlarının kəsişməsini vurğuladı. Demokratik dəyişikliklərə rəhbərlikdə qadınların rolunu necə qiymətləndirirsiniz və bu cür çətin mühitlərdə onları gücləndirmək və qorumaq üçün nə etmək olar?
- Bilmirəm, hər kəs bilirmi, amma siz İrandan, İranda baş verən və hələ də davam edən hadisələrdən danışırsınız. Orada bir çox qadınlar hələ də küçələrdədir və gender aparteidi adlandırdıqları şeyə, sadəcə qadın olduqlarına görə öz cəmiyyətlərində azad yaşaya bilməmələrinə və hər formada nəzarət altında olmalarına qarşı müxtəlif yollarla etiraz edirlər. Bu çox təəssüf doğurur. Biz bunu Əfqanıstanda da görürük. Ölkədən kənarda da çoxlu cəsur qadının daha yaxşı hüquqlar uğrunda mübarizə apardığını görürük.
Qadın hüquqları və qadınların cəmiyyətə təsir imkanları məsələsi həmişə mübahisəli və problemli olub. Həm kişilərin, həm də qadınların cəmiyyətlərimizə töhfə verə biləcəyini düşünən bir cəmiyyətin olmaması müəyyən cəhətdən çox qəribədir. Hələ də əhalinin 50 faizinin cəmiyyətlərimizdə iştirakının niyə vacib olduğu barədə söhbətlər aparmalı olmağımız məni bir qədər məyus edir və kədərləndirir. Mənim üçün bu, sadəcə məntiq məsələsidir, kişi olsam da məntiqli olardı. İstəyərdim ki, kimliyindən və nəyi təmsil etməsindən asılı olmayaraq, bir cəmiyyətə hər kəs öz töhfəsini versin və onun bir parçası olsun.
Sadəcə bunu açıq şəkildə deyim ki, mən dünyanın hər yerində bir çox möhtəşəm qadınlarla, demokratiya döyüşçüləri ilə tanış olmuşam və onlar hələ də çalışırlar. Biz onları dəstəkləməyə davam etməliyik, çünki onlar sərhədləri aşır və cəmiyyətləri başa salmağa çalışırlar ki, qadınları istənilən formada masaya dəvət etsək, bu, əslində, cəmiyyətlərin inkişafına töhfə verəcək.
Bir sıra tədqiqatçılar tərəfindən sübut edilib ki, məsələn, biznesinizi, ofisinizi diversifikasiya etsəniz, mümkün qədər geniş təmsilçiliyə sahib olsanız, daha yaxşı biznes yaradarsınız. Eyni şəkildə, daha çox pul qazanarsınız. Beləliklə, mənim üçün həm kişilərin, həm də qadınların iştirak etməli olduğu sadə məntiqdir. Məsələ təkcə bu deyil, bu, həm də hakimiyyətlə bağlıdır.
Uzun illərdir ki, kişilər hakimiyyətə sahibdirlər və bizim ictimaiyyətimizdə, cəmiyyətlərimizdə dominantlıq ediblər. Deməli, bir dəyişiklik görmək istəyiriksə, kişilər də bu gücü qadınlarla bölüşməli olacaqlar və məncə, çətin məsələlərdən biri də budur. Qadınları gücləndirmək - mən də bu ifadədən bir az yorulmuşam. Çünki mən qadınların güclü, bacarıqlı və ağıllı olduğunu düşünürəm və bizim gücləndirilməyə ehtiyacımız yoxdur. Bizim ictimai həyatda, siyasətdə, media sektorunda, həyatın bütün sahələrində lazım olan qərarları qəbul edə bilməyimiz üçün cəmiyyətin qalan hissəsi olan kişilərlə birlikdə masada oturmaqdan ötrü yerə ehtiyacımız var. Bizə kişilər və qadınlar arasında daha yaxşı tarazlıq lazımdır. Görünür ki bu bir problemdir.
Mən həmçinin daha çox qadının sülh proseslərinə qatılmasına təkan verməyə çalışan Skandinaviya Qadın Mediatorlar Şəbəkəsində fəaliyyət göstərirəm. Burada bir sıra statistik göstəricilərimiz var ki, danışıqlar komandasından tutmuş bütün digər aspektlərə qədər sülh proseslərində iştirak edən qadınlar çox kiçik faiz təşkil edir. Sübut olunub ki, qadınlar sülh proseslərində və sülh sazişlərində iştirak etdikdə o sülh müqavilələri daha uzunmüddətli olur. Müqavilələr sadəcə olaraq daha davamlı, daha uzunmüddətli olur. Deməli, məntiqlidir. Ancaq yenə də deyirəm, kişilər kənara çəkilib masa arxasında qadınlara yer açmalıdırlar.
- Münaqişələrin çox vaxt demokratik təsisatları zəiflətdiyini, həmçinin avtoritar meyilləri gücləndirdiyini bilirik. Təcrübənizə əsasən, hazırda davam edən münaqişələrin həmin ölkələrin demokratik trayektoriyalarını necə formalaşdırdığına inanırsınız və sülhməramlı təşəbbüslər bu tendensiyanın əksinə çevrilməsi üçün hansı rolu oynaya bilər?
- Bəli, dediyim kimi, əgər sülh proseslərində daha yaxşı gender təmsilçiliyinə sahibiksə, daha yaxşı sülh əldə edirik. Bu proseslərə rəhbərlik edənləri qadınları da bu proseslərdə iştiraka dəvət etməyə və bunu rəsmi şəkildə etməyə razı salmaq daimi mübarizədir. Bir çox yerlərdə onlar qadın komissiyaları və ya qadın qolları yaradırlar, amma bu, hakimiyyətin və qərarların qəbul edildiyi yerin mərkəzində yox, kənardadır. Qadınların bu proseslərdə, münaqişələrin azaldılması və sürətlə daha dinc bir cəmiyyətə keçid proseslərində iştirakının önəmli olmasının digər bir aspekti də bu ola bilər ki, qadınlar cəmiyyət üçün önəm kəsb edən başqa bir baxış bucağına sahibdirlər.
Qadınların kişilərdən daha sülhsevər olduğuna dair ümumiləşdirmə aparmağı sevmirəm, lakin onların cəmiyyətə başqa aspektdən baxırlar. Onlar cəmiyyəti müşahidə edir, ətraflarındakı cəmiyyət və nəyin önəmli olduğu haqqında düşünürlər. Deməli, söhbət təkcə resurslar, əlçatımlılıq və güc uğrunda mübarizədən deyil, sosial infrastrukturdan, cəmiyyətin fəaliyyətinin necə təmin edilməsindən gedir.
Beləliklə, proseslərdə kişilərin və qadınların kombinasiyasının olması münaqişələrin sayını azaltmağa kömək edərdi. Dünyadakı münaqişələrdən də gördüyümüz kimi, bunlara çox vaxt kişilər rəhbərlik edir. Bu münaqişələri dayandırmaq və onları daha dinc hala gətirməyə yardım etmək üçün daha çox qadına ehtiyacımız var.
Bəlkə də, buradan, Skandinaviya ölkələrindən bəzi nümunələri qeyd etmək yerinə düşər ki, kifayət qədər erkən vaxtda qadın siyasi liderlərə sahib olmaq necə fərq yaradıb. İslandiya dünyada ilk dəfə 1980-ci ildə qadın prezidentə sahib olan ölkədir. Heyrətamizdir. Bu o qədər də uzaq keçmiş deyil, amma o, belə bir şeyə sahib olan ilk ölkədir. Bir neçə Skandinaviya ölkəsində baş nazir qadındır.
Yenə qeyd edim ki, qadınların, ümumiyyətlə, daha sülhsevər olduğunu demirəm, onların masaya gətirdikləri başqa bir baxış bucağı var. Onların öz seçiciləri, cəmiyyətləri və ailələri üçün qayğıları var ki, bunu da dünyada sülhün bərqərar olması üçün vacib hesab edirəm.
- İndi biz dezinformasiya, informasiya manipulyasiyası və propaqanda kimi sözləri tez-tez eşidirik və bunlar demokratiyanı sarsıtmaq üçün istifadə olunur. Deyərdim ki, 2024-cü il Avropa Parlamentinə seçkilər bu cəhdi izah etmək üçün yaxşı nümunədir. Bəs hökumətlər və təşkilatlar ifadə azadlığını qoruyarkən dezinformasiya, informasiya manipulyasiyası ilə necə mübarizə apara bilər?
- Çox yaxşı sualdır. Düşünürəm ki, bu bizim demokratiyalarımız və demokratiyaların inkişafı üçün həqiqətən əsas çağırışlardan biridir. Dezinformasiya və misinformasiya həqiqətən demokratiyanın və dayanıqlı, dinc cəmiyyətlərə sahib olmağın düşmənidir. O, xüsusilə qeyri-demokratlar və avtokratlar tərəfindən elə formalarda istifadə, həmçinin sui-istifadə olunur ki, biz hələ də onun həyatımıza necə təsir etdiyi ilə bağlı sadəcə aysberqin suyun üzündəki hissəsini görürük. Ancaq bu, hər gün baş verir və hamımız bunun qurbanıyıq. Bu, cəmiyyətimizin hər yerində baş verir. Həqiqətən, vacib olan aspektlərdən biri təhsil və təhsilin əlçatımlılığıdır. Savadlı əhaliyə sahib olmaq təkcə dezinformasiya və misinformasiyadan sonra özünə gəlmək üçün deyil, ümumilikdə sağlam demokratik cəmiyyətlər qurmaq üçün faydalıdır. Beləliklə, keyfiyyətli təhsil almaq və ona çıxış əldə etmək cəmiyyətləri inkişaf etdirir. İnsanlar savadlı olduqda daha yaxşı qərarlar qəbul edə bilirlər. Daha sonra deyə bilərik ki, məruz qaldığımız rəqəmsal misinformasiya, dezinformasiya və propaqanda səbəbindən, hamımız rəqəmsal savadlılığa malik olmalıyıq.
Həmçinin gördüyümüz və eşitdiyimiz şeylərin həqiqət olmaya biləcəyini başa düşmək üçün. Ortaya çıxmaqda olan və reallığa meydan oxuyan bütün bu süni intellekt məsələsini də nəzərə alsaq, həqiqətən də təhsil almağımıza ehtiyac var.
Daha sonra bizə bu informasiyanı araşdıran və real olmayanda bunu anlamağımıza kömək edən müşahidəçilərə və təşkilatlara ehtiyacımız var. Biz bunu hamımız üçün, xüsusən də hər cür məlumatlara kütləvi şəkildə məruz qalan gənclər üçün etməliyik.
- Mən əvvəl də qeyd etdim ki, siz Danimarka Partiyalar və Demokratiya İnstitutunun icraçı direktoru vəzifəsində çalışmısınız və siyasi partiyaların dəstəklənməsi və gücləndirilməsi istiqamətində geniş fəaliyyət göstərmisiniz. Biz bilirik ki, avtoritar rejimlərdə siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları əsasən hökumətlər tərəfindən təşkil edilir və ya nəzarət olunur. Bu da real müxalifətə az yer buraxır. Təbii ki, bu cür mühitdə hər hansı ciddi dəyişiklik gözləyə bilmərik. Sizcə, QONQO-ları və əsl vətəndaş cəmiyyəti təşkilatlarını, həqiqi siyasi partiyaları, müxalifət partiyalarını və hökumətin təşkil etdiyi və nəzarətində olan siyasi partiyaları müəyyən etmək üçün hansı strategiyalardan istifadə edilməlidir?
- Bəli, bu, yaşadığımız dünyanın təsvir etdiyiniz mürəkkəbliyini bir az da artıran digər bir aspektdir. Artıq hər kəsin cəmiyyətləri manipulyasiya etməkdə necə daha ağıllı və bacarıqlı bir hala gəldiyinə dair aspekt... Bəli, QONQO-lar var, bir siyasi partiyanın və ya avtoritar liderin idarə etdiyi qondarma təşkilatlar var. Amma mən həm də görürəm ki, bir çox təşkilatlar, hətta çox repressiv rejimlərdə belə, böyük işlər görürlər. Bəziləri rejim daxilində fəaliyyət göstərə bilmək üçün yeni strategiyalar tapmalı olurlar. Bəziləri isə sadəcə olaraq ölkə daxilində olmaq çox təhlükəli olduğuna görə ölkəni tərk edib kənarda diaspor kimi, dissidentlər kimi işlərinə davam edirlər.
Məlumata əlçatanlıq vacibdir. Buna görə də, məncə, insanları müstəqil media ilə təmin etməyin texniki yollarını tapmaq çox vacibdir. Mən çox repressiv rejim altında belə xəbərləri və informasiyanı çatdırmaq və yaymaq üçün həqiqətən yeni yollar tapan möhtəşəm müstəqil media platformalarının bir çox nümunəsi ilə rastlaşmışam. Beləliklə, bu, məlumat və baş verən manipulyasiyanın qarşısını almaq uğrunda mübarizədir.
Xoşbəxtlikdən mən bunu görürəm, amma dediyiniz kimi, bir az qarışıqdır. Fərqli institutları dəstəkləmək sahəsində işləyən hər birimiz, həqiqətən də demokratiya üçün çalışan institutları dəstəklədiyimizdən əmin olmaq üçün onları diqqətlə araşdırmağa çox vaxt sərf edirik.
- Sonuncu sualım ənənəvi sualdır və onu həmişə bütün müsahiblərimə verirəm. Kitabıstan oxucularına hansı kitabı oxumağı tövsiyə edərdiniz?
- Hansı kitabı məsləhət görərdim? Bir kitab... Bu, həqiqətən çətindir. Düşünürəm ki, Desmond Tutunun kitablarını tövsiyə edərdim. O, bir müddət əvvəl vəfat edib. O, dünyanı daha yaxşı bir yerə çevirmək üçün çalışan, həmçinin demokratiya və ifadə azadlığı ilə məşğul olan cənubi afrikalı bir keşişdir. Xüsusilə bizim birlikdə necə yaşadığımız, xeyirxahlıq, qəbullanma və bağışlama göstərməyimizlə maraqlanırdı.
Mən dindar insan deyiləm, amma məncə, o düşüncəsini və bir insan olaraq bizə verdiyi tövsiyələri çox yaxşı ifadə edib.
- Cavablarınıza və bu müsahibəyə vaxt ayırdığınıza görə çox sağ olun.
- Xoş oldu. Təşəkkür edirəm.
Mələk Hacıyeva
23.01.2025
Məzmun tipi
Mövzular
Layihələr
BMT Dayanıqlı İnkişaf Məqsədləri