Litva səfiri: "Litvada dezinformasiyaya qarşı mübarizə üçün çalışan bir çox ictimai təşəbbüslər var"
1989-cu ildə iki milyon insan əl-ələ verib üç Baltikyanı ölkənin paytaxtını insan zənciri ilə bir-birinə bağladı. Bu hadisə azadlıq, demokratiya, öz müqəddəratını təyin etmə yolunda dünyanın ən böyük qeyri-zorakı aksiyası idi və sonradan Baltik yolu adlanacaqdı.
Ardınca SSRİ-dən ilk ayrılan və müstəqilliyini elan edən ölkə Litva oldu. Bu illər ərzində sülh və əməkdaşlığı, inteqrasiyanı əsas götürən Litva öz iqtisadiyyatını sürətli şəkildə transformasiya edərək innovasiyalara əsaslanan modern ekosistem qurmağa nail oldu. Bu gün ölkə informasiya texnologiyaları, biotexnologiya və yaşıl enerji sahələrində ciddi irəliləyişlərə nail olub və sadəcə dünyanın aparıcı fintek mərkəzlərindən birinə çevrilməyib, həm də startaplar üçün cəlbedici mühit yaradan ölkələrdən birinə çevrilib. Bəs bütün bunlara necə nail olunub? Litvanın inkişaf modeli barədə suallarımızı Litvanın Azərbaycandakı səfiri cənab Kestutis Vaşkeleviçusa ünvanlamaq qərarına gəldik.
Litvanın Azərbaycandakı səfiri cənab Kestutis Vaşkeleviçusun Kitabıstana eksklüziv müsahibəsini təqdim edirik.
- Səfir Kestutis Vaşkeleviçus, ilk növbədə Litvanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik etmək istərdim.
- Təşəkkür edirəm.
- İlk müsahibənizi Kitabıstana verdiyiniz üçün çox təşəkkür edirik. Azərbaycana xoş gəlmisiniz.
- Təşəkkür edirəm. Sabahınız xeyir və salam.
- Salam. Baltikyanı ölkələr deyiləndə ağlımıza regional əməkdaşlıq, inteqrasiya, davamlı inkişaf və innovasiya gəlir. Məsələn, 1989-cu ildə 2 milyona yaxın insanın əl-ələ tutaraq, 690 km uzunluğunda Baltik zənciri yaratmasını Baltikyanı ölkələrin əməkdaşlığı və inteqrasiyasının simvolu hesab etmək olar. Deyə bilərsinizmi, Litvanın bu regional inkişafdakı təcrübələri və töhfələri nədən ibarətdir?
- Həqiqətən də Baltik zənciri hadisəsi misli görülməmiş və tarixi bir hadisədir. Ona görə ki, bütün əhalinin təxminən 25 faizi, dörddə biri Sovet işğalına etiraz etmək və hər üç Baltikyanı dövlətin müstəqilliyi üçün çağırış etmək məqsədilə çölə çıxmışdı. Bu həmrəylik Baltikyanı ölkələr arasında olduqca gözə çarpırdı. Amma bu, eyni zamanda Azərbaycan da daxil olmaqla, bütün keçmiş əsir xalqlar arasındakı çox vacib həmrəylik idi. Çünki bu bizim ölkələrimizə - həm Baltikyanı ölkələrə, həm də Azərbaycana müstəqilliklərini yenidən qazanmaq imkanı verdi. Bu həmrəylik XX əsrin ən böyük qələbələrindən birinə, Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Elə ən əvvəldən bəri Baltikyanı ölkələr, həqiqətən də, qeyd etdiyiniz kimi, bütün səviyyələrdə çox-çox güclü və çox sıx əməkdaşlığa başladılar.
Biz Baltik Assambleyasını yaratdıq. Bu, üç Baltikyanı ölkə parlamentinin birgə parlament assambleyasıdır. Müntəzəm olaraq adətən, ildə üç dəfə baş nazir səviyyəsində Baltik Nazirlər Şurasının görüşləri keçirilir. Həmçinin xarici işlər nazirləri və prezidentlər səviyyəsində də...
Beləliklə, bütün səviyyələrdə bizim müntəzəm məsləhətləşmələrimiz və əməkdaşlığımız var. Bu əməkdaşlıq bütün sektorları əhatə edir. Bizim nə qədər sıx əməkdaşlıq etdiyimizin başqa bir nümunəsi, enerji təhlükəsizliyidir. Bu, ən vacib mövzulardan biridir, çünki biz bir-birimizə bağlı olmalıyıq. Əvvəllər neft, qaz, elektrik enerjisi əlaqələri də daxil olmaqla bizim bütün əlaqələrimiz Rusiya ilə idi. Amma daha sonra biz Avropa şəbəkəsinə qoşulmalı olduq, çünki Rusiya ilə əlaqə dayanıqlı deyildi. Bu, siyasi məqsədlər üçün istifadə edilirdi. Avropada qaz üçün ən yüksək ödənişi uzun illər biz etmişik. Xarici siyasətimiz Rusiyanın maraqlarına uyğun gəlməyəndə, məsələn, nefti dayandırırdılar.
Buna görə də, biz enerji üzrə Avropa şəbəkələrinə keçməli olduq. Burada Baltikyanı ölkələr arasındakı əməkdaşlıq çox-çox vacib idi. Çünki Estoniya Avropa şəbəkələrinə qurudan yalnız Litva üzərindən keçə bilər. Digər tərəfdən, Litva Finlandiyaya yalnız Estoniya vasitəsilə çata bilər. Beləliklə, bütün bu əməkdaşlıq çox vacib idi. Biz isə məncə, görülməmiş səviyyədə buna davam edirik. Bu sıx əməkdaşlıq həm xalqlarımız, həm biznesimiz, həm də Avropa İttifaqı üçün əlavə faydalar meydana gətirir.
- Biz hazırda çətin dövrdə yaşayırıq. Bütün dünyada demokratiyaların təhlükələrlə üz-üzə olduğunu müşahidə edirik. Təəssüf ki, hətta seçkilərdə xarici informasiya manipulyasiyasının və xaricdən təsirlərin olduğunu görürük. Litva da istisna deyil. Litva hökuməti dezinformasiya və xarici təsir kimi problemləri həll edərkən demokratiyanı necə qoruyur, şəffaflığı necə təşviq edir və sosial stabilliyi necə gücləndirir?
- Çox düzgün qeyd etdiniz ki, dezinformasiya dövrümüzün ən böyük problemlərindən biridir. Dünya İqtisadi Forumunun hesabatında dezinformasiyanın ən əsas beş qlobal problemdən biri olduğu göstərilir. Bəs bu, dövlətlərə necə təsir edə bilir? Düşünürəm ki, Litvanın və Azərbaycanın təcrübəsi bunu çox aydın göstərir. Çünki 1990-cı ildə yanvarın 20-də Sovet İttifaqı Bakıda çoxlu mülki vətəndaşı əzib qətlə yetirəndə, bir il sonra isə Vilnüsdə də eyni şeyi edəndə onlar belə təəssürat yaratmağa çalışırdılar ki, sanki bunu edən onlar deyillər. Yəni yalan danışmağa və gizlətməyə çalışırdılar. Bizim nümunəmizdə belə qələmə verməyə çalışırdılar ki, litvalılar litvalılara atəş açır. Beləliklə, istər Bakıda, istərsə də Vilnüsdə bəşəriyyətə qarşı cinayətləri kimin törətdiyi tam aydın idi. Buna görə də biz bu təcrübəyə və daha böyük dayanıqlılığa sahibik. Bu sanki qripə qarşı peyvənd olunmağa bənzəyir. Beləliklə, Azərbaycan və Litvaya bəzi Qərbi Avropa ölkələrinə vurulmayan bu peyvənd vurulmuşdu.
Litva bu məsələdə Avropa İttifaqında ön sıralarda idi, çünki hələ 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcında, Krım işğal olunanda biz tərəfdaşlarla, regiondakı digər tərəfdaşlarla birlikdə Avropa İttifaqına deyirdik ki, dezinformasiyaya ciddi yanaşmalıyıq. Belə ki, bu bizim milli təhlükəsizliyimizə də təsir edə bilər. Litva bu yanaşmaya çox ciddi baxırdı.
Artıq 2014-cü ildə Litvada məhkəmə qərarları var idi ki, televiziyada nifrət və müharibə təbliğatını qadağan edən qanunları pozduqları əsası ilə Rusiya televiziya verilişləri qadağan edilsin. Bu qərarlara əsaslanaraq, qadağanın müddəti də uzadıldı. Çünki əvvəlcə üç ay, sonra altı ay qadağan edilmişdi. Daha sonra müddət bir az da uzadıldı. Çünki propaqanda, nifrət yayan, müharibəni qızışdıran Rusiya telekanalları nifrət təbliğatı aparan verilişlərin aradan götürülməsi üçün tədbir görmürdülər. Avropa Ədalət Məhkəməsi, Avropa Komissiyası, Litva məhkəmələri də qərarların qanunvericiliyə uyğun olduğunu, buna görə də doğru olduğunu bildirib. Biz buna həqiqətən də çox ciddi yanaşmalıyıq.
Üstəlik, Litvada bu məsələni diqqətdə saxlayan təkcə hökumət deyil. Bu, bütünlükdə cəmiyyət yanaşmasıdır. Dezinformasiyaya qarşı mübarizəyə və cəmiyyətin dayanıqlığının artırılmasına çalışan bir çox ictimai təşəbbüslər, QHT təşəbbüsləri var. Bizdə hətta Elflər adlanan icma təşəbbüsü var - çünki ölkəmizdə rus trolları var idi - bu, ictimai bir təşəbbüsdür. İnsanlar özləri təşkilatlanmışdılar və internetdə rus trollarına qarşı mübarizə aparan bu qeyri-rəsmi Elflər qrupunu yaratmışdılar. Bunun nə qədər önəm daşıdığını son nümunə də göstərir. Belə ki, 10 gün əvvəl Litva, Latviya və Estoniya Rusiyanın elektrik şəbəkəsindən ayrılaraq Avropa şəbəkəsinə qoşuldu. Təbii ki, bu, Kreml üçün çox ağrılıdır, çünki o öz təsirini itirir. Buna görə də onlar internetdə insanları bir növ qorxutmağa çalışdılar ki, bizdə elektrik olmayacaq, elektrik enerjisi dayandırılacaq, elektrik enerjisinin qiymətləri artacaq və s. Bu, böyük dezinformasiya axını və hücumu idi. Amma qətiyyən panika yaranmadı. Litva vətəndaşları qurumlara etibar edirdilər.
Göründü ki, əlaqə sinxronlaşdırılıb. Avropanın elektrik şəbəkəsi ilə sinxronizasiya çox rahat baş verdi və qiymət eyni qaldı.
- Hazırda qlobal miqyasda ən çətin problemlərdən biri də təbii ki, iqlim dəyişikliyidir. Demək olar ki, hər bir ölkənin öz iqlim fəaliyyət planı var. Litvanın da 2021-2030-cu illər üçün öz İqlim Fəaliyyət Planı var ki, bu da 2050-ci ilə qədər xalis sıfır emissiya və bərpaolunan enerjinin əhəmiyyətli dərəcədə artırılmasını hədəfləyir. Beləliklə, Litvanın bu iddialı məqsədlərə çatmaq üçün atdığı ən mühüm addımlar hansılardır?
- Həqiqətən də bu, ən böyük problemlərdən biridir. Mən Azərbaycanı COP29-un uğurlu təşkilinə görə təbrik edirəm. Bu, həqiqətən də iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin birləşdirilməsi istiqamətində mühüm addımdır.
Litva tərəfində isə biz, əlbəttə ki, Avropa İttifaqının bir parçasıyıq. Avropa Komissiyasının planları var. Bu, birgə səydir. Lakin milli səviyyədəki planlarımızda biz 2030-cu ilə qədər bütün enerjinin 50 faizdən çoxunu bərpaolunan enerji mənbələrindən əldə edilməsinə çalışırıq. Ən vacib məsələlərdən biri, əlbəttə ki, bərpaolunan enerji - günəş, külək və biokütlədən enerji alınmasıdır.
Biz hədəflərimizə çatmaq yolundayıq. Milli strategiyamızdakı digər çox mühüm aspekt innovasiyadır. Çünki innovasiya bizə daha az elektrik enerjisi, daha az qaz, ya da neft və daha çox bərpaolunan mənbələrdən istifadə etməyə imkan verir. Biz həm də enerjiyə qənaət edirik. Məsələn, Sovet işğalı zamanı tikilmiş çox sayda köhnə bina enerji cəhətdən səmərəli deyil.
Beləliklə, bizim böyük tikililərin renovasiyası istiqamətində böyük səylərimiz var. Bu da bərpaolunan enerji hədəflərimizə nail olmağa çalışarkən bizə əlavə üstünlüklər və əlavə nəticələr qazandırır.
- Siz ölkənizin iqlim dəyişikliyi ilə mübarizədəki ambisiyalarını qeyd etdiniz. Həmçinin bu çətin dövrdə demokratiyanızı qoruyarkən, eyni zamanda sosial stabilliyi necə qoruyub saxladığınızdan və regional inkişafa necə töhfə verdiyinizdən bəhs etdiniz. Amma biz bilirik ki, adekvat və keyfiyyətli təhsil olmadan bütün bunlara nail olmaq çətindir. Gəlin Litvanın təhsil modelindən danışaq. Bildiyimiz kimi, Litvada ali təhsil ənənəsi Vilnüs Universitetinin əsasının qoyulduğu XVI əsrə gedib çıxır. Vilnüs Universiteti Şərqi Avropadakı ən qədim universitetlərdən biridir. Elə isə bizə deyə bilərsinizmi ki, Litva təhsil modelinin üstünlükləri nələrdir və bu model tələbələr üçün hansı imkanlar təklif edir?
- Litvanın təhsil sistemi inklüzivliyə əsaslanır. Biz əlilliyi olan, ucqar rayonlardan olan və s. bütün uşaqların təhsil almasını təmin etməliyik. Bu gün önəmli aspektlərdən biri odur ki, biz texnologiya, mühəndislik və s. sahələri əhatə edən STEM sisteminə fokuslanmağa çalışırıq. Digər çox vacib aspekt bundan ibarətdir ki, bizdə yuxarı sinif və ali təhsil üçün çox geniş və böyük imkanlar var. Litvada bir çox universitet və kolleclər tələbələrə hələ orta məktəbin son siniflərində oxuyarkən öz peşələrini seçməyə imkan verir.
Seçə biləcəyiniz böyük imkanlar var. Bu nəticə də verir. Çünki bir çox xarici şirkətlər, xüsusən İT, həyat elmləri və s. sahələr üzrə fəaliyyət göstərən şirkətlər investisiyaları ilə Litvaya gəlirlər və Litvanı investisiya ölkəsi kimi seçmələrinin cəlbedici elementlərindən birinin ali təhsil olduğunu vurğulayırlar. Tələbələr isə təhsillərini bitirəndə İT və həyat elmləri sektorlarında işləməyə hazır olurlar.
Ali təhsil müəssisələri ilə biznes qurumları arasında çox sıx əməkdaşlıq var. Bizneslər tələbələrlə bir növ hələ universitetlərdə oxuyarkən əlaqə qururlar. Beləliklə, universitetlər də biznesin tələblərini bilirlər. Bizneslər həm də bəzi proqramlara sponsorluq edə və tələbələrə öz gələcək işlərinə hazırlaşmağa kömək edə bilir.
- Siz ümumilikdə təhsil sistemindən danışdınız. İndi də gəlin Litvada ömür boyu öyrənmə proqramından danışaq. Çünki hökumət bu proqram çərçivəsində bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Onlardan biri də “Connected Lithuania Initiative”dir (Əlaqələnmiş Litva Təşəbbüsü). Bu təşəbbüs sayəsində 2018-2022-ci illər arasında yüz mindən çox insan rəqəmsal bacarıqlar əldə edib. Əlaqələnmiş Litva Təşəbbüsü ölkədə rəqəmsal bərabərliyi necə artırdı və nəticədə ölkə hansı faydaları qazandı?
- Bəli, qeyd etdiyiniz bu proqramlar çox önəmlidir. Bizim bunları həyata keçirə bilməyimizin bir səbəbi də Avropa İttifaqından, “Next Generation” (Növbəti Nəsil) proqramlarından və digər proqramlardan maliyyə dəstəyinin olmasıdır. Bunlar çox mühüm təşəbbüslərdir. Biz anlayırıq ki, gənc nəsil, gənclər üçün İT bacarıqları əldə etmək asandır. Ancaq daha yaşlı nəsillər üçün bu asan deyil. Bu insanların virtual aləmə qoşulmasına çalışan və onlara rəqəmsal bacarıqlar öyrədən çoxlu proqramlar var. Artıq qeyd etdiyiniz kimi, həqiqətən də yüz min insan və bir çox kitabxanalar - fikrimcə, bütün Litvada 200-dən çox kitabxana - bu təşəbbüsdə iştirak edir.
Bu kitabxanalar yaşlı vətəndaşların gəlib rəqəmsal bacarıqlar öyrənməsinə imkan verir və buna dəvət edir. Təbii ki, bu da yaşlı vətəndaşlarımızın elektron sistemlərin bir hissəsi olmasına kömək edir. Onlar indi çox vacib olan e-xidmətlərdən daha rahat istifadə edə bilirlər.
Onlar həm də onlayn olaraq özlərini daha təhlükəsiz hiss edirlər. Çünki bizdə və güman edirəm ki, dünyanın bir çox ölkələrində təkcə yaşlılardan deyil, hamıdan pul və ya elektron pul oğurlamağa çalışan dələduzluq cəhdləri var. Yaşlı insanlar bəzən buna daha çox məruz qalırlar. Beləliklə, bu rəqəmsal bacarıqlar onlara həm də rəqəmsal dünyada təhlükəsizlikdə olmağı öyrənməyə kömək edir. Bunlar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən proqramlar sayəsində insanların öyrənə biləcəyi konkret praktiki bacarıqlardır.
- Siz Litvada yerli insanlara İT bacarıqlarının öyrədilməsini qeyd etdiniz. Gəlin Litvada İT və həyat elmləri haqqında danışaq, çünki müstəqillik illərində Litva bu sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edib. Ölkə bu inkişafı davam etdirmək və qlobal rəqabətqabiliyyətliliyini artırmaq üçün hansı strateji tədbirlər həyata keçirir?
- Bəli, biz öz İT və həyat elmləri sektorumuzla qürur duyuruq. Məsələn, İT sahəsini götürsək, dünyada ən sürətli ictimai vayfaya sahibik. Dünyanın 100 ən yaxşı universitetinin 95-i, Amerikada, İsraildə, Yaponiyada Litvanın lazer texnologiyalarından istifadə edir. Bu daha bir nümunədir. Eynilə də həyat elmləri. Biz həyat elmləri sektorumuzla ilə fəxr edirik, çünki bu sahədə Litva hazırda Avropanın ən güclü mərkəzlərindən biridir.
Litvada iki ildən bir dünyanın ən böyük tədbirlərindən biri keçirilir. Biz ümid edirik ki, həmçinin Azərbaycan şirkətləri və elm adamları da bu tədbirdə iştirak edəcək. Bu tədbir bu ilin sentyabrında olacaq.
Litva Avropa İttifaqında həyat elmləri sektoru üzrə ən sürətli illik artıma malikdir - illik 25 faiz. Litvada istehsal olunan əczaçılıq məhsullarının 95 faizi Amerika, Almaniya, Böyük Britaniya və s. daxil olmaqla 100-dən çox ölkəyə ixrac olunur. İndi isə Litva Avropada ən böyük mərkəzlərdən biri olan “BioCity”ni inşa edir. “BioCity”nin ölçüsü 10 futbol meydançasına bərabərdir və burada 200 nəfər çalışır.
Biz ümid edirik ki, həyat elmləri sektorumuz ÜDM-ə 5 faiz töhfə verəcək ki, bu da çox-çox yüksək rəqəmdir. Düşünürəm ki, bu, bütün dünyada ən yüksək rəqəmlərdən biridir. Həyat elmləri sektorunda fəaliyyət göstərən 120 startapımız var. Hökumət də bu ekosistemi təşviq edir və o çox açıqdır. Universitetlərimiz də bu sektora investisiya edir.
Litva dünyanın aparıcı iqtisadiyyatları, İƏİT ölkələri arasında üçüncü yeri tutur - həyat elmləri sektorunda tədqiqat və inkişafa investisiyalar sahəsində üçüncüdür. Bu investisiyalar, imkanlar və ümumilikdə biznesin aparılmasının asanlığı öz nəticələrini verir və biz bununla qürur duyuruq. Ümid edirik ki, Azərbaycan da bu imkanlardan istifadə edə bilər və biz bu sahədə əməkdaşlıq edə bilərik.
- Düşünürəm ki, bizim auditoriyamız Litvada biznes imkanları haqqında öyrənməyə də həvəslidir. Çünki 2021-ci ildə Litvada elektron rezidentlik proqramı işə salınıb ki, bu proqram sahibkarlara Litvaya səyahət etmədən orada şirkət yaratmaq və idarə etmək imkanı verir. Bəs e-rezidentlik proqramının xarici sahibkarların cəlb edilməsində və biznes fəaliyyətinin asanlaşdırılmasında əsas üstünlükləri hansılardır?
- Bəli, adətən, xarici ölkədə bizneslə məşğul olmaq istəyən əcnəbilər üçün bürokratik əngəllər ən böyük maneələrdən, çətinliklərdən biri olur. Beləliklə, Litvanın təklif etdiyi şey elektron rezidentlikdir. Bunun üçün fiziki olaraq səyahət etməyinizə ehtiyac yoxdur. Siz onlayn müraciət edə bilərsiniz və bununla bağlı qərar olduqca tez qəbul edilir. Elektron rezidentlik əldə etdikdən sonra isə viza almağa ehtiyac yoxdur. Siz sadəcə olaraq xarici ölkədə yaşayırsınız, elektron rezidentlik üçün müraciət edirsiniz və həmin e-rezidentlik sizə, məsələn, Litvada şirkət açmaq imkanı verir. Siz şirkət aça, yaxud Litvada bir çox xidmətlər üçün lazım olan sənədləri elektron şəkildə imzalaya bilərsiniz. Beləliklə, bu e-xidmətlər əcnəbilər üçün Litvada biznesə başlamaq, bizneslə, yaxud digər sektorla əlaqəli işlərlə məşğul olmaq üçün həqiqətən çox rahat bir yol təqdim edir.
- Son sualımız ənənəvi sualdır, bir klassikadır. Belə ki, hər dəfə müsahibə götürdüyümüz səfirlərdən və ekspertlərdən oxucularımıza hansı kitabı tövsiyə etdiklərini soruşuruq. Beləliklə, sizin auditoriyamıza tövsiyə edəcəyiniz kitab hansıdır?
- İcazənizlə bir kitab deyil, iki kitabdan bəhs etmək istəyərəm.
- Bəli, əlbəttə.
- İlk növbədə Azərbaycanda yeni çap olunmuş kitabdan bəhs edəcəyəm. Bu, klassik yazıçımız olan Balis Sruoganın kitabıdır və o, nasist konsentrasiya düşərgəsində olub. Nasist konsentrasiya düşərgəsindən Litvaya qayıtdıqdan sonra memuar yazıb. Bu, konsentrasiya düşərgəsindəki təcrübə haqqında Avropadakı ilk memuarlardan biri idi.
Düşünürəm ki, onun bəhs etdiyi hadisələr bu gün də keçərlidir. Çünki burada həm də avtoritar rejimlərin təhlükələri haqqında yazılıb - avtoritar rejimlərin özünüzü çox əhəmiyyətsiz, lazımsız hiss etməyiniz, taleyinizi bəzi avtoritar liderlərin müəyyən etdiyini düşünməyiniz üçün insan ruhunu necə əzməyə çalışmasından bəhs olunub. Və bunun nəyə görə baş verdiyindən. Çünki İkinci Dünya müharibəsindən əvvəl iki avtoritar lider dünyanı aralarında bölürdü. Bir çox ölkələr isə sadəcə onları sakitləşdirir, təcavüzü sakitləşdirmə siyasəti yürüdürdülər. Bu təhlükəli tarixi presedentlər dünya tarixinin ən böyük fəlakətlərindən biri olan İkinci Dünya müharibəsinə gətirib çıxardı. Beləliklə, bu kitab, bu konsentrasiya düşərgəsi memuarı bizə çox mühüm tarixi dərslər verir. Məşhur tərcüməçi və esseist, eyni zamanda Litva Azərbaycan Cəmiyyətinin sədri olan və Vilnüsdə yaşayan Mahir Həmzəyevin tərcüməsi ilə bu kitab burada Azərbaycan oxucuları üçün də əlçatandır.
Digər kitab isə hazırda yanımda deyil. Bu kitabı bir müddət əvvəl Vilnüsdə oxumuşam. O, Uinston Çörçill haqqında, onun bioqrafiyası idi. Bunu qeyd etməyimin səbəbi odur ki, Ukraynadan gələn xəbərləri eşidəndə, tez-tez, demək olar, hər gün ağlıma gəlir ki, Ukrayna Davudun Caluta qarşı müharibəsi ilə müqayisə oluna biləcək bir müharibə aparır. Prezident Zelenski bu günün Çörçillidir. Ribbentropların, Molotovların və Çemberlenlərin dünyasında Zelenski bizə ümid və Uinston Çörçillin nümunəsini verir.
Beləliklə, bu bioqrafiyanı, Litvada oxuduğum kitabı tez-tez xatırlayıram və həqiqətən də oxumağı tövsiyə edirəm. İnanıram ki, bu kitabı çoxları oxuyub. Lakin təkrar oxumaq və liderin, həqiqi liderin həyatı haqqında faktları xatırlamaq vacibdir. Çünki o, aşılmaz çətinliklər qarşısında qorxmadı, ayağa qalxdı və azadlıq müdafiə olundu.
Beləliklə, Çörçill və Zelenskinin müqayisəsi mənim üçün bu gün çox aydın görünür və düşünürəm ki, bu kitablar, həmin liderlərin ağlında nələrin olduğunu oxumaq bu gün də çox vacibdir.
- Hərtərəfli cavablarınıza və çox informativ müsahibəyə görə təşəkkür edirəm.
- Mən təşəkkür edirəm.
Mələk Hacıyeva
25.02.2025
Məzmun tipi
Mövzular
Layihələr