Finlandiya səfirinin müsahibəsi Kitabıstan

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Finlandiya səfirinin müsahibəsi

Finlandiya səfirinin müsahibəsi Kitabıstan

Azərbaycan və Finlandiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə dekabr ayının 20-də Kitabıstanın təşkilatçılığı ilə İsveç Kral Elmlər Akademiyasının üzvü, Helsinki Universitetinin professoru Henrik Meynanderin “Finlandiya tarixində təhsilin rolu. Finlandiyada təhsil və həyat” mövzusunda konfransı keçirildi. Konfransda iştirak edən Finlandiyanın Cənubi Qafqaz regionu üzrə fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinen konfransdan sonra iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi və keçirilən konfrans haqqında Kitabıstanın idarə heyətinin sədri Mələk Hacıyevaya xüsusi müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Hörmətli xanım səfir, bildiyimiz kimi bu il Azərbaycan və Finlandiya diplomatik əlaqələrinin 30 illiyini qeyd edir. Bu 30 ili necə qiymətləndirirsiniz və bu münasibətlərin gələcək perspektivləri nədir?

 

- İlk olaraq belə bir fürsət yaratdığınız üçün təşəkkür edirəm. Bəli, 30 il çoxşaxəli dövr idi. Çünki adətən qonşu olmayan iki ölkə arasındakı diplomatik münasibətlər daha çox tənzimlənir və bir növ bu ölkələrdən kənarda baş verən hadisələr də münasibətlərin vəziyyətini diktə edir. Biz bu 30 il ərzində müxtəlif mərhələlərdə çox yaxşı ünsiyyətdə olmuşuq. Gərginliyin çox, yaxud da az olduğu zamanlar olub. Amma mən gələcəyə baxanda hesab edirəm ki, Avropada və bu regionda geosiyasi vəziyyətin dəyişdiyi belə bir zamanda bizim, xüsusilə, iqtisadi sahədə əməkdaşlıq potensialımız var. Əlbəttə, Finlandiya da Aİ-nin “Avropa komandası” ruhunda bu regionda hər zamankından daha aktual hala gəlmiş stabilik və sülh quruculuğu məsələlərinə öz töhfəsini vermək istəyir. Bizim ilk növbədə iqtisadi əməkdaşlıq sahəsində böyük potensialımız var. Finlandiya Minsk qrupunun üzvü, həmsədri olub. Lakin mən hesab edirəm ki, indi yeni həll yolları axtarmağın vaxtı çatıb.


- Diplomatik əlaqələrin 30 illik yubileyi çərçivəsində Finlandiyanın Cənubi Qafqazdakı səfirliyi “Finlandiya tarixi” kitabının Azərbaycan dilində tərcümə və nəşr edilməsinə dəstək göstərdi. Bu kitab finlandiyalı professor Henrik Meynander tərəfindən yazılıb. Müəllif və bu kitabın əhəmiyyəti haqqında fikirləriniz olduqca maraqlıdır.

 

- Professor Meynander Finlandiyada, xüsusilə, Finlandiya tarixi üzrə tanınmış tarixçidir və onun kitabı ("Finlandiya tarixi" kitabı nəzərdə tutulur - red.) uzun müddət əvvəl İsveç dilində nəşr olunub. Hazırda bu kitab 18 dilə tərcümə edilib. Kitab çox gözəl qələmə alınıb. Belə deyək ki, oxucunun, daha geniş ictimaiyyətin Finlandiya tarixini öyrənməsi üçün kifayət qədər ümumi yazılıb. Çünki biz düşünürük ki, bir ölkənin, bir dövlətin tarixi barədə bir az biləndə, yaxud ən azından nəsə biləndə onun addımlarını daha yaxşı anlaya bilərik. Düşünürəm ki, bu gün baş verənləri başa düşmək üçün hamımız əvvəllər baş verənlərdən daha çox xəbərdar olmalıyıq. Professor Meynander öz kitabında və burada keçirilən kitab təqdimatında təhsildən çox danışdı. Onun vurğuladığı məsələni xatırlamaq və bir daha qeyd etmək lazımdır ki, təhsil hər hansı bir cəmiyyətin ayrıca elementi deyil. Təhsil sistemi dövlətin və dövlətçiliyin inkişafının mədəni dəyərləri üzərində qurulur. O həm də dövlətçiliyin qurulmasının bir elementi kimi nəzərdən keçirilməlidir. Bu da o deməkdir ki, Finlandiya təhsil sisteminin kökü, əslində, XVI-XVII əsrlərdə lüteran inancına uyğun olaraq kilsənin insanların evlənə bilməsi üçün onlardan oxu-yazı bacarığı tələb etdiyi zamana gedib çıxır. Bu isə o mənaya gəlir ki, Finlandiya təhsil sisteminin kökləri yüz illər əvvələ uzanır. Buna görə də bu sistem ayrıca təhsil sistemi kimi yox, daha çox, sosial inkişafımızın bir hissəsi kimi qurulub. Kilsə XVIII əsrin sonunda bu missiyanı dövlətə verəndə, əlbəttə ki, inkişaf forması dəyişdi.

 

Şəkil: Kitabıstan

 

- “Kitabistan Talks”da Azərbaycan oxucuları və gəncləri ilə şəxsən görüşmək şansınız oldu. Siz çıxış edərək bilvasitə tarixin, nəşriyyatın, təhsilin əhəmiyyətindən danışdınız. Bəs Azərbaycan gənclərinin Finlandiya təhsil sisteminə marağını necə qiymətləndirirsiniz? Çünki tədbir zamanı çoxlu suallar verdilər...

 

- Bəli, doğrudur. Bu ilin əvvəllərində mən Bakıda bu haqda Təhsil Nazirliyi ilə də müzakirələr aparmışam. Görünür ki, burada Finlandiya təhsil sisteminin Azərbaycanın təhsil sisteminin inkişafına fayda verəcək cəhətlərini götürüb tətbiq etməyə böyük maraq var. Əlbətttə, kopyalamaq heç bir sistemdə işləmir. Buna görə də mən düşünürəm ki, bizim ünsiyyətdə qalmağımız, yaxud hakimiyyət orqanları səviyyəsində daim bir-birimizi məlumatlandırmağımız çox vacibdir. Təkcə burada yox, dünyanın başqa yerlərində də "eksport məhsulu olan" Finlandiya təhsil sistemi anlayışı var. Mən əminəm ki, bu sistemdə Azərbaycandakı təhsil sisteminin inkişafına da töhfə verəcək elementlər var. Əlbəttə ki, təhsillərin tarixi fərqlidir. Bu da o mənaya gəlir ki, sistem olduğu kimi tətbiq edilə bilməz. Lakin mən əminəm ki, istifadə edilə biləcək elementlər var. Çünki təhsil sistemi irəli doğru yönəlib, onun məqsədi daha yaxşı gələcək əldə etməkdir. Eyni zamanda, təhsil sistemi öz ölkəsini inkişaf etdirə və sevə bilən gələcək nəsillər formalaşdırmağın da metodudur.
 

- Hörmətli səfir, müsahibə üçün sizə çox təşəkkür edirəm və Milad bayramınızı təbrik edirəm.

 

- Çox təşəkkür ediəm. Mən də sizin hamınıza xoş bayram və xoşbəxt yeni il arzulayıram.

 

Kitabıstan

Bunu paylaş

Linki kopyalayaraq paylaş