Danimarka Jurnalistlər İttifaqının prezidenti ilə müsahibə

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Danimarka Jurnalistlər İttifaqının prezidenti ilə müsahibə

Danimarka Jurnalistlər İttifaqının prezidenti ilə müsahibə

Danimarkanın Avropanın ən sabit və şəffaf demokratiyalarından birinə sahib olması təkcə yüksək həyat standartları ilə bağlı deyil, həm də güclü və müstəqil media mühitinə sahib olmasından irəli gəlir. Reuters Institute-un “Digital News Report” (Rəqəmsal xəbər hesabatı) hesabatlarında Danimarka illərdir mediaya ictimai etimadın ən yüksək olduğu ölkələr sırasında yer alır. Aparılan sorğular göstərir ki, danimarkalıların əhəmiyyətli hissəsi xəbərlərə güvənir və xüsusilə ictimai yayım qurumlarına böyük inam bəsləyir. Bu etimadın formalaşması şəffaflıq mədəniyyəti, redaksiya müstəqilliyi və peşə etikasının sistemli şəkildə qorunmasından qaynaqlanır.

Danimarka Jurnalistlər İttifaqı bu ekosistemin əsas dayaqlarından biridir. 60 ildən artıq tarixə sahib olan bu qurum minlərlə jurnalisti birləşdirir, kollektiv müqavilələr vasitəsilə əmək hüquqlarını qoruyur, rəqəmsal media nümayəndələrinin maraqlarını müdafiə edir və etik standartların tətbiqinə nəzarət edir. Süni intellektin xəbər istehsalına daxil olduğu, platforma iqtisadiyyatının media bazarını dəyişdirdiyi, dezinformasiyanın qlobal problemə çevrildiyi bir dövrdə ittifaq həm peşəkar keyfiyyətin, həm də jurnalist həmrəyliyinin qorunması üçün yeni mexanizmlər formalaşdırmağa davam edir.

Kitabıstanın budəfəki qonağı Danimarka Jurnalistlər İttifaqının prezidenti Allan Boye Tulstrupdur. Sizə cənab Allan Boye Tulstrupun Kitabıstana eksklüziv müsahibəsini təqdim edirik:

 

 

- Cənab Allan Boye Tulstrup, ilk növbədə, Kitabıstana müsahibə vermək üçün vaxt ayırdığınız üçün sizə dərin təşəkkürümüzü bildiririk. Sizinlə bu söhbəti aparmaq mənim üçün böyük məmnuniyyətdir.

Bir müddətdir ki, beynəlxalq mətbuat azadlığı indekslərində yüksək reytinqə malik ölkələrin Jurnalistlər İttifaqının rəhbərləri ilə müsahibələr aparırıq. Bu gün sizinlə söhbətimiz sayəsində auditoriyamız Danimarkanın mətbuat azadlığı modelini tanımaq imkanı qazanır.

Məlumdur ki, Danimarka mətbuat azadlığının təmin edilməsi sahəsində əldə etdiyi ciddi nailiyyətlərlə geniş şəkildə tanınır və bu istiqamətdə əhəmiyyətli uğurlar əldə edib. Bundan əlavə, Danimarka Jurnalistlər İttifaqı mətbuat azadlığının müdafiəsini özünün əsas missiyalarından biri hesab edir. Bu kontekstdə demək olarmı ki, Danimarkada jurnalistlər heç bir çətinliklə qarşılaşmırlar? Əgər çətinliklər mövcuddursa, bu gün jurnalistlərin üzləşdiyi əsas problemlər hansılardır və ittifaq bu problemlərin həlli üçün hansı addımları atır?

 

- Aydındır ki, müxtəlif xarakterli və miqyaslı problemlər hər zaman mövcuddur. Lakin hesab edirəm ki, Danimarkada mətbuat azadlığı olduqca yüksək səviyyədədir. Hazırda jurnalistlərin üzləşdiyi əsas çətinliklər daha çox əmək şəraiti ilə bağlı sahələrdə ola bilər. Bizdə jurnalistlərə qarşı ciddi dövlət təzyiqi müşahidə olunmur. Lakin bəzən müəyyən spesifik mövzuları işıqlandıran jurnalistlər onlarla həmfikir olmayan auditoriya tərəfindən kütləvi onlayn nifrət və ya təzyiqlərlə üzləşirlər. Beləliklə bu çətinlik yarada bilər.
Eyni zamanda sizi “axmaq” hesab edən və ya təqdim etdiyiniz məlumatların yalan olduğunu iddia edən minlərlə insanın diqqət mərkəzinə çevrilmək çətin ola bilər. Başqa sözlə, oxucu kütləsi tərəfindən gələn təzyiqlərin getdikcə artdığını görmək mümkündür.
Bundan əlavə, bütün dünyada olduğu kimi, bizdə də biznes modelləri ilə bağlı müəyyən çağırışlar mövcuddur. Məsələn dayanıqlı medianın mövcudluğunu necə təmin edə bilərik? Reklam gəlirlərinin ənənəvi mediadan iri onlayn platformalara axını nəticəsində media qurumlarının maliyyə vəziyyəti ciddi təzyiq altına düşüb. Təbii ki, bu vəziyyət jurnalistlərin əmək şəraitinə, onların qazancına, həftəlik və ya aylıq iş yükünə də birbaşa təsir göstərir.
Beləliklə, həm iş mühiti, həm də mətbuat azadlığı üçün müəyyən çətinliklər qalmaqdadır. Lakin bunlar mütləq şəkildə dövlət səviyyəsində deyil, fərqli müstəvilərdə özünü büruzə verir

 

- Jurnalistlərin əmək şəraitindən bəhs edərkən qeyd etmək istəyirəm ki, həmkarlar ittifaqının rəsmi saytında belə bir məqam vurğulanır ki, cəmiyyətdə açıqlıq və dialoq, ilk növbədə, media mütəxəssislərinin iş şəraitinin yaxşılaşdırılmasından başlayır. Sizcə, jurnalistlərin əmək şəraiti ilə cəmiyyətin demokratikləşməsi arasında hansı birbaşa əlaqə mövcuddur?

 

- Təməl olaraq, jurnalistlərin fəaliyyət göstərə bilməsi üçün, ilk növbədə, jurnalistlər üçün uyğun iş mühiti yaradılmalıdır. Çünki əgər bu peşə ilə keçimini təmin etmək mümkün deyilsə və jurnalistika yalnız varlı ailələrdən gələn şəxslərin məşğul ola biləcəyi bir sahəyə çevrilirsə, o zaman yalnız müəyyən şəxslər jurnalist ola biləcək və mediada gördüyünüz dəyərləri yalnız müəyyən şəxslər təmsil edəcək.
Hesab edirəm ki, jurnalistlərin cəmiyyət tərəfindən qəbul edilməsi üçün onların müxtəlif sosial mənşəyə və keçmişə sahib olması vacibdir. Həmçinin, məlumat mənbələrini seçərkən və ya hər hansı bir mövzuya yanaşma tərzi müəyyən edərkən fərqli baxış bucaqlarını təmin etmək üçün hər cür fərqli sosial qrupdan olan jurnalistlərə ehtiyacımız var. Əgər bu sahə yalnız imkanlı ailələrin övladlarının və ya hətta gündəlik tələbatlarını belə düşünməyəcək dərəcədə jurnalistika üçün alışıb yanan insanlardan ibarət qalsa, o zaman bu peşə ilə məşğul olanların sayı həddən artıq az olar.
Buna görə də, mediada bütün fərqli perspektivlərin əks olunmasını təmin etmək üçün uyğun əmək şəraitinin yaradılması gərəklidir.

 

- Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğaldan sonra dezinformasiya və propaqanda daha intensiv və sistematik xarakter alıb. Artıq dezinformasiya sadəcə milli səviyyədə deyil, qlobal bir problemə çevrilib. Belə mürəkkəb media mühitində, Danimarka mediasındakı xarici informasiya manipulyasiyasının qarşısını almaq üçün ittifaq tərəfindən hansı konkret addımlar atılır?

 

- Təbii ki, Danimarkada Rusiyadan qaynaqlanan dezinformasiya və misinformasiya ilə bağlı ciddi narahatlıq mövcuddur. Sahib olduğumuz strateji coğrafi mövqe bizi maraqlı edir. Bu səbəbdən bilirəm ki, demək olar ki, bütün redaksiyalar xəbərlərin və fotoların həqiqiliyinin yoxlanılması, habelə ictimaiyyətə çatan misinformasiya və dezinformasiyaların qarşısının alınması istiqamətdə olduqca sistemli fəaliyyət göstərirlər.
Danimarka təcrübəsində müşahidə etdiyimiz əsas məqam odur ki, misinformasiya və dezinformasiyanın böyük əksəriyyəti redaktə olunan, məsuliyyətli media orqanlarında deyil, onlayn platformalarda yayılır. Hesab edirəm ki, ənənəvi media öz işinin öhdəsindən layiqincə gəlir, lakin onlayn platformalar misinformasiya və dezinformasiyanı kifayət qədər çevik şəkildə müəyyən edə və aradan qaldıra bilmirlər.
Buna görə də bizim etməli olduğumuz və etməyə çalışdığımız şey budur: biz insanlara izah etməyə çalışırıq ki, əgər oxuduqları və gördükləri məlumatın dəqiqliyindən, təkrar yoxlanıldığından əmin olmaq istəyirlərsə, onlayn platformalarda gördükləri ilə kifayətlənməməli, məsuliyyətli mediaya, redaksiyadan keçmiş məlumatlara etibar etməlidirlər. Eyni zamanda, hər bir vətəndaşın dürüst və yoxlanılmış xəbərlərə çıxışını təmin etmək məqsədilə, müstəqil ictimai yayım mediasına geniş siyasi dəstəyin verilməsi üçün səy göstəririk.

 

- Mən bu yaxınlarda Azərbaycan mediasında əsasən qadınları hədəf alan gender əsaslı nifrət nitqi və diskriminativ narrativlər barədə araşdırma aparmışam. Bu, olduqca həssas məsələdir, çünki qadınlarla bağlı stereotiplər, stiqmatizasiya və etiketləmə halları Azərbaycan mediasında geniş yayılıb. Bu baxımdan soruşmaq istərdim: Danimarka mediasında gender əsaslı nifrət nitqi və stereotiplər mövcuddurmu? Belə hallar baş verdikdə ittifaq tərəfindən hansı tədbirlər görülür?

 

- Hesab edirəm ki, Danimarka mediasında da gender qərəzliliyi və tərəfkeşlik mövcuddur. Biz mediada daha böyük bərabərlik yaratmaq üçün uzun illərdir fəaliyyət göstəririk.
İttifaq olaraq, gender bərabərliyini təmin etmək üçün müxtəlif təşəbbüsləri dəstəkləyirik. Hazırda ölkədə ümumi jurnalistlərin sayında qadınlar çoxluq təşkil etsə də, xəbər istehsalı sahəsində, bilavasitə redaksiyalarda çalışan qadın jurnalistlərin payı hələ də təxminən 38 faizdir. Yəni, disproporsiya hələ də qalmaqdadır.
Bundan əlavə, kişi və qadın mənbələrin say nisbətinə baxdıqda - “Who Makes the News” (Xəbərləri kim hazırlayır) beynəlxalq sorğularında qlobal orta göstəricidən bir qədər yuxarı olsaq da - qadın mənbələrin ümumi payı cəmi 31%-dir. Buna görə də qadınların dünyaya baxış bucağının mediada düzgün və layiqincə təmsil olunması üçün hələ görülməli çox işimiz var.
Üzvlərimizin təcrübəsinə görə, əvvəl qeyd etdiyim onlayn nifrət halları qadın müxbirlər üçün kişi həmkarları ilə müqayisədə daha intensiv xarakter daşıyır. İqlim dəyişikliyi, immiqrasiya, COVID-19 və ya digər ziddiyyətli mövzular işıqlandırılarkən, insanlar qadın müxbirlərə daha çox yazmağa və onları müxtəlif adlarla təhqir etməyə meyllidirlər. Hansısa səbəbdən, qadın jurnalistlər rəqəmsal məkanda nifrətə daha çox məruz qalırlar.
Biz onlara rəqəmsal özünümüdafiə dərsləri vasitəsilə kömək etməyə çalışırıq. Bəzi iri media qurumlarında mübahisəli mövzularda yazan jurnalistlərə dəstək olan xüsusi komandalar fəaliyyət göstərir. Bu komandalar həm müxbirlərə, həm də bəzən materialın əsas siması olmağı seçən qadın mənbələrə kömək etməyə çalışır. Çünki onlar da kütləvi onlayn nifrətə məruz qalırlar.
Onlara kömək etməyə çalışan müxtəlif təşəbbüslər mövcuddur ki, insanlara öz hekayələrini danışmaqdan və ya müəyyən mövzulara toxunmaqdan çəkinməsinlər.

 

- İttifaq eyni zamanda mətbuat azadlığı ilə bağlı beynəlxalq müzakirələrdə fəal iştirak edir və düşünürəm ki, bu sualı sizə mütləq ünvanlamalıyam. Dünyanın bir çox yerində demokratik geriləmənin müşahidə olunduğu və mətbuat azadlığının artan təzyiqlərlə üzləşdiyi bir vaxtda, şəxsi təcrübənizə əsaslanaraq, məhdudiyyətlərin olduğu mühitlərdə çalışan jurnalistlərə mətbuat azadlığını qorumaq və müdafiə etmək üçün hansı tövsiyələri verərdiniz?

 

- Bu, olduqca geniş və çətin sualdır. Mən Avropa Jurnalistlər Federasiyasının İdarə Komitəsinin üzvüyəm və demokratik geriləmənin müşahidə olunduğu üzv ölkələrin sayı narahat edicidir. Müstəqil mediaya təzyiqlər, medianın “ələ keçirilməsi” halları və ictimai yayımçılar üzərində güclü siyasi təzyiq müşahidə edirik. Hesab edirəm ki, Avropa Media Azadlığı Aktı (EMFA) çərçivəsində əldə etdiyimiz bəzi mexanizmlər hazırda yalnız 27 Aİ ölkəsinə şamil olunsa da, ümid edirəm ki, bu mexanizmlər Aİ-yə namizəd statusunda olan ölkələrdə də hökumətlərə təzyiq vasitəsi kimi istifadə edilə bilər. Bu, ictimai yayımın stabil şəkildə maliyyələşdirilməsini, müstəqil medianın və plüralist media mühitinin vacibliyini təmin etmək baxımından mühümdür.
Lakin təbii ki, bunlar hələlik niyyətlərdir. Gündəlik jurnalist fəaliyyətində EMFA-dan istifadə edərək iş şəraitinizi təminat altına ala biləcəyinizə zəmanət yoxdur. Ona görə də düşünürəm ki, əgər hər hansı bir ölkədə hələ də güclü bir birlik və ya həmkarlar ittifaqı yoxdursa, atılacaq ilk addım həmkarlar ittifaqında birləşmək və həmrəylik nümayiş etdirməkdir.
Çünki həyatın bir çox sahəsində olduğu kimi, sayınız nə qədər çoxdursa, bir o qədər güclüsünüz. Əgər siz həqiqətən 10, 100 və ya 1000 nəfər olaraq bir arada dayanmağı bacarsanız, daha güclü söz haqqında sahib olarsınız. Həm özünüzü qorumaq, həm də azad və müstəqil medianın nə üçün vacib olduğunu cəmiyyətə izah etmək şansınız artar. İnanıram ki, xalq bunu anladıqda, gec-tez həmin insanlar tərəfindən seçilən hökumət də azad medianın demokratiyanın kritik sütunu olduğunu dərk edəcək.
Əgər bir ölkədə demokratik geriləmə varsa və müəyyən təsisatlar hökumət tərəfindən sarsıdılırsa, məncə, bu məsələyə nə qədər çox işıq salsanız, bir o qədər yaxşıdır. Əlbəttə, hökumətdən və ya onun addımlarından çəkindiyiniz bir ölkədə bunu etməyin nə dərəcədə çətin olduğunu anlayıram. Amma düşünürəm ki, bu məsələləri işıqlandırmaq və dünyaya əslində nə baş verdiyini göstərmək, vəziyyəti dəyişmək üçün beynəlxalq təzyiq yaratmaq baxımından sizin sahib olduğunuz ən real imkanlardan biridir.

 

- Çox sağ olun. Sonda bizim ənənəvi bir sualımız var. Biz hər zaman müsahiblərimizdən kitab tövsiyələri soruşuruq. Bu ənənəvi sualı sizə də ünvanlamaq istərdim. Oxucularımıza və izləyicilərimizə hansı kitabı və ya kitabları oxumağı tövsiyə edərdiniz?

 

- Maraqlı sualdır. Media, yaxud demokratiya haqqında bir kitab olsun?

 

- Fərqi yoxdur, hansı kitabı məsləhət görərdinizsə…

 

- Yaxşı. Hazırda danışdığımız demokratik geriləmə və bu qəbildən olan məsələlər fonunda, Corc Oruellin 'Heyvan ferması' (Animal Farm) əsərini qeyd edərdim. Hesab edirəm ki, bu kitab bəzi ölkələrdə hazırda müşahidə etdiyimiz şəraitdə təəccüblü dərəcədə aktualdır.

 

- Çox sağ olun. Bu informativ müsahibə üçün sizə təşəkkür edirəm.

 

- Mən təşəkkür edirəm. Gününüz xoş keçsin.

 

Mələk Hacıyeva

 

13.02.2026
 

Bunu paylaş

Linki kopyalayaraq paylaş