Melissa Parke: "Nüvə silahı bizi məhv etməzdən əvvəl onları məhv etməyimiz çox vacibdir"
Kitabıstan Sülh təşəbbüsünün budəfəki qonağı 2017-ci ildə Nobel Sülh Mükafatı almış Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parkedir.
Bu il bütün bəşəriyyəti yox olma təhlükəsi ilə üz-üzə qoyan nüvə silahının yaradılmasının və istifadə edilməsinin 80 illiyidir. 80 il bundan əvvəl Nyu-Meksikoda ilk dəfə sınaqdan keçirilən nüvə silahı elə həmin il Hiroşima və Naqasakiyə atılan bombalarla özünün ölüm üzünü bütün bəşəriyyətə göstərdi.
Müsahibimlə söhbət zamanı onun insanlığın gələcəyi üçün narahatlığını hiss etməmək mümkün deyildi. Amma o, Marqaret Middən sitat gətirərək bildirir ki, az sayda bir qrup vətəndaş dünyanı dəyişə bilər.
Sizə ICAN-nın icraçı direktoru, Kitabıstana verdiyi eksklüziv müsahibəni təqdim edirik.
Qeyd edək ki, xanım M.Parke 2007-2016-cı illərdə Avstraliya parlamentinin millət vəkili və 2013-cu ildə isə Avtsraliyanın Beynəlxalq İnkişaf naziri olub.
- Xanım Melissa Parke, ilk növbədə Kitabıstan Sülh təşəbbüsü çərçivəsində bu müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm. İlk dəfə 1945-ci ildə Hiroşima və Naqasakidə nüvə silahının istifadə olunmasından, 1962-ci ildə isə Kuba raket böhranından bu yana nüvə təhlükələrinin artdığı bir vaxtda sizinlə bu söhbəti etmək xüsusilə əhəmiyyətlidir. Həqiqətən ümid edirəm ki, bu müsahibə vasitəsilə daha çox insan nüvə silahının yayılmasının təhlükəsindən xəbərdar olacaq və biz bəşəriyyətin gələcəyi naminə nüvə silahlarının ləğvi üzrə qlobal səylərə kiçik də olsa töhfə verəcəyik.
2025-ci ilin yanvar ayında qlobal fəlakətlə bağlı həyəcan təbili çalmaq üçün “Bulletin of Atomic Scientists” Qiyamət Saatını bir saniyə irəli çəkərək, gecə yarısına 89 saniyə qalmışa qurdu. Bu, Soyuq Müharibə dövründən bəri nüvə təhlükəsinə ən yaxın həddir. Diqqət çəkən budur ki, baş verən son münaqişələrin tərəfləri əsasən nüvə silahı olan dövlətlərdir. Məsələn, Rusiyanın Ukraynanı işğalı, Hindistanla Pakistan arasında münaqişə, ən son isə İran və İsrail... Bu hadisələr qlobal nüvə silahları kontekstində kritik bir məqamı göstərir. Sualım budur ki, ICAN bu son hadisələri necə şərh edir və təşkilat nüvəsizləşdirməni daha da təşviq etmək üçün bundan sonra hansı addımlar atmağı planlaşdırır?
- Təşəkkür edirəm, Mələk. Bəli, qeyd etdiyiniz kimi, bu, dünyamız üçün son dərəcə qeyri-stabil və təhlükəli bir dövrdür. Nüvə riskinin səviyyəsi heç vaxt bu qədər yüksək olmayıb. Qiyamət Saatı ilk dəfə 1947-ci ildə qurulub. Bu il isə elm adamları riskin heç vaxt indiki qədər yüksək olmadığını qiymətləndiriblər. Buna görə də saatı gecə yarısına 89 saniyə qalmışa çəkiblər. Əminəm ki, izləyiciləriniz bundan xəbərdardırlar. Çünki qeyd etdiyiniz kimi, hazırda nüvə silahına sahib dövlətlərin iştirakı ilə bir sıra münaqişələr baş verir. Həmin kontekstlərdə də nüvə təhdidləri edilib. Silahlara nəzarət sazişləri demək olar ki, tamamilə pozulub. Koreya yarımadası kimi dünyanın digər yerlərində də gərginlik artır və yeni nüvə silahlanma yarışı başlayıb. Həmçinin daha çox ölkənin nüvə silahı əldə etməsi barədə çoxlu məsuliyyətsiz fikirlər səsləndirilir. Hətta taktiki nüvə silahlarının potensial istifadəsi haqqında müzakirələr eşidirik.
Xatırlamalıyıq ki, 80 il əvvəl Hiroşima və Naqasaki şəhərlərinə iki nüvə bombası atılıb. Bu bombalar 250 min insanı öldürüb və daha çox insana xəsarət yetirib. Bu təsirlər davamlıdır və nəsildən-nəslə keçən radiasiya təsirləridir. Hiroşima və Naqasaki şəhərlərinə atılan o bombalar bu gün taktiki nüvə silahları hesab olunardı. Beləliklə, indi bombalar 1945-ci ildəkindən qat-qat böyük və daha güclüdür. “Nature Food” jurnalında 2022-ci ildə dərc olunan son elmi araşdırma göstərir ki, məsələn, Hindistan və Pakistan arasındakı məhdud nüvə müharibəsi belə, yanıq, partlayış və radiasiya nəticəsində milyonlarla insanı birbaşa öldürməklə qalmayacaq, həm də stratosferə böyük miqdarda his yayacaq. Bu his dünya ətrafına yayılaraq günəş işığını bloklayacaq və bu da qlobal iqlimin pozulmasına, kənd təsərrüfatının çöküşünə və nüvə qışı nəticəsində aclıqdan 2 milyarddan çox insanın ölümünə səbəb olacaq. Bu hələ, belə demək mümkündürsə, məhdud nüvə müharibəsidir. Böyük nüvə müharibəsi isə insan sivilizasiyasının və əksər digər həyat formalarının sonu demək olar.
Elm adamlarına və çoxsaylı təlim-oyunları keçirən hərbi strateqlərə əsasən bilirik ki, yalnız bir nüvə silahının belə istifadəsi nüvə silahlarının qarşılıqlı olaraq eskalasiyasına səbəb olacaq və nəticədə tammiqyaslı nüvə müharibəsi və yenə də insanlığın sonu ilə yekunlaşacaq.
Beləliklə, nüvə silahlarının sadəcə mövcud olması belə hər an bu planetdə yaşayan hər bir insan və digər həyat formaları üçün təhlükə yaradır. Məhz buna görə də ICAN, yəni Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniya nüvə silahlarının təcili ləğvini müdafiə edir.
- Nüvə silahlarının strateji və siyasi riskləri tez-tez müzakirə olunsa da, onların istifadəsinin və ya sınaqlarının ekoloji və humanitar nəticələri ictimai diskursda çox vaxt kifayət qədər işıqlandırılmır. Siz cavabınızda buna toxundunuz, amma mən onların uzunmüddətli təsirləri barədə də danışmaq istərdim. Məsələn, ətraf mühit çirklənməsindən tutmuş nəsillərlə davam edən sağlamlıq problemlərinə qədər... Amma biz tez-tez eşidirik ki, populist siyasətçilər ictimai rəyi belə manipulyasiya edirlər ki, nüvə silahları bizə milli təhlükəsizlik üçün lazımdır və bununla da özlərinə elektorat toplayırlar. Amma əslində nüvə silahları bütün insanlıq üçün böyük təhlükə yaradır. Bu artan risklərin fonunda ICAN daha çox insanı məlumatlandırmaq üçün hansı strateji işləri görməyi planlaşdırır?
- Onilliklər boyu nüvə silahları ilə bağlı narrativə bu silahlara sahib olanlar nəzarət edirdi. Siz də bu barədə - “nüvə silahları sabitlik və təhlükəsizlik təmin edir, bizi qoruyur” mesajından - bəhs etdiniz. Əslində isə bu yanaşma nüvə silahlarının yaratdığı böyük fəsadlara qarşı laqeyd münasibətə gətirib çıxarıb. Təkcə Hiroşima və Naqasakidəki insanlara deyil, həm də dünyanın müxtəlif yerlərində, məsələn, Əlcəzairdən Qazaxıstana, Nevadadan Avstraliya və Sakit okean adalarına qədər həyata keçirilmiş 2000-dən çox nüvə sınağının təsirinə məruz qalan insanlara qarşı. Bu sınaqlar sonrakı nəsillərdə radiasiya səbəbindən yaranan xərçəng xəstəlikləri, doğum qüsurları və s. kimi sağlamlıq problemləri ilə çox qorxunc bir irs qoyub. Beləliklə, bu problem yalnız tarixi bir hadisə deyil, faktiki olaraq bu gün də davam edən ədalətsizlikdir. Üstəlik, nüvə silahına sahib olan dövlətlər hələ də həmin ərazilərə vurulan zərəri qəbul etməyib, tanımayıb, buna görə kompensasiya verməyib və bərpa tədbirləri görməyib. Biz bu böyük ədalətsizliyi aradan qaldırmağa çalışırıq. Məhz buna görə də vətəndaş cəmiyyətindəki digər insanlarla bir araya gəlmişik.
ICAN-ı təşkil edən 700-dən çox tərəfdaş təşkilat var və biz nüvə silahlarının humanitar və ekoloji nəticələri barədə danışmaq üçün nüvə silahı olmayan hökumətlərlə işləyirik. Məhz ICAN-ın nüvə silahlarının faciəvi humanitar və ekoloji nəticələrini işıqlandırmaq istiqamətində gördüyü işlər, eləcə də 122 ölkənin dəstəyi ilə BMT Baş Assambleyasında Nüvə Silahlarının Qadağan Edilməsi haqqında yeni Müqavilənin qəbul olunmasına verdiyi töhfə bu müqavilənin gerçəkləşməsinə imkan yaratdı. Bu səbəbdən ICAN 2017-ci ildə Nobel Sülh Mükafatına layiq görüldü.
Mənbə: https://www.icanw.org/nobel_prize |
Beləliklə, bu müqavilə onilliklərdir dondurulmuş silahsızlaşdırma sahəsində dönüş nöqtəsidir. Müqavilə nüvə silahlarının tam şəkildə qadağan edilməsini, nüvə silahına malik dövlətlər üçün vaxtla məhdudlaşdırılmış, yoxlanıla bilən silahsızlaşdırma yol xəritəsini təmin edir. Eyni zamanda unikal şəkildə nüvə silahlarından zərər görmüş insanlara yardım, ərazilərə isə ekoloji bərpa imkanları yaradır. Bu, həqiqətən də nüvə silahlarının ləğvi sahəsindəki yeganə ümidverici məqamdır. Buna görə də hələ bu müqaviləyə qoşulmamış ölkələri, o cümlədən Azərbaycanı qoşulmağa təşviq edirik. Biz Azərbaycanın Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqaviləyə qoşulmaq üçün bu vacib addımı atmasını səbirsizliklə gözləyirik. Dünyanın yarıdan çox ölkəsi artıq bu müqaviləyə qoşulub və biz digər ölkələrin də bu addımı atmasını səbirsizliklə gözləyirik.
Həmçinin biz hökumətlərin müqaviləyə qoşulmalı olduğu mesajını yaymaq üçün müxtəlif ölkələrdə şəhərlərlə əməkdaşlıq edirik. Məsələn, Nyu-York, Vaşinqton, Paris, Roma, keçən həftə Afina, Berlin, Sidney kimi böyük şəhərlər hökumətlərinə müraciət edərək dedilər: “Biz sizin bu müqaviləyə qoşulmağınızı istəyirik”. Biz maliyyə institutları ilə də əməkdaşlıq edirik ki, nüvə silahlarına investisiya yatırmasınlar. Bu da çox uğurlu olub.
Biz insanlardan hərəkətə keçməyi xahiş edirik. Fərdlərin hərəkətə keçmək, öz ölkələrindən nüvəsizləşdirmədə iştirak etməyi tələb etmək üçün edə biləcəyi çoxlu işlər var. Məsələn, pensiya fondu və ya banklarınıza müraciət edib nüvə silahlarına yatırım etməmələrini tələb edə bilərsiniz, yerli idarəetmə orqanları ilə danışıb Şəhərlərin Müraciətinə qoşulmalarını istəyə bilərsiniz.
Həmçinin Sənətçilər Bomba Əleyhinə adlı bir proqramımız var. Belə ki, sənətçilər nüvə silahlarının nəyə görə zərərli olduğunu, onların ləğvinin niyə vacib olduğunu göstərən əsərlər hazırlayırlar.
Biz həm də Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqavilə barədə məlumatlılığın artırılması və buna siyasi dəstək üçün müxtəlif ölkələrin parlament üzvləri ilə işləyirik.
Əlbəttə, əsas məsuliyyətlərimizdən biri də nüvə silahlarının riskləri və nəticələri barədə ictimaiyyəti maarifləndirmək və insanları bu mövzuda şəxsən hərəkətə keçməyə təşviq etməkdir.
- Həqiqətən də Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqavilə tarixi bir nailiyyətdir. Sizin də qeyd etdiyiniz kimi, ICAN bu müqaviləni təşviq etməkdə göstərdiyi səylərə görə 2017-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Amma təəssüf ki, nüvə silahına malik olan dövlətlər bu müqaviləni görməzdən gəlməyə davam edirlər. Bəs ICAN bu dövlətləri müqaviləyə qoşulmağa təşviq etmək üçün hansı addımları atır? Həmin ölkələrdə vətəndaş cəmiyyəti, ictimai simalar və siyasi fəallar bu hədəfə dəstək vermək üçün hansı rol oynaya bilərlər?
- ICAN 2007-ci ildə Avstraliyanın Melburn şəhərində yaranıb. Onu yaradanlar nüvə dövlətlərinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun şəkildə nüvəsizləşməyə əməl etməmələri fonunda dünyanı ən dəhşətli silahdan xilas etmək üçün nə edə biləcəklərini mətbəx masası arxasında oturub müzakirə edən bir qrup insan idi. Onlar minaların və kasset bombalarının qadağan edilməsi üzrə daha əvvəlki uğurlu kampaniyalara əsaslanaraq yeni kampaniya təşkil etməyə qərar verdilər. Məqsəd bu qeyri-insani silahları qadağan etməkdir ki, onların istifadəsi həm moral, həm də hüquqi baxımdan qəbuledilməz olsun.
“Nüvə silahına malik dövlətlərlə bağlı nə edirsniz?” sualına cavab olaraq deyə bilərəm ki, elə bu müqavilənin var olmasının bütövlükdə məqsədi məhz bu dövlətlərin silahsızlanmanı rədd etməsidir. Dünyanın geri qalan hissəsi isə onlara təzyiq göstərmək üçün bu müqaviləyə qoşula bilər. Bu təşəbbüsü irəli aparan əsasən Qlobal Cənub ölkələridir ki, bu da möhtəşəmdir. Bu hal müzakirə hüququnu BMT Təhlükəsizlik Şurasının daimi beşliyinin - hamısı nüvə silahına sahibdir - əlindən alıb hər ölkənin bərabər səs hüququna sahib olduğu Baş Assambleyaya gətirərək bu müzakirəni demokratikləşdirir. Baş Assambleyada ən kiçik ölkənin də, ən böyük ölkənin də səsi eynidir. Buna görə də nüvə silahı olmayan hər ölkənin bu müqaviləni dəstəkləməsi vacibdir. Çünki bu, nüvə silahı olan dövlətlərə və onların müttəfiqlərinə təzyiq göstərəcək.
Məncə, ICAN-ın uğuru quruluşundan yalnız 10 il sonra Nobel Sülh Mükafatını qazanmasıdır və bu da vətəndaş cəmiyyətinin nəyə qadir olduğunun bariz nümunəsidir. Antropoloq Marqaret Midin dediyi kimi, “Heç vaxt şübhə etməyin ki, az sayda əzmkar bir qrup vətəndaş dünyanı dəyişə bilər. Əslində, dünyanı dəyişmiş yeganə qüvvə məhz odur”.
Bilirsiniz, eyni düşüncəli insanlarla birləşmək, təşkilatlanmaq və konkret addımlar atmaq lazımdır, nəinki, “Ah, nüvə silahları çox qorxuludur, bu çox çətin məsələdir, fərd olaraq mən nə edə bilərəm ki?” deyə düşünmək. Bu ümidsizlik və çarəsizlik hissinin antidotu isə hərəkətə keçməkdir. Odur ki, seçilmiş nümayəndələrinizə məktub yazmalı, onların Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqaviləyə qoşulmalarını, bu haqda danışmalarını və bunu dəstəkləmələrini tələb etməlisiniz.
Dediyim kimi, şəhərlərlə birlikdə hərəkətə keçərək onların ICAN Şəhərlər Müraciətinə qoşulmasına çalışmalısınız. Banklarınızla danışaraq onların nüvə silahlarına investisiya yatırmamasından əmin olmalısınız. ICAN kimi kampaniyalara - dünyanın müxtəlif yerlərindəki bənzər təşəbbüslərə - qoşula bilərsiniz. Bu məsələlər üzrə çalışmaq üçün səfərbər olan çox sayda gənc insan da var. Çünki nüvə silahları digər qlobal problemlərdən ayrı deyil. Onların hamısı bir-biri ilə əlaqəlidir. Belə ki, nüvə silahlarının birbaşa insan haqları, səhiyyə, ətraf mühit, qida təhlükəsizliyi və inkişaf məsələlərinə təsiri var. Sizin marağınızda olan məsələ nə olur olsun, nüvə silahları da sizin maraq dairənizdə olmalıdır. Çünki nüvə silahı sevdiyimiz hər şeyi və hər kəsi məhv edə bilər. Beləliklə, bu məsələ hamımıza aiddir. Bu, təkcə ekspertlərə, yaxud təhlükəsizlik məsələləri ilə məşğul olan şəxslərin müzakirəsinə saxlanılmamalıdır. Bu, hər bir insanı maraqlandıran məsələdir.
Nüvə silahına sahib dövlətlər və onların müttəfiqləri bəzən Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqaviləni real təhlükəsizliyə əsaslanmayan “yumşaq humanitar” yanaşma kimi təqdim etməyə çalışırlar. Lakin bu faktdır ki, katastrofik humanitar və ekoloji nəticələr məhz təhlükəsizlik məsələsidir. Ətraf mühitin, iqtisadiyyatın, infrastrukturun məhvi, partlayış, yanıq və radiasiya nəticəsində milyonlarla insanın ölümü, nüvə qışı şəraitində milyardlarla insanın aclıqdan məhv olması - bunlar hamısı eyni şəkildə təhlükəsizlik məsələsidir.
Məncə, əsl sual belə qoyulmalıdır: işlədildiyi təqdirdə təkcə soyqırımına deyil, eyni zamanda intihara səbəb olacaq silahlara əsaslanan təhlükəsizlik yanaşması nə dərəcədə dayanıqlıdır? Beləliklə, dünyanın geri qalanını riskə atanlar nüvə silahlarına sahib dövlətlərdir. Odur ki, bu məsuliyyət nüvə silahı olmayan hər bir ölkənin üzərinə düşür. Əlbəttə, məqsədimiz yekunda nüvə silahı olan dövlətləri də müqaviləyə qoşmaqdır. Amma o zamana qədər gəlin qalan hamımız birləşək və bu nüvə silahlı ölkələrə deyək ki, “Bu qəbuledilməzdir. Siz bütün dünyanı təhlükəyə atırsınız və buna haqqınız yoxdur”.
- Düşünürəm ki, auditoriyamız nüvə danışıqlarının gender aspektləri ilə də maraqlanır. Çünki tədqiqatlar göstərir ki, BMT-nin sülh proseslərinin gücləndirilməsində gender bərabərliyinin vacibliyinə vurğu etməsinə baxmayaraq, qadınlar nüvə danışıqlarında və təhlükəsizlik siyasəti müzakirələrində hələ də kifayət qədər təmsil olunmurlar. Belə ki, dialoqa qadınların daxil edilməsi qərar qəbul etməni daha inklüziv edə və risklərin daha real qiymətləndirilməsinə gətirib çıxara bilir. Xüsusilə humanitar motivli silahsızlaşdırma kampaniyalarında qadınların roluna dair fikirləriniz nədir?
- Çox təşəkkür edirəm. Bu, çox kritik bir sualdır. Qeyd etmək olduqca maraqlıdır ki, Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqavilə prosesin hər mərhələsində qadınlar tərəfindən təşviq olunub və dəstək alıb. Qadınlar nüvə silahlarının qadağan edilməsi üçün vətəndaş cəmiyyəti hərəkatlarında öndə gediblər. Qadınlar nüvəni qadağan edən müqaviləni dəstəkləyən ölkələrə rəhbərlik ediblər. BMT-də müqavilənin qəbul edildiyi iclasa sədrliyi də bir qadın həyata keçirib.
Bilirsiniz, bu sahədə qadınların təmsilçiliyi aşağıdır. Təhlükəsizlik və silahsızlaşdırma forumlarını götürsək, burada əsasən orta yaşlı və yaşlı ağdərili kişilər nüvə silahlarından və onların nə qədər “möhtəşəm” olduğundan danışır. Bu sahədə qadınlar çox deyil.
Amma bizim kampaniyamız həqiqətən qadınlar tərəfindən aparılır. Burada təsirlənmiş icmalara mənsub bir çox şəxs var ki, onlar qadınlardır və çox güclüdürlər. Fransız Polineziyasında yaşayan Hinamoera Kross bu ilin əvvəlində BMT-də çıxış edərkən dedi ki, onun ailəsində neçə nəsillərdir xərçəng və anadangəlmə qüsurlar var. O, özü leykemiya xəstəsidir. Çıxışında bildirdi ki, bu gün onun körpə oğlunun ad günüdür, amma o, oğlunun gələcəyini ön plana qoymaq istədiyi üçün iclasa gəlməyi seçib. Yəni bunu öz övladları və bütün uşaqlar üçün edib.
Məncə, Hiroşima və Naqasakiyə atom bombası atılmasının 80-ci ildönümündə bunu xatırlamaq həqiqətən önəmlidir. Bilirsiniz, hibakuşalar da - Hiroşima və Naqasakidəki bombalardan sağ çıxan insanlar, məsələn, keçən il Nobel Sülh Mükafatı almış Nihon Hidankyo - o vaxtlar uşaq idilər. Həmin bombalar ən azı 38000 uşağı öldürüb. Onları heç bir şey üçün günahlandırmaq olmazdı. Yenə də onlar nüvə bombasının qurbanı oldular.
Məncə, qadınlar siyasi müzakirələrdə demokratikləşdirici təsir göstərə bilərlər. Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqavilə bunun necə baş verdiyinin başlıca nümunəsidir. Auditoriyanız, icmanız bu kampaniyada iştirak edərək çox şey öyrənə bilər. Xüsusilə də, gəncsinizsə, qadınsınızsa, qapımız sizə açıqdır və siz böyük töhfə verə bilərsiniz.
- Əslində, insanlar həmişə şəxsi hekayələrlə maraqlanırlar. Bir qadın kimi sizi nüvəsizləşdirmə sahəsinə nə gətirdi?
- Mən bütün həyatım boyu ədalətsizliklə mübarizə aparmışam. Mənim üçün insanlığa və planetə qarşı nüvə silahlarından daha böyük ədalətsizlik yoxdur. İlk dəfə nüvə silahları barədə Britaniyanın Qərbi Avstraliyada, yəni mənim əyalətimdə keçirdiyi nüvə sınaqları zamanı öyrəndim. Daha sonra bunu Cənubi Avstraliyada da etdilər. O bombaların həmin ərazilərin yerli əhalisinə, həmçinin də veteranlara dəhşətli təsiri oldu. O insanlar bu günə qədər əziyyət çəkirlər. Onlardan hələ də yaşayanlar, onların uşaqları, nəvələri əziyyət çəkməyə davam edirlər. Onlar öz torpaqlarından məhrum ediliblər və nüvə bombasının yaratdığı çirklənmə səbəbindən ənənəvi yeməklərini yeyə bilmirlər.
Marşal adaları ABŞ-nin protektoratı olduğu dövrdə ABŞ burada çoxsaylı nüvə sınaqları aparıb. Yəni, əslində, ABŞ oranı qorumalı idi, əvəzində isə sınaqlar üçün istifadə edirdi. O insanlar öz mərcan adalarından əbədi qovulublar. İndi yoxsul şəhərkənarı məhəllələrdə yaşamağa məcburdurlar, ənənəvi yeməkləri və mədəniyyətləri ilə yaşaya bilmirlər. İdxal olunmuş qidalarla qidalanırlar. Bu, əvvəllər olmayan xroniki xəstəliklərə səbəb olur. Ətraf mühit, dəniz ekosistemi tamamilə çirklənib.
Mərcan adalarının birində bir qübbə var. Bu qübbə nüvə silahının yaratdığı bir kraterin üzərində qurulub. ABŞ 1970-ci illərdə oraya yüksək səviyyəli radioaktiv nüvə tullantılarını doldurub, üzərini beton qübbə ilə örtüb. Onu Runit Qübbəsi adlandırırlar. İndi o qübbə çatlayır və radioaktiv tullantılar Sakit okeana axır. Bu, nüvə silahlarının təkcə kolonial ədalətsizlik, dəhşətli insan hüquqları pozuntuları deyil, eyni zamanda sağlamlığa, ətraf mühitə və qida təhlükəsizliyinə zərər məsələsi olduğunu göstərən bir nümunədir. Bura bütün bu problemlərin bir nöqtədə toplandığı, nüvə silahlarının yaratdığı və bu günə qədər davam edən zəncirvari, çoxqatlı fəsadların görüldüyü yerdir. Deməli, bu, təkcə tarixi məsələ deyil. Bu, əslində günümüzün real yaşayış problemidir.
Qeyd etməli olduğum bir çox şeylər var. Çünki insanlar sizə bunu bildirəcəklər ki, məsələn, İkinci Dünya müharibəsindən bəri nüvə silahından istifadə etməmişik. Onda niyə onlar problemdir ki? Birincisi, İkinci Dünya müharibəsindən bəri biz nüvə silahından istifadə etmişik, çünki o vaxtdan bu yana sınaqlar həyata keçirilib. Bu sınaqların 2000-dən çoxu dünya üzrə milyonlarla insana və ətraf mühitə dəhşətli təsirlər yaratmağa davam edir.
Digər tərəfdən isə biz dəfələrlə az qala faciəyə, fəlakətə düçar olmuşuq. Təkcə Kuba raket böhranı deyil, həm də nüvə qəzaları və nüvə hücumunun astanasında olduğumuz vaxtlar olub. Bu hallarda sadəcə şansımız gətirib, yoxsa dünya məhv ola bilərdi. Söhbət nüvə silahlarından gedəndə biz əbədi olaraq şansa arxalana bilmərik. Xüsusilə indi süni intellektin nüvə silahı sistemlərinə daha çox inteqrasiya olunduğunu görürük ki, bu da qərarların qəbulunu sürətləndirir və bu qərarlarda yanlış informasiyanın istifadə edilməsi potensialı da var.
Beləliklə, bu, eləcə də hazırda dünyada mövcud olan ümumi dəyişkən iqlim çox qeyri-stabil vəziyyətdir. Bütün bunlar o deməkdir ki, nüvə silahı bizi məhv etməzdən əvvəl onları məhv etməyimiz çox vacibdir.
- Bu il təəssüf ki, müharibələrin şiddətlənməsi və nüvə münaqişələri riskinin artması ilə yadda qalır. Lakin həm də nüvə silahının ixtira olunmasının və Nyu-Meksiko, Hiroşima və Naqasakidə istifadə edilməsinin 80 illiyidir. ICAN bu əlamətdar hadisəni qeyd etmək üçün “80 il kifayətdir” kampaniyasına başlayıb. Zəhmət olmasa, auditoriyamıza daha ətraflı məlumat verin. “80 il kifayətdir” aksiyası nədir?
- Təşəkkür edirəm. Biz “Triniti”nin 80 illiyi üçün Nyu-Meksikoya gedirik. Bu, ilk nüvə silahı partlayışı idi və "Oppenheimer" filminin mövzusu da bu olub. Biz hər şeyin haradan başladığını, Nyu-Meksikoda “Triniti”nin partladıldığı ərazidə yaşayan insanlara, yerli əhaliyə və əsasən ispandilli icmalara dəymiş zərəri və xəsarətləri yada salmaq, onlarla həmrəylik nümayiş etdirmək niyyətindəyik. Həmçinin Nyu-Meksikodan sonra Hiroşima və Naqasakinin bombardman edildiyini, bundan sonra isə 2000-dən çox nüvə silahı sınağı keçirildiyini qeyd etmək istəyirik.
Beləliklə, nüvə dövrü “Triniti” ilə Nyu-Meksikoda başladı. Buna görə də gələn ay, iyulda oraya gedirik. Daha sonra Hiroşima və Naqasakiyə, hibakuşaları dinləməyə gedəcəyik. Nüvə silahlarının fəlakətli humanitar və ekoloji nəticələri barədə danışacaq, məlumatlılığı artıracağıq. Sonra Cənubi Koreyaya gedəcəyik, çünki Hiroşima və Naqasaki qurbanlarının 10 faizi o zaman Yaponiyada olan koreyalılar idi. Bu, çox da bilinən məlumat deyil və bu barədə danışmağımız həqiqətən vacibdir.
Qeyd etməliyəm ki, İkinci Dünya müharibəsini Hiroşima və Naqasakidəki atom bombardmanının bitirdiyi barədə geniş yayılmış bir mif var və bu doğru deyil. Bu, Amerika propaqandası tərəfindən yayılmış bir mifdir. Əslində isə biz Yaponiyadan olan generalların gündəliklərindən və görüş qeydlərindən bilirik ki, Yaponiyanın təslim olmasının səbəbi Sovet İttifaqının Yaponiyaya qarşı müharibəyə girməsi idi və məhz o anda təslim olmağa qərar verdilər. Yəni nüvə bombardmanı səbəbindən yox.
Hiroşima və Naqasakidəki atom bombardmanının heç bir yaxşı tərəfi yox idi. İxtira olunduğundan bəri nüvə silahlarının da heç bir yaxşı tərəfi yoxdur. Hətta Ronald Reyqanın da etiraf etdiyi kimi, nüvə silahları “tamamilə irrasional, tamamilə qeyri-insanidir, öldürməkdən başqa heç bir işə yaramır və dünya üzərindəki həyatı məhv etmə potensialı var”. Bu cümlə həqiqətən də hər şeyi xülasələşdirir. Yəni bu silahlara ən çox qarşı çıxanlar onları yaradan mütəxəssislər, elm adamlarıdır və bu sizə nəsə deməlidir.
- Hər dəfə sonda Kitabistanın ənənəvi kitab tövsiyəsi sualını veririk, amma bu dəfə sualı bir az fərqli şəkildə vermək istərdim. Nüvə silahına malik bir ölkənin liderinin nüvə silahlarına münasibətini dəyişmək üçün ona sadəcə bir rəsm və ya fotoşəkil göstərə bilsəydiniz, yaxud bir film və ya kitab tövsiyə etsəydiniz, bu nə olardı?
- Ah, icazə verin sizə bir şey göstərim. Məndə burada fotolar var.
İcazə verin, Enni Ceykobsenin "Nüvə müharibəsi: Bir ssenari" adlı kitabını tövsiyə etməklə başlayım. O, ABŞ-li jurnalistidir və bu kitab, gələn il “Dune” filmlərinin rejissoru Deni Vilnöv tərəfindən filmi çəkiləcək bestsellerdir. Bu kitab cəmi bir nüvə silahının necə qarşılıqlı nüvə silahı istifadəsinə səbəb olacağı və 72 dəqiqə ərzində normal vəziyyətdən dünyanın sonuna necə gedə biləcəyiniz haqqında hekayəni ortaya qoyur. O, saniyəbəsaniyə, dəqiqəbədəqiqə nüvə müharibəsinin necə inkişaf edəcəyini izah edir və bu, çox yaxşı, eyni zamanda olduqca qorxulu bir mütaliədir və bunların hamısı həqiqətdir. Bütün bunlar Enni Ceykobsenin diqqətli tədqiqatlarına əsaslanır. Ona görə də bu kitabı tövsiyə edirəm.
Bundan əlavə, bu, nüvə müharibəsində hər şeyin necə təsirlənəcəyini, bir-birinə necə bağlı olduğunu göstərmək üçün üzərində işlədiyimiz bir şeydir. Burada Avstraliya çimərliyində iki bala kenquru görürsünüz və biz deyirik ki, “Nüvə müharibəsində bütün növlər zərər görəcək. Amma təkcə bir növ bunu dayandıra bilər”. Bu da kenqurular deyil. Bu, Sənətçilər Bomba Əleyhinə layihəmizdir. Avqust ayında Cenevrədə nüvə silahları haqqında müxtəlif mesajlar əks etdirən bu cür posterlərin sərgisi olacaq. Düşünürəm ki, fərqli mesajlar fərqli insanlara təsir edir. Odur ki, insanlara çatmaq üçün müxtəlif yanaşmalar sınamalısınız, amma məncə, nüvə silahlarından əziyyət çəkənlərin hekayələrinə diqqət yetirmək həqiqətən vacibdir. Çünki onlar nüvə silahlarının nəyə səbəb olduğunu bilən əsl mütəxəssislərdir. Həm də bu barədə insanlarla danışmaq, mesajı yaymaq lazımdır. Çünki bir çox insanlar nüvə silahları ilə bağlı təhlükənin Soyuq Müharibənin bitməsi ilə aradan qalxdığını düşünür. Amma qalxmayıb. Üstəlik, indi onlar o vaxt olduğundan daha təhlükəlidir. Ən azından o zaman ölkələr bir-biri ilə danışırdılar. İndi isə ən yüksək dərəcədə, böyük bir inamsızlıq, yanlış ünsiyyət və anlaşılmazlıq mövcuddur. Bu da səhvlərin və anlaşılmazlıqların baş verməsini çox asanlaşdırır və bir yanlışlıqdan çox asanlıqla nüvə müharibəsi başlaya bilər. Biz isə bunun baş verməsini istəmirik.
- Cavabınız mənim üçün çox təsirli oldu və bu informativ söhbətə görə sizə çox təşəkkür edirəm.
- Oh, mənim üçün xoşdur. Digər şey, yəni liderlərə göstərmək istədiyim digər görüntü, nüvə buludu, göbələkşəkilli buludun məşhur görüntüsüdür ki, bu bulud əslində partlayışın özü deyil. O, artıq buxarlanıb yox olan bütün insanlar və digər şeylərdən ibarətdir. Göbələkşəkilli bulud bunlardan ibarətdir. Amma məncə, ən vacib olan insanların diqqətini göbələk buludunun altında nə olduğuna yönəltməkdir. Çünki nüvə silahlarının nə etdiyi barədə əsl hekayə oradadır. Onlar hər şeyi məhv edirlər. Heç kim öz şəhəri, qəsəbəsi, ailəsi üçün bunu istəmir və biz bunun üçün mübarizə aparırıq. Biz hər kəsin mövcud olma hüququ uğrunda mübarizə aparırıq və ümid edirəm ki, siz və bütün dinləyiciləriniz, izləyiciləriniz bu mübarizədə bizə qoşulacaqlar.
- Təşəkkür edirəm, xanım Melissa Parke. Çox təşəkkür edirəm.
- Mən təşəkkür edirəm.
Mələk Hacıyeva
30.06.2025
Məzmun tipi
Mövzular
Layihələr
BMT Dayanıqlı İnkişaf Məqsədləri