Avropa İttifaqının səfirinin Kitabıstana eksklüziv müsahibəsi
Avropa sülh, demokratiya, insan hüquq və azadlıqlarının təmini, mətbuat azadlığı, ədalətli rəqabət imkanı, gender bərabərliyi və dayanıqlı inkişaf kimi bir çox bəşəri dəyərlərin nail olunduğu məkandır. Bugünkü nəticələrə nail olmaq heç nə asan olmayıb. Şuman bəyannaməsi ilə başlayan təşəbbüs Avropa İttifaqının yaradılması ilə nəticələndi. Bununla da keçmişdən qalma münaqişələr və ziddiyətlərə son qoyulub, insanların sərbəst şəkildə yaşayacaqları rifah cəmiyyətlərinə keçidə nail olundu. Amma necə? Nələrə nail olunub, nələrə nail olunması hədəflənir və bütün bunlardan Azərbaycan oxucusu nələri öyrənməlidir?
Azərbaycan Avropa Şərq Tərəfdaşlığı Proqramının əhatə etdiyi ölkələrdən biridir və biz cəmiyyəti maarifləndirmək üçün zəruri olan məlumatlandırmanı mütəmadi olaraq təmin etməliyik.
Avropa ölkələri qurumlarının və Avropa İttifaqının özünün belə effektiv işləməsi üçün vətəndaş cəmiyyəti və media mühüm rol oynayır. Yəni Aİ-nin bugünkü uğuru həm də vətəndaş cəmiyyəti və media sayəsində təmin edilib. Bu mexanizmdə hər şey sadədir. İşləməyən nə varsa, ona “niyə?” sualı veriləcək. Elə buradan yola çıxaraq Avropa İttifaqının Azərbaycandakı səfiri cənab Peter Mixalko ilə görüşdük və ona bir sıra suallar ünvanladıq.
Sizə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun Kitabıstana verdiyi eksklüziv müsahibəni təqdim edirik.
- Səfir Mixalko, ilk növbədə vaxt ayırıb Kitabıstana müsahibə verdiyiniz üçün təşəkkür edirəm. Söhbətimizə Konrad Adenauer və Robert Şumanı müzakirə etməklə başlamaq istərdim. Bu iki şəxsiyyət bu gün dayanıqlı sülhü, əməkdaşlığı və inteqrasiyanı təcəssüm etdirən Avropa İttifaqının əsasını qoyub. Əslində, o dövr üçün Şuman Bəyannaməsi və Adenauerin müsbət cavabı kifayət qədər cəsarətli addım idi. İndi keçmişə nəzər salsaq, Aİ-nin yaradılması Avropa xalqlarına nə qazandırdı?
- Avropa İttifaqı Avropa qitəsinin keçmişdə yaşadığı faciəli müharibə təcrübələrinin - o İkinci Dünya müharibəsindən sonra yaradılıb - təkrarlanmamasına təminat vermək üçün yaradılıb. Bu, həqiqətən də qitəyə 70 ildən daha uzun sürən sülh gətirən uğurlu sülh layihəsi oldu.
Avropa İttifaqı sülh məkanıdır. O, həm də Avropa xalqlarına əməkdaşlıq gətirmiş bir məkandır və bu gün dünyanın ən böyük ortaq bazarını təmsil edir. O, dörd hərəkət azadlığına əsaslanır - malların, kapitalın, xidmətlərin və insanların.
Onun uğuru əməkdaşlığa və təbii ki, Avropa İttifaqı üzvlərinin paylaşdığı dəyərlərə əsaslanır. Bu dəyərlər Avropa İttifaqı haqqında Müqavilədə (Treaty on European Union) də öz əksini tapıb. Vahid bazarla yanaşı, o, dünyadakı tərəfdaşlarla əməkdaşlığa da açıqdır.
Bu nöqteyi-nəzərdən Azərbaycan ən yaxın tərəfdaşlarımızdan biridir. Bizim uzunmüddətli əməkdaşlıq ənənəmiz var və biz bu əməkdaşlığı gələcəkdə də davam etdirmək istəyirik. Biz birlikdə çox nəticə əldə etmişik və bu illər ərzində əməkdaşlığımız və tərəfdaşlığımız inkişaf edib.
Biz hazırda qarşımızda duran prioritetlərə fokuslanmışıq. Bunlara bir çox sahələrdə vətəndaşlara fayda gətirməyi hədəfləyən tərəfdaşlıq, iqtisadi əməkdaşlıq, ticarət daxildir. Avropa İttifaqı dünyanın bir çox ölkələrində ixrac üçün ən böyük bazardır və bu, Azərbaycanda da belədir. O həm də emal olunmuş məhsulların ən böyük ixracatçısı, eyni zamanda investisiyalar üçün mühüm kapital mənbəyidir. Bundan əlavə, o həm texnologiya sahəsində nou-hau baxımından bilik ixracatçısıdır. Həm də düzgün idarəetmə, müxtəlif sektorlar və siyasətlərin ən yaxşı şəkildə formalaşdırılması və aparılması ilə bağlı üzv dövlətlərimizin təcrübəyə sahib olduğu məsələlərdə tərəfdaşlarımıza təklif etdiyimiz ən yaxşı təcrübələrin ixracatçısıdır. Bu bizim tərəfdaşlıq və əməkdaşlığımızın da bir parçasıdır.
Bu baxımdan bizim Azərbaycanla da çox yaxşı münasibət ənənələrimiz var. İndiki dövr bizə əməkdaşlıq etmək üçün daha çox imkan açır. Bunlar qlobal gündəmdəki çağırışlarla, baş verməkdə olan iqlim dəyişikliyi və hamımız üçün keçərli olan iqlim fəaliyyətinə ehtiyacla əlaqəlidir.
Bizim yalnız bir planetimiz var. Birlikdə yaşadığımız Yer üçün B planı yoxdur. Buna görə də ətraf mühitimizin, iqlimimizin mənfiyə doğru dəyişməsinin qarşısını almaq üçün birgə tədbirlər görməliyik. Bu baxımdan Azərbaycan hazırda mövcud olan ən böyük qlobal forum COP29 ilə bütün dünyanın diqqət mərkəzindədir. Bu konfransın bizim nəslin və sonrakı nəsillərin gələcəyi üçün vacib olan bu mühüm sahədə birgə fəaliyyətimizlə bağlı vacib qərarlar qəbul edəcəyi gözlənilir.
Avropa İttifaqı həm də dünyanın bir çox ölkələri üçün inkişaf yardımı sahəsində aparıcı tərəfdaşdır. Bu baxımdan, biz davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dəstək təklif edirik. Lakin biz maliyyə yardımından əlavə təcrübə və biliklərimizi də təqdim edirik. Aİ eyni zamanda dünyanın ehtiyac duyulan yerlərinə humanitar yardım göstərir. Hər il təxminən 120 milyon insan təbii fəlakətlər və ya münaqişələrdən əziyyət çəkdiyi zaman humanitar dəstək alır. Avropa İttifaqı da onlara humanitar yardım göstərir.
Eləcə də Azərbaycana gəldikdə, Birinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı Azərbaycan vətəndaşlarına, məcburi köçkünlərə və ölkəyə ərzaq təhlükəsizliyi və mənzil təminatı baxımından dəstək verirdi. İlk on ildə Avropa İttifaqı Azərbaycana 380 milyon dollara yaxın dəstək verib. Beləliklə, biz ən əvvəldən Azərbaycanın və Azərbaycan xalqının yanında olmuşuq.
- Bu gün dünyada yeni münaqişə zonaları yaranır və əksər hallarda sülh üçün heç bir əsasın olmadığı iddia edilir. Avropa İttifaqının iki dağıdıcı dünya müharibəsindən sonra uğurlu sülh layihəsi olduğunu nəzərə alsaq, Aİ-nin sülh quruculuğu təcrübəsindən nə öyrənmək olar?
- Qeyd etdiyim kimi, Avropa İttifaqı Avropa xalqları, Avropa dövlətləri arasında əməkdaşlığa əsaslanan sülh layihəsidir. O bu prinsipin hamımıza sabitlik, təhlükəsizlik və rifah gətirən davamlı sülhü təmin edə biləcəyi ilə bağlı təcrübə qazandırdı.
Buna görə də Aİ dünyanın hər yerində sülhü və sülh dəyərlərini təşviq edir. Biz müstəqilliyin ilk illərindən Azərbaycanın və onun xalqının yanında olmuşuq. Birinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı Azərbaycan xalqına ərzaq təhlükəsizliyi, mənzil təminatı proqramları vasitəsilə böyük dəstək verdi. Çox böyük ehtiyac və çox sayda məcburi köçkün var idi. Ümumiyyətlə, Azərbaycanın mövcudluğunun ilk on ilində dəstəyə ehtiyac var idi. Avropa İttifaqı bu dövrdə 380 milyon dollara yaxın dəstək verib.
Amma biz bu istiqamətdə işlərimizi davam etdiririk. Bu gün Avropa İttifaqı həm sülhün əldə olunmasına, sülh sazişi istiqamətində göstərilən səylərə, həm də minalardan təmizləmə prosesinə konkret fəal dəstək göstərir. Çünki biz Azərbaycandakı çox sayda minanın yaratdığı böyük risklərdən xəbərdarıq. Bu baxımdan Aİ beynəlxalq tərəfdaşlar arasında Azərbaycanın aparıcı tərəfdaşıdır.
Bu il biz bu mövzuda dəstəyimizi ikiqat artırdıq, Avropa İttifaqı institutlarını və Avropa İttifaqına üzv dövlətləri bir araya gətirən Avropa Komandası təşəbbüsü adlandırdığımız bir təşəbbüs yaratdıq. İnsanların bu ərazilərə qayıtması və yenidənqurma prosesinin başlaması üçün zəruri olan minaların təmizlənməsi kimi mühüm bir işin aparılması üçün biz ümumilikdə Azərbaycan qurumlarına, ilk növbədə ANAMA-ya dəstək veririk. Biz yenidənqurma layihələrində də iştirak etməyə hazır olacağıq.
- Bu ilin iyun ayında Avropa Parlamentinə seçkilər keçirildi və bir sıra Avropa ölkələri seçkilər zamanı xarici informasiya manipulyasiyasının və müdaxiləsinin, eləcə də dezinformasiya kampaniyalarının qarşısının alınması üçün tədbirlərə start verdi. Aİ də bu təhdidlərə qarşı mübarizə aparmaq üçün lazımi addımlar atır. Məsələn, xüsusilə Rusiyanın dezinformasiya kampaniyalarını hədəf alan “EUvsDisinfo” layihəsi vasitəsilə... Xarici informasiya manipulyasiyası və müdaxiləsi, eləcə də dezinformasiya kampaniyaları ilə bağlı hansı təhdidlər var və Aİ bu problemlərə qarşı mübarizə üçün hansı innovativ həll yollarını nəzərdən keçirir?
- Həqiqətən, dezinformasiya və informasiya manipulyasiyası təhlükələri çox böyükdür və getdikcə də böyüyür. Avropa İttifaqı və onun üzv dövlətləri bu təhlükələrə qarşı tədbirlər görmək, həmçinin alətlər hazırlamaq məcburiyyətində qalıb. Gördüyümüz kimi, bu təhlükələr getdikcə daha kəskin hala gəlir. Həmçinin bu il biz gördük ki, siyasi qərarverici şəxslərə Avropa seçkilərinə xarici müdaxilə ilə bağlı baş verən hadisələrin aydın təsvirini təqdim etmək, Aİ səviyyəsində hazırlığa töhfə vermək, sürətli və koordinasiyalı tədbirlərin görülməsinə dəstək vermək üçün şuranın informasiya mübadiləsi rejimində daxili siyasi böhrana reaksiya tənzimləmələrinin aktivləşdirilməsi zərurəti yaranıb.
- Avropa İttifaqı 2020-2025-ci illər üçün Gender Bərabərliyi Strategiyası müəyyənləşdirib. Bu strategiya beş il üçün əsas işləri müəyyən edir və üzv dövlətləri bu məqsədlərə çatmaq üçün əməkdaşlığa çağırır. Aİ gender bərabərliyi məsələsində üzv dövlətlər arasında səmərəli əməkdaşlığı necə təşviq edir?
- Biz Avropa İttifaqında gender bərabərliyi gündəliyini irəlilədirik və Avropa İttifaqı haqqında Müqaviləni nəzərdən keçirərkən görmək olar ki, gender bərabərliyi əslində Avropa İttifaqının əsas götürdüyü dəyərlərdən biridir. İlk maddələrdə, birliyin əsas götürdüyü dəyər və prinsiplər arasında qeyd olunub. Bu gün Avropa Komissiyasına qadın rəhbərlik edir və biz həm də görürük ki, Avropa Komissiyasında gender balansı var. Bundan əlavə, Avropa Parlamentinə qadın rəhbərlik edir, Avropa Parlamentinin sədri... Avropa Komissiyası daxilində də görürük ki, rəhbər vəzifələrin artıq, demək olar ki, yarısını qadınlar tutur.
Beləliklə, bu, gender balansına nail olmaq baxımından böyük irəliləyişdir. Bu həm də gender bərabərliyi və gender balansına nail olunduğu zaman istənilən cəmiyyətin bütün potensialının istifadəyə açıq olduğunu göstərir. Təbii ki, bu siyasətləri və bu yanaşmanı dəstəkləmək üçün qəbul edilən konkret qanunvericilik təşəbbüsləri də var.
Biz 2022-ci ildə qadınların məşğulluqda bərabərliyini təmin etmək üçün direktiv qəbul etmişik. Bu, qadınların iqtisadi sfera ilə yanaşı istənilən peşəkar fəaliyyət sahəsindəki imkanlarını da gücləndirir və bu dəyərlər Avropa İttifaqında, onun üzv dövlətlərində real həyatda tətbiq olunur. Həmçinin müxtəlif sektorlarda siyasətlərin icra edilməsi ilə bağlı bir çox fəaliyyətlərdə yanaşmanın özü həmin siyasətin tərkib hissəsi kimi gender bərabərliyi faktorunu özündə ehtiva edir. Bu da bərabərliyin həyatın hər aspektində və hər anında reallığa çevrilməsini təmin edir.
- Avropa İttifaqı 2050-ci ilə qədər dünyanın ilk iqlim neytral qitəsi olmağı hədəfləyir. Bu, Avropa üçün Yaşıl Paktın əsasını təşkil edir və Avropa iqlim qanunu sayəsində hüquqi cəhətdən məcburi hədəfdir. Aİ iqlim dəyişikliyi ilə mübarizədə daha güclü beynəlxalq əməkdaşlığı təşviq etmək üçün öz liderlik rolundan necə istifadə edə bilər?
- Avropa İttifaqı iqlimlə bağlı fəaliyyət baxımından aparıcı tərəfdaşdır. Biz həmçinin zəruri siyasətlərin həyata keçirilməsindəki nümunəvilik məsələsində də lider olmaq istəyirik. Ona görə də hazırkı Avropa Komissiyası Yaşıl Paktı öz prioriteti kimi müəyyən edib və bu yanaşma davam edir.
Qlobal iqlim fəaliyyəti gündəliyinin məqsədlərinə nail olmaq zərurəti qalmaqdadır və biz faktiki olaraq bu il, bu ilin noyabrında Bakıda zəruri məqsədlərə nail olunmasını təmin etmək üçün bütün ölkələri bir araya gətirən ortaq səyi, qlobal səyi görəcəyik. Buna görə də hamımızın əməkdaşlıq etməsinə ehtiyac var. Bu baxımdan Avropa İttifaqı bu mühüm gündəmdə məqsədlərə nail olmaq üçün irəliləyiş əldə etmək səylərində Azərbaycanın COP29-a sədrliyini dəstəkləyir və ümid edirik ki, bu birgə səylə biz qlobal birliyin qarşıya qoyduğu məqsədlərə doğru irəliləyiş görə biləcəyik.
- 2009-cu ildə yaradılan Şərq Tərəfdaşlığı Proqramı Aİ və altı Şərqi Avropa ölkəsi arasındakı əlaqələri genişləndirmək, o cümlədən demokratiya, enerji təhlükəsizliyi, xalqlar arasındakı münasibətlər və iqtisadi inteqrasiyanı təşviq etməyi hədəfləyir. Şərq Tərəfdaşlığı Proqramı bu ölkələrin vətəndaşlarına hansı faydalar verib və gələcəkdə nələr gətirə bilər?
- Şərq Tərəfdaşlığı çox təkmilləşmiş siyasi çərçivədir. O, Avropa qonşuluq siyasətinin bir hissəsidir və Avropa İttifaqının şərq qonşuluğundakı tərəfdaşlar üçün nəzərdə tutulub. Lakin biz hamımız birlikdə Şərq Tərəfdaşlığı Proqramında tərəfdaşıq ki, bu da çox inkişaf etmiş əməkdaşlıq və tərəfdaşlığımızda ən qabaqcıl imkanlara çıxış təmin edir.
Bəlkə də ittifaqa üzv olmağa can atan ölkələr və bizim namizədlərimiz xaricində əməkdaşlığın ən qabaqcıl forması məhz Şərq Tərəfdaşlığıdır. Bu proqram təkcə təhsil və ya iqtisadi əməkdaşlıq kimi ənənəvi əməkdaşlıq sahələrində çoxlu proqramlar açmaqla qalmır, həm də qabaqcıl tədqiqat formalarında tərəfdaşlıq, elm sahəsində əməkdaşlıq üçün imkanlar yaradır. Bu da Azərbaycan kimi ölkələrin institutlarının Avropa institutları və universitetlərinin sahib olduğu standartlara, dünyadakı ən yüksək standartlara çıxış əldə etməsini təmin edir. Şərq Tərəfdaşlığı bizə həm də başqa konkret sahələri açmağa imkan verir.
Səhiyyə sahəsində çoxsaylı əməkdaşlıqlar olub və buna xüsusilə də pandemiya səbəb olub. Həmçinin rəqəmsal iqtisadiyyat sahəsində... Bizim qonşularımız üçün açıq olan İqlim üçün Aİ, İqlim Fəaliyyəti üçün Aİ, eyni zamanda Gənclər üçün Aİ, Enerji üçün Aİ kimi proqramlarımız var və bu proqramlar tərəfdaşlarımız üçün çox faydalıdır. Ona görə də hesab edirəm ki, Şərq Tərəfdaşlığının gətirdiyi imkanlar Azərbaycan və digər Şərqi Avropa ölkələrinin vətəndaşlarına çox üstünlüklər qazandırır.
- Sonuncu sual Kitabıstanın ənənəvi sualıdır. Lakin sualı bu dəfə bir az fərqli şəkildə ünvanlamaq istərdim. İki kitab tövsiyəsi etməyinizi istərdik. Oxucularımız və izləyicilərimizə Avropa İttifaqını daha yaxşı anlamaq üçün hansı kitabı oxumağı tövsiyə edərdiniz və sizin ən çox sevdiyiniz kitab hansıdır?
- Bu, əslində iki sualdır, ona görə də hər birinə ayrı-ayrılıqda, iki cavab verəcəyəm. Avropa İttifaqını ən yaxşı şəkildə başa düşmək barədə sualdan başlasaq, əlbəttə, kimsə deyə bilər ki, Avropa İttifaqına hər bir üzv dövlətin mədəniyyətinə aid, onları öyrənmək və bilmək üçün o qədər çox kitab var... Mən sonsuz sayda kitab tövsiyə edə bilərəm. Amma əslində Aİ-ni başa düşmək üçün mən söhbətimizin əvvəlinə qayıtmaq və hər kəsə 1950-ci il mayın 9-da təqdim olunan Şuman Bəyannaməsini oxumağı tövsiyə etmək istərdim. Belə ki, gələn il onun açıqlanmasından 75 il keçir. Bu bəyannamə Avropa İttifaqının necə yarandığını və üzərində qurulduğu prinsipləri, yanaşmanı böyük ölçüdə təsvir edir. Bu, böyük bir sənəd olan Avropa İttifaqı haqqında Müqavilə ilə bir yerdə olmalıdır. Amma məncə, burada ən aparıcı və Avropa İttifaqını ən yaxşı təsvir edən hissə preambula və ilk maddələrdir ki, Avropa İttifaqının üzərində qurulduğu dəyər və prinsiplər haqqındadır.
Mənim bunları tövsiyə etməyimin bir səbəbi də onlar haqqında məlumatlı olmağımdır, çünki Lissabon Müqaviləsi qəbul edilən zaman müqavilənin slovak dilində konsolidasiya olunmuş mətninin hazırlanmasında mən də iştirak etmişəm. Həmçinin avropalı bir diplomat kimi mənim üçün Avropa İttifaqını və ittifaqın əsaslandığı dəyərləri və prinsipləri təmsil etmək böyük şərəfdir.
Ən sevdiyim kitaba gəlincə isə yenə iki kitab qeyd edəcəyəm. Bunlardan biri tarixçi Pol Consonun kitabı, “XX əsrin tarixi” kitabıdır. Məncə, geniş mənada Avropa İttifaqının yaradılmasına gətirib çıxaran hadisələri və şəraiti təsvir edir. Lakin ümumilikdə həm beynəlxalq hüquqa, həm də qlobal səviyyədə üzərində razılaşdığımız dəyərlərə əsaslanan dünyada sülh və inkişafı təmin etmək üçün qurduğumuz və dəstəklənməyə ehtiyacı olan qayda əsaslı nizamı təsvir edir.
Bundan əlavə, bizim Azərbaycanda, burada kəşf etdiyimiz kitab var. Bu, məşhur “Əli və Nino” kitabıdır ki, mən və həyat yoldaşım üçün həqiqətən bir ölkə kimi Azərbaycanı, həmçinin Azərbaycan xalqının dünyagörüşünü bizə açan bir mütaliə idi. Bu, Azərbaycan haqqında öyrənmək, bu gözəl ölkə və onun insanları haqqında mütaliə etmək istəyən hər kəsə mütləq tövsiyə olunan kitabdır.
- Səfir Mixalko, cavablarınız üçün çox təşəkkür edirik.
- Mən müsahibə üçün sizə çox təşəkkür edirəm və Kitabıstan üçün hər şeyin ən yaxşısını arzulayıram.
Mələk Hacıyeva
04.12.2024
Məzmun tipi
Layihələr
BMT Dayanıqlı İnkişaf Məqsədləri