Maryana Varmavuori:

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Maryana Varmavuori: "Mətbuat azadlığını qorumaq üçün mütləq yaxşı qanunlar olmalıdır"

Maryana Varmavuori:

Son 23 ildir Dünya Mətbuat Azadlığı İndeksində ilk beşlikdə yer alan Finlandiya həm də mediaya ictimai etimadın ən yüksək olduğu ölkələrdəndir. Lakin Avropa qitəsində genişmiqyaslı müharibənin başlaması ilə bütün dünyada yayılan böyük dezinformasiya və propaqanda kampaniyaları mediaya inamla yanaşı, peşəkarlığı da təhdid etdi.
Bu mürəkkəb mühitdə jurnalistlərin hüquqlarını, söz azadlığını müdafiə etmək, peşəkar etik standartları qoruyub saxlamaq missiyası həmişəkindən daha kritik əhəmiyyət kəsb edir. Finlandiyada bu prosesdə 100 ildən artıq fəaliyyət göstərən Finlandiya Jurnalistlər İttifaqı mühüm rol oynayır. İttifaq həm söz azadlığını müdafiə edir, həm də media işçilərinin peşəkar fəaliyyətinə dəstək göstərir.
Kitabıstanın budəfəki qonağı Finlandiya Jurnalistlər İttifaqının sədri xanım Maryana Varmavuoridir.
Sizə xanım Maryana Varmavuorinin Kitabıstana eksklüziv müsahibəsini təqdim edirik.

 


- Xanım Maryana Varmavuori, əvvəlcə “Kitabistan vs DisInfo”ya müsahibə verdiyiniz üçün sizə təşəkkür edirik. Finlandiya Jurnalistlər İttifaqı 100 ildən artıq müddətdir davam edən fəaliyyəti dövründə Avropada müharibə, mətbuat azadlığının məhdudlaşdırılması və digər kritik məsələlərin öhdəsindən necə gəlinməli olduğuna dair təcrübəyə malikdir. Hazırda yenə Avropa qitəsində genişmiqyaslı bir müharibə aparılır və yenə mediadan dezinformasiyanın, propaqandanın aləti kimi istifadə olunur. Bugünkü mürəkkəb media mühitində Finlandiya Jurnalistlər İttifaqı öz missiyasını necə yerinə yetirir və bu çətinliklərin öhdəsindən necə gəlir?

 

- Müharibənin davam etdiyi və dezinformasiyanın geniş yayıldığı bir şəraitdə, düşünürəm ki, peşəkar medianın rolu hər zamankından da vacibdir. Biz ittifaq olaraq öz missiyamıza çox ciddi yanaşırıq. Üzvlərimizi həm iş yerlərində, həm də xarici təhdidlərə qarşı müdafiə edirik.
Hazırda jurnalistlərdən redaktorlara, tərcüməçilərdən televiziya və kino işçilərinə qədər finlandiyalı media mütəxəssisi olan 14000 üzvümüz var. Yəni bizim üzvlərimiz yalnız jurnalistlərdən ibarət deyil. Düşünürəm ki, biz birlikdə bu təhdidlərin öhdəsindən gələ və ictimaiyyətin məlumat almaq hüququnu müdafiə edə bilirik. Çünki biz həqiqətən birlikdə güclüyük və kifayət qədər güclü bir ittifaq olduğumuza inanıram.

 

- Finlandiya 2025-ci il Dünya Mətbuat Azadlığı İndeksində 5-ci sırada yer alıb. Sizcə, bu uğura hansı əsas amillər səbəb olub və daha məhdud media mühiti olan ölkələr Finlandiya modelindən hansı dərsləri ala bilər?

 

- Əslində, yadımda qaldığı qədərilə 2016-cı ilədək Finlandiya uzun illər ərzində birinci və ya ikinci yerdə olub. Yəni Finlandiyada da müəyyən çağırışlar mövcuddur. Tamamilə təhlükəsiz bir mühit deyil. Amma digər ölkələr üçün dərs olaraq deyə bilərəm ki, açıq və demokratik cəmiyyətin dayaqlarını dərindən anlamaq cəmiyyətin bütün səviyyələrində - uşaq bağçalarından tutmuş parlamentə qədər - normaya çevrilməlidir. Finlandiya bu sahədə indiyədək uğurlu olub. Açıqlıq və şəffaflıq, məlumat almaq hüququ, insan hüquqları - bütün bunlar cəmiyyət olaraq bizim ortaq anlayışımızın bir hissəsidir.
Təəssüf ki, mətbuat azadlığına gətirib çıxaran bir möcüzəli həll yoxdur. Finlandiyada bu sahədə yaxşı qanunlar mövcuddur və mətbuat azadlığını qorumaq üçün mütləq yaxşı qanunlar olmalıdır. Hüquq-mühafizə orqanlarına, müstəqil məhkəmələrə və demokratik dəyərləri müdafiə etməyə hazır olan ictimaiyyətə də ehtiyac var. Yəni bu, bütün cəmiyyəti əhatə edən bir yanaşmadır. Söz azadlığını qorumaq üçün cəmiyyətin bütün tərəfləri lazımdır.

 

- Biz söz azadlığının əhəmiyyətindən danışırıq, lakin bu gün dünyanın əsas qlobal problemlərindən biri də dezinformasiyadır. Dezinformasiya və misinformasiyanın geniş yayılmasının, eləcə də informasiyanın tərəfsizliyinin qoruna bilməməsinin əsas səbəblərindən biri peşəkar və ixtisaslaşmış jurnalistlərin azlığıdır. Finlandiyada jurnalistlərin etik standartlara riayət etməsi və peşəkarlığının artırılması üçün ittifaq hansı işləri görür?

 

- Düşünürəm ki, üzvlərimiz Finlandiyada jurnalist etikasına hörmət etməyə həqiqətən sadiqdirlər. Finlandiyada etik nəzarət orqanı Kütləvi İnformasiya Vasitələri Şurasıdır. O, vətəndaşlardan gələn şikayətlərə baxır. Biz, yəni ittifaq şuranın işində fəal iştirak edir və onun fəaliyyətinə müxtəlif yollarla töhfə veririk.
Peşəkar jurnalistikaya gəldikdə, Finlandiyada jurnalistlər yaxşı təhsil alırlar. Jurnalistika təhsili verən bir neçə universitetimiz var və biz ittifaq olaraq üzvlərimiz üçün praktiki seminarlar təşkil edirik. Məsələn, hazırda süni intellekt haqqında və bir çox başqa mövzularda. Üzvlərimiz özlərini daha da inkişaf etdirmək üçün qrantlara da müraciət edə bilərlər. Maliyyə mənbələrindən biri Jurnalistika Mədəniyyətini Təşviq Fondudur, lakin jurnalistlər üçün başqa variantlar da mövcuddur.
Ümumilikdə, Finlandiyada jurnalistlər etik qaydalar və peşə davranışı barədə çox məlumatlıdırlar. Hesab edirəm ki, bu, artıq Finlandiyada bir növ öz-özünə aydın olan məsələdir, çünki bu, bütövlükdə peşənin etibarlılığı məsələsidir. Ona görə də buna ehtiyac var. Biz bunu düzgün şəkildə etməliyik, əks halda insanlar mediaya etibar etməyəcəklər. Finlandiyada isə digər ölkələrlə müqayisədə xəbərlərə yüksək etimad var.

 

- Doğrudan da bu gün bir çox ölkələrdə mediaya ictimai etimad azalır. Bu isə demokratiyanı zəiflədə biləcək amillərdən biridir. Lakin Finlandiyada media ilə vətəndaş cəmiyyəti arasında səmimi dialoq mövcuddur və sizin də qeyd etdiyiniz kimi, media hələ də ən etibarlı institutlardan biri olaraq qalır. Sizcə, bu çətin dövrlərdə ictimai etimadı qorumaq və media azadlığını təmin etmək üçün hansı addımlar atılmalıdır?

 

- Finlandiyada mediaya etimad etməyən siyasətçilər də var. Bizdə medianın, mətbuatın rolunu şübhə altına alan sağçı siyasətçilər var. Düşünürəm ki, siyasətçilərin də daha böyük dəstəyinə, açıq cəmiyyətin rolunun anlaşılmasına ehtiyacımız olacaq. Bu, artıq əvvəlki kimi öz-özlüyündə aydın deyil. Məncə, hazırda Finlandiyadakı vəziyyət haqqında daha çox müzakirəyə ehtiyacımız var. Həmçinin indi bu müzakirələr siyasətçilərlə ən yüksək səviyyədə aparılmalıdır.

 

- Mən gender əsaslı nifrət nitqi mövzusuna da toxunmaq istərdim. Təəssüf ki, bu, bu gün qlobal problemlərdən biridir, çünki həm ənənəvi, həm də sosial mediada geniş yayılması insanlara psixoloji təsir göstərir. Finlandiyanın media mühitində gender əsaslı nifrət nitqi və ya ayrı-seçkilik narrativləri halları mövcuddurmu? Əgər varsa, ittifaq bu mənfi halların qarşısını almaq və onları aradan qaldırmaq üçün hansı tədbirləri görür?

 

- Biz bilirik ki, qadın jurnalistlər bəzən xüsusilə onlayn mühitdə hədəfə alınır. Bu, adətən daha gənc qadın jurnalistlərə qarşı baş verir. Qadın peşəkarların hədəf alınması və məsxərəyə qoyulması kişi jurnalistlərdən fərqli olaraq, adətən onların cinsinə, görünüşünə və s. yönəlmiş olur. Mən deməzdim ki, mediada açıq şəkildə ayrı-seçkilik narrativləri mövcuddur. Lakin müəyyən sahələrdə, məsələn, siyasət və maliyyə mövzularında ekspert kimi daha çox kişilərdən müsahibə alınması disbalans yaradır.
İttifaqda biz jurnalistlərin iş yerlərindəki gender məsələləri ilə bağlı tədqiqatları və hesabatları izləyir, ehtiyac olanda reaksiya veririk. Məsələn, peşəkarlarımızı və üzvlərimizi necə maarifləndirdiyimizə diqqət yetiririk. Üzvlərimiz hüquqi dəstək almaq imkanına da malikdir. Əgər iş yerində gender ayrı-seçkiliyi halları görsək, buna reaksiya verə bilirik. Bizim bunun üçün resurslarımız mövcuddur. Beləliklə, hüquqi yardım və təhsil…

 

- Biz gender əsaslı nifrət nitqindən danışırıq, ümumiyyətlə nifrət nitqi internetdə çox yayılıb. Bəzən ifadə azadlığı bu nifrət nitqinin yayılmasını əsaslandırmaq üçün arqument kimi istifadə olunur. Bu cür hallarda ittifaq ifadə azadlığını nifrət nitqi və ayrı-seçkilik məzmunundan necə ayırır? İfadə azadlığının əsas prinsiplərini qoruyub saxlamaqla ondan sui-istifadənin qarşısını almaq üçün nə kimi mexanizmlər mövcuddur?

 

- Bəli, bu, Finlandiyada böyük müzakirə mövzusudur. Xüsusilə ABŞ-də baş verənləri nəzərə aldıqda. Orada nifrət nitqi və ifadə azadlığı haqqında fərqli düşünürlər. Nifrət nitqi və ifadə azadlığı arasında əlaqəyə fərqli yanaşırlar.
Hər halda, Finlandiyada ifadə azadlığını tənzimləyən müəyyən qanunlar var. Məsələn, böhtan, dini təhqir etmək və zorakılıq təhdidləri cinayət hesab edilir. Nifrət nitqi ilə bağlı ayrıca bir qanunvericilik yoxdur. Lakin etnik və ya irqi nifrətin qızışdırılması cinayət məsuliyyəti yaradır. Finlandiya polisinin statistikasına görə, ildə nifrət cinayətləri əsasında onlarla məhkumluq hökmü çıxarılır. Həmçinin elə bu həftə İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyası Finlandiya üzrə hesabatını təqdim etdi. Hesabatda Finlandiyanın nifrət nitqinin qarşısını almaq üçün daha çox iş görməli olduğu qeyd edilib. Mən də bununla tamamilə razıyam.
Nifrət nitqi ilə bağlı cinayətlərin əksəriyyəti etnik mənşə ilə əlaqəlidir. İkinci ən geniş yayılmış səbəb din, üçüncü geniş yayılmış hədəfə çevrilmə səbəbi isə cinsi oriyentasiya və ya transgender kimliyidir. Beləliklə, hüquqi nöqteyi-nəzərdən baxsaq, nifrət nitqini ayırd etmək asandır.
Amma əlbəttə, həmişə mübahisəli hallar da olur. Jurnalistika etikası bu məqamda yaxşı bələdçi rolunu oynayır. Finlandiyada ön senzura yoxdur, yəni söz azadlığı ilə bağlı qanunlara riayət etmək hər bir fərdin öz öhdəsindədir. Hazırda söz azadlığına dair həqiqətən mürəkkəb məsələlərlə bağlı məhkəmə işləri gedir.

 

- Sonda bizim ənənəvi bir sualımız var. Hər dəfə kitab tövsiyələri istəyirik. Mən sizin də kitab tövsiyənizi eşitmək istərdim. İzləyicilərimizə hansı kitabı və ya kitabları oxumağı məsləhət görərdiniz?

 

- Mən bu barədə düşünmüşəm. Hər kitab ingilis və ya digər dillərə tərcümə olunmur. Amma Kitabıstan haqqında bir az oxuyandan sonra bir kitab yadıma düşdü. Təxminən 20 il əvvəl yazılıb və adı “Finlandiyadan 100 sosial innovasiya”dır. Müəllifi İlkka Taypaledir. Bu kitab Finlandiyanın bugünkü demokratiya səviyyəsinə necə çatdığından bəhs edir. Məncə, bu kitab sizin və auditoriyanız üçün çox yaxşı tövsiyə olardı.

 

- Doğrudan da, bu kitab Azərbaycanda ən çox satılan kitablar arasındadır. Bu kitabı tövsiyə etdiyiniz üçün təşəkkür edirəm.
Bu informativ müsahibəyə görə çox sağ olun, sizinlə bu söhbəti aparmaq çox xoş idi.

 

- Sizinlə söhbət həqiqətən də çox xoş idi.

 

Mələk Hacıyeva

 

05.11.2025
 

Bunu paylaş

Linki kopyalayaraq paylaş