Denius Radzeviçus: "İnsan hüquqları məsələlərinin ən mühümü mediadır"
1991-ci ildə SSRİ-dən ayrılaraq müstəqilliyini elan edən ilk postsovet ölkəsi Litva qısa müddətdə demokratik dəyərlərə əsaslanan modern dövlət quruculuğuna başladı. Bu yol yalnız iqtisadi və siyasi sahədə deyil, həm də cəmiyyətin təməl dayaqlarından biri olan media müstəvisində də köklü dəyişikliklər tələb edirdi.
Transformasiya dövrünün çətinliklərinə baxmarayaraq, Litvada bu sahədə mühüm nailiyyətlər əldə edilərək söz azadlığının, jurnalist etikası və ictimai maraqların qorunmasının nümunəvi modellərindən biri yadadıldı. Bu modelin ayrılmaz hissəsi isə media ombudsmanı institutudur. Çünki Litvada ombudsman institutu həm cəmiyyət, həm də jurnalistlər üçün balanslı və ədalətli informasiya mühitinin təminatçısı rolunu oynayır.
Kitabıstanın budəfəki qonağı Litvanın media ombudsmanı, tanınmış jurnalist və ictimai xadim cənab Denius Radzeviçusdur.
- Cənab Denius Radzeviçus, ilk növbədə Litvada media ombudsmanı vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik etmək istərdim. İllər ərzində siz bir sıra mühüm vəzifələr tutmusunuz. Həm rəhbər vəzifələrdə, həm də akademik fəaliyyət sahəsində qazandığınız zəngin təcrübəyə əsaslanaraq, azad medianın cəmiyyətlərin demokratikləşməsindəki rolunu necə təsvir edərdiniz?
- Mən öz ölkəmdən, Litvadan nümunə gətirə bilərəm – bu da ən önəmlisidir – hətta sovet işğalı dövründə də Litvada müstəqil yeraltı media mövcud idi. Sovet sistemi rəsmi media vasitəsilə propaqanda maşını işlədirdi. Lakin biz Litvada Litva dilində çoxsaylı qəzetlər nəşr edir, insanlara işğal, sovet sistemi və digər məsələlərlə bağlı alternativ informasiya və tənqidi fikirlər çatdırırdıq. Bunun əsasında - bildiyiniz kimi, Litva Sovet İttifaqını tərk edən ilk ölkə idi və burada müstəqil və tənqidi media, belə demək mümkünsə, plüralist media fərqli idi - hətta dövlətə məxsus rəsmi teleradio qurumlarında belə, bəzi jurnalistlər əksər sovet ölkələrinə nisbətən ölkənin problemləri və çətinliklərini daha çox tənqid edirdilər. Məhz buna görə mən deyərdim ki, ölkəyə müstəqillik və demokratik sistem gətirmək üçün media konstitusiyadan və digər ənənəvi tənzimləmələrdən daha önəmlidir. Çünki müstəqil və plüralist media insanların arasında, insanlar naminə və insanlar haqqında ünsiyyətin bir hissəsidir. Bu səbəbdən də medianın rolu açar roldur. Qeyd etdiyim kimi, insan hüquqları məsələlərinin ən mühümü məhz mediadır. Məsələn, buna görə 1996-cı ildə Litva yeni media qanunu, həmçinin ictimai yayım fəaliyyəti haqqında yeni qanunun qəbul edilməsi ilə qərara aldı ki, heç bir dövlət və ya bələdiyyə qurumu mediaya sahib ola bilməz. 1996-cı ildə yalnız iki tip media sistemini təsbit edən qanun qəbul olundu: ictimai yayım və özəl media.
Dövlət hətta ona məxsus xəbər agentliyini belə özəlləşdirmə prosesinə daxil etməyə qərar verdi. Jurnalistlər də daxil olmaqla bütün media işçiləri, təkcə jurnalistlər yox, ümumilikdə mediada çalışan hər kəs birbaşa media sahibi olmağa başladı. Bunun nəticəsində ölkəmdə və təkcə mənim ölkəmdə deyil, əksər ölkələrdə iki tip media mövcud oldu: adətən dövlət dəstəyi ilə fəaliyyət göstərən, fərqli sistemlərlə olsa da, plüralizmi və müxtəlif səsləri təmin edən bir ictimai media və qalanları isə özəl media. Mənim baxış bucağımdan bu, dünyanın ən yaxşı sistemlərindən biri, bəlkə də ən yaxşısıdır. Bu sistem kiçik ölkələrdə belə, rəqabətin yüksək olmadığı ölkələrdə belə fərqli auditoriyalar üçün, fərqli ehtiyaclar üçün müxtəlif media formalarını təmin edir. Bu isə demokratiyadır: müxtəlif səslər, müxtəlif plüralist media, müxtəlif media tipləri. Demokratiya budur. Bu, həyati əhəmiyyət daşıyır.
- Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğaldan sonra Litva Rusiya propaqandasının, saxta xəbər və dezinformasiyasının artmasını nəzərə alaraq bir sıra Rusiya yönümlü televiziya kanallarını qadağan etdi. Bu addım Litvanın informasiya məkanını Rusiya propaqandasından qorumaqda nə dərəcədə effektiv oldu və hansı çağırışlar hələ də qalmaqdadır?
- Təkcə Litvada yox, amma rəsmi olaraq Litvada həmişə açıq-aydın bildirilib ki, Rusiyanın işğalı, əslində, 2014-cü ildə başlayıb. Mənim ölkəmin və Ukrayna kimi bir ölkənin bu mövqeyə sahib olması səbəbindən mən xatırlayıram ki, biz ruslar, ukraynalılar və s. kimi müxtəlif xalqlara qarşı müharibə təbliğatı, nifrət aşılanması, nifrət nitqi, saxta hekayələr və s. yayılması hallarını araşdırmaq barədə qərar vermişdik. O zamanlar mən teleradio üzrə tənzimləyici qurum olan Radio və Televiziya Komissiyanın üzvü idim.
Bilirsiniz, mediada aid olduğun ölkə və hədəf ölkə fərqli olur. Aid olduğun ölkə fiziki olaraq yerləşdiyin ölkədir. Lakin Litva nümunəsində çoxlu kanallar var idi ki, başqa qanunvericiliklərlə tənzimlənirdilər. Onlar Avropa İttifaqı ölkələrində, Rusiyada, həmçinin İsveçdə, Böyük Britaniyada (məsələn, “Ofcom” lisenziyası ilə), Fransada yerləşirdilər. Amma bu kanallar əsasən rus, həmçinin ingilis və alman dillərində yayımlanaraq Litvadakı auditoriyaya informasiya ötürürdülər.
Bunun əsasında axtarış və araşdırmalardan sonra bəzi proqramların, məsələn, məşhur propaqandaçılardan biri olan cənab Solovyovun və digərlərinin - burada onları reklam etməyəcəm - amma Solovyov, Kiselyov kimi şəxslərin proqramlarının nifrət nitqinə əsaslanan və müharibə təbliğatı aparan verilişlər olduğuna qərar verdik. Biz qanuni prosedurlar, məhkəmə prosesi və digər mexanizmlər vasitəsilə bu kanallara rəsmi şəkildə bildirdik ki, onlar qanunlarımızı pozurlar. Bəzi danışıqlar da apardıq. Onlar hələ də guya “ifadə azadlığı” dəyərlərinə əsaslanaraq dezinformasiya yaymağa davam etdilər. Biz isə onlardan soruşduq: “Məsələn, sizin ölkənizdə, Rusiyada eyni informasiyanı, məsələn “rusları öldürün” tipli çağırışları yayımlamaq normal sayılardımı? Siz bununla razılaşardınızmı?” Onlar “xeyr” dedilər. Biz soruşduq: “Onda sizin ölkəniz bizim ölkələrimizdə bu cür məlumatları niyə yayır?” Bundan sonra hüquqi qərar qəbul etdik ki, bu proqramlar ölkəmizdə yayımlana bilməz.
Bu, IPTV kanalları və kabel televiziyası üçün çətinlik yaratdı. Çünki onlar kanalda yayımlanan proqramları ayrılıqda kəsə bilmirdilər. Bilirsiniz, adətən kanal yayımı bütöv olur. Biz isə qərara gəlmişdik ki, sadəcə bu proqramlar nifrət nitqi ehtiva etdiyi üçün bütövlükdə kanalları bağlaya bilmərik və buna tərəfdar deyilik. Xahiş etdik ki, təkcə bu proqramları çıxarsınlar. Lakin əksər kanallar bildirdilər ki, lisenziyalarına görə proqramları kəsmək mümkün deyil və s. Nəticədə onlar həmin proqramları deyil, ümumiyyətlə bütün kanalları çıxarmağa üstünlük verdilər. Ona görə də bir çox platformalarda, ATƏT-in platformalarında tez-tez səsləndirilən “Litva kanalları qadağan edir” fikrini çox eşitmişəm. Biz kanalları deyil, yalnız nifrət nitqi yayan proqramları qadağan etmişdik. Bu, kanalı tamamilə bağlamaqdan daha az məhdudlaşdırıcı addım idi. Amma nəticədə informasiya provayderləri bütövlükdə kanalların yayımını dayandırmağa qərar verdilər.
Mən deyərdim ki, bunun ən yaxşı təsiri cəmiyyətə verilən mesajdır: bəzi proqramlar sizin üçün, dostlarınız üçün zəhər kimidir. Çünki onlar xüsusi olaraq mənfi təsirə, nifrət nitqinə və düşmənçiliyə əsaslanır. Bununla bağlı kommunikasiya, cəmiyyətə izah edilməsi, niyə bu qədər zərərli olduğunun açıqlanması çox vacib idi. O zamanlar əlimizdə data var idi ki, həmin kanalların proqramlarındakı təbliğat və saxta hekayələr - məsələn, kimlərinsə çıxıb Şərqi Ukraynada guya uşaqların çarmıxa çəkilməsi haqqında danışması - yayıldıqdan sonra cəmiyyətimizdə daha çox insan ruslara qarşı nifrət bəsləməyə başlayırdı.
Çünki rusdilli media və özünü jurnalist adlandıran rusdilli propaqandaçılar, yəni ruslar nifrət nitqinə əsaslanan saxta hekayələr təqdim edəndə Litvada yaşayan sadə rusların bununla əlaqəsi olmasa da, yalnızca rus olduqları üçün bu onlara da mənfi təsir göstərirdi. Buna görə də bu addımlar ukraynalıları qorumaq üçün deyil, daha çox rusları rus propaqandasından qorumaq üçün atılmışdı. Çünki rus propaqandası, nifrət nitqi məhz ruslara qarşı daha çox mənfi emosiyalar yaradır. Elə bu gün də bir çox ölkələrdə rus olmaq, Rusiya pasportuna sahib olmaq, hətta rus dilində danışmaq çox mənfi qarşılanır.
Bəzi insanlar Avropanın müxtəlif ölkələrinə gedəndə rus olmadıqları halda yalnız rus dilində danışdıqları üçün onlara “Putin - x…lo!” və bu kimi ifadələr deyilirdi. Çünki insanlar rus dilini eşidəndə düşünürlər ki, siz russunuz və bəlkə də Rusiyadan gəlmisiniz. Bu effekti biz Litvada artıq 2015-ci ildə görmüşdük: Rusiyaya məxsus rəsmi dövlət propaqandası insanlarda hətta ruslara qarşı da çox pis emosiyalar formalaşdırırdı.
Siz 2022-ci ili soruşdunuz. 2022-ci ildə Avropanın bir çox ölkələri bizim Litvada illər əvvəl etdiyimizi etdilər. Bu, çox faydalı oldu, çünki söhbət qadağadan, məhdudiyyətdən getmir. Çünki insanların alternativləri var – VPN, peyk televiziyası və s. Burada əsas məsələ həmin informasiyaya çıxış deyil, insanlara bunun “zəhərli məzmun” olduğunu bilməkdir. Bu, bunların “sadəcə bir fikir” olduğunu düşünən insanlar üçün daha da vacibdir.
İndi onlar bilirlər ki, bu, fikir deyil, bu, nifrət nitqinə əsaslanan feykdir. Bu, mütəxəssislərin, ictimaiyyətin, insanların verdiyi rəsmi qərardır. Çünki bizim qərarvermə prosesimizdə müstəqil ekspertlər iştirak edir. Adətən iki ekspert. Onlar linqvistik və vizual tədqiqat apararaq izah edirdilər ki, niyə bu bu proqramdakı bu tip reportaj ictimai müstəviyə nifrət nitqi və düşmənçilik gətirir. Bu sadəcə “Olmaz!” deyib qadağan etmək deyil. Demokratik ölkələrdə müəyyən bir prosesdən keçməli və bir neçə dəfə izah etməli və sübut etməliyik ki, bu, sadəcə bir fikirdir, yoxsa artıq qanunu pozan bir şeydir?
- Ombudsman Ofisinin prioritetlərindən biri Litvada ictimai informasiyanın monitorinqi və təhlilidir. Siz vətəndaşlardan, xüsusilə də media monitorinqi ilə məşğul olan QHT-lərdən və təşəbbüs qruplarından daxil olan pozuntular barədə hesabatları necə yoxlayırsınız? Əgər belə hallar təsdiqlənərsə, hansı addımlar atılır?
- Bu, vəziyyətdən asılıdır. Çünki biz dezinformasiya, nifrət nitqi, düşmənçilik çağırışları, həmçinin azyaşlılara mənfi təsir göstərən informasiyalarla, həmçinin GDPR (Aİ Ümumi İnformasiya Mühafizəsi Tənzimləməsi) məsələləri, şəxsi məlumatların qorunması kimi problemlərlə məşğul oluruq. Yəni medianın fəaliyyəti ilə bağlı çoxsaylı insan hüquqları məsələləri mövcuddur. Həmçinin nüfuzun alçaldılması və az əvvəl qeyd etdiyim kimi məxfiliklə bağlı məsələlər də olur. Bütün bunlardan asılı olaraq müxtəlif qərarlar veririk.
Amma praktikada bizə daxil olan çoxsaylı şikayətlərin əksəriyyəti hüquqi əsas daşımır. Yəni insanlar sadəcə hansısa neqativ məlumatdan narazı olduqları üçün şikayət edirlər, halbuki bu, əslində, qanun pozuntusu deyil. Başqa sözlə, bu, sadəcə “mən bu məlumatı bəyənmirəm” məsələsidir.
Buna görə biz cəmiyyətə izah etməliyik ki, bəlkə bu, sizə xoş səslənmir, bəlkə müəyyən sözlər qulağınıza pis gəlir, kimsə sərt ifadələrlə tənqid edilir, amma bu, qanun pozuntusu deyil. Biz insanlara izah edirik ki, baxın bu, ola bilsin ki, etika, mədəniyyət və ya əxlaq məsələsidir, amma söz azadlığına zidd deyil. Buna görə də bu qəbul ediləndir.
Amma bəzi hallarda biz QHT-lər və vətəndaşların müraciətinə əsasən rəsmi qərar veririk ki, bəli, bu, insan hüquqları ilə bağlı problemdir. Bu prosesdə biz adətən media kanallarını, sosial şəbəkələri, platformaları və s. məlumatlandırırıq. Əgər onlar qanunu pozurlarsa və buna dair kifayət qədər əsaslı arqumentlər varsa, informasiyanın növündən asılı olaraq müxtəlif addımlar atılır. Bəzən şəxsi məlumat yayımlandıqda həmin məlumat çıxarılır. Bəzən qanuna əsasən, insanlara mənfi təsir göstərən müəyyən ifadələr və ya məzmunun hissələri dəyişdirilir.
Əgər media dəfələrlə ciddi pozuntulara yol verirsə, biz məsələni məhkəməyə daşıya və hətta həmin media orqanını bağlaya bilərik. Lakin Litvada bu qərarı yalnız məhkəmə verə bilər. Mənim qurumum yalnız “qanun pozuntusu var” deyə rəsmi qərar qəbul edib sübutlarla birlikdə məhkəməyə müraciət edə bilər.
Bəzi hallarda biz saytların bloklanması qərarını veririk. Litvada belə hallar olub və mən sizinlə bunu paylaşıram. VPN vasitəsilə sayta daxil olmaq mümkündür, amma rəsmi olaraq Litva ərazisində nifrət nitqi, düşmənçilik və dezinformasiya yayan saytlara daxil olmaq olmur. İnsanlar istəyirlərsə, VPN ilə baxa, sərbəst şəkildə daxil ola bilərlər, istəsələr olurlar da. Amma əgər Litvanın - bilmirəm - rəsmi brauzerləri və s. vasitəsilə daxil olmaq istəsəniz, birbaşa mənim institutumun saytına yönləndirilirsiniz və orada yazılır ki, bu sayt Litvada qanunu pozduğu üçün qadağan edilib.
Bəzi hallarda, məsələn GDPR, həmçinin dezinformasiya ilə bağlı məsələlərdə müəyyən sanksiyalar tətbiq edə bilirik, amma bu, birbaşa bizim institut tərəfindən edilmir. Adətən biz bu cür məlumatları prokurorluğa təqdim edirik və bundan sonra polis əməkdaşları və prokurorluq orqanları bizə şikayət göndərirlər. Məsələn, əgər onların pornoqrafiya məsələləri və ya dezinformasiya halları ilə bağlı şikayətləri varsa, bizim ekspertiza rəyimiz əsasında bu, hətta cinayət işinin başlanmasına qədər gedib çıxa bilər. Amma açığını desəm, belə hallar çox azdır. Əksər hallarda bizdə bununla bağlı ciddi problemlər olmur. Yəni, bu, bizdə qaydadan daha çox istisnadır.
- Kütləvi informasiya vasitələrinin pozuntularını müzakirə edərkən qeyd etməliyəm ki, aidiyyəti qurumlar və təşkilatlar media monitorinqi və belə hallarda sanksiyaların tətbiqi baxımından mühüm rol oynayır. Ancaq bu gün sosial media da, xüsusən, saxta xəbərlərin və nifrət nitqlərinin yayılmasında çox kritik rol oynayır. Biz həm mediada, həm də sosial platformalarda xüsusən də qadın jurnalistləri, siyasətçiləri və ictimai fəalları hədəfə alan gender əsaslı nifrət nitqinin artdığını müşahidə edirik. Sizin qurumun həm ənənəvi mediada, həm də sosial mediada gender əsaslı nifrət nitqi və diskriminativ narrativlərlə mübarizə aparmaq üçün hansı strategiyaları var?
- Əvvəlcə platformalardan danışaq, çünki bu gün demək olar ki, bütün media artıq müəyyən mənada ənənəvi xarakter daşıyır. Bəzi insanlar üçün “Facebook” artıq ənənəvi mediadır, hətta çap mediasından daha ənənəvidir, çünki onlar üçün bu, artıq dəbdən düşüb.
Bəlkə də bilirsiniz, Litvada iki institut var ki, onlar rəsmi olaraq, məsələn, “TikTok”, “Facebook” kimi platformalarla məşğuldur və biz onlara müraciət edə bilirik. Məsələn, mənim ofisimdə xüsusi kanallar vasitəsilə həmin platformalarla rəsmi əlaqə saxlayan əməkdaşlarımız var. Onlar insan haqlarını pozan, o cümlədən dezinformasiya, dipfeyklər və digər oxşar məzmunun çıxarılması ilə bağlı bu platformalarla əlaqədədirlər. Bu isə bir tərəfdən kifayət qədər mürəkkəb məsələdir, çünki bizdə həm yerli qanunvericilik sistemi var, həm də Avropa İttifaqının qanunvericiliyi - DSA (Rəqəmsal Xidmətlər Aktı). Buna görə də biz müxtəlif yanaşmalardan istifadə edirik. Bəzən biz bu platformalara müraciət edirik və onlar müəyyən məzmunu çıxarırlar. Bəzən isə daha detallı fəaliyyət planları tətbiq edirik, məsələyə bəzi qurumları cəlb edib onlarla əməkdaşlıq edirik.
Mən deyərdim ki, bu məsələdə əsas bir çətinlik var. Avropa İttifaqının qanunvericiliyinə görə, insan hüquqları ilə bağlı məsələlərin əksəriyyəti daha çox yerləşdiyin ölkə ilə bağlı olur. Məsələn, “Google” və “Facebook”un nümunəsində bu, İrlandiyadır. Biz həmin ölkənin tənzimləyici orqanı ilə işləyirik. Eyni zamanda Litvanın öz tənzimləyici orqanı da var. Biz Avropa İttifaqının strukturlarından və yerli strukturlardan istifadə edərək, insan hüquqlarının pozulması hallarını müzakirə edirik və qərarları konkret hallara və ya sistematik pozuntulara, fırıldaqçılıq hallarına uyğun qəbul edirik.
Qanun pozuntularında müxtəlif çətinliklərimiz olur. Bu problemlə üz-üzə olan konkret fərdlərdən danışsaq - məsələn, indi bizdə belə bir problem var ki, bir çox jurnalistlərin üzləri və səsləri dipfeyklərdə istifadə olunur - biz artıq media assosiasiyaları və təşkilatları ilə birgə çox işlər görmüşük ki, onlar özləri özlərini qorusunlar. Yalnız bizim institutumuz vasitəsilə deyil, həm də media qurumlarının özlərinin birbaşa “Facebook” kimi platformalara müraciət etməsi və s. ilə... Məqsəd isə bu cür müxtəlif fırıldaqçılıq halları, dezinformasiya və nifrət nitqlərinin yayılmasının qarşısını almaqdır.
Dipfeyk məsələlərində məlumatları daha dəyərli hala gətirmək üçün jurnalistlərin səsi və üzü müxtəlif formatlarda istifadə olunur. Buna görə də, mən deyərdim ki, bir tərəfdən media təşkilatları, digər tərəfdən polis orqanları, üçüncü tərəfdən isə alqoritmlərin dəyişməsi və s. ilə bağlı birbaşa media platformaları və bu platformaların nümayəndələri ilə işləyən tənzimləyici qurumlar və tərəfdaşlarla əməkdaşlıq edilir. Bundan başqa, bəzi hallarda hüquqi sistem də işə cəlb olunur. Ümumilikdə isə bu, Avropa İttifaqı və yerli qanunvericilik tərəfindən qəbul edilmiş hüquqi alətlərdən istifadə edən institutlararası əməkdaşlıqdır.
- Bəzən media mühitində ifadə azadlığı prinsipi nifrət nitqinin, dezinformasiyanın və ayrı-seçkiliyin yayılmasını əsaslandırmaq üçün arqument kimi istifadə olunur. Belə hallarda ofisiniz ifadə azadlığı ilə nifrət nitqi və ayrı-seçkilik arasındakı fərqi necə müəyyənləşdirir? Həmçinin azad sözün mahiyyətini qorumaqla onun sui-istifadəsinin qarşısını necə alırsınız?
- Bu, çox yaxşı sualdır. Çünki ofisimdə müzakirə edilən və ya araşdırılan hər bir situasiyada, adətən yerli qanunvericilik səbəbindən - Litva Konstitusiyası beynəlxalq insan hüquqları standartlarına çox oxşardır - biz hər iki tərəfi qiymətləndirməliyik. Yəni, hər hansı bir şikayət və ya qanun pozuntusu, insan hüquqlarının pozulması ilə bağlı istintaq avtomatik olaraq ictimai maraq baxımından da qiymətləndirilir. Məsələn, bu məlumatı əldə etmək hüququ, söz azadlığı, ümumiyyətlə, informasiyaya çıxış hüququ, fikir azadlığı... Bu suala cavab çox sadə deyil, çünki əksər hallarda məsələ yox, onun “necəliyi” önəmlidir. Yəni bu, bir filtrləmə sistemi kimidir.
Media mühitimizdə bütün mövzular mövcuddur və burada heç bir qeyd-şərt yoxdur. Biz onların hamısını müzakirə edə bilərik. Bu, çox aydın mesajdır. İkincisi, “necəlik” məsələsinə gəldikdə isə bunu araşdırmaq ekspertlərimizlə birlikdə bizim işimizdir.
Mən bəzi xüsusi alətlərdən, sözlərdən, vizuallardan istifadə edə bilərəm ki, bunlar bəzən müəyyən qrupları və ya insanları təhqir etdiyinə, sistemli nifrət nitqi və ya düşmənçilik yaratdığına görə və mənfi təsirlərinə görə qanunu poza bilər. Bu hallarda bir neçə dəlil, arqument toplamaq lazım olur. Sadəcə “olmaz, bu pis şeydir” deməklə məsələ bitmir. Xeyr. Xüsusilə söz azadlığı, fikir azadlığı, media azadlığı və informasiyaya sərbəst çıxış kontekstində qərəz məsələsini nəzərə alaraq burada çoxlu arqument gətirmək lazımdır. Bu, əslində əksər həmkarlarım üçün asan deyil. Çünki əgər ictimai məsələlərdə, hətta kifayət qədər mübahisəli fikirlər olsa da, açıq şəkildə qanun pozuntusu yoxdursa, onda ifadə azadlığını qorumaq lazımdır. Çünki dediyim kimi, hər şey haqqında danışmaq azadlığı var. Bəzən insanlar deyir ki, bu problem yaradır, bəzi mövzuları ümumiyyətlə açıq müzakirə etməsək, daha yaxşı olar. Amma bizim mövqeyimiz belə deyil.
Bu, əslində sizin fikrinizi müdafiə etmək lehinə arqumentdir. Yəni hər şey qaydasındadır. Əgər insanlar hansısa məsələ haqqında çox tənqidi danışırsa, çox neqativ fikirlər söyləyirsə, onların düşüncəsi belədirsə, bu da söz azadlığının bir hissəsidir və ictimaiyyətin marağına xidmət edir ki, bu da yaxşıdır.
Əslində, məhkəmələrdə çoxlu işlərimiz olur. Mənim qurumumda qəbul edilən qərarlara qarşı çoxlu şikayətlər edilir və bizim birinci instansiya, ikinci instansiya, apellyasiya instansiyası, hətta Ali Məhkəmədə də işlərimiz var. Bu, demokratiyada tamamilə normal prosesdir.
Biz bəzən insanların özlərini müdafiə etməkdə nə qədər cəsarətli olmasından asılı olaraq, bir dəfə, iki dəfə, hətta üçüncü dəfə də sübut etməli oluruq. Problem yoxdur, normaldır, amma mürəkkəb prosesdir.
- Bəzən jurnalist etikası ilə bağlı müəyyən məhdudiyyətlər ifadə azadlığının boğulması kimi qəbul oluna bilər. Belə hallarda qurumunuz ifadə azadlığı ilə etik prinsiplər arasında necə balans yaradır?
- Bu, verilmiş ən yaxşı sualdır. Qısaca desəm, 1996-cı ildə çox qısa müddət ərzində Naşirlərin və Jurnalistlərin Etika Komissiyası fəaliyyət göstərirdi. İndi isə bu qurumun adı dəyişib və hazırda Cəmiyyətə İnformasiya Təminatında Etika Assosiasiyası adlanır. Onun tərkibinə naşirlər, media qurumları, prodüserlər, jurnalistlər, hətta akademiklər daxildir. Amma artıq uzun illərdir ki, açıq-aşkar məhdudiyyət var. Mənim ofisim mediada insan hüquqları ilə bağlı məsələlərlə məşğul olur, lakin etikaya dair bütün məsələlər və etik qaydaların qəbul edilməsi özünütənzimləmə sisteminə aiddir. Dövlət bu prosesə heç bir şəkildə müdaxilə etmir.
Əməkdaşlıqla bağlı da müsbət məqam var. Mənim ölkəmdə - Litvada media ombudsmanı olmaq istəyən namizədlər yalnız media özünütənzimləmə sistemi tərəfindən irəli sürülə bilər. Onlar parlament tərəfindən təsdiqlənir, lakin seçimi media təşkilatları edirlər.
Bu, mənim qurumum ilə Etika Komissiyası arasındakı yeganə əlaqədir. Bizim məqalələrin təqdimatı, sensasional xəbərlərin verilməsi ilə bağlı bəzi birgə fəaliyyətlərimiz olur. Amma bunlar əməkdaşlıq, müzakirə, tənzimləmə və özünütənzimləmə əsasında həyata keçirilir. Adətən media qurumları dövlət tənzimləməsindən yayınmaq üçün özünütənzimləməni daha çox ön plana çıxarmağa çalışır. Bu isə yaxşı haldır. Qısası, bu, özünütənzimləmə əsasında qurulub. Əgər jurnalist etikası ilə bağlı şikayətlər daxil olursa, biz dərhal bütün bu müraciətləri özünütənzimləmə orqanlarına ötürürük.
- Sonda ənənəvi bir sualımız var. Bu, kitab tövsiyələri ilə bağlıdır. Mən sizə də bu məşhur sualı vermək istərdim. Auditoriyamıza hansı kitabı və ya kitabları oxumağı tövsiyə edərdiniz?
- Əslində, çoxlu kitablar var. Monteskyödən, qanunların və tənzimləmələrin ruhu ilə bağlı klassik əsərdən başlamaq olar. Amma mənim hazırda ən sevimli kitabım insanlarla, auditoriya ilə, medianı və nitqləri istehlak edən insanlarla bağlıdır. Onlar kommunikasiya prosesinin içindədirlər. Söhbət “Irrational Ape” kitabından gedir. Bu kitabı “Amazon”dan əldə edə bilərsiniz. Mənim tələbələrim də bu kitabdan faydalanırlar. Media tənzimlənməsi və özünütənzimləmə ilə məşğul olan hər kəs üçün başa düşülməsi çox faydalı olacaq bir kitabdır. Amma bəzən necə danışmağınızın heç bir önəmi olmur. Çünki əksər insanların şəxsi fikirləri və kontekstləri var. Bəzən əgər siz insanlarla bağlı neqativ məlumat verirsinizsə, onlar həmin insanlar haqqında pozitiv düşünə bilirlər. Misal çəkdim: cənab Tramp çoxsaylı peşəkar media tərəfindən tənqid olunmuşdu və bu normaldır. Amma bəzi insanlar deyir ki, əgər media sizi tənqid edirsə, deməli, siz yaxşı insansınız. Bu, tamamilə fərqli effekt yaradır.
Bu kitab isə bir insan təbiəti olaraq irrasional meymundan danışır: insanların arqument və məntiqdən qaçmaq istədiklərini göstərir. Onların hər şey barədə şəxsi fikirləri var və əksər hallarda arqumentlərə ehtiyac duymurlar. Buna görə də bu kitab insan təbiətinin, yəni insan təbiəti adlanan anlayışın çox qəribə bir şey olduğunu başa düşmək üçün çox yaxşı bir kitabdır. Bu kitab tənzimləmə ilə bağlı deyil. Mən bu kitabı çox insanlara tövsiyə edirəm, ən azı növbəti 10-20 il üçün. Bəlkə gələcəkdə yeni kitablar da eyni funksiyanı yerinə yetirəcək. Amma bu kitab həm yaxşı məsləhətdir, həm də müasir dövrdə insanları və insan təbiətini başa düşmək üçün çox sadə bir vasitədir.
- Bu informativ müsahibə və kitab tövsiyəsi üçün sizə çox təşəkkür edirəm.
- Dəyməz. Hər zaman.
Mələk Hacıyeva
02.09.2025
Məzmun tipi
Mövzular
Layihələr
BMT Dayanıqlı İnkişaf Məqsədləri