Qadın hüquqlarının müdafiəsi ilə bağlı panel müzakirəsi keçirildi.

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Qadın hüquqlarının müdafiəsi ilə bağlı panel müzakirəsi keçirildi

Qadın hüquqlarının müdafiəsi ilə bağlı panel müzakirəsi keçirildi.

Martın 7-də Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycanda Fransız İnstitutu, Gender & Media Watch və Kitabıstan Tədqiqat Mərkəzinin tərəfdaşlığı və təşkilatçılığı ilə “Ortaq Hədəf: İctimai və Rəqəmsal Məkanda Qadın Hüquqlarının Müdafiəsi” mövzusunda panel müzakirəsi keçirilib.

Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi, Gender & Media Watch-un təsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə keçirilən panel müzakirəsində spiker qismində Fransanın Azərbaycandakı səfiri Sofi Laqut, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson çıxış edərək ictimai və rəqəmsal məkanlarda qadınların hüquqlarının qorunması, gender bərabərliyinə dair öz ölkələrinin təcrübələrini bölüşüblər. Beynəlxalq Qadın Hüquqları Günü münasibətilə təşkil olunan tədbiri açılış nitqi ilə başlayan moderator tədbirin keçirilməsində göstərilən dəstəyə və tərəfdaşlığa görə Fransanın Azərbaycandakı Səfirliyinə və Azərbaycanda Fransız İnstitutuna öz təşəkkürünü bildirib.

Qadınlara qarşı zorakılıqla bağlı qlobal statistikaları diqqətə çatdıran Mələk Hacıyeva BMT-nin 2025-ci il hesabatına əsasən, dünyada hər üç qadından birinin həyatının müəyyən mərhələsində zorakılıqla üzləşdiyini qeyd edib. Panelin məqsədinə toxunan  moderator bildirib ki,  problemi həll etmək istəyiriksə, biz sadəcə onun təsviri ilə kifayətlənməməli, həm də effektiv təcrübələrdən öyrənməliyik. Məhz buna görə də bugünkü panel müzakirəsi Fransa, İsveç və Meksikada tətbiq olunan effektiv mexanizm və siyasətləri öyrənməyə həsr olunub.
Müzakirə zamanı Fransanın Azərbaycandakı səfiri Sofi Laqut bildirib ki, Fransada küçə təqibinə qarşı mübarizə məqsədilə qəbul edilən qanunvericilik son illərdə daha da sərtləşdirilib. Onun sözlərinə görə, 2018-ci ildə qəbul edilən və “Şiappa qanunu” kimi tanınan mexanizm 2024-cü ildə yenilənərək daha ciddi cəza tədbirləri ilə gücləndirilib. Bununla belə, o vurğulayıb ki, hüquqi mexanizm problemin tam həlli demək deyil.

“Görürük ki, mükəmməl hüquqi bazamız olsa belə, bu, yalnız ilk addımdır. Bu, küçədəki qadınlar üçün reallığı mütləq şəkildə dəyişmir və ya çox sayda hüquqi tədbirlərə səbəb olmur. Lakin düşünürəm ki, sizin də qeyd etdiyiniz kimi, burada ən vacib məqam bunun bir mesaj olmasıdır”.

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero isə çıxışında ölkəsində rəqəmsal zorakılığa qarşı qəbul edilən “Olimpiya qanunu” haqqında məlumat verib.
Səfir bildirib ki, bu qanun intim məzmunlu foto və videoların razılıq olmadan yayılmasını cinayət hesab edir və belə hallara görə 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur. Onun sözlərinə görə, qanun yalnız cəzalandırma mexanizmi deyil, həm də cəmiyyətdə davranış dəyişikliklərinə təsir göstərən hüquqi addımdır.

Səfir Romero Kabalyero əlavə edib ki, Meksikada qadınlara qarşı zorakılıqla mübarizə çərçivəsində “Monse qanunu”, “İnqrid qanunu” və “Malena qanunu” kimi digər hüquqi mexanizmlər də qəbul olunub. Bu qanunlar qadın qətllərini gizlədən şəxslərin cəzalandırılması, qurbanların məlumatlarının qorunması və yandırıcı kimyəvi maddələrlə hücumların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur.

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson isə çıxışında ölkəsində qadınlara qarşı zorakılıqla mübarizə üzrə 2024-2026-cı illər üçün qəbul edilmiş Fəaliyyət Proqramından danışıb.
Onun sözlərinə görə, proqram milli, regional və bələdiyyə səviyyələrində həyata keçirilən 132 tədbiri əhatə edir, qadınlara qarşı zorakılığın qarşısının alınması və cavab mexanizmləri arasında balans yaratmağı hədəfləyir.

Lorentzson qeyd edib ki, proqram çərçivəsində profilaktik tədbirlərə xüsusi diqqət ayrılır və məktəblər gənclər arasında gender bərabərliyi və rəqəmsal təhlükəsizlik mövzularında maarifləndirmə prosesində mühüm rol oynayır.

Panel müzakirəsi zamanı panelistlər auditoriyanın suallarını cavablandırıb, həmçinin rəqəmsal platformalarda gender əsaslı nifrət nitqinin artması, qadınların ictimai və onlayn məkanda təhlükəsizliyi və dövlətlərin bu sahədə tətbiq etdiyi hüquqi və institusional mexanizmlər barədə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda, panelistlər qeyd ediblər ki, qadınların həm ictimai, həm də rəqəmsal məkanda təhlükəsiz iştirakının təmin edilməsi üçün hüquqi mexanizmlərlə yanaşı maarifləndirmə və institusional əməkdaşlıq da vacibdir.

 

 

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero
İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson
Kitabıstanın həmtəsisçisi, Gender & Media Watch-un rəhbəri Mələk Hacıyeva

 

 

09.03.2026
 

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Məzmun tipi

Mövzular

BMT Dayanıqlı İnkişaf Məqsədləri