Norveç XİN-in xüsusi müşavirinin Kitabıstana eksklüziv müsahibəsi
Kitabıstan və Danimarka, Finlandiya, Norveç, İsveç səfirliklərinin və Skandinaviya Nazirlər Şurasının tərəfdaşlığı ilə həyata keçirilən “Nordic Talks” layihəsi çərçivəsində Bakıda iki günlük səfərdə olan Norveç XİN-nin yaşıl keçid üzrə xüsusi müşaviri Per Strand Şosta Kitabıstana eksklüziv müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.
- Cənab Per Strand Şosta, Azərbaycana xoş gəlmisiniz. “Nordic Talks” layihəsi çərçivəsində sizdən müsahibə almaq fürsətim olduğu üçün çox şadam. Müsahibəyə Norveçin 2021-2030-cu illər üçün İqlim Fəaliyyət Planı ilə başlamaq istərdim. Norveçin İqlim Fəaliyyət Planı və onun əsas məqsədləri haqqında ümumi məlumat verə bilərsinizmi?
- Məni bu müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Deyə bilərəm ki, Norveçin iqlim sahəsində kifayət qədər böyük ambisiyaları var. Bizim 2030-cu ilə qədər emissiyaları 55 faiz azaltmaq və 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq hədəfimiz var. Bizdə, əsas etibarilə, 3 komponent, 3 ölçü, əsas alət var. Bunlardan biri karbon qiymətqoymadır. Biz bunu bütün sektorlarda tətbiq edəcəyik və 2030-cu ilə qədər karbonun qiymətini təqribən 200 ABŞ dollarına çatdıracağıq. Bu, vacib komponentdir. İkincisi, Avropa İttifaqında emissiya ticarəti sistemində iştirakımızdır. Bu, bizneslərin iqlim emissiyalarını azaltmasına stimul vermək üçün önəmlidir. Üçüncüsü, dövlət satınalmalarında, dövlət orqanlarının əmtəə və xidmətlər satın alması zamanı daha sərt yaşıl şərtlərin olmasıdır.
- Dünyanın ən böyük neft və təbii qaz tədarükçülərindən biri olan Norveç COP28-də razılaşdırıldığı kimi, enerji sistemlərində qalıq yanacaqlardan uzaqlaşmaqda fəaldır. Norveç bu məqsədə töhfə vermək, bərpaolunan enerji və aşağı karbonlu həllərin tətbiqini təkmilləşdirmək üçün hansı yanaşmalar və səylər göstərir?
- Bu gün dünya üçün vəziyyət çox çətindir. Hazırda dünyada enerji istehlakının 82 faizi qalıq yanacaqlardan əldə olunur. Yalnız 18 faizi bərpaolunan enerji və nüvə enerjisidir. Biz enerji balansında qalıq yanacaqları azaltmalıyıq. Norveç töhfə vermək üçün əsas etibarilə iki şey edir. Birincisi, biz qalıq yanacaqları əvəz edəcək digər enerji növlərini inkişaf etdirməyə çalışırıq. Məsələn, bərpaolunan mənbələri - külək, günəş, su enerjisi... İkincisi isə odur ki, biz bərpaolunan enerji mənbələrindən əlavə aşağı karbonlu həllər təmin etməliyik. Bu o deməkdir ki, biz karbontutma, həmçinin mavi hidrogenin istehsalı vasitəsilə təbii qazdakı CO2-ni aradan qaldırırıq və bununla da emissiyaları əhəmiyyətli dərəcədə azaldırıq.
- Enerji sektorunun üzləşdiyi problemlər və qeyri-müəyyənliklər fonunda Norveç gələcək onilliklərdə öz enerji balansında bərpaolunan mənbələrin rolunu necə təsəvvür edir?
- Bizim başlanğıc nöqtəmiz ondan ibarətdir ki, Norveçdə enerji sektorunun 100 faizi bərpa olunan enerjidir. Beləliklə, mənim ölkəmdə başlanğıc nöqtə olduqca yaxşıdır. Ancaq Norveçdə enerji sahəsinə ümumi olaraq baxsanız, yenə də 50 faizi qalıq yanacaqlardır. Beləliklə, dəyişiklik etmək üçün çox vacib olan, əsasən, 3 sektor var. Bunlardan biri nəqliyyat sektorudur. Burada biz hədəfi maksimuma, bütün nəqliyyat vasitələrinin elektrikli olmasına qoyuruq. Biz uzun illərdir ki, bunun ölcülüyük. Norveçdə yeni nəqliyyat vasitələrinin 90 faizi elektriklidir. Biz həmçinin daşıma sektorunda da elektrik həlləri üzrə öncülük. Xüsusilə bərələr məsələsində. Bizdə elektriklə işləyən yüz bərə var. Üçüncüsü, biz yaşıl aviasiyanı da inkişaf etdiririk. Beləliklə, birinci sektor nəqliyyatdır.
İkincisi, istilikdir. Bu sektorda da çox əlverişli şəraitə sahibik. Amma biz enerji səmərəliliyi sahəsində ciddi səy göstərməliyik. Üçüncü sektor isə sənayedir. Biz sənayenin daha çox elektrikləşdirilməsini həyata keçirməliyik. Xüsusilə çox enerji tələb edən sənayelərin. Beləliklə, Norveçin önündə hələ getməli olduğu yol var. Ancaq başlanğıc nöqtəmiz yaxşıdır. İndi ümumilikdə 50 faiz qalıq yanacaqlardır. Növbəti illərdə bu rəqəmi azaldacağımıza ümid edirik.
- Norveç yaşıl keçid sahəsində ən yaxşı təcrübələrin mübadiləsi üçün digər ölkələrlə əməkdaşlığı ilə tanınır. Norveç hansı əsas beynəlxalq bərpaolunan enerji layihələrində iştirak edir və bu əməkdaşlıqlardan öyrənilən əsas dərslər hansılardır?
- İqlim məsələsində irəliləyiş əldə etmək üçün dünyanın öncüllərə ehtiyacı var. Norveç orta ölçülü ölkədir, lakin biz müəyyən töhfələr verə bilərik. Biz əsasən Avropanın Skandinaviya regionundakı qonşularımızla əməkdaşlıq edirik. Xüsusilə də müəyyən dərəcədə Şimal dənizi bölgəsində. Bundan əlavə, biz iqlim və təbiət üzrə beynəlxalq proseslərdə, məsələn, COP proseslərində fəal iştirak edirik. Nəhayət, biz xarici yardım sahəsində inkişaf siyasətimizə də iqlim və enerji keçidi aspektlərini inteqrasiya etmişik. Beləliklə, mən hesab edirəm ki, Norveçin verə biləcəyi ən mühüm töhfə odur ki, səriştəli olduğumuz sahələrdə, yüksək prioritetlərimizin və yaxşı təcrübəmizin olduğu sahələrdə - məsələn, karbon tutma, dəniz küləyi və hidroenergetika kimi - öz təcrübəmizi və bacarıqlarımızı digər ölkələrlə bölüşə bilərik. Bununla da dünyada iqlimlə bağlı fəaliyyəti irəli aparmağa çalışa bilərik. Beləliklə, biz ciddi töhfələr verməyə səy göstəririk. Ancaq bu kontekstdə vurğulamaq lazımdır ki, uğur qazanmaq üçün əsas vasitə əməkdaşlıqdır. Çünki iqlimin vəziyyəti dünya problemidir və bu vəziyyəti düzəltmək üçün hamımız səy göstərməliyik.
- İnformativ cavablarınız üçün çox təşəkkür edirəm.
- Mən də sizə çox təşəkkür edirəm.
Mələk Hacıyeva
08.10.2024
Məzmun tipi
Mövzular
Layihələr
Dayanıqlı İnkişaf Məqsədləri